Zərifə
Salahova və onun miniatür kitabları
“Azərbaycanda miniatür
kitabların nəşri sahəsində Zərifə xanım
Salahovanın fəaliyyəti yüksək qiymətə
layiqdir”.
Heydər
Əliyev
Bu il mənim
üç qadın dostumun 85 yaşı tamam oldu. Amma qəribədir, bu qadınlar qəlbən o qədər
cavan, enerjili və hər şeyə maraq göstərən
insanlardır ki, bu yaş üçünə də qətiyyən
yaraşmır.
Mən bu gözəl
qadınlarla dostluğumdan fəxr duyur və onları bir daha
təbrik edirəm. Onların adını tez-tez eşidirik,
bu - Əməkdar jurnalistlər Elmira Əliyeva, Qalina Mikeladze
və Azərbaycanın əməkdar
kolleksiyaçısı Zərifə Salahovadır. Amma doğrudan, heyf ki bizdə belə fəxri ad
yoxdur. Əgər bu cür ad nə vaxtsa təsis
edilsəydi, sözsüz ki, Zərifə xanım ilk alanlardan
biri olardı. Zarafat deyil: 35 il
kolleksiyaçılıqla məşğul olasan, 7 mindən
artıq miniatür kitab kolleksiyası toplayasan (bunların
arasında yüzlərcə nüsxə sadəcə
unikaldır) və nəticədə Ginnesin rekordlar
kitabına düşəsən! Zərifə
Salahova haqlı olaraq bu nailiyyətlə öyünür, biz
isə onunla öyünürük ki, ölkəmizdə bu bənzərsiz
qadın yaşayır və onun sayəsində
dünyanın ən uzaq dövlətlərində Azərbaycanın
adı çəkilir.
Bir dəfə day.az agentliyinə
müsahibəsində Zərifə Salahova demişdi ki, bu
körpə kitablar bütün həyatını dəyişmişlər. Yəqin, elədir ki var,
axı miniatür kitabların sayəsində o, ən müxtəlif
ölkələrdə onlarla dost qazanıb və bu insanlar
onun kolleksiyasının çoxalmasına kömək edərək,
Zərifə xanımın könüllü köməkçiləri
olublar. Bu “körpə”lər sayəsində
onun görüşlərinin və səfərlərinin
coğrafiyası son dərəcə genişlənmişdir,
zira öz kolleksiyasıyla birgə bizim Zərifə xanım
həqiqətən bütün dünyanı gəzib-dolaşmışdır.
Bu və ya digər ölkədə olduqda isə mütləq
bukinist dükanlarının antikvar bölmələrinə
baş çəkmiş, kitab rəflərini alt-üst edərək,
bəzən yol üçün götürdüyü pulun
hamısını gözü tutduğu
“körpə”lərin əldə edilməsinə sərf
etmişdir.
Və nəhayət, əgər
bu kolleksiya olmasaydı Bakı, Miniatür kitab muzeyi
simasında zəngin hədiyyə -- həqiqətən mənəviyyat
mərkəzinə çevrilmiş məkan əldə etməzdi. Burada demək
olar hər ay yaradıcı ziyalıların nümayəndələri
görüşür, muzey direktorunun nəşr etdirdiyi
növbəti yeni nüsxəni müzakirə edirlər.
Bu gün Miniatür kitab muzeyi minlərlə turistin
ziyarət yeridir, onların bir çoxu Bakıya məxsusi
buranı görməyə gəlir. Yeri gəlmişkən,
bilməyənlər üçün: Miniatür kitab muzeyinə giriş
tamamilə pulsuzdur və bu da onu digər muzeylərdən və
muzey mərkəzlərindən fərqləndirir.
Bu yaxınlarda mən Rusiyanın
sanballı turistik tripadvizor.ru saytına daxil oldum və “muzeylər”
sorğusu üzrə paytaxtımızın adının
yanında Bakı Miniatür kitab muzeyi haqda orada olmuş
turistlərin sayta yerləşdirdiyi 200-ə yaxın rəy
gördüm. Bir neçə rəyi nümunə kimi
göstərmək həzzindən özümü saxlaya
bilmirəm:
“Köhnə şəhərin
mərkəzində çox qeyri-adi muzeydir, ora mütləq
getmək, bu kolleksiya və bu muzeyin yaranması ilə bilavasitə
bağlı olan insanlar bərədə maraqlı söhbəti
dinləmək lazımdır”.
“Son dərəcə
maraqlı miniatür kitab muzeyidir. Burada unikal tarixi qiymətə malik əsərlər
toplanmışdır...”.
“Mən bu muzeydən
çıxanadək, ərimlə oğlum gözləməkdən
yoruldular. Bu gözəl cırtdan kitablara baxmaqdan, onları
incələməkdən heç cür ayrıla bilmirdim.
Kitabçalar çeşid-çeşiddir!..
Əsl həzz aldım...”.
“Təsadüfən girdik və
heyfsilənmədik. Muzeyin sahibəsi - öz işinin əsl fanatı və
bilicisidir...”.
“Bəli, bu, nadir, deyərdim
ki, ilk dəfə rastlaşdığım təsadüfdür
- şəxsi muzey və pulsuz! Bakıdakı Miniatür kitab muzeyi
özlüyündə təkcə Azərbaycan üçün
deyil, elə bütün dünya üçün də unikal
hadisədir...”.
“Muzeyə tamamilə təsadüfən
gəlib çıxdıq. Dərhal ab-havadan
heyran olduq. Sanki, muzeyə deyil, köhnə
kolleksiyaçı dostunun yanına düşmüsən.
Çox xoşdur ki, öz işini sevən, onunla nəfəs
alan insanlar hələ də qalıb”.
Zərifə xanımın
muzeyi barədə şəhərimizin qonaqları bax
bunları söyləyirlər və əlbəttə, bu,
çox sevindiricidir. Axı muzey elə mövcudiyyətinin
özü ilə ölkəmizi təbliğ edir, yüksək
mədəniyyət və tolerantlıq mərkəzi kimi
Bakının imicini qaldırır. Təsadüfi
deyil ki, Quran və Bibliya muzeyin rəflərində
yanaşı duraraq Azərbaycan paytaxtına hakim kəsilmiş
həmrəylik və dinlərarası razılığı
təcəssüm etdirir.
Lakin Zərifə xanımın
yalnız nadir miniatür kitablar toplamadığını,
“İndiqo” mətbəəsində özünün də sənət
əsəritək
incə kitabçalar nəşr etdirdiyini hamı
bilmir. Zərifə Salahovadakı tükənməz
enerji və kreativliyə təəccüb etməmək olmur,
belə ki, onun kitabları həqiqətən ölkəmizdəki
bütün əlamətdar və əhəmiyyətli hadisələrlə
səsləşir.
Təkcə müstəqillik illəri
ərzində onun tərəfindən miniatür formatda ən
müxtəlif təmayüllü 200 kitab çap
edilmişdir - bu, həm müstəqil Azərbaycanda əsas
siyasi hadisələr haqqında (məsələn, prezidentlərin
inauqurasiya nitqləri, Heydər
Əliyevin neft strategiyası haqqında kitablar və s.) , həm
“yaxın” və “uzaq” xaricin tanış şəxsiyyətləri
barədə kitablar, həm də Azərbaycan mədəniyyəti
korifeylərinin yubileyləriylə bağlı oçerklərdir. Məsələn,
Mustafa Kamal Atatürkün çıxışları
toplanmış üçcildlik, yaxud “Kuba xalqının
lideri - Fidel Kastro” ikicildliyi. Tükənməz
enerjili Zərifə xanım uzaq Kubada iki dəfə səfərdə
olmuş və hər dəfə orada ən yüksək səviyyədə
qarşılanmışdır. 2011 və
2014-cü illərdə Havanada təşkil etdiyi miniatür
kitab sərgilərinə isə ölkənin bütün
siyasi və mədəni elitası, üstəlik
çoxsaylı diplomatik nümayəndələr baş
çəkiblər.
Əlbəttə, Zərifə
Salahovanın kolleksiyasında əsas yeri, onu miniatür kitab
muzeyi yaratmağa təşviq etmiş kumiri, ümummilli lider
Heydər Əliyevlə bağlı kitablar tutur (37 nəşr!).
Sərgilərlə Paris və
Londonda, Pekin və Ankarada, Moskva, Minsk və Kiyevdə olan Zərifə
xanım öz doğma respublikasını da
unutmamışdır, o, dəfələrlə
kolleksiyanın bir qismini M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasında, Naxçıvanda Heydər Əliyev muzeyində
sərgiləmişdir. Bir neçə il əvvəl isə
NMR parlamentinin başçısı Vasif Talıbovun köməyi
ilə Naxçıvanda Miniatür kitab muzeyinin filialını
açmışdır. Bundan sonra Gəncədə
filialın açılışı olmuşdur. Hər iki filiala təmənnasız 2 mindən
artıq kitabça verilmişdir. Düşünürəm
ki, bu hələ başlanğıcdır, zira Zərifə
xanım mənəviyyat, gözəllik və harmoniyanın
yüksək nümunələriylə sevimli vətəninin
hər bir sakinini tanış etmək
arzusundadır.
Ölkəmizdə ən unikal
kolleksiyaya malik olan bu güclü, iradəli qadına baxarkən
anlayırsan: onun üçün dünyada
mümkünsüz heç nə yoxdur. Belə
ki, rəylər kitabında Beynəlxalq kitabsevərlər
birliyinin prezidenti Sergey Yesinin yazdığı kimi, “mədəniyyət
üçün ən əlverişli zaman olmayan bizim
dövrümüzdə mahiyyətcə bu cür unikal muzeyin
meydana gəlməsi - təkcə onun müəssisinin,
yaradıcısının mücahidliyi yox, həm də
hansısa möcüzə, bəlkə hətta ilahi hikmət
faktıdır”.
Sergey Nikolayeviç və muzeyə gəlib
öz rəylərini qeyd etmiş 14 min seyirçi ilə
tamamilə razıyam (2002-ci ildən keçən zaman ərzində
isə muzeyə 300 mindən artıq insan baş çəkmişdir!)
və bizim sevimli xanıma deyirəm: əziz Zərifə
Teymurovna, Kitab naminə fədakar əməyinizə, şərəfinə
əllərinizlə abidə ucaltdığınız Kitaba sədaqətinizə
görə çox sağolun!
Şəlalə Həsənova
məqaləsində haqlı olaraq qeyd etdiyi kimi, miniatür
kitab həmişə varlıların imtiyazı olub. Orta əsrlərdə
miniatür dua kitabçaları, Bibliyalar, Quranlar
hamısı kübarlar, şah və kral ailəsi üzvlərinin
sifarişi ilə yaradılırdı. ABŞ
prezidenti Franklin Ruzvelt miniatür kitab kolleksiyası
toplayırdı, sən demə, hazırda Böyük
Britaniya kraliçası II Yelizavetanın miniatür
kitabxanası var. “Bu cür cəzbedici tarixi məlumatların
fonunda, - yazır Ş.Həsənova, - varlı regional
dövlət olan Azərbaycanın bu gün bütün
dünyada mənəvi miniatür cavahiratın ən zəngin
şəxsi kolleksiyasının Vətəni kimi məşhurlaşması
xüsusi simvoliklik qazanıb”.
Zərifə xanım bizim
hamımızı, onun çoxsaylı dostları və pərəstişkarlarını
da miniatür kitab kolleksiyaçılığına
“yoluxdurub” və indi bir çox bakılıların evində
belə kitablarla dolu bir, yaxud lap iki rəfi olar.
... Bu kiçik məqalədə mən Zərifə xanımın çoxcəhətli fəaliyyətinin digər mahiyyətlərindən - həm Milli Olimpiya Komitəsinin üzvü, həm Hərbi əsirlərin, girovların və itkin düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyasının üzvü simasında - danışmadım. Bir şey dəyəcəyəm: öz vətəndaşlıq vəzifəsini bu qadın, kolleksiyası üçün miniatürləri topladığı elə həmin ehtiras, həmin qeyrətlə yerinə yetirir. Ona Azərbaycan haqda söhbət açmağa, nüfuzlu beynəlxalq forumlarda ədalətin tərəfimizdə olduğunu sübut etməyə isə yenə də Kitab kömək edir. Zərifə xanım bizim haqlı mübarizəmiz, erməni təcavüzü və bunun nəticələri haqqında kitabları, sənədli materialları isə xarici səfərlərinə çamadan-çamadan aparır. Ən qəddar düşmənlər belə onun təzyiqi, bizim haqq işimizə müqəddəs inamı qarşısında susurlar. Buna çoxlu misal gətirə bilərəm, lakin təkrarlamayacağam, zira Zərifə Salahovanın fəaliyyətinin yorulmaz təbliğatçısı - Əməkdar jurnalist Elmira Əliyevanın məqalələrində və başqa materiallarda bu haqda müfəssəl danışılır. Yalnız bunu deyim: Zərifə Salahova çox mərd və əsl vətənpərvər insandır. Və Belarus Respublikasının mədəniyyət naziri Boris Svetlov Zərifə xanımın yubileyi ilə əlaqədar öz təbrik məktubunda qeyd etdiyi kimi, bu keyfiyyətlər işinə sədaqət, peşəkarlıq və unikal təşkilatçılıq istedadıyla birlikdə “bugünkü və gələcək nəsillərə parlaq nümunə olacaqdır”.
...Gülümsər, xoş üzlü, bəstəboy qadın sevimli körpələrinin rahatca yerləşdikləri görüncəklər qarşısında dayanmışdır və yeni kitabçanı başı üzərində uca tutub bizə, onun növbəti təqdimatına toplaşmış qonaqlara daha bir nəfis nəşrin tarixçəsindən danışır.
O, sanki dünyanı bürümüş bayağı, mənasız kütləvi mədəniyyətə meydan oxuyaraq, sanki yeni “Pepsi nəsli”nin yaxşı qiraətə üz tutmaq istəməməsinə qarşı etiraz edərək, sanki əvvəlkitək əlahəzrət Kitabın hakim olacağı gələcək uğrunda döyüşərək ovcundakı körpəsini başı üzərində tutub. Və mən inanıram ki, total cəhalətlə bu savaşda o, bizim Zərifə Salahova, qalib gələcək!..
Zərifə xanımı
onun gözəl yubileyi münasibətilə təbrik etmək
və ona hələ uzun illər artıq ümummilli sərvətimizə
çevrilmiş şəxsi muzeyinin qoruyucusu və
dayağı olmasını arzulamaq istərdim. Arzu edərdim
ki, Mədəniyyət Nazirliyi Zərifə Salahovanın
unikal Miniatür kitab muzeyini Dövlət mükafatına təqdim
etsin. O və onun kolleksiyası buna tam mənada layiqdilər.
Elmira AXUNDOVA
yazıçı-publisist, Dövlət
mükafatı laureatı
525-ci qəzet.- 2017.-15 aprel.- S.9.