Vətənə və sözə məhəbbətlə yaşanan ömür

 

90 illiyi tamam olan alim və şair Atıf Zeynallı haqqında qeydlər

 

İndiki nəsil Atif Zeynallı adlı bir şairi bəlkə də yaxşı tanımır. 1927-ci ildə dünyaya gəlib, 1991-ci ildə vəfat edib.

 Sağlığında iyirmiyə yaxın kitabı çıxmışdı, həm şair idi, həm də alim. Şair kimi özünəməxsus yolu, üslubu, fərdi deyim tərzi var idi. Alim kimi də müasir ədəbiyyatşünaslıqda seçilirdi.

Atif Zeynallı Bakıda doğulmuşdu. Elə uşaqlıqdan, orta məktəb illərindən şeirə, sənətə maraq göstərirdi, bu maraq getdikcə heyranlığa çevrilib. Bir xatirəsində yazırdı: "Mərdəkanda evimiz kənd ilə dənizin arasında-bağda idi. Dənizi çox sevirdim. Yuxudan duran kimi tut ağacının başına dırmaşıb yarpaqların arasından boylana-boylana saatlarla Xəzərə baxardım. Ürəyim də Xəzərləşərdi, özüm də. Mənə elə gəlirdi ki, köpüklü nəhəng dalğalar sahildəki qayaların üstünə yox, mənim köksümün üstünə tökülür. Yəqin ki, elə ilk nəğmələrimin ilk sətirləri də Xəzər olub. Müharibənin son gününə qədər bağda yaşadıq. Kitab əlimdən düşməzdi. Dərslərimi də elə ayaq üstə öyrənərdim. Sözlər dodaqlarımda misralara çevrilərdi. Anam gülüb deyərdi ki, sənə vergi verilib. Bizə ədəbiyyatdan Hacı müəllim dərs deyərdi. Sinfə girən kimi gözləri məni axtarardı. İlk sözü də bu olurdu: "Balaca, dur ayağa, görək çinədanında nə gətirmisən?". Mən də sıxıla-sıxıla ayağa durub yazdıqlarımı oxuyardım. Hacı müəllim bu gün bir misrası da yadımda qalmayan o "şeirləri" tərifləyərdi. Mənim şeirlərimin vətəni Xəzər və Abşeron torpağı olub. Sonralar bu balaca Vətən böyüdü, Azərbaycana çevrildi. Ən çox sevdiyim şair Səməd Vurğun olub".

Atif Zeynallı ədəbiyyata qırxıncı illərin sonlarında gəlib. İlk şeiri "Azərbaycan" 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Mili, Muğanı, Naxçıvanı, Qarabağı, Kəlbəcəri, Daşkəsəni, Cənub diyarını vəsf edən şeirlər yazmışdı, hər bir şeirində də çalışırdı ki, Vətən torpağının özünəməxsus gözəlliklərini poeziya dilinə çevirsin. Amma ən çox Xəzərdən söz açırdı. O, Xəzərin sahilində düşüncələrə dalıb həyat, ömür, dünyanın dünəni və bugünü, insanlar haqqında duyğularını izhar edirdi. "Xəzərin qoynundayam, Duyğularım, hisslərim, fikrim-zikrim sulardır. Şaha qalxan ləpələr Elə bil hər gün məni Yaşadan arzulardır".

O, təbiətin vurğunu idi. İlin fəsilləri, adi bir yarpaq, qocaman ağaclar, Azərbaycanın dağları, dərələri, çayları, gölləri onun şeirlərində bir rəssam duyğusuyla əks olunurdu:

Yarpaqlar dəydikcə yaşıl budağa,

Elə bil simlərə mizrab toxunur. 

Həzin bir səs düşür arana, dağa,

"Qatar"mı çalınır, "Şur"mu oxunur?

Yaxud:

Çal papaqlı Kəpəzin

Kürəkləri elə bil

Göyün tunc dirəyidir. 

Əllərinə götürüb

Qucağına basdığı

Duman deyil, sis deyil. 

Yuxulamış Göy gölün

Gəlinlik örpəyidir.  

O dövrün poeziyasına xas olan bütün mövzulara Atif Zeynallının şeirlərində də rast gəlirik. Dünyada baş verən ictimai-siyasi hadisələr, milli-azadlıq mücadilələri, mənəviyyat aləmində baş verən proseslər, Cənubi Azərbaycanla bağlı arzular-həsrət motivləri, elmi-texniki inqilabın yaratdığı fəsadlar, ekoloji problemlər və əlbəttə, ilk sırada müasir insanın duyğu və düşüncələri Atif Zeynallının da şeirlərində öz əksini tapırdı.

Atif Zeynallı poetik üslubu etibarilə Səməd Vurğun ədəbi məktəbinə mənsub idi. O, bir çox şeirlərində S. Vurğunu hərarətlə vəsf etmişdi. Səməd Vurğundan Vətəni sevməyi, onu necə tərənnüm etməyi öyrənmişdi. "Vurğun dedim-Tomrisləri. Fərhadları, Vaqif kimi ustadları Birər-birər yada saldım, Xanların da komasında qonaq qaldım. Biri mənə qürur verdi, biri hünər, Biri isə qələm-dəftər. Dəli dağa, Savalana çevrildim mən, Füzuliyə, Nəsimiyə, Natəvana çevrildim mən".

Təkcə Səməd Vurğunu deyil, Süleyman Rüstəmi, Məmməd Rahimi, Rəsul Rzanı, Əhməd Cəmili də özünün ustadları sayırdı

Atif Zeynalı poeziyasında mövzu müxtəlifliyi ilə yanaşı, bu mövzuların hər üç vəzndə işlənməsi də nəzərdən qaçmır. O, hecada da, sərbəstdə də, əruzda da eyni məharətlə yaza bilirdi. Onun bir çox qoşmaları bu "köhnə hava"da yeni səs kimi diqqəti cəlb edir. Sərbəst şeirlərində isə sərbəst idi, ilk növbədə, çalışırdı ki, o şeirlərdə fikir, ideya olsun. Onun "Əli Kərim təpələri" adlı süjetli bir şeiri var. Bu şeir bir rəvayətin nəqli ilə başlayır. Makedoniyalı İsgəndər Azərbaycanı çapıb-talayır, o qədər var-dövlət yığır ki, onun qızıl-gümüş karvanı yükün ağırlığından yerə yatır. Bu qədər var-dövləti uzaq Yunanıstana necə apara bilər? Ona görə də əmr edir ki, xəzinəmi torpağa basdırın, üstünə o qədər qum tökün ki, dağa çevrilsin və beləliklə, Göyçaydan Xaldana sarı baş alıb gedən təpələr həmin o xəzinələrin üstünə tökülən torpaqlardan yaranıb. Amma şair heç də o rəvayətə inanmır. Onun fikrincə, bu təpələr böyük şairimiz Əli Kərimin söz incilərindən yaranıb:

Bu çılpaq təpələrin altında,-

Daş-qaşı çoxdan da çox. 

Lakin Makedoniyalı İsgəndərin yox,

Bu, şair dostum Əli Kərimin söz incisidir!

Ömrünün son illərində xəstə idi. Amma nikbinliyini itirmirdi. "Yaşamaq istəyirəm" şeirində yazmışdı ki, Dunayda, Yeniseydə çimsəm də, əl-üzümü doğma Arazda yumamışam, Parisi, Qahirəni görsəm də, Təbrizi görməmişəm. Alpın zirvəsində Qartala dönsəm də, Pamirə, Vitoşaya neçə dəfə qalxıb ensəm də, amma Savalanın ətəyində durmamışam.

Bir şair kimi Atif Zeynallının ədəbiyyatımızda, 1950-1990-cı illərdəki şeir yaradıcılığı məlumdu. O, müharibədən sonra ədəbiyyata gələn şairlər nəslinə mənsubdur və bu şairlər arasında özünəməxsus fərdi üslubu ilə seçilirdi.

Amma Atif Zeynallı həm də ədəbiyyatşünas idi. 1944-1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdı, bir neçə il müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1953-1956-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdu. Və 1956-cı ildən ta ömrünün sonuna qədər Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdı. Elmlər doktoru idi.

Atif Zeynallı XX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçılarındandı. Doğrudur, onun şairliyi ilə müqayisədə bir alim kimi fəaliyyəti o qədər də məhsuldar olmayıb, lakin nə yazıbsa, o dövrdə etinasız qarşılanmayıb. Bəxtiyar Vahabzadə haqqında belə bir dostluq şarjı var: "Qatlayıb dizinin altına qoyar Alim Bəxtiyarı şair Bəxtiyar". Bunu Atif Zeynallı haqqında söyləyə bilmərik.

Atif Zeynallını bir ədəbiyyatşünas kimi tanıdan və məşhurlaşdıran iki əsər haqqında söz açmaq istəyirəm. Birincisi - "Keçilməmiş yollarla, ikincisi - "Səməd Vurğun sənəti" monoqrafiyalarıdır. "Keçilməmiş yollarla" Xalq şairi Süleyman Rüstəmin yaradıcılığına həsr olunub. Süleyman Rüstəmin yaradıcılığı haqqında bizim o dövrdə elə bir tənqidçi, ədəbiyyatşünas və şairin qələm dostu olmayıb ki, yazmasın, tədqiq etməsin, ürək sözlərini söyləməsin. Ancaq Atif Zeynallının "Keçilməmiş yollarla" monoqrafiyası indiyə qədər yazılanlardan seçilir. Bu monoqrafiyada Süleyman Rüstəm yaradıcılığı sistemli şəkildə tədqiq olunur, sovet dövründə yazılmasına baxmayaraq, Süleyman Rüstəmin poeziyası və dramaturgiyası obyektiv elmi meyarlarla təhlil hədəfinə çevrilir. Monoqrafiya S.  Rüstəm yaradıcılığını əhatə edən dörd mükəmməl fəsildən ibarətdir: "İnqilabi lirika yollarında", "Xalq həyatının geniş bədii təsviri və tərənnümü", "Poeziya Vətənin müdafiəsində", "Çətin zirvələrin fəthi". Hər fəsil S. Rüstəm yaradıcılığının müəyyən bir mərhələsindən söz açır. İnqilabi lirika yollarında Süleyman Rüstəm təkcə komsomol və proletar şairi kimi deyil, həm də bir yenilikçi, novator şair kimi səciyyələndirilir. Qətiyyətlə deyilir ki, S. Rüstəm o dövrün gənc şairlərinin önündə gedirdi, Sonralar Səməd Vurğun da etiraf edəcək ki, "Biz Sovet Azərbaycanının bütün şairləri Süleyman Rüstəm yoldaşa borcluyuq. O,şeirimizin Mayakovski tipli tribunudur". Heç şübhəsiz, Süleyman Rüstəmin yaradıcılığında müharibə dövrü xüsusi bir mərhələ təşkil edir. "Gün o gün olsun ki...", "Ana və poçtalyon" kimi şeirlər, Azərbaycan döyüşçülərini qələbəyə səsləyən əsərlər, həmçinin "Cənub şeirləri" bu illərdə yazılıb. İyirminci-otuzuncu illərdə daha çox komsomol və proletar şairi kimi tanınan Süleyman Rüstəm müharibə illərində vətənpərvər bir Azərbaycan şairi kimi şöhrət qazanır. "Təbrizim" kimi nadir şeir incisi illər keçdikcə bədii təravətini itirmir, Azərbaycanın o tayı-bu tayı arasında mənəvi birliyin, vahid Azərbaycan idealının təcəssümünə çevrilir. Bütün bunlar Atif müəllimin monoqrafiyasında öz elmi həllini tapır.

Atif Zeynallı bir kitabına yazdığı ön sözdə qeyd edir ki, onun bir şair kimi yetişməsində, formalaşmasında Səməd Vurğun poeziyasının böyük rolu olmuşdur. Elə bu sevginin təzahürüdür ki, Atif Zeynallı səksəninci illərdə "Səməd Vurğun sənəti" adlı monoqrafiya yazdı (redaktoru professor Əkbər Ağayev). Bu monoqrafiya üç fəsildən ibarətdir. Birinci fəsildə Səməd Vurğun lirikası, bu lirikanın mərhələləri və şairin yaradıcılığında Azərbaycan mövzusu tədqiq olunur. İkinci fəsildə şairin poemaları təhlil edilir, üçüncü fəsil isə S. Vurğunun "Vaqif" dramından və onun səhnə təcəssümündən söz açılır.  Monoqrafiyada üç başlıca amili qeyd etmək istərdim. Birincisi; Atif Zeynallı Səməd Vurğun haqqında qələmə alınan bir sıra monoqrafiyaların sxeminə, yəni mövzu üzərə qruplaşmasına (lirik şeir, poema və sonra dram əsərlərinin təhlili) sadiq qalsa da, mümkün qədər S. Vurğun yaradıcılığı haqqında təzə söz deməyə çalışır. Xüsusilə böyük şairin fəlsəfi ümumiləşdirmələrlə diqqəti cəlb edən şeirlərini, poemalarını poeziyamızda yeni bir tendensiya kimi qiymətləndirir. İkincisi; Səməd Vurğunun Azərbaycan dili uğrunda mübarizəsini, şeirlərində bunu necə reallaşdırdığını nəzərə çarpdırır. Üçüncüsü; ayrı-ayrı vurğunşünaslarla (xüsusilə, Bəxtiyar Vahabzadə ilə) polemikaya girişir, öz fikrini sübuta yetirmək üçün tutarlı, məntiqli arqumentlər gətirir. Və nəhayət, Səməd Vurğun sənətinin əbədiyaşarlığının sirrini açıqlayır.

Mən bir şair və alim kimi tanınan Atif Zeynallını oxuculara bacardıqca təqdim etdim. Ruhu şad olsun, - deyirəm!

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2017.-14 aprel.- S.7.