Rəşad Məcidin
şeirlər toplusu ingilis dilində
“Mütərcim” nəşriyyat
evi “Müasir Azərbaycan şeiri” seriyasından olan növbəti kitabı ingilis dilində çap edib.
Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcidin “Sən məni sevirsən” adlı seçilmiş şeirlərdən ibarət
toplusu ingilis dilində işıq üzü görüb.
Kitabın adının dünyada çox populyar olan bir mahnının
(“You Love Me”) adından götürülməsi
də təsadüfi deyil.
Layihənin müəllifi,
kitabın tərcüməçisi
və “Ön söz”ün müəllifi,
yazıçı Kamran
Nəzirli AZƏRTAC-a bildirib
ki, Rəşad Məcidin bu kitabına daxil edilmiş şeirlərin əsas mövzusu sevgidir və bu başlıq da kitabda toplanan
lirik sevgi şeirlərinin ümumi ovqatını ifadə edir. Layihənin formatına uyğun
olaraq kitaba Rəşad Məcidin 21 şeiri daxil edilib.
Tərcüməçi deyib:
“Bu şeirlərin diqqətçəkən
cəhətlərindən biri
onların bədii-fəlsəfi
fikir ifadə etməsidir. Şeirlərdəki
səmimiyyət, lirizm
və orijinallıq bugünkü Avropa oxucusu üçün maraqlı ola
bilər. Şeirlərin əksəriyyəti sərbəst vəzndə
yazılıb, süjetli
və obrazlıdır,
onları tərcümə
etmək çətin
olmur”.
Tərcüməçi kitabın “Ön söz”ündə Rəşad
Məcidin həyat və yaradıcılığı
barədə də əcnəbi oxuculara qısa məlumat verib. Kitabda şairin
müxtəlif illərdə
yazdığı “Məktub”,
“Yastıq”, “Futbol oynadığım yadımdan
çıxıb”, “Ağla,
qardaşım, ağla”,
“Kimsəsiz ev”, “Döndüm”, “Sən kimsən, yeni doğulan?”, “Sənin gülüşün”, “Dünən,
bu gün”, “Sənin sirrin” və digər şeirləri yer alıb.
Nəşriyyatın direktoru Ə.Mirzallı isə bildirib ki, bu, K.Nəzirlinin
layihəsi çərçivəsində
Azərbaycan şair və yazıçılarının
ingiliscə çıxan
onuncu kitabıdır. Bu formatda
olan kitabçaların az
məsrəf sərf etməklə nəşr edilib
xarici ölkələrdə
yayılmasına dəstək vermək xeyirxah
bir işdir və bu, həm də müstəqil Azərbaycanın
müasir ədəbiyyatı,
xalqımızın bədii məfkurə adamlarının
yaradıcılığı ilə daha
geniş oxucu kütləsinin
tanış ola bilmək imkanlarını
artırır.
525-ci qəzet.-
2017.- 15 aprel.- S.12.