"Özümü xaraktercə Leyli obrazına daha
yaxın bilirəm"
Əməkdar
artist Gülüstan Əliyeva: "Sözləri mənalı,
sadə və oxunaqlı olarsa, mahnı daha çox sevilər"
- Təxminən
35 il öncə "Gənc İstedadların Respublika
Müsabiqəsi"ndə iştirak edən
qızcığaz - Gülüstan Əliyeva indi
Respublikanın Əməkdar artistidir. Geriyə dönüb baxarkən ilk xatırladığınız
nələr olur?
- İtirdiklərimizlə,
qazandıqlarımızla həyat
özü bir yoldur. Bu yolda geri çevrilib baxarkən isə daha çox qazandıqlarımızı görürük.
Bu, həm də
bir növ təsəllimizdir.
- Leyli,
Şahsənəm, Ərəbzəngi,
Sənəm... Gülüstan Əliyevaya xarakter baxımından bunlardan hansı daha yaxındır?
- Məncə insanın həyat tərzi ilə onun xasiyyəti arasında çox bağlılıq var. İnsan
xaraktercə kimdirsə,
həyatda da odur. Oynadığım bütün rollarda
məndən nəsə
var, ancaq daha çox Leyliyə bağlıyam.
Yəni özümü xaraktercə
Leyli obrazına daha yaxın bilirəm.
- Ana, müğənni, müəllim...
Hansı
daha çətindir?
- Əslində,
bunların hamısı
ayrılıqda çətin
və məsuliyyətlidir. Hər üçünü
bir arada idarə etmək isə daha böyük
güc tələb edir. Düşünürəm ki, mən bu üçünü də özümə birləşdirə bilmişəmsə,
demək ki, güclü insanam. Ana kimi nəinki
bir övladı, bütün bir ailəni illərlə təkbaşıma idarə
etməli olmuşam.
Bunun öhdəsindən gəlmək
üçün mübariz
və prinsipial olmaq lazımdır. Yaşamağın başlıca şərti
hədəfini düzgün
müəyyən etməkdir.
Kim olmağından, hansı sənətin sahibi olmağından asılı olmayaraq, hədəfini, məqsədini
seçməli və
heç bir maneəyə baxmadan ona doğru irəliləməlisən.
- Dediniz
ki, güclü insansınız. Bəs gücünüzün bitdiyini
hiss etdiyiniz zamanlar olubmu?
- Əlbəttə,
çox olub. Elə anlar olub ki,
hər şeydən, hər kəsdən yorulmuşam, özümə
qapılmışam, nəinki
iş görmək, yaşamaq belə istəməmişəm. Amma bu zamanlarımda bir tək övladımın
varlığı məni
xilas edib. Düşünmüşəm ki, mən özüm üçün
olmasa belə, onun üçün yaşamağı bacarmalıyam.
Yenə də ona sarılıb,
ondan güc almışam.
- Sizin
üçün ifa etdiyiniz mahnının sözləri nə dərəcədə önəmlidir?
- Çox böyük önəmi
var. Musiqinin gözəlliyini
göstərə bilən,
əlbəttə ki, sözdür. Sözləri mənalı, sadə
və oxunaqlı olarsa, mahnı daha çox sevilər. Sözlə musiqi bir quşun iki qanadı kimidir. Hər iki qanad sağlam
olan quş səmaları daha asan fəth edər.
- Xanəndələrimiz
hələ də əsasən klassik şairlərimizin sözlərini
ifa edirlər. Müasir şairlərimizin
şeirlərinə niyə
az müraciət
olunur? Siz özünüz hansı müasir şairlərimizin sözlərini
ifa edirsiniz?
- Əlbəttə ki, müasir şairlərimizin şeirlərini də sevərək mütaliə edirəm, repertuarımda da zaman-zaman onlara yer verirəm. Tələbələrimizə muğamlarımızla birgə klassik irsimizi, qəzəllərimizi öyrətmək bir pedaqoq kimi bizim borcumuzdur. Onlar Füzulini, Vaqifi, Zakiri də, Vahidi, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni də tanımalıdırlar. Dediyim kimi, mən müasir şairlərimizin şeirlərinə də müraciət edirəm. Məsələn, Ramiz Rövşənin, Bəhmən Vətənoğlunun, Sücaətin sevdiyim şeirlərini oxuyuram. Yaradıcılığını rəğbətlə izlədiyim Rəşad Məcidin sözlərinə də bu yaxınlarda bir mahnı ifa etdim. "Fərqi yoxdur" adlı bu mahnını istedadlı bəstəkar Aysel Kərim yazıb. Ümumiyyətlə, əgər şeir xoşuma gəlirsə, hisslərimə təsir edə bilirsə, çalışıram, ona yazılmış mahnıya repertuarımda yer verim.
- Bir müəllim olaraq,
indiki gənclərimizin incəsənətə,
xüsusən musiqiyə axınını necə qiymətləndirirsiniz?
- Axın çox yaxşıdır, bu, məni ancaq sevindirə bilər. Ancaq təbii ki, hər şey zamanla öz yoluna düşür. Ola bilər ki, iki nəfərdən biri musiqiyə olan sevgisi, istedadı ilə, digəri isə sadəcə marağından bu sənəti seçər. Zaman keçdikcə, hər ikisi özlərinin əsl yolunu tapacaqdır. Mən həmişə tələbələrimə misal çəkirəm ki, 1981-ci ildə müsabiqəyə gələrkən ümumən 650 nəfər idik. Sonradan cəmi 12 nəfər qaldıq, zaman keçdikcə isə onlardan da uzaqlaşanlar oldu və bugunki Azərbaycan musiqi sənətində həmin iştirakçılardan çox az sənətçi var. Zamanında Ulu Öndərin təşəbbüsü ilə keçirilmiş müsabiqədə iştirak edən, ölkənin müxtəlif bölgələrindən tək-tək seçilib Bakıya gətirilən uşaqlar indi Azərbaycan muğamında öz layiqli yerlərini tutmuş sənətkarlardır. Bu da muğam sənətimizə verilən dəyərin, qayğının nəticəsidir. İndi də bu qayğını ən yüksək səviyyədə Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan görürük. Heydər Əliyev Fondunun bu sahədə rolu misilsizdir. Bu qayğının nəticəsində Azərbaycan muğamı hazırda bütün dünyada tanınır, sevilir.
Uğurun qazanılmasında istedadla zəhmətin rolu yarı-yarıyadır. Bu sənəti seçən gənclər də əgər uğur qazanmaq istəyirlərsə, öz üzərində çalışmağı, zəhmət çəkməyi öyrənməlidirlər. Mən tez-tez tələbələrimizə deyirəm, nə qədər ki, gəncsiniz, valideynləriniz, müəllimləriniz sizin üçün bu cür şərait yaradıblar, bundan istifadə edin, oxuyun, öyrənin. İnanın ki, o zaman həyatda istədiyin hər bir şeyə nail olarsınız.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2017.-19 aprel.- S.7