Yalçın Qocayla söhbət

 

Hə, Yalçın Qoca, sənin bizlərdən cismən həmişəlik (birdəfəlik, qəti...) ayrıldığın, cənab Əzrailə təslim olduğun günün qırxına nə qaldı ki, necə deyərlər, sayılı günlər...

Səhv etmirəmsə, səninlə elə bu ilin 7-si martında, düz bir ay qabaq zəngləşmişdik. Dedin ki, darıxıram, səni çoxdandır görmürəm, vaxt tapaq bir görüşək. Mən qayıtdım ki, elə mən səni çoxdan görmürəm, indi hardasan?

Sən gülə-gülə dedin ki, indi özümdəyəm...

Bəd xəbər yüyürək olar, deyərlər. 11 martda səhər-səhər ABŞ-da yaşayan istəkli bacın Pərvanə dünyanın o başından sənin ölüm xəbərini Pakizəyə (Pakizə mənim xanımımdır, Yalçıngillə qohumdur - R.M.) çatdırdı.

Yerimizdəcə donub qaldıq... Sən hara, ölüm hara?..

, Yalçın, atalar yaman deyib: Sən saydığını saxla, gör fələk sayır... Bilirsən , Yalçın, mart ayı budaqların qanı qaynayan, torpağın damarlarının keyi açılan, buludların qanadlanıb sellənən, Günəşin nazlana-nazlana tellənən... çağıdır.

Novruz təntənəsinin hərarəti, tonqalların işığı, ev-eşiyin, həyət-bacanın təmiz ovqatı, könüllərin aşıb-daşan fərəhi Yerə, Göyə sığmaz hər il mart ayı üşüyə-üşüyə üzü bizlərə tərəf çərşənbə tonqallarında qızınmağa gələndə...

bu yerdə böyük Nazim Hikmətin məşhur misralarını bu yazıya köçürməyi vacib bildim:

- Bahar gəldi, Bahar gəldi,

Gəldi Bahar, oğlan!

Tumurcuqlandı içimdə qan!..

Çox təəssüf, min dəfə, milyon dəfə təəssüf ki, 2017-ci ilin Novruz bayramını sənsiz qarşıladıq (qəmli, küskün bir ovqatla), sənsiz yola saldıq, Yalçın...

İş elə gətirdi ki, ötən əsrin doxsanıncı illərində səninlə Nazirlər Kabineti aparatında bir yerdə (bir şöbədə) işləməli olduq, sonralar sən diplomatik sahəyə keçdin, Xarici İşlər nazirliyində, Ukraynadakı səfirliyimizdə çalışdın s...

Bu ötən illər ərzində vaxtaşırı görüşmüşük, bir baxırdım ki, zəngsiz-filansız, necə deyərlər, əlidolu Şüvəlandakı kasıb daxmama gəlib çıxmısan, bəzi hallarda ən yaxın dostlarınla da gəlmisən...

Yəni demək istəyirəm ki, həmişə ünsiyyətdə olmuşuq, xeyirdə-şərdə görüşmüşük, bir-birimizi axtarmışıq...

Bu da təbii idi, çünki səninlə hər görüş maraqlıydı, nikbin ab-hava vardı söz-söhbətlərində.

Axı, sən həm kövrək duyğulu, sözə həssas, söz sənətinə qiymət verməyi bacaran şairsən. Hərdən mənə sataşıb bir vaxtlar yazdığımBəlkə mənimlə gedəsənşeirimdən misraları əzbərdən deyərdin:

Bu yol gedər bizim dağa

Dağdan burular bulağa,

Bulaqdan gedər uzağa,

Bəlkə mənimlə gedəsən...

Sən şairsən. Sayca neçə kitabın çıxmasının şeir sənətinə dəxli yoxdur. Hörmətli xalq yazıçımız Elçin müəllim demişkən, indi kərpic-kərpic kitablar çıxır ki, poeziyaya, nəsrə, bir sözlə, söz sənətinə xidmət etmir.

Sənin pencək cibinə sığışa bilənHələ ki, təmizəm...” adlı şeir kitabın qarşımdadır qüdrətli şairimiz Məmməd Arazın kitabdakı ön sözünü oxuyuram: “O, heç kəsə bənzəmək istəmir. Hətta gözəl şairimiz, atası Fikrət Qocaya oxşamaq istəmir. Halbuki o, üzdən, boy-buxunundan balaca, cavan Fikrəti çox xatırladır...”

Əlbəttə, dəqiq səmimi fikir bildirmişdi ustad şairimiz sənin haqqında.

Sən maraqlı bir söz adamı kimi tanıdığımız şair dayın rəhmətlik Rüfət Zəbioğluna da bənzəmirdin poetik duyumunla, şair xislətinlə...

Yaxın gəl, səninCütcüşeirini birlikdə başdan ayağa oxuyaq, Yalçın Qoca:

Cütcü, belə qamçılama öküzü,

Xışına bax, gör yamana ilişib.

Düzlük sevir bu torpağın boz üzü,

Hərdən geri dön, yalana ilişib.

Qəzəblənib söymə xışı, kotanı,

İlmələyib tarım çəkmə qaytanı.

Qamçılayıb oyatmısan yatanı,

Zalım oğlu, vaxt tamama ilişib.

Neçə vaxtdı şumladığın yetər, dur!

Bir budaqdan min bərəkət bitər, dur!

Əkdiyini göstər görüm nədir, bir,

Elə bumu, bir samana ilişib?

Bu dünyanın seli axar yarğana,

Dolu döyər bostanına, bağına.

Yağış deyib Yeri, Göyü qarğıma,

Vaxt adlanan bir zalıma ilişib.

Suyun da var, torpağın da, dənin

Batırmısan bu dünyanın qəmində.

Biçinçilər hələ yığım dəmində

Səbirləri haqq-salama ilişib.

Bu qoşmadakı misralar, maraqlı qafiyələr, obrazlı ifadələr əsl poeziya nümunəsi deyilmi, Dostum?!..

Hələqamçı”, “xış”, “kotan”, “ilmə”, “tarım”, “qaytan”, “şum”, “saman”, “yarğan şeirlərdə az-az rastlaşdığımız bu kimi başqa ifadələrin yeri-yerində işlədilməsini demirəm...

Əslində, bu kitabdakı şeirlərinin əksəriyyətini elə özünəcə həsr etmisən. Ona görə hər misranın, hər kəlmənin səmimiliyinə inanmamaq mümkün deyil.

Tövbəşeirindəki fikirlər oxuyanı dərin düşüncələrə qərq edir, desəm düz olar:

Sən ey, Ulu Tanrı.

  Sən ey Yaradan,

Alnıma yazdığım ömürlə, günlə

Barışdır, sən Allah, məni barışdır.

Hər addım ömrümdən, günümdən keçər,

Cığırlar səsimdən, ünümdən keçər.

Atdığım hər addım - qatı dumandı,

Üzülüb, üzülüb zülümdə keçər...

Dolaşdı cığırlar ayaqlarıma

Ayaq ayrı getdi,

  Yolum qarışdı.

Sən ey, Ulu Tanrı,

  Sən ey Yaradan,

Alnıma yazılan ömrümlə, günlə

Barışdır, Sən Allah,

  məni barışdır...

Heyrət doğuran bu misraları sən vaxt yazdın, nədən yazdın, bu sözləri sənə kim diqtə elədi, göylərmi, yerlərmi, buludlarmı, gecələrmi, yağışlarmı, küləklərmi pıçıldadı bu kəlmələri?..

Sən qəribə şairsən, Yalçın Qoca...

Sənin Məmməd Araza müraciətlə yazdığın şeirdə güclü özünütəsdiq, özünəinam (həm təvazökarlıq!) var, əziz Dost:

Torpağımda mən bir Kürəm, Arazam

Dərin çaylar arasında dayazam...

İndən belə mən də Məmməd Arazam!

Məmməd Araz, bacarırsan dan məni....

Yox, səni necə danmaq olar, necə unutmaq olar, Yalçın Qoca?!

KitabınaHələ ki, təmizəm....” adını təsadüfən qoymamısan, Sən həqiqətən təmiz (tərtəmiz!) kişisən, ailəcanlısan, istiqanlısan. İki göyərçin qız balanı köçürdün, indi babasan, gözəl-göyçək nəvələrin hələ süd yuxusundadı...

Oğlun Əli sənin yandırdığın çırağı sönməyə qoymaz, inşallah!

...Səndən sonra doğmaların, dostların bir az solublar, elə bil...

Elə mən sənin səsini eşidib, üzünü görmək, həmişə gülən gözlərinin giləsinə baxmaq istəyənlərin sırasındayam, Yalçın Qoca, unudulmaz Dost!

 

7 aprel 2017-ci il

 

Ramiz Məmmədzadə

 

525-ci qəzet.- 2017.- 15 aprel.- S. 17.