Molla Pənah Vaqif:
Mollanəsrəddinçilərin xüsusi
ehtiramla yad etdikləri
şair
"2017-ci ildə böyük
Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur.
Adının YUNESKO-nun "2016-2017-ci illər üçün görkəmli
şəxslərin və
əlamətdar hadisələrin
yubileyləri proqramı"na daxil edilməsi Azərbaycanın
çoxəsrlik zəngin
ədəbiyyatı tarixində
silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı
humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
Molla Pənah
Vaqif öz ənənələri ilə
seçilən ədəbi
məktəb yaratmış
ölməz sənətkardır. O, əhəmiyyətini
əsrlərdən bəri
qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana
gətirməklə milli
ədəbiyyatın yeni
istiqamətdə inkişafına
təkan vermişdir".
Yuxarıdakı fikirlər "Böyük
Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı"ndan götürülüb.
Bu məqamdan çıxış
edərək qürurla
vurğulamaq istərdik
ki, milli mədəniyyət və
mətbuat tariximizdə
müstəsna yeri olan "Molla Nəsrəddin" jurnalı
müəlliflərinin özlərinə
ustad saydıqları qələm sahibləri sırasında Molla Pənah Vaqif də vardır. Böyük
Mirzə Cəlil
1923-cü ildə "Yeni
yol" qəzetinin
36-cı sayında çap
etdirdiyi "Heyif olsun" başlıqlı
publisistik əsərində
Molla Pənah Vaqifin adını məxsusi çəkib:
"Heyif olsun keçən günlərə!
Heyif olsun o nemətlərə ki, bu zalım oğlu
yeni əlifba əlimizi onlardan üzdü...
...Heyif olsun qədim
Şərq mətbuatımıza
ki, bu təzə
hürufat hələlik
bizi ondan uzaqlaşdırdı.
Heyif olsun Firdövsi əminin şahlar naminə yazdığı "Şahnamə"sinə;
həmən "Şahnamə"yə
ki, dünya yaranandan indiyə kimi bircə nəfər türk oğlu türk o kitabı əlinə alıb, oxuyanda başa düşməyib
ki, nə oxuyur və niyə oxuyur.
...Əgər birisi mənə belə xəbər gətirə ki, yuxarıda saydığımız mətbuat
- Qurandan savayı - bir təndirin içinə düşüb
yanıbdı, mən
heç dərd eləmərəm; bəşərta
deyələr ki, bu kitabların yerini təzə kitablar tutub, məsələn "İbrahimbəyin
səyahətnaməsi",...
Mirzə Fətəlinin
komediyaları,... Vaqiflə Sabirin şeirləri və qeyriləri..."
Molla Pənah
Vaqifin məşhur şeirlərindən biri
Tiflis şəhərinin gözəlliklərindən
bəhs edən "Var" rədifli müxəmməsidir. Maraqlıdır ki, 16 bənddən
ibarət müxəmməsin
3-cü bəndinə müəyyən
ixtisarla Cəlil Məmmədquluzadənin "Xanımlar"
felyetonunda rast gəlirik və bu fakt müəyyən
məsələlərin aydınlaşdırılmasını
tələb edir.
Çünki Mirzə Cəlilin
1908-ci ilin sonlarına
qədər yazdığı
felyetonlarda əsasən
Sədi Şiraziyə,
Hafiz Şiraziyə, Qasım
bəy Zakirə, Seyid Əzim Şirvaniyə məxsus misraların yer tutduğunu görürük.
Fikrimizcə, "Molla
Nəsrəddin" ədəbi
cəbhəsi nümayəndələrinin
Molla Pənah Vaqif irsi ilə
geniş tanışlığı
Haşım bəy Vəzirov tərəfindən
1908-ci ildə "Qafqaz
şüərasının məşhuri Molla Pənah Vaqifin ələ düşən
əşarının məcmuəsi"
adlı kitabın nəşrindən sonra mümkün olmuşdur. Və Vaqif şeiriyyətindəki
realizmi dəyərləndirən
Mirzə Cəlil
"Molla Nəsrəddin"
oxucularının Molla
Pənah sənəti
ilə tanışlığına
ehtiyac duymuş, "Var" rədifli müxəmməsdən aşağıdakı
bəndinin 4 misrasını
"Xanımlar" felyetonunun
mətninə daxil etmişdir:
Ol qədərdir büti-nazikbədən,
incəmiyan,
Eyləmək olmaz onun vəsfini məlumü əyan,
Cümlə bir cilvədə,
bir şivədə, xoş sərvi-rəvan,
Məst tavus kimi gərdəni-minaları
var.
"Molla Nəsrəddin" jurnalının 14 dekabr
1908-ci il tarixli 50-ci sayında getmiş "Xanımlar"
felyetonu Qafqazda ruslar tərəfindən birbaşa azərbaycanlılara
ünvanlanaraq və azərbaycanlıların köməyi
ilə həyata keçirilən ruslaşdırma
siyasətinə qarşı
qələmə alınmışdır.Müəllifi
düşündürən əsas məsələ müəyyən qədər
elmsizlik səbəbindən
müsəlman mənəviyyatına
hakim kəsilən cılız
hisslərin ruslaşdırma
siyasətinə rəvac
verməsidir. Bəli, Cəlil
Məmmədquluzadə övladlarının
rus evlərində yaşayıb tərbiyə
almaları üçün
lüzumsuz xərclər
çəkən vətən
qardaşlarının bu
əməlinə ona görə acıyır ki, onları düşündürən heç
də övladlarının
gələcəyi deyil,
özlərinin rus xanımları ilə tanışlığıdır. Bu məqamda Vaqifin
müxəmməsini yada
salan Mirzə Cəlil Azərbaycan xalqına məxsus bəşəri humanizmin müstəmləkəçilik dövründə səviyyəsiz
istəklərlə əvəzlənməsinə
üsyan edir.
Müşahidələr deməyə əsas verir ki, Molla Pənah
Vaqif sənətindəki
həyatilik Cəlil Məmmədquluzadənin estetik
prinsiplərinə uyğun
gəldiyindən mübariz
yazıçı Vaqif
şeirinə yeni nəslin mənəvi dünyasını zənginləşdirəcək
mənbə kimi baxmış, bu yolla da Vaqif
əsərlərinin təbliğini
gərəkli saymışdır.
Bu mənada Cəlil
Məmmədquluzadənin 1907-1909-cu illərdə yazdığı
"Ölülər" tragikomediyasında
Vaqif şeirinin İskəndərin dili ilə səsləndirilməsi
təsadüfi deyil.
Diqqət edilərsə, "Ölülər"
tragikomediyasında özü
ilə mühit arasındakı keçilməz
uçurumu heç cür adlaya bilməyən İskəndər
tamamilə ümidsiz bir psixoloji vəziyyətdə
qələmə alınmışdır. İstər-istəməz
oxucuda İskəndəri
həyatda tutan istinad nöqtəsini görmək arzusu yaranır və bu arzudan irəli
gələn sualı böyük Mirzə Cəlil xüsusi ədəbi gedişlə
belə cavablandırır:
İskəndəri yaşadan
yeganə amil onun mənəvi dünyasıdır, Azərbaycan
ədəbiyyatıdır, Vaqif şeiridir. Hətta tragikomediyanın öz oxucusuna təlqin etdiyi fikirlərdən biri də budur ki,
İskəndərin ölülər
aləmindən uzaqlaşması
mümkündürsə də,
Azərbaycan mənəviyyatını
təmsil edən Vaqif şeirini özündən uzaqlaşdırması
mümkün deyil:
"İskəndər (Nazlını
qucaqlayır). Ey mənim gözəl bacım Nazlı... Bax, həyətdə gün çıxıb; sən ki, o günü görməyəcəksən, nəyə
lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək
açıb; amma nəyə lazımdır
sənsiz o çiçəklər,
o çəmənlər? ...Mənim istəkli Nazlı bacım! Gəl yapışım əlindən, baş alıb bu vilayətdən
çıxıb, qoyub
gedək...
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir
bu dayanmaq!
Allaha şükür, lalə yanağında eyib yox,
Qaşında, dəhanında, dodağında
eyib yox,
Bir zərrəcə zülfündə,
buxağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir
bu dayanmaq!
Mirzə Cəlil əsərlərində
Vaqif şeirinin müəyyən dəyişikliklə
nəzər nöqtəsinə
çəkildiyini görürük. Bu dəyişiklik Cəlil Məmmədquluzadə yaradıcılığında
xüsusi estetik məram naminə edilsə də, əslində başqa bir həyat həqiqətindən xəbər
verməkdədir. A.Dadaşzadə
"Molla Pənah Vaqif (həyatı və yaradıcılığı)"
monoqrafiyasında yazır:
"Molla Pənah Vaqifin bizə gəlib çatan əsərləri bir o qədər də çox deyildir. Şairin faciəli ölümü
zamanı onun əlyazmaları qismən
məhv olmuş, qismən də itib-batmışdır. Lakin onlarca
şeir həvəskarı
şairin əsərlərini
toplamış, hafizədə
saxlamış və yazıya köçürmüşdür".
Bu qeydlər deməyə
əsas verir ki, Vaqif əsərlərini
qoruyub-saxlayan əsas mənbə milli yaddaşımız olmuşdur.
Bu baxımdan Mirzə
Cəlil əsərlərində
Vaqif şeirlərinin
surətlərin, yaxud
müxbirlərin dili ilə bir folklor
nümunəsi kimi variantlı şəkildə
təqdim olunması təbii görünür.
"Molla Nəsrəddin" jurnalının 18 oktyabr 1909-cu il tarixli 42-ci sayında "Milli bayram" başlıqlı xüsusi estetik əhəmiyyət kəsb edən çox maraqlı bir məqalə-felyetonla qarşılaşırıq. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə ədəbiyyat tarixində yer tutan qələm sahiblərinin, ictimai rəyə təsir edərək onun mütərəqqi istiqamətdə inkişafına rəvac verən yazarların yubileylərini "Milli bayram" səviyyəsində qiymətləndirmiş, elmi-ədəbi ictimaiyyətin həmin yubileylərə biganə münasibətindən hiddətlə söz açmışdır. Maraqlıdır ki, "Yuxugörən" imzalı və "Milli bayram" başlıqlı məqalə-felyetonda da Mirzə Cəlil möhtərəm şair Abbas Ağa Qaibzadə Nazirin (1849-1919) altmış illik yubileyinin təntənə ilə keçirilməsini, ali bir imarətdə müsalmanların öz şairlərinə böyük hörmət və ehtiramlarını bildirməsini həyatda deyil, yuxuda görür. Bununla belə, danışılan yuxuda da xalqımızın mənəvi dünyasında Molla Pənah Vaqif məqamının yüksək dəyərləndirilməsi bir daha təsdiqlənməkdədir. Budur, "Milli bayram" sərlövhəli məqalə-felyeton aşağıdakı abzasla başlayır: "Günlərin bir günündə - yəni bu oktyabrın 9-da güzarım Tiflis şəhərinə düşdü. Keçmişdə də bir dəfə Tiflisi görmüşdüm, xoşuma gəlmişdi. Amma Tiflisin indiki halı vəsfə gələsi deyil. Sabiqdə Molla Pənah Vaqif və Qasım bəy Zakir də Tiflisi tərif etmişdilər - amma gəlib indi görsünlər, "bu hara, o hara!"
Beləliklə, məqalə-felyetonda Molla Pənah Vaqif və Qasım bəy Zakir tərəfindən Tiflis şəhərinin tərif edilməsi yada salındıqdan sonra Abbas Ağa Qaibzadə Nazirin ədəbiyyat tariximizdəki xidmətləri xatırladılır, onun şeirləri, "Rüstəm və Söhrab" hekayəsi, Mustafa ağa Arifə yazdığı məktubları, Tolstoydan tərcümələri dəyərləndirilir. Fikrimizcə, məqalə-felyetonun əvvəlində Vaqif və Zakirdən bəhs edilməsi heç də təsadüfi deyil.
(Ardı var)
İman CƏFƏROV
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2017.- 20 aprel.- S.6.