Şövkət Məmmədova elmi-praktik konfransla anılıb

 

Aprelin 18-də Azərbaycan Teatr Xadimləri İttifaqında böyük sənətkar, görkəmli opera müğənnisi Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

"Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni" adlı konfransda respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığının əks olunduğu videoçarxa baxıblar.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət çıxış edərək görkəmli ifaçının həyat və yaradıcılığından danışıb. Ş.Məmmədovanın milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edən natiq onu öz sənətinə sadiq və peşəkar sənətkar kimi xarakterizə edib. A.Nemət deyib ki, Xalq Artistinin həyatının məşəqqətli keçməsinə baxmayaraq, o, hər zaman yaradıcılıq axtarışında olub, sənəti üçün əlindən gələni edib. Onun zəhməti aidiyyəti qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Unudulmaz sənətkarın insani keyfiyyətlərindən söz açan A.Nemət, eyni zamanda, onun pedaqoji fəaliyyətindən də danışıb.

Daha sonra professor İlham Rəhimlinin "Şövkət Məmmədova və teatr", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun "XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyi və Şövkət Məmmədova", Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarovanın "Azərbaycan Teatr Xadimləri İttifaqı və Şövkət Məmmədova" və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayevanın "Azərbaycan operasında Şövkət Məmmədova fenomeni" mövzusunda məruzələri dinlənilib.

 

525-ci qəzet.- 2017.-19 aprel.- S.7