Darıxan misralar
Xeyli vaxt bundan əvvəl “Ulduz” jurnalını vərəqləyirdim. Burda silsilə
şeirlərə rast gəldim. Bu
şeirlər çox xoşuma gəldi. Təzə
fikirlər, təzə gəzişmələr, poetik
duyğular məni aldı. Müəllifi
ilə maraqlanmalı oldum.
Gördüm ki, bu yeniliklərlə dolu poetik sətirlərin
müəllifi Kəmaləddin Qədimdir. Mənim indiki
bu yazdığım fikirlərsə, əslində Kəmaləddin
Qədimin şeirləri üzərində gəzişmələrimdi.
Şeirləri oxudum. Xoşuma gəldilər.
Jurnalda onların yerini qatlayıb
nişanladım. Elə bildim o şeirlər jurnalın vərəqlərində
darıxır - oxunmaq istəyir. Ürəyimdə
də oxunmaq istəyir. O şeirləri oxumaq istədiyimə
və o şeirlər
də oxunmaq üçün
darıxdığına görə Qulu Ağsəsə zəng
elədim:
- Ay Qulu, salam! Axır vaxtlar “Ulduz”da yaxşı
şeirlər çap eləyirsən, maşallah! Həmişə belə elə. Mən
orda Kəmaləddinin şeirlərini oxudum. Çox xoşuma gəldi. Mən
Kəmaləddinin başqa şeirlərini də oxumuşam.
Çoxdankı şeirlərini. Onlar başqa şeirlərdi. Sən
indi onun telefon nömrəsini mənə ver, onunla
danışmaq istəyirəm.
Qulu dedi
ki, Kəmaləddinin nömrəsi onda yoxdu. Amma
mənim telefonumu ona verər. Beləcə,
bir neçə gündən sonra Kəmaləddin Qədim mənə
telefon açdı. Buna qədər biz
heç vaxt zəngləşməmişdik, görüşməmişdik.
Dedim ki, ay Kəmaləddin, bunlar gözəl şeirlərdi,
həmişə belə yaz. Müəyyən
şeirləri haqqında danışdım, söhbət
etdik. Gördüm ki, sözlərim onun xoşuna gəldi,
bir az qanadlandı. Fikirlərim
onu ilhamlandırdımı, daha hansı duyğuları
yaşadı, bunu dəqiq deyə bilmərəm. Amma bu sözləri dilə gətirməkdə məqsədim
var. Bizim poeziyada belə “darıxan misralar”ın sayı
çoxdu. Bunları bir-birimizə demək,
bir-birimizi fərəhləndirmək, bir-birimizdən öyrənmək,
fikirlərimizi, duyğularımızı
bölüşdürmək mənasında dilə gətirirəm.
Bu şeirləri oxuyandan sonra yadıma ötən əsrin
70-ci illəri düşdü. Bu illərdə
poeziyaya həvəs göstərənlər çox fəal
idi. O zaman bizləri şeiri kimin yazması yox,
şeirin yaxşı yazılması
düşündürür, ayıldırdı. Yaxşı şeirləri bir-birimizə muştuluq
kimi çatdırırdıq. Şeirin kim
- hətta xatirini istəmədiyin şair tərəfindən
yazılmasından asılı olmayaraq. Məsələn, belə
mükalimələr çox olardı: “Əli Kərimin
“Daş” şeirini oxudunmu?” Qarşındakı
da deyirdi ki, əlbəttə oxudum, gözəl şeirdi.
Yaxud, “Vilayət Rüstəmzadənin “Zəngli
saat” şeiri də, maşallah, adamı lap yazmağa
ruhlandırır”. Və ya “Məmməd İbrahim Məmməd
Araz təxəllüsünə
keçəndən sonra çox gözəl şeirlər
yazır. Onun dünya haqqında və başqa poetik fikirləri
lap məni aldı”.
“Amma
Əliağa Kürçaylı “Azərbaycan”
jurnalındakı silsilə şeirləri ilə qan eləyib
ha... Görürsən, şeiri belə yazarlar: qısa, məzmunlu
və gözəl”. Doğrudan da o vaxt şeirlər
çox gözəl idi. Məsələn, onun belə
bir şeiri var:
Ey
ağaca bıçaq çəkən,
Tanımıram mən səni.
Amma adam öz eşqiyçün
Yaralamaz özgəni.
Yəni
baxmayaraq ki, iki sevənin baş hərfləri bıçaqla həkk olunub,
amma bu adlar o ağacı zədələyib. Böyük
şeydi. Adi sözlə çox gözəl
məzmunlu bir fikir yaradıb. Yaxud, həmin
müəllifin “Qala” poeması o dövrdə bütün cəmiyyətə
bir mesaj idi. Yalnız özünü düşünən,
yalnız özü üçün yaşayan, sevgilisini də
aldığı qala içində yaşadan, ancaq özləri
üçün yaşayan insanların gələcəkdə də yaranacağı
mesajını verirdi. Baxın, indi o qalalar necə
böyüyüb, villalara çevrilib, dənizimizi, meşələrimizi
hasarlayaraq görünməz edib, insanları buna həsrət
qoyub, gözümüzü dənizdən,
özümüzü meşədən,
sözümüzü bulaqdan ayrı salıb. Ona görə də belə “darıxan sözlər”i
poeziyadan daim oxumağımız lazımdı.
Əlbəttə, bunlar hamısı sovet dövründən
qalma poeziya nümunələridi. Bəs indi necə?
Söz indi də fəaldımı?
Yəni, bu fəallıq Sovet hakimiyyəti, Sovet
zorakılığı vaxtında yaranmışdı. Baxmayaraq, bəzən
söyləyirlər ki, Sovet dönəmində poetik şeirlər
yaranmayıb, ədəbiyyat yalnız
şüarçılıqdan ibarət olub-filan, bunlar yalan
sözdü. Həmin
şüarçılıqla, ritorika ilə birlikdə
çox gözəl ədəbi nümunələr
yaranıb. Səməd
Vurğunun, Rəsul Rzanın, Osman Sarıvəllinin və
başqalarının şeirlərində poetik fikirlər
daha çox idi. Məsələn:
Bu
dumanlı dağın başı mən olsam,
Dibinin
ağlayan daşı mən olsam,
Bir sərxoş
əcəlin əlindən düşüb
Nə
zaman qırılan kaşı mən olsam,
Şair
yeni-yeni sözlər bulacaq,
Təbiət qaldıqca şeir olacaq.
Şair bu misralarla deyir ki, şeir bizimlə yol gedir,
şeir həmişə olacaq. Amma sözün
poetikliyi isə birinci idi. Nə olsun ki, məsələn,
Müşfiqin:
“Əyil
Kürüm, əyil keç,
Dövran
sənin deyil, keç”
- fikirlərinə görə onu ittiham edirdilər
ki, necə yəni, dövran sənin deyil, Kürün
dövranı nə deməkdir? Bu Sovet
dövranıdır, ancaq bu dövrandan yazmaq lazımdı.
Bu sözlərə görə Müşfiqi ittiham etdilər, gülləyə
tutdular, öldürdülər. Onlar getdi, dövran da getdi. Sovet hakimiyyəti də,
onun dövranı da, onun ritorik şeiri də getməyə
başladı. Amma yenə də
yaşayan, qalan narahat misralar - oxunmağa möhtac sətirlər
oldu. Yəni əslində şeiri, sənəti,
poetik sözü ustad sənətkarlar qiymətə mindirir və
yaşadır.
Bəs indi? Adını çəkdiyimiz dövrandan
sonrakı müstəqillik illəri? Bu illərdəki
coşqunluqla şeirin özünün də coşqunluq illəri
başladı. Müstəqilliyə həvəs
zamanlarında, 80-90-cı illərdə ədəbiyyatın
özü də yeniləndi. Şairlər
daha təzə sözlər, azadlığa yol açan
gözəl şeirlər yazmağa
çalışdılar. Amma təəssüflər
olsun ki, bu illərdən başlayaraq şeiri sanki
asanlaşdırdılar. Elə bildilər ki, elə kim istəsə, hər əlinə qələm
alan şeir yaza bilər. Əslində elə deyil
axı... Tutalım,
yuxarıda misal çəkdiyimiz Mikayıl Müşfiqin
şeiri. Bu təkcə poetik ifadə
deyildi, həmçinin şairin dövrana, zamana qarşı
deyilən sözü idi. Bu, təxminən belə demək
idi:
Ağ
salıb gözümə pambığın ağı,
Açımmı
sandığı, töküm pambığı,
Açsam öldürərlər, açmasam ölləm.
Sandığı açanda məlum olurdu ki, burada
doğrudan da zəmanəyə qarşı deyilən sözlər
var. Bu sözlər poetikliyindən çox cəsarət
yükünə görə xalqın, oxucuların xoşuna gəlirdi.
Amma dövran dəyişdikcə bu şeirlərin
çoxu çılpaqlaşdılar. Artıq belə
cəsarətli sözləri demək adiləşdi. Bax, təzə poeziya onda yarandı. Yeni gəzişmələr,
yeni məzmunlar, yeni formalar... Təəssüf
ki, hamı bir sərbəstlik tapdı. Baryerlər,
qadağalar götürüldü və hamı dedi şeir
yazmağa nə var ki... Başladılar - kitablar çox, təqdimatlar
çox, sözlər çox, poeziya isə yox... Burda gileylər əmələ gəldi və
“darıxan misralar” başladı yenə də
çoxalmağa. Oxunmağa həvəs
göstərən misralar yenə qaldı kitabların içərisində.
Çünki yaxşı pisə, pis yaxşıya
qarışdı, onları ayırmaq çox çətin
iş oldu. Onların içində qəribə
bir şeir bazarı - hər şeyi maddiyyatda görən
şeir bazarı formalaşdı. Şeir
satıldı. Yəni nə mənada...sözlə
satıldı... şeir bazara çıxarıldı. Amma şeirin bazara salınmağına biz öyrəşməmişdik.
Bir sözlə, maddiyyatı qabağa saldıq,
mənəviyyat arxa planda qaldı.
Xatırlayırsınızsa, o dövrün bir qınaq
sözü vardı: əvvəl gödəniyyət, sonra mədəniyyət.
Məmməd Araz demişkən, “nəfsi
gödəninə calaq millətin”. Yəni,
doğrudan da nəfsi gödəninə calaq olanlar əsl
poeziya yarada bilmədi. İndi mən ona
görə deyirəm ki, Kəmaləddinin “Ulduz” jurnalında
çap olunan şeirlərini gərək darıxqanlıq
çəkməyə qoymayaq. Yəni,
burada çox poetik suallar yaranır. Məsələn, Kəmaləddinin
şeirində belə misralar var:
Qalmasa da
o dağların havası,
Qalır ancaq qarı mənim başımda.
Gözlərində
ağ çiçəkmi
saçlarım,
Nə fırlanır arı mənim başımda?
Doğrudanmı, hələ arılar da, insanların
beyni də ayılmayıb, hər şey
qarışıbdı? Arı insanın saçına qonur, elə
bilir ki, bu saçlar hələ çiçəkdi,
güldü. Bu qarışıqlıq
var, bu narahatçılıq var, bu suallar yeni - darıxan
misralar yaradıb.
Elə götürək Naxçıvan Ədəbi
Birliyini. Bilirik ki, Naxçıvan qədim yurd yerimizdi. Dünyanın mədəniyyət mərkəzlərindən
biridi. Burada Nəsirəddin Tusi, Memar Əcəmi kimi
dahilər yetişib. Burada dünyəvi şair
olan Hüseyn Cavid yetişib. Cavidi Sibirə
göndərənlər hələ səsini çıxara
bilmir. Hər
şey aydınlaşandan sonra yenə də bir
qarışıqlıq əmələ gəldi. Nədi bu qarışıqlıq? Sovet dönəmində Naxçıvanda da poeziyaya
bir məhdudiyyət vardı (Kəmaləddin
Naxçıvanda doğulduğu üçün bunu deyirəm),
hamının başının üstündəki o rejim hətta
heç nə deməsə də, çap eləmirdi.
Elə bu kifayət
idi söz, sənət
adamları üçün. Amma həmin dövrdə Müzəffər
Nəsirli, Hüseyn Razi və başqa şairlərin
ritorikasından sonra şeirlərindən yeni fikir
şüarları yaranırdı. Burada poeziyada fəallaşan
Məmməd Araz, Kəmaləddin Qədim, Adil Qasımov, Xanəli
Kərimli kimi şairlər poeziyanın yeni yolunu tutub
yazmağa başladılar. Onların birinci
arzusu o idi ki, yazdıqları kitabların arasında qalıb
darıxqan olmasın. Bəziləri
Bakıya üz tutdu, misralarını yaydı,
yazdıqlarını darıxqanlıqdan çıxardı.
Çünki misralar darıxqan qalmamaq
üçün daim hərəkətdə olmalıdır.
Təzə poeziya, təzə söz, fikir indi hansı mərtəbədədir? “Açımmı
sandığı, töküm pambığı”? İndi biz bu dünyəviləşmiş
sandığın içərisini açıb o sözü
tapa bilirikmi? Aça bilmiriksə necə,
onlar kitabların arasında qalırmı?! Azərbaycan poeziyası öz qüdrətini
göstərə bilirmi? Bax, bu
lazımdı. İndi mən poeziyada nəyi
istəyirəm? Poeziyada dikəlmək istəyən,
poeziyanı sevən kəs Azərbaycanın milli dilindən, Azərbaycanın
mənəvi dünyası ilə tanış
olub-olmamağından çıxış eləməlidi. Məsələn, mən elə yenə Kəmaləddin
Qədimdən bir misal gətirmək istəyirəm.
Bizdə belə bir deyim var. İkiüzlü, xəyanətkar
haqqında deyirlər: saman altından su yeridən. İndikilər istəyirlər bunu başqa cür
ifadə eləsinlər. Axı necə
ifadə eləmək olar? Bu nə saman
deyil, nə samanlıq, nə də su. Saman
altından axan su nə dəyirman, nə xırman, nə
taxıl zəmisi deyil.
Onlardan poetik surətdə qidalanan indi çox azdı. Ona görə
də Modernizmə - modern şeirlər yazmağa həvəslənirlər.
Necə desin ki, “dəyirmanın boğazından
salınıb unluğundan diri çıxsın”,
“üstümü unlu görüb adımı dəyirmançı
qoyub” və s. Bu sözləri necə poetikləşdirsin? Bu sözlər axı bizim milli mentalitetimizə,
yaddaşımıza daxil olan sözlərdi. Gərək dilimizi, keçmişimizi elə mənimsəyək
ki, onu qaldırıb ayaq üstdə saxlaya bilək. Kəmaləddində
belə gözəl bir bənd var:
Bu Qərbi
yürüdən kimdi,
Bu Şərqi
yürüdən kimdi,
Nə fərqi
yeridən kimdi,
Sular saman
altındadı...
...Oğullar
papaq altında,
Dağlar
duman altındadı...
Bunun həssas tərəfi “nə fərqi yeridən
kimdi, sular saman altındadı” hissəsidir. Bunu bəlkə
də çoxları başa düşmür. Yəni, indi o qədər ikiüzlülər var ki,
o qədər fırıldaqlar, o qədər kinlər, o qədər
aldanışlar var ki, xəyanətlər o qədər
çoxalıb ki, sular tamamilə saman altındadır.
O vaxt suyun altına saman yeridənlərin yanından heç
olmasa piyada keçmək olurdu. Yəni, Kəmaləddin
gözəl bir fikri, əla bir fikri folklor dili ilə
çatdırmaqla bərabər, həmçinin indiki zamana
uyuşdurub deyir.
İndi Kəmaləddinin bütün şeirlərini təhlil etmək fikrində deyiləm. Dediklərim yalnız gəzişmələrdir. Yəni, niyə istəyirəm ki, Kəmaləddinin bu misraları darıxqan misralar olsunlar ki, onu hiss eləsinlər, oxusunlar. O, təpədən-dırnağa şairdi, bütün misraları doludu, bütövdü, ifadələri mükəmməldi və Azərbaycan dilində yazılıb. O, dilimizin ən gözəl xüsusiyyətlərindən istifadə eləyir. Özü də zorla yox, məqsədlə yox. Kəmaləddin özü xalq adamı, el adamı olduğundan, xalqını və onun dilini sevdiyi üçün belə şeir nümunələri ortaya qoya bilir.
Mən Kəmaləddinin 60 illik yubileyi münasibəti ilə bu günlərdə işıq üzü görən - haqqında yazılan məqalələrdən ibarət “Qonaqsevməz dünyanın şairi” və “Burdan ayrılıq keçib” adlı son şeirlər kitabını oxudum. Şairi 60 yaşının tamam olması münasibəti ilə təbrik edərək, təzədən o “Ulduz” jurnalındakı şeirlərə qayıdıb deyirəm ki, Kəmaləddin, həmişə sənin səsin o darıxqan misraların kimi gəlsin poeziyamızdan. Sən ürəklə, ruhla yazırsan. Allah sənin bu darıxqan misralarını bol eləsin və bu misraların ürəklərə, qəlblərə çatsın, oxunmağa elə həmişə darıxqan olsun.
Düzdür, indi şeir də yaranır,
çox gözəl yazan gənclərimiz də var. Amma bizdə
gah oxucunu, gah şairləri, gah yazarları
günahlandırırlar. Amma günah nədədi? Bayaq
dediyim kimi, günah maddiyyatı qabağa
salmağımızdadı. Fikir verin, “bakuş”u reklam eləyirlər,
amma kitabı yox. Kitabxanalar azalıb. 20 ildir kitabxanalara təzə kitablar
daxil olmur. Oxucu hardan oxusun kitabı, şeiri?
Kitab ticarəti tam qaydaya düşməyib.
Yəni, şair əməyinə oxucu qiymət versə də, maddi qiymət
verən yoxdu. Barıya daş qoyan belə
axşama pulunu alıb gedir, amma şairin kitabı
çıxır, pul verən yoxdu. Axı,
bunlar da təsir eləyir yeni-yeni şeirlərin
yaranmağına. Gərək qiymət verəsən,
üstəlik, misralar oxunmaq üçün darıxmasın.
Onun oxunması üçün də həvəs
yaratmaq, reklam eləmək lazımdı. Qeyd
etdiyim kimi, kitab mağazalarının çoxu
yığışdırılıb. Bəs
oxucu hardan tapsın kitabı?! Əvvəllər
ən azı 5-6 min tirajla şeir kitabları
çıxardı. Həmin kitablar
satılıb-alınardı. Həmin
adamlar yenə var, yenə reklam olunmalıdı ki, alsınlar,
oxusunlar, yaxşını pisdən, ağı qaradan
seçib ayıra bilsinlər. O seçmə,
darıxqan şeirlər kitabların içərisindən
çıxarılıb reklamlaşdırılmalıdı
ki, millət onu oxusun, bilinsin ki, kim nə
yazır. Bax, bu mənada
mədəniyyətimizin inkişafına dayaq olan bir qurum, bir
təşkilat olmalıdır ki, bütün bunlar
formalaşdırılsın, kitab satışında müəyyən
qaydalar yaransın. Nəticədə Kəmaləddin
kimi şairlərin darıxqan misraları kitab arasında
qalmasın.
Mən heç kəsi - vaxtı, zamanı, şairləri,
kimisə mühakimə edib günahlandırmaq istəmirəm. Yəni ki,
ittiham etmirəm, öz fikirlərimi söyləyirəm.
Bunu bəyənən də olar, təsdiq edən
də, bəyənməyən də. Bunları nəzərə
almaq lazımdı. Mən gənc
istedadlı bir yazar haqqında şeir yazdım. O
yazarı da təhqir eləyirlər:
Təzədən
Yesenin asdı özünü,
Təzədən Müşfiqi güllələdilər.
Yəni SÖZ həmişə güllələnir,
düz SÖZ əyilir. Neyləmək olar ki?!
Sənə
yeni-yeni yaradıcılıq uğurları arzulayıram Kəmaləddin
Qədim...
Musa YAQUB
525-ci qəzet.-
2017.-15 aprel.- S.16-17.