Bilik Fondunun yaratdığı dram dərnəyinin üzvləri "Yuğ" teatrında tamaşada olublar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində ali təhsil və orta ixtisas məktəblərində dram dərnəklərinin yaradılması və fəaliyyətinə dəstək davam edir. Fond Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin artıq 20 üzvü var və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” adlı əsəri əsasında tamaşa hazırlayır.

Bilik Fondu dərnək üzvlərini “Yuğ” teatrında bədii rəhbərləri Məmməd Səfanın da iştirak etdiyi "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasına dəvət edib. Tələbələr tamaşanı maraqla qarşılayıblar.

Qeyd edək ki, “Boy” tamaşasının quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru Ər Toğrul, musiqi tərtibatçısı Mələk Vəlizadədir.

Tamaşada rolları Əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid ifa edirlər.

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində maarifçilik məqsədi ilə tələbə və gənclərin teatrlara, kinoya, ədəbiyyata cəlb olunması istiqamətində tədbirləri davam edir.

 

525-ci qəzet.- 2017.-14 aprel.- S.2.