Ömründən ömür
bağışlayan...
FƏDAKAR HƏKİM, MAHİR CƏRRAH RAFİQ MUSTAFAYEVİ ŞABRANLILAR HƏR ZAMAN BÖYÜK EHTİRAMLA YAD EDİRLƏR
ÖLÜMÜN
QARŞISINDA "QIRMIZI İŞIQ" KİMİ
...Qapının
üstünə vurulmuş lövhədə işıq
yanır. Qırmızı işıq! İçəridə,
otaqda isə mübarizə gedir - ağ
xalatlı cərrah, şəfqət bacıları bir insan həyatı
uğrunda mübarizə aparırlar.
Cərrahiyyə
əməliyyatı gedən o otağın bayır tərəfində
yanan o qırmızı işıq sanki ölümün
qarşısını kəsmək, ona sədd çəkmək
üçün yanır...
Cərrah əllərinin - bəzən iti, cəld, bəzən
asta, ustufca hərəkətləri, cərrah
soyuqqanlığı, cərrah əlində şəfa alətinə
çevrilən bıçaq-skalpel elə bil ölümə
meydan oxuyur.
Çöldə
isə insanlar gözləyir, xəstənin
qohum-qardaşları, dostları - hamısı da intizarla,
narahat-nigaran, kimisinin də əlləri göydə, kimisi də
dodaqaltı dua pıçıldayır...
...Qapı
açılır. Cərrahın tər-qana batmış
yorğun çöhrəsindəki təbəssüm xəstənin
qohum-qardaşının sual dolu baxışlarına cavab olur..
Rafiq Mustafayev də cərrah idi. Çalışdığı
Şabran (keçmiş Dəvəçi) rayon Mərkəzi
Xəstəxanasında öz skalpeli ilə ölümə
qarşı beləcə "qırmızı
işıq" yandırırdı.
Statistik məlumatlara görə, müxtəlif peşə
sahiblərinin ömürlərinin uzunluğu orta ömürdən
fərqlənir. Cərrahların isə ömürləri orta
ömürdən nə az, nə çox,
düz 10 il az, qısa çıxıb...
Hələ qədimlərdən cərrahlığın
rəmzi, nişanı ürək bağışlayan
qadın rəsmi olub. Və rəsmin də ətrafında latınca "cərrahiyyə
həyat bağışlayır" sözləri
yazılıbmış...
Pasientlərinin
hörmətlə, ehtiramla "doktor Mustafayev" deyə
müraciət etdikləri Rafiq cərrah da neçə-neçə
insana öz ömründən
bağışladığından idi ki, belə az yaşadı, ömrünün 54-də,
2001-ci ildə dünyasını vaxtsız dəyişdi.
Bir də
qədim hind eposu "Ayur-Veda"da həkimlər haqqında
belə deyilib ki, həkim xəstə üçün ata,
sağalmaqda olanlar üçün keşikçi,
sağlamlar üçünsə dost olmalıdır.
Rafiq Mustafayev yaşca cavan olsa da, özündən
yaşlılara "ata" da olmuşdu,
"keşikçi" də olmuşdu.
Mənimsə əziz dostlarımdan biri idi.
Həkimlərin şəninə çox epitetlər
işlətmək olar. Onlara "xilaskar" da deyə bilərik.
Axı, həkimlər xəstələrə
şəfa verib həyata qaytarmaqla ölümün pəncəsindən
xilas edirlər.
Xilas etmək naminə xilaskarlar da həmişə nəyisə
qurban verirlər. Bəlkə də bu qurban həyatda ən şirin nemət
- öz ömürlərindən kəsilən həmin 10
ildir!
Belə deyirlər ki, hətta bir insan ölümü bəşər
nəslində qırıqlıq yaradır. Həyata
qaytardığı hər insan ömrü ilə isə
doktor Mustafayev bəşər nəslini dəfələrlə
bu bədbəxtçilikdən xilas edib.
Cərrah əməyinin qədir-qiyməti də elə
bundadır.
KİÇİK
BİR HAŞİYƏ:
Doktor Mustafayevlə ünsiyyət bağlamamışdan
və tanışlığımızın əvvəl,
sonralar səmimi bir yaxınlığa, dostluğa çevrilməmişdən
qabaq mən onun atası Həsən müəllimi
tanıyırdım.
Şabranın yaşlı sakinləri Həsən
Mutafayevi yaxşı xatırlayırlar.
Orta nəslə, cavanlara da Həsən Mustafayevi qoy mən
tanıdım.
Ötən əsrin 60-cı illərinin axırları
idi. O zaman mən
Tofiq Abbasov adına 1 saylı şəhər
orta məktəbinin əlaçı şagirdlərindən
biri idim.
Humanitar elmlərə, xüsusən də ədəbiyyat
və tarix fənlərinə daha çox marağım var
idi.
O zaman tənəffüslərdə
məktəbin uzun koridoru boyu növbətçi müəllimlərdən
biri gəzər, biz yuxarı sinif şagirdlərinin
nizam-intizamına, davranışına göz qoyub nəzarət
edərdilər.
Hər həftənin eyni günü tənəffüsdə
hündür boylu, qamətli, dalğalı şəvə
saçları ağarmaqda olan orta yaşlı bir müəllim
aram-aram, şəstlə koridorda gəzişərdi. Məktəbimizin
tarix müəllimlərindən biri - Həsən Mustafayev
idi. Eşitmişdim ki, Həsən müəllim uzun
müddət partiya və sovet orqanlarında rəhbər vəzifələrdə
çalışıb, hətta bir ara
İsmayıllıda raykomun birinci katibi işləyib. Bizim "ən yeni tarix" kursundan öyrəndiklərimiz
plenumların, iclasların hətta iştirakçısı
olub.
Hökmən ona yaxınlaşıb xatirələrini
dinləmək həvəsi-istəyinə düşdüm.
Kim bilir,
bəlkə də Həsən müəllim məktəbin ən
tanınmış şagirdlərindən biri kimi mənim
"uşaq bicliyi" ilə onu sorğu-suala çəkdiyimi
düşündüyündən idi ki, ilk əvvəl
sorğu-suallarıma soyuq cavablar verirdi. Lakin
axır ki, səmimi marağımı hiss edəndən sonra
mən də onunla koridorda qoşa addımlayır, bir növ
birgə növbətçilik edir, bununsa əvəzində Həsən
müəllim məni maraqlandıran suallara ətraflı,
geniş, dolğun cavablar verir,
dünyagörüşümü zənginləşdirir,
artırırdı.
Ötən əsrin 70-ci illərində rayon Mərkəzi
Xəstəxanasına qohumum, yaşca aramızda bir elə fərq
olmayan Qüdrət Niftəliyev başçılıq edirdi. Baş həkim
kimi o istirahət günlərində də xəstəxanaya
baş çəkərdi. Və elə hər
ikimizin həmin istirahət günlərində, bəzən də
vaxt-macal tapıb işdən sonra onunla vədələşib
görüşərdik.
Elə tələbəlik
illərindən yaxın dostu olan Rafiq Mustafayevlə də məni
o illərdə Qüdrət həkim tanış
etmişdi.
ÖMRÜNDƏN
SƏTİRLƏR...
Rafiq 1947-ci ilin bir yaz günündə, aprelin 25-də
dünyaya gəlmişdi.
Evin sonbeşiyi - özündən böyük
qardaşları Minacəddinin, Tacəddinin kiçiyi idi.
Ata-ana övladlarına Rafiq adını verdilər.
Rafiq
adının yozumu lüğətlərdə belə izah
edilir ki, "rafiq" sözünün bir mənası
"dost, yoldaş", digər mənası isə
"xoşxasiyyət" deməkdir.
Rafiq
Mustafayev də dünyaya gələndə ata-anasının
ona verdikləri adı ömrü boyu tamamilə doğrultdu,
həm yaxşı dost, yoldaş oldu, həm də
xoşxasiyyət, xoşqılıq...
Həsən müəllimin ata zabitəsi və
qayğısı, Səyyarə xanımın ana nəvazişi
ilə böyüyən oğullar da cəmiyyətə
layiqli vətəndaş oldular. Minacəddin də, Tacəddin də
ixtisasca ayrı-ayrı peşə sahibləri olsalar da, elmi
iş müdafiə edib alim olmuşdular.
Rafiq isə həkimlik peşəsini seçdi. 1970-ci ildə o zamanki N.Nərimanov
adına Azərbaycan Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsini bitirdi.
Rafiq həkim kimi insanlara xidmət etməmişdən əvvəl
oğul kimi Vətənə xidmət etdi. Hərbi xidmətdə
oldu. Hərbi xidməti başa vurduqdan
sonra Şabran (keçmiş Dəvəçi) rayon Mərkəzi
Xəstəxanasında işə başladı.
XATİRƏLƏR
İŞIĞINDA
- Əlbəttə,
uzun illər dostluq etdiyin, çiyin-çiyinə bir yerdə
çalışdığın, həyatdan vaxtsız gedən
dost haqqında söz açmaq ağırdır, - bir vaxt
Rafiq Mustafayevlə iş yoldaşı olmmuş Qüdrət
Niftəliyev kövrəlir.
-Mən Rafiqlə tələbə yoldaşı olmuşam. Tibb
İnstitutunda eyni fakultədə, eyni kursda, eyni qrupda birgə
oxumuşuq.
İnstitutu qurtardıqdan sonra mən təyinatla
Şabrana, Rafiq isə hərbi xidmətə yollandı, o, hərbi
xidmətdən 1972-ci ildə qayıtdı. Qısa
müddət bir yerdə çalışdıq. Sonra Rafiq iki illik ixtisasartırma kurslarına
yollandı. 1974-cü ilin ortalarında
ixtisasartırma kurslarından qayıdanda mən artıq rayon
birləşmiş mərkəzi xəstəxanasının
baş həkimi idim və Rafiqə baş həkimin
müavini vəzifəsini təklif etdim. Çünki
tələbəlik illərindən Rafiqin təşkilatçılıq
bacarığına bələd idim. Bəlkə
də bu onda irsi idi, axı, atası Həsən müəllim
uzun müddət rəhbər vəzifələrdə
çalışmışdı. Rafiq
ixtisası üzrə işləmək arzusunda olsa da,
axır ki, onu yola gətirə bildim.
İndi
açıq etiraf edirəm: bir inzibatçı rəhbər,
baş həkimin müavini kimi Rafiq Mustafayev az
qala baş həkimdən daha çox öz vəzifə
borcuna məsuliyyətlə yanaşırdı. Mən məzuniyyətdən qayıtdıqdan sonra hər
şeyi nəinki yerində, əvvəlki tək, hətta əvvəlkindən
daha yaxşı vəziyyətdə görürdüm.
Dostluğa, yoldaşlığa həddən artıq
etibarlı, sədaqətli olan bu insan həm də paklıq
nümunəsi idi. Bu təmənnasız insanın indi bəzi üzdən
iraq həkimlər kimi heç vaxt gözləri
xəstənin cibində qalmazdı. Rafiq təmənnasızlıq
nümunəsi idi.
Rafiq həkim boylu-buxunlu, hündür, qamətli,
cüssəli idi. Ancaq o boyda azman insanın ürəyi
quş boyda idi; Rafiq çox ürəyi yuxa, yumşaq,
kövrək insan idi. Xəstə
sağalıb çarpayıdan qalxaraq evlərinə getməyincə
yanından əl çəkməzdi.
Travmotologiya üzrə kurslarda olan Rafiq həkim rayonda
ilk dəfə olaraq skelet dartmaq ilə sümüklərin
sınıqlarının müalicəsini, eyni zamanda
sümüklərdə ostoesintez əməliyyatlarını
(sümük iliyinə metalların yeridilməsi, metal lövhələrdən
istifadə edilməklə sümüklərin bərkidilməsi)
həyata keçirmişdi.
Uzun müddət beləcə bir yerdə
çalışdıq. Bu uzun müddət ərzində bircə
dəfə də olsa, baş həkim kimi kimsə ondan mənə
şikayət etmədi.
Yox, ondan mənə şikayət edən öz ailə
üzvləri - atası, həyat yoldaşı olardı. Məlahət xanım mənim
Rafiqlə çox yaxın dost olduğumu bildiyindən: - Evdə
nə atasının, nə anasının, nə də mənim
sözümə qulaq asır, - deyə gileylənərdi ki, bəs
o, evə yorğun-arğın gəlib süfrə
arxasında təzəcə əyləşib heç bir stəkan
çay içməmiş telefon zəngi ilə dərhal
heç təcili olmasa da, təzədən xəstəxanaya
yollanır və Məlahət xanım, xahiş edərdi ki,
Rafiqə tapşırım, qoy öz səhhətinin də
qayğısına qalsın.
Ömrünün
son illərində amansız xəstəlikdən ayağı
əməlli-başlı yer tutmasa da, yenə də bir
ayağı elə xəstəxanada, iş yerində
olardı. Axı, Rafiq həmişə iş yerini evi-eşiyi
kimi özünə doğma ocaq bilmişdi. Belə
insanların, həkimlərin yeri indi daha çox
görünür.
Neçə-neçə insanı həyata qaytaran Rafiq
həkimi nə yazıq ki, biz həmkarları həyata qaytara
bilmədik.
O, 2000-ci il yanvarın 12-də
dünyasını dəyişdi.
ÜMİD
ÇIRAĞI
Hippokrat
andındandır: "Həkim, özün xəstə olanda
necə qayğı gözləyirsənsə, öz xəstənə
də elə qayğıkeş ol!"
Rafiq həkimin xəstə vaxtlarında kimdənsə
necə qayğı gözlədiyi ilə işimiz yox, amma o,
öz xəstələrinə qarşı həssaslıq və
qayğıkeşliyinə aid çox faktlar gətirmək
olar. Rafiq həkim bəzən aşağı və orta
tibb işçilərinin də yerinə yetirməli
olduqları işləri özü görür, yorulmaq
bilmirdi.
Həkimlər haqqında lap çoxdan oxuduğum bir
kitabdakı müdrik kəlam hələ də
yadımdadır. Əsl həkim o deyil ki, öz
ixtisasını dərindən bilir. Əsl
həkim odur ki, o xəstəyə ümid verməyi
bacarır, onda həyat eşqi oyadır.
Dəfələrlə şahidi olmuşam, Rafiq həkim müayinə etdiyi ağır xəstələrlə bəzən zahirən elə laqeyd, biganə danışırdı ki, sanki qarşısındakı yüngül soyuqdəymədən xəstələnmiş birisidir.
Xəstəni ərklə, bir qədər də sərt sözlərlə yola salırdı: "Mənim ağır xəstəmə bax!.. Özünə xəstəlik tapıb!" - həkimin bu rəftarından xəstə incisə də, daxilən rahatlıq tapar, toxtayardı: deməli, onda qorxulu bir şey yoxdur ki, həkim onunla belə laqeyd davranır...
Yalnız xəstə otağı tərk edəndən sonra həkimin rəngi qaralar, haldan-hala düşərdi.
Rafiq həkim daxili gərginliyini boğaraq ömrünün sonlarını yaşayan, sağalacağına artıq heç bir ümid qalmayan neçə-neçə ağır xəstəyə beləcə ümid verərdi.
Unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadənin bir şeirindəndir: "Yaşasın dünyamız, yaşasın insan!"...
Həkimlər də insanları yaşadanlardır.
Yaşadanları isə yaşatdıqları,
həyat bəxş etdikləri insanlar yaşadır. Doktor Rafiq Mustafayev kimi..
2017
Aydın
TAĞIYEV
525-ci qəzet.- 2017.- 20 aprel.- S.6.