Köhnə kişi...
İsmayıl Əliyevin 70 illik
yubileyinə
Təəssüf ki, cəmiyyətimizdə
dəb düşüb:
hamı "yaxşı
adam" olmaq istəyir. "Yaxşı adam"
ola bilməsə də, "yaxşı adam" görünmək
istəyir.
Etiraf etmək lazımdır ki, bu "yaxşı
adam" "müsabiqəsi" cəmiyyəti
deformasiya edir, el dili ilə desək,
yaman günə qoyur. Hamını yola vermək,
ağa qara, yamana babat, pisə
yaxşı demək xisləti böyük-böyük
problemlər yaradır,
bu gün hiss etmədiyimiz zəhərli
toxumlar əkir.
Bu toxumlar nə vaxt cücərir, cücərsin, nə kimi meyvə verir versin, bu
günü yaşayanlar
üçün, "yaxşı
adam müsabiqəsi"nin
iştirakçıları üçün o qədər
də əhəmiyyətli
deyil.
Ötən əsrin 50-ci, 60-cı illəri
universitetdə riyaziyyat,
kimya, fizika, ədəbiyyat, tarix və digər elmlərin intibah dövrü olub. Bu inkişafın
bir çox səbəbləri var idi: yeni nəsillərin
gəlişi, müharibədən
sonrakı abu-hava, bütün dünya elmində baş verən sıçrayış
təmayülü və
s. Fikrimcə, ən böyük səbəblərdən
biri də alimlər arasında sağlam, ya qeyri-sağlam mövcud olan rəqabət, prinsipial münasibət, cəsarətli rəftar olub. Bu gün "yaxşı adam" statusundan enməmək üçün adlarını
çəkmək istəməsəm
də, bilirəm ki, filankəsin qorxusundan beşmənkəs
bir cümlə plagiat yaza bilməzdi,
yaxud çalışırdı
ki, onun acığına daha böyük kəşflər
eləsin, gecə-gündüz
yeni kitablar, məqalələr yazsın,
yaxud da beşmənkəsin nə
həddi var idi ki, zəif
bir tələbəni aspirant etsin, ya aspirantı müdafiəyə zəif
hazırlaşsın?! Bunlar
və yazılmayan onlarla səbəb isə öz-özlüyündə
elmi inkişaf etdirir, sağlam bir elmi mühit
formalaşdırırdı...
Bəli,
bir zamanlar bu gün ən
çox arzulanan çatışmazlıqlardan biri
kimi bunlar var idi... Ancaq görəsən,
doğrudan həmin münasibətlərin, cəsarətin,
prinsipiallığın mövcudluğu
arzulanırmı? Mənim
əziz dostum, gözəl ziyalı, əqidəli insan, qeyrətli vətəndaş
olan professor İsmayıl
Əliyevin universitetdəki
mövqeyinə diqqətlə
baxanda düşünürsən
ki, nə qədər arzulanmalı istəkdir! İsmayıl müəllim bu
gün universitetdə
prinsipial mövqeyi olan nadir adamlardan biridir. Cəmiyyətdə birmənalı qarşılanmayan
bu mövqe bir çox uğurların qazanılmasında
həlledici amil olub. Mənim "yaxşı adam müsabiqəsinin laureatı"
olmaq istəklərimin
üstündən xətt
çəksə də, deyim
ki, məhz İsmayıl müəllimin
qətiyyəti sayəsində
bir çox liberal insanlar məsuliyyətli olublar, laqeyd adamlar biganəlikdən uzaqlaşıblar, tapşırılan
işləri öz istəkləri ilə yox, məhz İsmayıl müəllimdən
ehtiyatlanaraq düzgün
icra ediblər. Etiraf etmək istəməsək də,İsmayıl müəllimin
cəsarəti, prinsipial
mövqeyi çoxumuzun
taleyində həlledici
rol oynayıb. Mən özüm bütün yazılarımı hazırlayarkən,
hətta elmi məqalələrimi yazarkən,
ixtisaslarımız fərqli
olsa da, birinci İsmayıl müəllim yadıma düşür. Bilirəm
ki, çox adamlar üzəvari tərifləsələr də,
İsmayıl müəllim
düzünü deyəcək,
heç kəs oxumasa da, İsmayıl
müəllim axıra
qədər diqqətlə
oxuyacaq, buraxdığım səhvləri
İsmayıl müəllim
tapıb göstərəcək
və s. Buna görə
yazdıqlarımı diqqətlə
oxuyuram, onlara məsuliyyətlə yanaşıram
və köhnə kişilərin qoxusu gələn bu adamın mənə nə qədər məsuliyyət verdiyini
hiss edə-edə düşünürəm
ki, insanın nə qədər enerjisi olar? Nə vaxt
gedirsən, otağında
nə isə yazır, oxuyur, öyrənir, yorulmadan gecə yarıyadək çalışır,bir məsələyə "barmaqarası"
baxmır, laqeyd yanaşmır! Hərdən deyirəm ki, ay İsmayıl müəllim, Sizin yaşda, səlahiyyətdə
olan adamlar auditoriyaya girmir, əvəzinə kimi isə göndərir, özü dincəlir, Siz də bir
istirahət edin də! Razılaşmır,
deyir 40 ildir dərs deyirəm, hələ mənim mühazirəmi kimsə əvəz eləməyib,
təsadüfən vacib
bir işim olanda da, sonra
mütləq həmin
dərsi deyirəm, bu, mənim həyat tərzimdir. Onun haqqında tələbkardır,
prinsipialdır, deyirlər,
fikrimcə, ən çox özünə qarşı tələbkardır,
məsuliyyətlidir.
2013-cü
ildə Qubada BDU üçün Tədris-təcrübə
və İstirahət
Mərkəzi inşa
edilərkən professor İsmayıl
Əliyevin yüksək
təşkilatçılıq xüsusiyyətləri, ona
doğma olmayan inşaat işində nümayiş etdirdiyi məharət, 200 nəfərə
yaxın insanı vahid komanda kimi
mobilləşdirmək xüsusiyyəti,
rayonun bütün əlaqədar təşkilatlarını
tikintiyə cəlb etmək bacarığı
qısa müddətdə
böyük işin görülməsi ilə
nəticələndi. Bu keyfiyyətləri
İsmayıl müəllim
2010 və 2015-ci illərdə
16 saylı Yasamal İkinci seçki dairəsində
Parlament seçkilərinin
təşkilində, BDU-nun Qazax Filialında aparılan köklü islahatların həyata keçirilməsində, fakültələrin
tanıtım lövhələrinin
hazırlanmasında, 90, 95 illik
yubiley kitablarının
çap edilməsində,
daha onlarla belə böyüklü-kiçikli
layihələrin reallaşmasında
da göstərmiş,
əslində ona aid olmayan, ancaq boynuna götürməyi özünə borc hesab etdiyi həmin
vəzifələri eyni
məsuliyyət və
vicdanla icra etmişdir. Ən gözəl cəhət
odur ki, Universitetə nüfuz gətirən, onun ölkə səviyyəsində
imicini formalaşdıran
belə böyük işlər həyata keçiriləndən sonra
İsmayıl müəllim
heç vaxt öz xidmətlərini qabartmamış, təvazökarcasına
arxa planda qalmışdır.
Onun ilk baxışda nəzərə çarpmayan cəhətlərindən biri də çox həssas, rəhmdil, qayğıkeş olmasıdır. Yadımdadır, 2000-ci illərin əvvəllərində Altıağacdakı Tədris-təcrübə mərkəzində dincəlirdik. Universitet kollektivi idi, ailələri, uşaqları ilə. Uşaqlar axşam İsmayıl müəllimin gəlməyini həsrətlə gözləyirdilər, bilirdilər ki, gələndə onlara mütləq nə isə gətirəcək, ya dondurma, ya şirniyyat, hamı ilə də mehriban-mehriban salamlaşacaq, maraqlı suallar verəcək və s. Bu gün onun oturduğu 243-cü otaq yenə də insanların pənah yeridir: kimin çətin sualı varsa, həmin otağa gedir, kimin müşkül işi varsa, Ismayıl müəllimə müraciət edir, kimin əli hər yerdən üzülübsə, yenə onu axtarır... Həll etdiyini edir, edə bilmədiyinə doğru yol göstərir, heç olmazsa ümid, təsəlli,ya da bir müdrik məsləhət verir. Universitetdə ağsaqqal olmaq sadə məsələ deyil, hamı savadlı, dünyagörmüş, yaxud özünü belə hesab edəndir, burada həmin statusu əldə etmək, qoruyub saxlamaq üçün böyük təcrübə, müdriklik, çevik düşüncə, nəciblik, yüksək insanpərvərlik lazımdır... Bir gün həmin 243-cü otağa gəldim ki, İsmayıl müəllim, məni təbrik edə bilərsən, nəvəm olub. Durdu, qucaqladı, öpdü, bir konfet də verdi, sonra soruşdu ki, adını qoymamısınız ki? Dedim, yox, hələ fikirləşirik, cavanlar da, biz də. Dedi ki, elə şey yoxdur, heç kəs heç nə fikirləşməsin, mən onun adını Fikrət qoydum, dedim, ay İsmayıl müəllim, bu variant gündəmdə var, ancaq mən razılıq vermirəm ki, birdən cavanlar ayrı, daha müasir bir ad istəyər. Aldı nömrələrini, yoldaşıma da zəng elədi, oğluma da, dedi, mən bir ağsaqqal kimi bu adı qoydum, siz başqa fikir eləməyin. Doğrusu, bu qətiyyəti ilə məni də, ailəmi də çətin vəziyyətdən qurtardı...
İsmayıl müəllim haqda düşündükcə bu sadə və mürəkkəb, tələbkar və humanist, yorulmaz və ağsaqqal, 70 illik yubileyini heç kəsə bildirməyəcək dərəcədə təvazökar, lazım gələrsə universitet naminə özünü güllə qabağına verməyə belə hazır olan bu adamı səciyyələndirməkdə çətinlik çəkirəm. Dəqiq bildiyim odur ki, köhnə kişilərdəndir! O kişilərdən ki, sözlərini deyiblər, cəsarətli olublar,ədalət naminə heç kəsdən və heç nədən çəkinməyiblər, öz varlıqları ilə cəmiyyəti çalxalayıb tərpədiblər, "yaxşı adam" olmağa çalışmayıblar-nəticə etibarı ilə özləri üçün olmasa da, cəmiyyət üçün çox faydalı şəxsiyyət olublar. Rəhmətlik Bəxtiyar Vahabzadənin bir şeiri var, İsmayıl müəllimə çox uyğun gəlir:
Yaxşı, yaman damğasıyla,
İnsanları bir-birindən ayırmağı bacarmıram!
Biri
üçün yaxşı
olan,
Başqasına yaman olur!
Yaxşıları yamanlardan seçən
hakim - zaman olur!
Fikrət
ŞİRİYEV
525-ci qəzet.- 2017.- 20 aprel.- S.8.