Hər sətirdə Vətən
sevgisi...
"Ya hələ uzanar, ya sona çatar,
Sevinc özgələrə, yas
ona çatar.
Kiminsə böyrünə
qısılıb yatan-
Olmaq istəmirəm ömür düşkünü"
- deyən
qələm dostum
Hafiz Təmirov (Hacxalıl)
"Sevgi də bir vətəndir" kitabı ilə növbəti dəfə oxucularının görüşünə
gəlib. Kitabda onun həm nəsr əsərləri,
həm də şeirləri yer alıb. Bu yazıların
bəziləri ilə
tanış idim. Çünki Hafiz mənim eradan
əvvəlki dostlarımdan
olduğuna görə
yeni yazılarımızı
bir-birimizə isti-isti
göndərirdik. Mən eradan
əvvəlki dostlar dedikdə BDU-da oxuyarkən qazandığım
qələm dostlarımı
nəzərdə tuturam.
Biz eyni fakultədə
oxusaq da, Hafiz hazırda polis mayorudur və Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətində
bölmə rəisidir.
Qəzetləri, saytları izləyəndə
görürəm ki,
o, həm işinin, həm də yaradıcılığının öhdəsindən çox
böyük məsuliyyətlə
gəlir. Bunun bir
göstəricisi də
2009-cu ildə gənc
yazar kimi Prezident təqaüdünə
layiq görülməsidir.
Hafizin əvvəlki kitablarının
oxucusu olsam da, onun haqqında
yazmağım üçün
illər boyu səbirlə gözlədi.
O özü də bilirdi ki, ona
daha çox ərkim çatdığı
üçün ürəklə
"sən bir az gözlə" deyə bilirdim.
Nəhayət ki, qələmdaşımın
kitabı haqqında fikirlərimi bölüşürəm. Bu kitab adındakı mənanı hər sətri ilə ehtiva edir. Hər yazıda hiss edirsən ki, doğrudan da, sevgi də bir
vətəndir. Bu vətən sevgisi onun bütün yazılarının nüvəsini
təşkil edir.
Hafiz bu sevgini
ən müxtəlif formalarda təzahür etdirir. Bəzən ölkəmizin ictimai
asayişinin keşiyində
dayanan ibrətamiz ömür yolu sürən polislərimizdən,
bəzən də Vətən üçün
canından keçən
şəhidlərimizdən böyük sevgi ilə söz açır. O, "Sənin
də alnına şəhidlik, ağır
sınaqlardan keçmək
yazıldı. "Minlərlə can qurban, sinəsi hərbə meydan olan" məmləkəti, bu doğma Vətəni qorumaq üçün soyuq səngərləri övladın kimi bağrına basıb ona keşik çəkdin" sözlərini
Azərbaycan Polisinə
ünvanlayır.
O, 90 yaşlı
polis veteranı Müseyib
İlyasovun, 50 il
DİN-in Mətbuat Xidmətinin
fotomüxbiri işləmiş
Üzeyir Muradovun, uzun illər daxili işlər orqanlarında xidmət etmiş general Rasim Musayevin, polis polkovnik-leytenantı
Namiq Musayevin, Rusiyada "Komissar Kattanı" rütbəsi
ilə tanınan həmyerlimiz, polis polkovniki
Yaşar Mehdiyevin örnək ömür yolu ilə oxucuları
yaxından tanış
edir. Polis polkovniki Vasif Nəcəfovun xidmətləri ilə yanaşı, "Antiterror
əməliyyatlarının keçirilməsinin hüquqi,
taktiki və psixoloji əsasları"ndan
bəhs edən elmi
iş yazdığı
da vurğulanır.
Ümumiyətlə, bu
"Sevgi də bir vətəndir"də
Azərbaycan Polisinin keşməkeşli tarixi ilə tanış
olmaq olur. Kitabda Nardaran hadisələrində həlak
olan polis əməkdaşları
Vüqar Nəsibov və İsmayıl Tağıyevin günahsızcasına
öldürülməsinə qarşı üsyan ruhu da hiss olunur.
Eləcə də, polis serjantı
Zaur Nurəliyevin xidmətdən sonra ailəsi ilə istirahət zamanı Şüvəlan çimərliyində
batan iki nəfəri xilas edərkən həyatını
itirməsi nümunəvi
bir örnək kimi xatırlanır.
Xocalının müdafiəsi zamanı
sol ayağını itirən
və onu ermənilərə əsir
düşməsin deyə
Vətən torpağına
basdıran Əhliman Ağayevin şərəfli
həyat tarixcəsindən
bəhs edən yazısında da ibrət dərsi almış oluruq. Daşaltı əməliyyatının iştirakçısı polis kapitanı
İsmayıl Cəfərovun
da ömür yoluna nəzər salmaqla oxucusunun əsas diqqətini Azərbaycan Polisinin vətənpərvərlik mücadiləsinə
yönəldir. Şəhid polis Hamlet Həsənovun timsalında
vətənsevərliyin bir
nümunəsi göstərilir.
Bunlarla yanaşı,
kitabda Hafizin ADMİU-da müəllimi olmuş Mehman Məmmədov, diplom işi yazdığı Zəlimxan Yaqub, kaman ustası Habil Əliyev haqqında yazıları da yer alır.
Hafiz bir polis əməkdaşı
olsa da, bəzən ixtisasından
və istedadından irəli gələn ədəbi təhlil qabiliyyətini də nümayiş etdirir.
Buna misal olaraq,
polis mayoru Cəlaləddin
Qasımovun "27 ildən
sonra..." romanı haqqında əhatəli təhlil aparmasını göstərə bilərik.
Hafizin bəzi yazıları isə şair duyğularının müşahidəsinə
hesablanıb. "Çörək
satıb, çörək
qazanan qadın" başlıqlı yazı
da bu tipli
yazılardandır. Dilənçilik edərək pul qazanan və çörək bişirib
satmaqla pul qazanan qadınların müqayisəsində çox
ibrətamiz məsləhətlər
yer alıb. Eləcə də, körpə uşaqlara yardım edən "Canlı işıqfor" haqqındakı
yazı da bədii təxəyyülün
yox, bədii müşahidənin məhsuludur.
O, nə qədər publisistikaya meyl etsə də, canındakı bədii kökən cümlələrin ifadə
tutumunda özünü
göstərir. Məsələn:
"Ağlamaq infarktın
dərmanıdır", "Vətənsizlik dili olub danışmamaq, odu olub alışmamaqdır"
kimi cümlələrin
bədii tutumu göz qabağındadır.
Vətən həsrəti, vətən
məhəbbəti hər
cümləsində hiss olunur. Özü də
bunu etiraf edir ki, "İçi mən qarışıq, bu gün Azərbaycan adlı bir məmləkətdə
yaşayanların əksəriyyətinin
dərdinin şahı
itirdiyimiz doğma yurd yerləri deyilmi?!" Bu ritorik sualın bir cavabı var, o da dərdlərimizin
şahıdır. Doğulduğu Uzunoba (Kalinino) rayonunun İlməzli kəndindən deportasiya edilməyin acı xatirələrini uşaqlıq
yaddaşından silə
bilməyən Hafiz onları
qələmi ilə bölüşür. "Dağ İlməzli məktəbinin müəllimləri
və məzunları"
yazısında da vətənsizlik göynərtisinin
əskini nümayiş
etdirir. Həmin fəryad şeirində də özünü göstərir: "Göz
yaşımın dağıtdığı,
Bənd var - İlməzli adında".
Əslində bu misranın
mübaliğədən daha
çox həqiqət
olduğuna inam yaranır. Doğma yurdundan didərgin
salınan bir insanın axıtdığı
göz yaşları hər cür bəndi qırmağa qadirdir.
Yurdundan didərgin salınmışların
nə çəkdiyini
yaxşı bilən
Hafiz "Bir köçün
hekayəsi" yazısında
Dilqəm və Şahbazın öz yurd-yuvalarına gedərkən
ermənilər tərəfindən
əsir alınmaqlarını
da unutmur, onların bu fədakarlıqlarının qələbə
ilə nəticələnəcəyinə
ümid edir.
Hafiz hətta
dünyada baş verən hər hansı hadisə ilə Azərbaycan arasında bir bağlılıq görür. Həmin hadisəni
öz düşüncə
süzgəcindən orijinal
şəkildə keçirir.
Məsələn: Fransada
baş verən partlayışla bağlı
fikirləri ilə bir sıra mətləblərə
işıq salır. "Biz azərbaycanlılar həmişə "Firəngistana"
və "firənglilərə"
hörmət və sayğı ilə yanaşmışıq. Mirzə Fətəlinin
"Müsyo Jordanı"nın
bu gün işğal altındakı
Qarabağda necə hörmət və izzət görməyini xatırlayın". Bunun qarşılığı
olaraq Fransanın erməninin dostu olduğunu açıq-aşkar
nümayiş etdirməyinə
qarşı barışmaz
mövqedə dayanır.
Ona görə ki, o, yanvar, mart, iyun, sentyabr və noyabr aylarından başqa, qalan bütün aylarda torpaqlarımızın işğal
olunmasına təəssüflənir.
Bu təəsssüf "Təqvimin rəngi" yazısında üsyankar
bir ruhla nümayiş olunur. Özü qeyd edir ki, "Tək bircə söz sərhədsizdir mənim üçün:
Azərbaycan! Ana vətən!" Qalan bütün
sözləri səmimiyyətlə
etiraf etməyi bacarır Hafiz. "Eh Şuşam,
sənə deyil, sənsizliyə əyildim"-
sətirləri ilə
etdiyi etiraf kimi.
Hafizin yazılarında
işğalçılara qarşı
üsyanın güclü
olması ilə yanaşı, elə bu günlərdə qazanacağımız qalibiyyətimizə,
qələbəmizə güclü
bir inam var. Bu inamı dilə gətirməkdən də
çəkinmir: "Ancaq mən bir həqiqətə inanıram. O həqiqət bizi Ali Baş
Komandanımız cənab İlham
Əliyevin "Vətən bizi
çağırır" əmri ilə Qarabağa
aparacaq, itirdiyimiz böyük Azərbaycanın hər yerində
üçrəngli bayrağımızı
dalğalandırmaq üçün səfərbər
edəcək və haqqımız uğrunda
əlli milyonluq bir
ordu əl-ələ verəcək. Bu, mütləq olacaq, Vallah, billah, Qarabağ haqqı, olacaq!!!"
525-ci qəzet.-
2017.-19 aprel.- S.8