Çexiyalı diplomat Milli Kitabxanada

 

Çexiya Respublikasının Bakıdakı Səfirliyinin Missiya rəhbərinin müavini Petr Vagner aprelin 18-də Milli Kitabxanada direktor Kərim Tahirovla görüşüb.

Diplomat Azərbaycan-Çexiya mədəni əlaqələrindən danışıb.

O, təmsil etdiyi ölkənin Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu bildirib.

K.Tahirov hələ 2011-ci ildə Çexiya Milli Kitabxanasında olarkən Şərq ədəbiyyatı fondu ilə yaxından tanış olduğunu, qədim Azərbaycan, ərəb, fars türk dilləri əlyazmalarının kataloqunun qeyri-mükəmməlliyini, kataloqun bir tələbə tərəfindən tərtib edildiyini P.Vagnerin diqqətinə çatdırıb.

Direktor iki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun şərtlərinə uyğun olaraq, Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının əlyazmaları tədqiq etmək məqsədilə 2 dəfə Çexiyaya ezam olunduğunu vurğulayıb.

 Görülən işlərin nəticəsi qarşı tərəflə əldə olunmuş razılığa əsasən Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid əlyazmaların kataloqu tərtib olunub, hazırda kataloq ingilis dilinə tərcümə edilir. Tezliklə çex dilinə tərcümə üçün təqdim olunacaq. 

Kataloqun təqdimatı Çexiya Milli Kitabxanasında qorunan Azərbaycan əlyazmalarının sərgisi 28-30 sentyabrda, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında, noyabr ayında isə Çexiya Milli Kitabxanasında nümayiş etdiriləcək.

Sonda Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis rus dillərində), "Azərbaycan musiqi alətləri" (ingilis dilində) kitabları çexiyalı diplomata hədiyyə verilib.

 

525-ci qəzet.- 2017.-19 aprel.- S.7