Görkəmli jurnalist
Ülkər Hüseynovanın
80 illiyi qeyd olundu
Yubliyara mətbuat
şurası adından
xüsusi diplom təqdim edildi
Aprelin 18-də Beynəlxalq
Mətbuat Mərkəzində
elmi-texniki jurnalistikanın
əsas təmsilçilərindən
biri, professor Şirməmməd
Hüseynovun həyat yoldaşı, jurnalist Ülkər Hüseynovanın
80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.
Tədbiri giriş
sözü ilə açan Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Ü.Hüseynovanın həyat
və fəaliyyətindən
danışaraq qeyd edib ki, o, Azərbaycan
jurnalistikasının inkişafına
çox böyük töhfələr verib:
"Olduqca təvazökar
insan olan Ülkər xanımın
həyat yoldaşı
Şirməmməd müəllimin
bu qədər şux, həyat dolu insan olmasında
böyük rolu var".
Bu ailənin
Azərbaycan jurnalistikasında
böyük məktəb
olduğunu deyən Ə.Amaşovun sözlərinə
görə, Ülkər
xanım ölkəmizdə
elmi jurnalistikanın əsasını qoyan qələm adamlarından
biridir.
BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli jurnalistikanın bötüvlükdə
bir cəmiyyət olduğunu bildirib: "Şirməmməd müəllimin
ailəsi bu cəmiyyətdə böyük
bir məktəbin yaradıcılarıdır. Onların övladları
Fərəh və Lalə xanım bu gün Azərbaycan
mədəniyyət və
incəsənətinin görkəmli
xadimləridir. Təbii ki,
Şirməmməd müəllimin
ailəsində böyüyüb
məktəb keçməmək
mümkün deyil".
Milli Məclisin üzvü, yazıçı
Aqil Abbas bildirib ki, Ülkər
xanımla "Elm və
həyat" jurnalında
10 il birlikdə
çalışıb: "O, yüksək savada, intellektə, böyük dünyagörüşünə sahib bir xanımdır. Bu illər ərzində
mənimlə birlikdə
Ülkər xanımın
rəhbərliyi altında
çalışan, bu
sahənin incəliklərinə
yiyələnən insanlar
ondan çox şey öyrəniblər.
Ülkər xanım bizə
həm də analıq edib".
"525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid Ülkər xanımı hələ gənclik illərindən tanıdığını
bildirərək qeyd edib ki, bu
yol "Elm və həyat" jurnalından
keçib: "Mən
6 il orada fəaliyyət göstərmişəm.
Həm Ülkər xanımın,
həm də ustad müəllimimiz Şirməmməd müəllimin
mənim jurnalistik kimi formalaşmağımda
böyük təsiri,
rolu olub. Mən özümü onlara qohum hesab edirəm".
Ü.Hüseynovanın tədqiqat, araşdırma
işlərindən danışan
R.Məcid qeyd edib ki, o dövrlərdə
gənclər bir çox azərbaycanlı
məşhurlar haqda
ilk dəfə Ülkər
xanımın yazdığı
bir-birindən maraqlı
yazılar vasitəsilə
məlumat əldə
edirdi.
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
rektoru, professor Fərəh
Əliyeva anası Ü.Hüseynovaya müraciətlə
bildirib ki, həyatda təvazökarlıq,
sədaqət, öz işinə məsuliyyət
hissi valideynlərdən
övlada verilən ən böyük paydır: "Biz sizdən
bunları öyrənmişik.
İndinin özündə də elmin müxtəlif
sahələrindəki biliklərinizə
heyrət edirik və həm bacım Lalə, həm də mən həyatda qazandığımız bu
uğurlara görə
sizlərə - ata-anamıza
minnətdarıq. Arzu edirik
ki, bizim övladlarımız da sizlərdən nümunə
götürsünlər".
Sonra çıxış
edən professor Alxan Bayramoğlu, yazıçı
Aqşin Babayev, əməkdar jurnalistlər
Qulu Məhərrəmli,
Tahir Aydınoğlu və digərləri Ülkər xanımı yubiley münasibətilə
təbrik edib, xatirələrini bölüşüblər.
Sonda professor Şirməmməd Hüseynov
çıxış edərək
belə bir tədbirin ərsəyə
gəlməsində xidmətləri
olan hər kəsə, tədbir iştirakçılarına öz
təşəkkürünü bildirib.
Tədbir zamanı Mətbuat Şurasının sədri
Ə.Amaşov Ü.Hüseynovaya
xüsusi diplom təqdim edib.
Qeyd edək ki, Ülkər Hüseynova 1937-ci ilin aprelin 24-də Şəki şəhərində anadan olub. 1955-ci ildə Bakıdakı 132 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1966-cı ildən "Elm və həyat" jurnalında işləyir. Əvvəl şöbə müdiri, 1993-1995-ci illərdə baş redaktorun müavini, 1995-1997-ci illərdə baş redaktor, hazırda isə redaktor müavini vəzifəsində çalışır. 45 il ərzində çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi 2004-cü ildə nəşr edilmiş "Elm və həyat"ın işığında" adlı kitabında toplanıb.
O, 2003-cü ildə Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın kimya sənayesi", 2006-cı ildə "Dahi qafqazlılar" seriyasından Lütfi Zadənin həyat yoldaşı xanım Fey Zadənin "Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim" əsərlərini ruscadan Azərbaycan dilinə tərcümə edib. 1999-cu ildə Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqənin qalibi olub, institutla Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanan yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin "6,7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi" 3 cildlik kitabın tərcüməçi və redaktorlarından biri və "Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti"nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.
Ü.Hüseynovanın təhsil aldığı 132 saylı orta məktəbin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən "Mənim fəxrim-məktəbim" adlı kitabı 2008-ci ildə işıq üzü görüb.
Ü.Hüseynova 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Vətən" Mediya Diplomuna (1993), 2 dəfə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomuna (2001, 2011), 2 dəfə (1995, 2001) Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Ü.Hüseynova 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub.
Ceyhun ABASOV
525-ci qəzet.- 2017.-19 aprel.- S.4.