Səyyad Aranın 65 illiyi
Yazıçılar Birliyində qeyd edildi
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda tanınmış
yazıçı və
ictimai xadim, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aranın 65 illik yubileyi və "Sazaq" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə AYB rəhbərliyi, yazıçının
qələm dostları,
tanınmış mədəniyyət
işçiləri, yazarlar,
media nümayəndələri və ədibin doğmaları iştirak ediblər.
AYB katibi
Rəşad Məcid giriş nitqində Səyyad Aranın şəxsiyyəti, ədəbi
yaradıcılığı, ictimai fəaliyyəti barədə fikirlərini
bölüşüb. Yubilyarın əmək fəaliyyətinə
ədəbiyyat müəllimi
kimi başladığını
deyən R.Məcid ədibin bioqrafiyası ilə bağlı maraqlı məqamlara toxunub. Onu hər zaman yaradıcılıq axtarışında
olan yazıçı
kimi xarakterizə edib: "Səyyad Aran ömrü boyu Azərbaycan ədəbiyyatına
xidmət edən yazıçılardan biridir.
O, ədəbi yaradıcılığa
şeirlə başlasa
da, sonradan nəsrə keçib və nasir kimi
öz imzasını tanıdıb. 1981-ci ildə yazdığı
"Körpü" adlı
ilk hekayəsi "Ulduz"
jurnalında çap olunub və müəllifinə böyük
rəğbət qazandırıb".
Yubilyarı təbrik edən R.Məcid ona çoxşaxəli fəaliyyətində
yeni uğurlar arzulayıb.
AYB-nin sədri, Xalq yazıçısı
Anar S.Aranla tanışlığından söz
açıb, onun ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirib:
"Səyyad Aran gözəl yazıçı
olmaqdan da öncə çox dəyərli insandır. Elə onun yüksək insani keyfiyyətlərinin
nəticəsidir ki, əsərləri rəngarəng,
oxunaqlı və xalqın ruhuna daha yaxındır.
O, yazıçı, alim,
müəllim, jurnalist
və siyasi xadim kimi bütün
ömrü boyu Azərbaycan xalqına vicdanla xidmət edib".
S.Aranı təbrik edərək ona xoş arzularını
bildirən Anar yubilyara AYB adından hədiyyə təqdim edib.
AMEA-nın müxbir üzvü, Millət vəkili N.Cəfərov deyib ki, S.Aran
ədəbiyyatı dərindən
bilən yazıçılardandır:
"Onun yazıçı
kimi ən yüksək cəhətlərindən
biri də ən zərif hissləri belə təmkinlə, müdrikliklə
əks etdirməyi bacarmasıdır. O, şəxsiyyəti
ilə həm ədəbiyyata, həm siyasətə hörmət
gətirən insandır.
Düşünürəm ki, siyasət
aləmində ədəbiyyat
adamları nə qədər çox olarsa, bir o qədər
faydalı olar".
Millət
vəkili Jalə Əliyeva S.Aran yaradıcılığına dərindən
bələd olduğunu
və onun bütün qəhrəmanlarında
az və
ya çox dərəcədə öz
şəxsiyyətindən hansısa keyfiyyətlərin
sezildiyini vurğulayıb.
Xalq yazıçısı
Mövlud Süleymanlı
S.Aranın yazıçı
kimi özünəməxsus
üslubundan söz açıb və onun yaradıcılığının
xalq ədəbiyyatı
ənənələrinə söykəndiyini qeyd edib.
Tənqidçi Əsəd Cahangir
yubilyar haqqında çıxışında onun
"Sazaq" kitabında
yer alan
hekayələrə xüsusi
yer ayırıb və onları yığcam təhlil edib.
Professorlar Buludxan Xəlilov
və Elçin İsgəndərzadə, yazıçılar
Seyran Səxavət, Aqil Abbas, Pərvin,
tənqidçi Bəsti
Əlibəyli, Qafqaz Müsəlmanları Ruhani
İdarəsindən Fuad
Nurullayev və Şahin Həsənli,
YAP-ın nümayəndəsi
Sadiq Qurbanov, şair Qəşəm Nəcəfzadə və başqaları da S.Aran haqqında fikirlərini dilə gətirib, yubileyi münasibətilə onu təbrik ediblər.
Şairlər Oqtay Rza və
Dayandur Sevgin yubilyara həsr etdikləri şeirləri
oxuyublar.
Səyyad
Aran AYB-nin rəhbərliyinə, tədbirin
təşkilatçılarına və iştirakçılarına,
haqqında çıxış
edənlərə minnətdarlığını
bildirib, bundan sonra da Azərbaycan
ədəbiyyatına böyük
həvəslə xidmət
edəcəyini söyləyib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 20 aprel.- S.7.