Yolların ən doğrusu və ya nəhəng
görünməz
Professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik
dünyası" kitabı haqqında düşüncələr
Hüseyn Kürdoğlu sözə
qulluq edən yox, sözün sahibi olan sənətkar idi. Böyük
söz sevgisi və mərdanə sənət eşqinin
doğma övladı idi, həqiqi ilham və istedadın vəhdətindən
yaranmışdı onun poeziyası.
Bu poeziya haqqında Dədə Şəmşir,
Bəxtiyar Vahabzadə kimi ustad sənətkarlar, Yaşar
Qarayev, Tofiq Hacıyev kimi böyük alimlər vaxtında
söz deyib; lakin şəxsən mənə həmişə
elə gəlib ki, Hüseyn Kürdoğlu poeziyasının
halal haqqı sağlığında, hətta hələ indi
də tam şəkildə verilməyib.
Neçə il əvvəldə
qalan görüşlərimizi, Azərbaycan
Televiziyasının “Ədəbi-dram verilişləri” baş
redaksiyasında poeziya haqqında söhbətlərimizi, yeni
kitablarını avtoqrafla mənə
bağışladığı günləri
xatırlayıram. O kitabları oxuyub, o şeir dolu söhbətlərə
qulaq asıb heyrətlənmişdim; necə olub ki, belə
görünən, yüksək səviyyəli,
işıqlı, dumduru şeirlər müəllifi illər
boyu görünməyib, kölgədə qalıb, layiq
olduğu ucalıqda məşhurlaşmayıb, xalqın dillər
əzbəri olmayıb, müasir poeziyanın,
çağdaş ədəbi prosesin ön sıra etirafına,
qəbul edilmiş zirvə faktına çevrilməyib?!
Sözə son dərəcə
ehtiyat və ehtiramla yanaşması, hədsiz dərəcədə
təvazökarlığı, qeyri-adi inam bəslədiyi
poeziyasının taleyini zamanın ümidinə buraxması,
şöhrət hissindən uzaqlığı, özünəməxsus
şeir hücrəsində qəribə
arxayınlığı... Bütün bunlar onu
populyarlığa, məşhurluğa aparacaq yolların
qabağını kəsmişdi. Oğlu İlham
danışır ki, hətta ən yaxın alim dostları da
nüfuzlu ədəbi toplantılarda, Yazıçılar
İttifaqı qurultaylarının uyğun hesabat məruzələrində
onun adını çəkmirdilər, səbəbini
soruşanda deyirdilər: “Sən onsuz da böyük şairsən,
sənin qurultay məruzələrindəki siyahılara
düşməyə nə ehtiyacın?..”
Beləcə, şan-şöhrət
soraqlı ənənəvi siyahılardan, gurultulu
alqışlardan uzaqda, öz poeziya adasında aram-arxayın
yaşayırdı, bütün ruhu-qanıyla SÖZÜN
XOŞBƏXTLİYİNƏ işıq tuturdu, sözü bəxtəvərlik
taxtında murada qovuşdururdu şair Hüseyn
Kürdoğlu. Şeirlərində, xüsusilə,
poeziyamızda yeni bir yol açan bayatılarında, təcnislərində,
dördlüklərində poetik ruhun təzə ahəngləri,
sözün min bir naxışı, söz sənətkarlığının
sirli-sehrli son sahilləri oxucunu heyrətləndirirdi; qəfil,
dumduru duyğu selləri kükrəyib qabarır, misra-kəşflərin
işığı gözü-könlü
qamaşdırır, ruhu bədəndən baş
qaldırıb havalanmağa məcbur edirdi. Və 1500 illik
poeziyamız yeni uğur səhifələriylə zənginləşir,
QƏLƏBƏ sevinclərini yaşayırdı...
Görkəmli alimimiz, fədakar
ziyalımız, çağdaş ədəbiyyatşünaslığımızın
canlı klassiki Qəzənfər Paşayevin “Hüseyn
Kürdoğlunun poetik dünyası” kitabı məhz belə
uğur, qələbə sevinclərinə üz tutan,
vaxtında yazılan, bu günün milli ədəbi-kulturoloji
sözünü deyən, müəyyən mənada
boşluğu dolduran ciddi monoqrafik tədqiqatdır. Bu,
artıq qəlibləşən klassik modeldən, standart
elmi-nəzəri yanaşmalardan imtina edən, Hüseyn
Kürdoğlu poeziyasının ruhi-mənəvi
anatomiyasını, gizli nüvə enerjisini, sirli daxili
işıqlanma mexanizmini görməyə və göstərməyə
çalışan və adətən, buna nail olan
yaradıcı monoqrafiyadır.
Artıq dediyim kimi, Hüseyn
Kürdoğlu ilə neçə dəfə
görüşmüşəm, mənə kitablarını
yazıb verib, xeyli söhbətlər etmişik; lakin mən
bu kitabı oxuduqca xeyli təzə elmi bilik, yeni informasiya
aldım; Hüseyn Kürdoğlu poeziyasına daha çox
yaxınlaşa bilməyin yollarını göstərdi bu
kitab. Açığı deyim ki, mən hörmətli Qəzənfər
müəllimin yeni kitabını ağır, akademik
üslublu klassik ədəbiyyatşünaslıq əsəri
kimi yox, gözəl bir ədəbi mətn kimi ləzzətlə,
birnəfəsə oxudum və oxuduqca rəhmətlik
Hüseyn Kürdoğlunun ruhunun sevindiyinə şahid oldum.
“Hüseyn Kürdoğlunun
poetik dünyası” əsərini oxuduqca, bir neçə məqamda
“JZL” (“Görkəmli adamların həyatı”) seriyasından
çap olunan məşhur kitabları xatırladım. Xüsusilə, H.
Kürdoğlunun ömür yolunu, ilk sevgi macərasını
təqdim edən hissələrdə (“Mühiti, həyatı
və yaradıcılığının ilk illəri”,
“Sağalmaz yarası ilk məhəbbətin”, “Şairin əbədi
məhəbbəti”) klassik ədəbiyyatşünaslıq
yanaşması ilə bədii-yaradıcı mətnin
qovuşuğu, mükəmməl sintezi monoqrafiyanı
oxunaqlı edir, əsərə özünəməxsus
plastika, cazibədar estetik ovqat verir; nəticədə, dediyim
kimi, kitab birnəfəsə oxunur, oxucunu yormur, bezdirmir və
söz SÖZÜNÜ DEYİR, öz işini görür,
düşüncələri üfüqlərdən
üfüqlərə çağırıb aparır,
duyğuları murada qovuşdurur. Etiraf edək ki, bizim ənənəvi
milli ədəbiyyatşünaslığımızın oxu,
mütaliə dairəsi, adətən, çox da geniş
olmayıb; ədəbiyyatşünaslıq əsərlərini,
adətən, ədəbiyyatşünaslar oxuyub... Haqqında danışılan monoqrafiyanı ənənəvi
milli ədəbiyyatşünaslıq kompleksini dağıdan
BİR İLK kimi də qiymətləndirmək olar. Bu
kitabın ümumi oxu, kütləvi mütaliə
üçün qapıları taybatay açıqdır; ən
əsası da odur ki, o qapılardan içəri girən
oxucular bezmir, geri qayıtmağa tələsmir, canlı ədəbi
sözün sehr-sirr dolu cazibəsində cilovsuz duyğu
dolaylarına üz tutur, əsərin bədii-estetik
yaşantılar dünyasında yolunu davam etdirir...
O sevgi və intizar, arzu və ümid
dolu yollarda oxucu Hüseyn Kürdoğlunun ata-baba yurdundan - Cənubi
Azərbaycanın Qaradağ mahalının Şıxəhmədli
obasından, qan düşmənçiliyi üzündən
doğma yurdlarını tərk edib, Şimali Azərbaycana -
Qarabağa, Laçın bölgəsinə pənah gətirən
əmisi və atasının - İsa və Musa
qardaşlarının məskunlaşdığı Mollaəhmədli
kəndindən keçir, 14 yaşı tamam olan gün Məcnun
bulağının sirri-xuda suyundan içib, tilsimlənmiş
kimi qəfil poeziya alovuna bürünən gənc şairin
qaynar poetik dünyasına düşür. Beləcə, kitab
az qala əfsanə-əsatir
pıçıltıları, nağıl-dastan ləngəri
ilə başlayır, təzə poetik nəfəsin hansı
bulaqlardan su içib gözgörəsi qəfil poeziya alovuna
bürünən gənc şairin qaynar poetik dünyasına
düşür. Beləcə, kitab az qala əfsanə-əsatir
pıçılıtıları, nağıl-dastan ləngəri
ilə başlayır, təzə poetik nəfəsin hansı
bulaqlardan su içib, hansı köklərdən pöhrələndiyini
nişan verir.
Müəyyən mübarək
günlərdə köpüklənib qaynayan bulaqların
cavanlara qeyri-adi güc-qüvvət, ruhi qüdrət, fenomenal
VERGİ verməsi folklorumuzda ən çox rast gəlinən
obraz-detallardan, ənənəvi epizodlardandır. Bu folklor detalının,
dastan-nağıl epizodunun H.Kürdoğlu bioqrafiyasında
praktik, real şəkildə özünü göstərməsi
heyrətamiz bir faktdır və professor Q.Paşayev bu
möcüzəli faktdan, qeyri-adi bağdan məharətlə
istifadə edərək, ciddi monoqrafik tədqiqata ilk səhifələrdən
cazibəli bir dastan düzəni gətirib. Böyük ədəbiyyatşünas
alim Yaşar Qarayevdən gətirilən sitat bu məqamda lap
yerinə düşür, dastan düzəninin struktural
miqyaslarını bir qədər də dəqiqləşdirir,
əfsanəvi-əsatiri başlanğıcın milli-mənəvi
köklərini, dayaqlarını tam həyati mənzərə
ilə açıqlayır: “...Hüseyn auditoriyada, kabinetdə
şair olmayıb. Hələ körpə ikən Fizzə
ananın alaçıq çubuğundan asıb
yırğaladığı poeziya beşiyinə üç
meh eyni vaxtda əsib: İşıqlı dağından,
Ələsgər sazından, Füzuli sözündən. Təbiət, folklor və klassik şeir üç
zirvədən tökülən üç şəlalə
kimi bu gün də bu şeirin su içdiyi üç dirilik
çeşməsi olaraq qalır”.
Elə buradaca monoqrafiyadan başqa bir
sitat da gətirmək istəyirəm...
“Akademik Teymur Bünyadov çox
yaxın münasibətdə olduğu şair haqqında xatirələrində
yazır: “Hüseyn Kürdoğlu əsilli, nəsilli,
köklü-köməcli, qollu-budaqlı bir türk
tayfasının layiqli övladıdı. Gün
kimi aydındır ki, ətraf kəndlərdən fərqli
olaraq, Mollaəhmədli türk kəndidi. Şairin “Kürdoğlu” təxəllüsünə
gəlincə, bu, bir xoş təsadüfün nəticəsidir”.
Bu da şairin qardaşı, görkəmli
ədəbiyyatşünas alim, professor Şirindil
Alışanovun dediklərindən: “Babalarımız Həsən
və Alışan türk mənşəli olublar”.
Bütün bunlar öz
yerində.
Əsas məsələ odur
ki, Hüseyn Kürdoğlu təbin, ilhamın, fitri
istedadın, el-obaya, vətənə sonsuz məhəbbətin
sayəsində əsl poeziya nümunələri yaradan, Azərbaycan
poeziya bağçasında məxsusi yeri olan şairdir. Bu laləzar bağçada
şairin kimliyi soruşulmur.
“Hüseyn Kürdoğlunun poetik
dünyası” kitabına “Ədəbiyyatşünaslıqda
faydalı örnək” adlı yüksək elmi-nəzəri
səviyyəli, səmimi bir ön söz yazan akademik İsa Həbibbəyli
xüsusi olaraq vurğulayır ki, “Ədəbiyyat
tarixçiliyi ilə nəzəriyyə biri digərini
tamamlayanda daha mükəmməl, uzunömürlü əsərlər
meydana çıxa bilər. Ədəbiyyatşünaslıq
elmimiz bu istiqamətdə
düşünüb-daşınmalı, addımlar
atmalıdır.
Bu mənada professor Qəzənfər
Paşayevin təqdim olunan monoqrafiyası müasir Azərbaycan
ədəbiyyatşünaslıq elmi üçün
düşündürücü və faydalı bir örnək
kimi də əhəmiyyətlidir”.
***
“Hüseyn Kürdoğlunun
poetik dünyası” kitabında şairin folklorla
yaradıcı əlaqələrinə xüsusi fəsillər
həsr edilməsi, bu istiqamətin geniş elmi-publisistik tədqiqata
cəlb olunması təqdirəlayiq haldır. Çünki
H.Kürdoğlu ilk növbədə Azərbaycan folklorunun ana
bətnində yetişmiş, bütövlükdə qədim
və qüdrətli türk şifahi söz sənətinin
döşlərindən süd əmmiş, bütün
yaradıcılığı boyu o QƏDİM və
QÜDRƏTLİ YOLU davam və inkişaf etdirmiş, o
möhtəşəm sənət karvanının zirvə
dolaylarına parlaq, pozulmaz uğurlu səhifələr
yazmışdır.
O, haradan gəldiyini, hansı köklərdən
şirə çəkib pöhrələndiyini, hansı
bulaqların əbədiyyət suyundan içdiyini bilir və
bildiyini ehtiramla, iftixarla car çəkir, sədaqətlə,
cəsarətlə bəyan edir, hamının diqqətinə
çatdırırdı:
Orxon qayaları - əzəl
kitabım,
Ulu Qorqud dədə - gözəl
kitabım.
Nizami dirilik bulağım mənim,
Füzuli öz eşqim, qəzəl
kitabım.
Oğuz əri mənəm, hün əri
mənəm,
Göy oğlu, yer oğlu,
gün əri mənəm.
Zərdüşt də məndədir,
Qorqud da məndə,
O qoç Koroğlunun hünəri mənəm.
Dünya şöhrətli
türkoloq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, akademik Tofiq Hacıyev “Hüseynin dərdi, yaxud qəm
şeiri” adlı sanballı məqaləsini bu sözlərlə
bitirir: “Hüseyn müasir türkcəmizin ustadıdır... Hüseynin dili şəffaf, səlis, məzmun
aydınlığı ilə duyğuları
dolğunlaşdıran dildir. Özü deyən kimidir:
sözlərin görünməyən rəngini, dilin təlatümünü,
cəngini, qədim sözün içində yenini görən
ustaddır”.
Professor Qəzənfər Paşayev
o yeni sözün, təzə yolun elmi-nəzəri, bədii-estetik
strukturunu, miqyaslarını təhlil və təqdim edir,
haralardan gəlib haralara getdiyini açıqlayır, onu
özünəməxsus şəhd-şirəli bir dildə,
sanballı elmi-intellektual səviyyə, həm də
rasional-praktik bir təfəkkürlə qiymətləndirir; nəticə
etibarə ilə vurğulanır ki, Hüseyn Kürdoğlu
poeziyası öz mükəmməl uğurları, novator bədii-estetik
keyfiyyətləri ilə çağdaş Azərbaycan ədəbiyyatında
ciddi bir sənət hadisəsidir. Professor haqlı
olaraq qətiyyətlə yazır: “Çəkinmədən
deyə bilərik ki, Kürdoğlu xalq dili ilə ədəbi
dilin qovşağında poeziyada sözdən heyrətamiz bir
abidə ucaltmışdır”.
Onun poeziyası çox az bir hissəsi
görünən, tanınan nəhəng aysberqə bənzəyir
və bu NƏHƏNG GÖRÜNMƏZİN, nəhayət
ki, görünmək məqamıdır - istər ümumi ədəbi-elmi
ictimaiyyətimiz, istər çoxmilyonlu oxucu auditoriyası,
istər əlaqədar elmi, ədəbi, mədəni qurumlar
miqyasında...
Dünyanın qabaqcıl söz bazarında artıq vaxtını, ömrünü yaşayıb qurtarmaqda olan çoxsaylı sənət cərəyanlarının, müxtəlif İZM-lərin köhnə, boyat şirəsinə təzədən göz dikən çağdaş ədəbi milli prosesin həmin yoluxucu xəstəlikdən sağalması, yad-yabançı düşüncə epidemiyasından xilası naminə Azərbaycanın özünəməxsus poetik modelinin saf, sağlam kök və qaynaqlarına qayıdış zamanıdır; necə ki, bunu Hüseyn Kürdoğlu qaynar söz eşqi, külçə istedadı, fədakar alim-sənətkar dirənişiylə etdi və reklamçı hay-küy salmadan, etdiklərini dünyaya car çəkmədən öz tənha, balaca adasında BÖYÜK ƏDƏBİ UĞURLARINI qazandı; bu, Orxon-Yenisey bəngüdaşlarının sinəsinə qazılan ilkin poetik düşüncələrdən, Oğuz çöllərini əbədi bahar çiçəkləri kimi bəzəyən Dədə Qorqud şeirlərindən baş alıb gələn, çoxsaylı dahiləri ilə seçilən mükəmməl, bənzərsiz Azərbaycan poeziyasına müasir dövrdə əsl övladlıq xidmətidir. “Hüseyn Kürdoğlunun poetik dünyası” kitabı məhz belə miqyaslı ədəbi düşüncələrə, təmkinli təəssüratlara meydan açır, xeyirxah iş görür, son dövr poeziyamızın görünməz nəhəngini göstərir, haqqı olanın haqqını verir.
Ədəbiyyatşünaslığımızda
yeni söz deyən “Hüseyn Kürdoğlunun poetik
dünyası” monoqrafiyasının möhtərəm müəllifini
ürəkdən təbrik edirəm. Bu kitab
itirilən dostlara hələ bu fani dünyadan itkin
düşməyənlərin mərdanə salam sevdası,
saf, səmimi söz sovqatıdır, QALANLARIN
GEDƏNLƏRƏ etibar ərməğanı, ehtiram
nümunəsidir. Çağdaş ədəbiyyatımızın
canlı klassiki, müdrik patriarxı, professor Qəzənfər
Paşayev köhnəlməyən köhnə dostu
haqqında yazıb çap etdirdiyi uğurlu
kitab-monoqrafiyası ilə hamımıza unudulmaz bir sevgi,
etibar dərsi keçdi, YOLLARIN ƏN DOĞRUSUNU
GÖSTƏRDİ.
Sadıq ELCANLI
525-ci qəzet.-
2017.- 15 aprel.-S. 18.