Qarda bir cüt iz açmaq yanğısı
Xizək -
başımda sevda, ayağımda bəla çimi
Neçə vaxtdır,
ayağımı sındırıb, hər mənada,
“asılı” vəziyyətdə qaldığımdan,
internetə davamlı baş vura, könlümün istəyincə
oxuyub-yaza bilmirəm.Mətni başdansovdu, atüstü oxumaqsa
məni heç razı salmır.
Oxuduğum, gözdən
keçirdiyim, böyüklü-kiçikli, nə yazı
varsa, gərək, yeri gəldikcə,işarələr, qeydlər
qoyam sözün, cümlənin, misranın
qırağına. Bu işarələr, qeydlər müəlliflə
aramdakı təmas nöqtələridir. Oxuyub belə qeydlər
etməyə ehtiyac yaranmırsa, bu,mütaliə deyil, dərin
təəssüfümə, məyusluğuma səbəb olan
itkimdir - vaxt itkisi. Əksinə, təmas nöqtəsi
çox olan mətnlər də, müəlliflər də
sanki neçə illik tanışlarım, dostlarım, mənəvi
yaxınlarımdır. Mənim oxu prosesim üçün
feysbuk ən yaxşı məkan, ən əlverişli
müstəvidi.
Hərdən, ruhuma qida kimi gələcək
həzin bir yazıya, yaxud şeirə, lirik bir musiqiyə,
munis səslərə ehtiyacım olur:hətta qatar
çarxlarının çaqqıltısından tutmuş,
köhnə dəyirman çax-çaxınaqədər,
eşitmək, dinləmək keçir könlümdən!
Yenə də internet, sosial şəbəkə var olsun -
tapıb dinləməyi, arzuladığını
oxumağı barmaq ucu qədər yaxınlaşdırır,
su içimincə asanlaşdırır.Ümumiyyətlə,
ədəbiyyatsız, musiqisiz yaşamaq sevgisizlik kimidir məndən
ötrü: insanı boşluğa, mənasızlığa,
natamamlığa məhkum edir...
***
“Asılılığ”ımın
davam etdiyi bu baharın ilk günündə telefonla
bayramlaşdığım cavan dostum - “525-ci qəzet”in
redaktoru Seyfəddin Hüseynli, nəsə duyubmuş kimi, “nə
var-nə yox” arasında qeyri-ixtiyari dilimdən
qopardığı “Ayağım sınıb...
Şahdağda... Xizək sürəndə... “
xəbərinə özünəməxsus tərzdə
reaksiya verir. Səmimi bir qayğıkeşliklə:
“Keçmiş olsun! İnşallah, tez
sağalın” - deyəndən sonra söhbətimizi “peşəkar
məcra”ya yönəldir.
- Bu yaşda sizi xizəkçiliyə
həvəsləndirən, o dağlara çəkib ekstremal
hallara sövq edən nə duyğudur belə? Bu
təhlükəli əyləncədən nə cür
zövq alırsız? Xizək sürmək,
qarda-buzda dağaşağı sürüşmək necə
bir hissdir? Çox maraqlı məqamlardı
bunlar. Bəlkə bunu yazasınız?!
İnanıram ki, çox maraqlı bir yazı çıxar
bundan...
Daha bir neçə həvəsləndirici
cümlədən sonra hiss edirəm ki, özümü də
maraq bürüyür. Deyilənləri həm də bir
redaktor tapşırığı kimi qavradığım
üçün, telefon söhbətimiz bitər-bitməz,
ovqatım, düşüncələrim bu yazıya köklənir...
***
Yeni yaranmaqda olan sosial
gerçəkliklər, həyat tərzimizdəki
qaçılmaz dəyişikliklər hər
addımımıza öz təsirini göstərir, məişətimizdə
izlər qoyur.
Bu baxımdan, Şahdağda, Qəbələdə
dağ-xizək turizm komplekslərinin yaradılması,
insanların bu əyləncə-istirahət növü ilə
məşğul olmaları müasir tələblərdən
irəli gələn yeni sosial-mədəni göstəricilərdir.
Söz düşmüşkən, bir neçə il öncənin maraqlı bir hadisəsini
xatırlatmaq istərdim. Bir neçə il
əvvəl Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin
Soçidəki görüşündən sonra prezidentlərin
xizək sürmələrilə bağlı
görüntülər yayımlanmışdı. O
görüntülərdə İlham Əliyevlə Vladimir
Putin, az qala peşəkar xizəkçilər
qədər hazırlıqlı, rahat davranırdılar. Sərkisyan bədbəxt isə bir kənarda
çaşıb qalmış, miskin görkəmdə
büzüşüb durmuşdu. Sifətində
həmişəkindən də artıq dərəcədə
küt, məğmun ifadə vardı. Bir sözlə,
kimin kim olduğunu aşkar göstərən,
ibrətamiz görüntülər...
***
Xizəkçiliklə illərdən
bəri müntəzəm məşğul olanlardanam və
başıma gələnlərə rəğmən, yəni
hazırda ayağım gipsdə, özüm isə”asılı”
halda və intensiv qınaq altında (“Sən yaşda
adamın nə işi var o qarlı dağlarda?! A kişi,
sənin xizək sürən vaxtındı?! Altmışı
çoxdan keçmisən e, xəbərin var?!”) qalsam da, idmanın, əyləncənin bu
növünə rəğbətim zərrəcə
azalmayıb...
Bu mövzuya qayıdacağam, hələliksə,
məlumatı olmayanlar üçün,bir neçə
cümləlik statistik informasiya: Tikintisinə 2009-cu ilin
sentyabrında start verilən və layihə dəyəri 2
milyard avroluq “Şahdağ” Qış-Yay Turizm Kompleksinin
inşaat işlərində dünyanın aparıcı
şirkətləri iştirak edib. Ümumi ərazisi
2058 hektar olan kompleks, Şahdağ Milli Parkının ərazisində
yerləşir, dəniz səviyyəsindən 1300-2351 metr
hündürlükdədir. Hazırda dəniz
səviyyəsindən1640 metr hündürlükdən
başlayan təbii yaylaqlarda qaldırıcı kanatlar, xizək
yolları var və mübaliğəsiz demək olar ki, bu
kompleks ən müasir texniki avadanlıqlarla, xizəkçilik
ləvazimatları ilə təhciz edilib. Bunu ona görə
belə əminliklə deyirəm ki, Amerikanın, Kanadanın
olimpiya dağ-xizək komplekslərində də, Rusiyanın
Soçisində,Gürcüstanın Bakurianisində də dəfələrlə
xizək sürmək imkanım olub və bu qəti qənaətə
əyani müqayisə yoluyla gəlmişəm.
İnformasiya məqamı gəlmişkən,
bunları da qeyd edim, indi artıq gec olsa da, bəlkə
növbəti mövsümdə kimlərinsə işinə
yaradı: Şahdağda bir günlük əyləncə,
öz maşını ilə gedib qayıdanlar
üçün, 66 manata (xizək-26; kanat-25; dəbilqə-8;
maşın park etmək-7), Qəbələdə isə 40
manata başa gəlir. Hər iki kompleks paytaxtdan
eyni məsafədədir, - 200 km-ə yaxın. Qəbələ kompleksi meşəlikdə,
“Şahdağ” açıqlıqda yerləşir. Qiymətləri və təbii şəraiti
müqayisə etdikdə Qəbələ sərfəlidir.
Amma qarlı-buzlu vaxtlarda Ağsu aşırımını
keçib Qəbələyə getmək var! Bunlar belə...
İndi isə Azərbaycandakı
dağ-xizək əyləncəsinin - həyatımızın
bu yeni reallığının qəza zamanı insanı,
yaxşı mənada, təəccübləndirən digər
bir tərəfindən söz açım:
Şahdağda qəzaya
düşmüş insanın son dərəcə operativ,
peşəkar çevikliklə xilas edilib sərt dağ
enişindən aşağı düşürülməsi,
sığorta şirkətinin nümayəndəsinin ona
yaxınlaşıb,dərhal ilkin yardımın və
bütün tibbi xidmətlərin göstəriləcəyini
söyləməsi, sonrakı müayinə və müalicə
üçün təcili yardım briqadası tərəfindən
Bakıdakı müvafiq klinikalara (seçim pasientindir)
çatdırılacağını, müalicə xərclərinin
sığorta şirkəti tərəfindən ödəniləcəyini
bildirməsi xoş əhval-ruhiyyə yaradır. O anlarda insan
özünü qarlı dağ yamacında deyil, rahatlıq, təmənnasızlıq
adası “Asan xidmət”də hiss edir. Məndə
də belə oldu. Komp leksin özündəki
ən müasir rentgen aparatına saldılar, “dizdən
aşağı qoşa sümüklərin açıq qəlpəli
sınıqları, yerdəyişməsi, toxumaların zədələnməsi
müəyyən edildi”, müvafiq ilkin tədbirlər
görüldükdən sonra Bakıya yola salındım.
Buna görə, fürsət ikən, “Paşa
Sığorta” ASC-yə də, həmin gün Şahdağda
növbə çəkən həkim Sərraf Mahmudova da
öz təşəkkürlərimi,
sayğılarımı ünvanlayıram.
***
Xizəkçilik sevdamın
tarixçəsi yeniyetmə yaşlarımdan başlanır. O illərdə şərikli
xizəyim vardı. Mirqadirlə, adama manat
yarım pul qoyub, üç manata, rus əsgərlərdən
almışdıq. Əlbəttə,
böyüklərimizdən gizlin. “Moskovski”
araq onda iki manat yetmiş qəpiyə idi. Əsgərlər
elə xoşbəxt olmuşdu, biz də belə. Biz deyəndə,
bu bir cüt xizək əslində kəndin bütün
uşaqlarını xoşbəxt eləmişdi! Ən çox da mənim “ənənəvi
cığallıqlarım”sayəsində, Mirqadiri
yıxıb - ən azı bir mövsümlüyə - sıradan
çıxarmaq da daxil, saysız-hesabsız xizək sərgüzəştləri
yaşamışdıq. Qış
düşüb qar yağanda, ən azı baharın gəlişinə,
Novruz bayramına sevindiyimiz qədər, şadlanırdıq.
O vaxt Sovet dövrünün qayğısız, arzularla dolu
çağlarıydı, bizsə xizək sürməklə
qarlı qışın ləzzətini çıxara bilən
yeniyetmələrdik. Xizək sürərkən
yıxılmaq qorxusu, zədə almaq narahatlığı məndə
heç vaxt olmayıb. Bu məqamda bir “xəbərçilik”
etmək istəyirəm: Mən Şahdağda
yıxılalı, nə hər bazar bizi yatmağa qoymayan nəvəm
Aydının, nə də “komanda üzvləri” olan
üç kürəkənimdən hansınınsa dilinə
“xizək” sözü gəlmir; elə mısıblar, gəl
görəsən...
Hə, xizək sarıdan korluğum
olmasa da, yeri gəlmişkən, deyim ki, gözümdə-könlümdə
hələ də yeniyetmə kənd uşağının
velosiped həsrəti qalıb! İndi uşaqların hərəsi
bir tərəfə atılıb qalmış velosipedlərini
görəndə fikrimdən keçir ki, kaş, bunlar o vaxt
olaydı!...
Yaddaş misilsiz xəzinədir,
xüsusən dəhüdudsuz, rəngli, sehrli dünya olan
uşaqlıq yaddaşının insan həyatında sonadək
böyük rol oynayır. Böyüklər gərək
bunu unutmasınlar, uşaqlara münasibətdə elə
özlərinin uşaqlıq yaddaşına söykənsinlər.
Heç yadımdan
çıxmaz, 60-cı illərdəböyüklərdə
belə bir kor inam vardı ki, top-top oynamaq, velosiped sürmək
uşağı dərsdən yayındıra bilər. O dövrdəki
qıtlıq, kasıblıq da öz yerində: kolxozçu
ailələrində, ayda-ildə bir dəfə kəndə gətirilən
kino üçün uşağa verməyə 20 qəpik də
tapılmırdı bəzən. Çətin
vaxtlardı, güzəran ağır idi. Ancaq bunun
uşağa nə dəxli var: uşaq hərtərəfli,
dolğun həyat yaşamalıdır.
İndi nəvələrimin yan-yana
düzülən velosipedlərinə baxanda, istər-istəməz,bəlli müqayisələr keçir beynimdən.
O vaxtların 10-12 yaşlı mən Aydını ilə, bu
gün həmin yaşda olan nəvəm Aydını
tutuşdurub paralellər aparıram, özlüyümdə
mizan-tərəzi qururam: “Görəsən, bizi indiyədək
yandırıb-yaxan o velosiped təşnəliyi indiki
uşaqlarda niyə yoxdur? Təkcə
bolluğa, bu səbəbdən çox şey adiləşdiyinə
görəmi?” Bəlkə də...
***
Yıxılarkən ayaqdan
çıxmalı olan xizəyin biri çıxmır və
yüksək sürət zəmnində, burulan ayaq
sümükləri sınıb-parçalanır. Əslində, belə hadisələrin
qarşısını almaq üçün,xizəyi
çəkiyə və boya uyğun düzgün tənzimləmək
barəsində texniki personal arasında zəruri iş
aparılmalı, nöqsanlara görə cəza verilməlıdir.
Sürətin
yaratdığı sürüşmə dayandıqdan sonra,
özüm bir tərəfdə, sınan ayaq başqa tərəfdə
düşüb qalırıq. Yanımdakılar xizəyi
çıxarır, özüm ayağımı çəkib
yönünü birtəhər düzəldir, şalvarın
altından dikələn sümüyü əlimlə yerinə
sıxıram. Bir az gec gəlib çatan Abbas,
çığırıb-zarımadığımı,
sakit, toxtaq uzandığımı görüb,iki-üç
dəfə soruşur: “Aydın əmi, bəlkə
sınmayıb, burxulub?...” Başımı bulayıram...
Motorlu texnikadan qabaq,
yuxarıdan enən iki trass nəzarətçisi
çatıb, məni arxalarınca sürüdükləri
xizək-xərəklə aparmaq istəyirlər. “Qırmızı
zolaq”da olduğumuzdan, eniş çox sərtdir; ayaq üstə
dayanan adamın əli yerə dirənir, xərəyi
çevirmək mümkün olmur. Məni
xərəyə tərsinə - başıaşağı
yerləşdirib, sürüşdürərək
aparırlar. Ağrıkəsici-filan vurulmadan! Qollarımı bədənimə dayaq eləyib birtəhər
özümü saxladığımdan, xizəkdən qopub
üzümə vuran qar nəfəsimi kəsir. Ağrı dözülməz həddə
çatır. Yol isə bitmək bilmir ki bilmir!Cəmi 25-30 dəqiqə çəksə də,
dünyanın ən uzun, ən əzablı yoluna
dönür! Dişlərimi o qədər qıcayıb,
bir-birinə sıxmışam ki, sonralar iki-üç həftə
ərzində, yemək o yana qalsın,
ağzımı açıb danışanda da çətinlik
çəkirdim.
Bu sonsuz yol, bu dəhşətli
ağrı mənə uzun zaman öncə çəkdiyim,
ancaq yaddaşıma ömürlük həkk olunmuş bir
başqa ağrını təkrar yaşatdı...
İbtidai sinifdə oxuyanda
“qanacaqlı heyvan”dan yıxılıb qolumu
sındırmışdım. Əmim məni o vaxt kəndin yeganə
“yüngül minəyi” olan (yük maşını
tapılmadı) üçtəkərli əlil
maşınıyla -Bəhman əminin “tısbağası”ilə
- başqa kəndə, Ərəbyeycəyə,
sınıqçı yanına aparmışdı. O
vaxtın kənd yollarıyla, zor-güc
sığışdığım həmin “tısbağa”da
gedəndə sınıq qolumun daha da artan ağrısı
indi, Şahdağdan endirilərkən yaddaşımdan dikəlmiş,
sanki ordan axıb yenidən canıma dolmuşdu. Hə, mən
o uzun, əzablı yol boyunca həmin ağrını təkrar
yaşadım!
Yaddaşın qəribəlikləri
adamı mat qoyur. İnsan yaddaşında qorunan hansısa
hiss, həyəcan, yaşantı ən gözlənilməz məqamda
təkrar geri qayıda bilir. Və həmin
gün kritik bir məqamda məhz bunun sayəsində
Şahdağla Ərəbyeycə yolu qəribə, sirli şəkildə
birləşdi.
İyirmi il əvvəl
yazdığım yazıda da vermişdim bu duyğunu:
“Uşaq vaxtı, xəyalən, “Daşarası”nda iki
dağdan nənni asıb yellənərdim... Bir dəfə
Moskvada, “Tarzan” deyilən atraksionda çox böyük
hündürlükdən - yalnız ayaqlarımdan iplə
bağlanmaqla - aşağı tullanarkən ilk təəssüratım,
qorxum, ağlıma gələn bu olur:”Vaayyy! “Daşarası”ndan
asdığım nənninin ipi qırıldı,
uçurumun dibinə gedirəm!!!”
***
Qayğıkeş bir mühitdə, az əvvəl qeyd elədiyim kimi, ən
müasir səviyyədə tibbi yardım alıram, 55 il əvvəlin
yaddaşımdan baş qaldıran ağrıları yenidən
uyuyur. Ancaq unuda bilmədiyim və israrla
aydınlaşdırmaq istədiyim bir məsələ zehnimi
işğal edir: “Bəyəm 60-cı illərdə,
ağrıkəsici kimi, Allahın novokaini də olmayıb?!Onda məni sınıqçıya aparan əmim
özü o dövrün yaxşı feldşeri və kəndin
yeganə ziyalısı sayılırdı.
Sınıqçının, məni bağırda-bağırda,
çəkib qolumu düzəltməsinə dözə bilməyən
əmimin, az qalır, ürəyi getsin. Və bütün bunların fonunda, heç kimin
ağlına da gəlmir ki, bir ağrıkəsicidən
tapıb mənə vuralar. Evə qayıdandan sonra da
ağrı, qızdırma içində zarıyan
uşağa “can-can”, “anan ölsün”, “əmicanın
ölsün” deməkdən, yelpik çəkməkdən
başqa bir yardımı toxunan olmur...”
***
Mən təcili yardımla Bakıya
gətirilərkən Şahdağda bir başqa problem
yaşanır: Londondan qonaq gəlib bizimlə Şahdağa
gedən qardaşımı tapa bilmirlər. Cəmi
bircə dəfə Fransa Alpında olub, onda da
sürüşə bilməyib, indi fürsətdən istifadə
edib öyrənmək istəyir. Həvəskar kimi
yavaş-yavaş öyrənsin deyə, onu bir az
təlimatlandıraraq, “Yaşıl zolaq”da qoyub getmişdik. Tez-tez yıxılacağını nəzərə
alaraq, telefonunu maşına atıb getmişdi.
Mənim vəziyyətim üzündən
təcili Bakıya qayıtmalı olduğumuzdan,qardaşımı
axtarırlar, amma tapılmır ki tapılmır! Məni yola salıb axtarışı davam etdirirlər.Yarım
saat keçir, bir saat ötür, ondan bir xəbər
çıxmır. Mən də yol boyu
telefonla “dispetçerliyə” başlayıram. O arada elan
verilir, çağırış edilir, kanata
minib yuxarıdan təhlükəli yerlərə baxırlar.
Nə fayda!...
Nəhayət, üç saatdan sonra
özü gəlib çıxır: “Tək
darıxırdım, yuxarılara qalxdım ki, bir az gəzişim,
ordan sizə baxım”.
Ruslar demiş, “naroçno ne
pridumaeş”...
***
Bizim, illərdən bəri
formalaşmış “idman qrupumuz” var, səhərlər
“Qorqud” parkında, göl ətrafında gəzintiyə
çıxırıq. On nəfərdən dördü həkimdir.
Odur ki, Şahdağdan gələ-gələ
Bakıdakı hospitallardan birini seçməli olanda öz həkimlərimizdən
Nizami doktorla məsləhətləşirik. Beləliklə,
Bakıya özümdən tez xəbərim çatır...
Şahdağdan gətirilən
yaralılar hospital personalı üçün də
maraqlıdır. Çünki hospital işçilərinə
Şahdağda güzəşt var, cavanlar orda xizək
sürməyə, gəzintiyə gedirlər. Odur ki,
yıxıldığım yeri dəqiqləşdirən,
fikrini deyən kim, hələ orda olan
yoldaşına zəng edib, vəziyyətini xəbər alan,
ehtiyatlı olmasını tapşıran kim...
Komfort şərait, səliqə-sahman,
tibbi personalın peşəkarlığı hər an və hər addımda hiss olunur: diş
fırçasına, üzqırxmaq üçün ləvazimata,
birdəfəlik çəkələyə kimi verilir,
lazımsa, yataq dəsti bir gündə üç dəfə
dəyişdirilir, iynə-dərmanı, sarğı
materialını, salfetka-filanı əsirgəmək yoxdur.
Tibb işçilərı - Nigar, Surə, Minayə - xəstələrlə
elə mədəni, elə şəfqət və
bacarıqla rəftar edirlər ki, adam
heyran qalır.
***
Əməliyyatım ertəsi
günə təyin edilir və sığorta şirkətinin
hospitaldakı nümayəndəsi yaxınlaşıb, əməliyyat
üçün “çox babət”- dördrəqəmli - bir
məbləği özüm ödəməli
olacağımı pıçıldayır. “Olsun, babam, olsun”, - deyib məbləği
ödəyirəm. Yəni bu nöqtədə “Asan xidmət”
zonası bitir: gecə xəstənin yanında qalmaq istəyən
varsa, xəstə təkrar rentgendən keçəcəksə,
yaxud təciliyardım maşınında evə gedəcəksə,
bütün bunların hər biri üçün fərqli məbləği
gözə almaq gərəkdir...
Əməliyyatdan öncə
təzyiqimin kəskin aşağı salınması bir
neçə dəfə krizis yaşadır. Var olsun kardioloq Könül
Babayeva! Məni müayinə edib dərmanları
dəyişir və təxminən bir aydan bəri yuxarı
olan təzyiqim nizamlanır - “kosmonavt təzyiqi” kimi.
Əsas həkimimin -
“sümük zərgəri”, idman travmaları üzrə
mütəxəsis-alim, travmatoloq-ortoped Ayaz Hümbətovun
işi xüsusi alqışa layiqdir. Qismət olsa, bir vaxt onun barəsində
ayrıca söz açaram...
Qısası, əməliyyatdan
sonra əynimə bir “zahı paltarı” geyindirir, hər tərəfimdən
şlanq sallayıb yatağa uzadırlar. Heç vaxt xəstəxanada
yatmadığımdan, ən başlıcası, hərəkət
məhdudiyyəti nədir bilmədiyimdən, qəribə
duyğular yaşayır, öz aləmimdə guya fəlsəfi
düşüncələrə dalıram. Məsələn:”Sən
demə, öz ayağınla tualetə getmək də insan
üçün dünyanın ən böyük nemətlərindən
biriymiş!...” Zəng edib halımı
soruşanlara Lermontovun, hələ orta məktəbdən əzbərimdə
qalan, misralarını “zəruri dəyişikliklə”
söyləyirəm:
Kak qornıy aryol na
verşine Kafkaza
Tı qordo sidiş na
krayu unitaza
İ krılyami maşeş, bumajki
komkaya...
***
Doğmaların, yaxınların
mütləq əksəriyyəti bu xizəkçilik sevdam
üzündən başıma gələnə görə məni
qınasa da, tək bircə nəfər -indiyəcən iki dəfə
bizimlə Şahdağa olmuş Niyazi, telefonuma mənim
yazılarımdan götürdüyü cümlələri
göndərməklə, ürəkdən dəstək verir:
“... Mənim ilhamım
dağlardadı, həyatdan, insanlardan yorulanda, bezəndə
dağlara üz tuturam, günahlarımı,
sıxıntılarımı onlara etiraf və etibar edirəm.Dağa,
yüksəkliyə çıxıb, o ucalıqdan
aşağıya, genişliyə baxanda, ürəyim
böyüyür, nəfəsim açılır,
ayılıram, ucalıram, özümə qayıdıram...
Mən hesabatımı da dağlara verirəm,
özüm-özümə: “Şair, qayalara, dağlara
söykən, - deyirəm, - dağlar etibarlıdı!”
Hə, ulu Məmməd Arazın
dilindən səslənmiş bu fikirlərə şərik
olduğumu Niyazi Məmmədov, Türkiyənin buludların
döşündən su əmən yaylalarını, Ərzurumdan
tutmuş, Borjominin meşələrinə qədər, birlikdə
qarış-qarış gəzdiyimiz günlərdən bilir.
Zirvənin, dağın,
yüksəkliyin insan təxəyyülünün genişlənməsində
rolu böyükdür. Bu mənada, dağlar mənim mənəvi
dünyamda həmişə canlıdır.
Oğuz elində dağ, qaya
önündə gəlinlər yaşmaq tutublar, özlərini
dədə, baba, qaynata hüzurundaki kimi aparıblar.
Dağın, yüksəkliyin sinəsində xizəklə xətlər çəkmək, izlər buraxmaq, zəhmli, zabitəli “dağ baba”nı alnından dabanınadək süzmək isə insana tamam başqa zövq verir. Qarlı-buzlu döngələrini, sərt enişlərini ram edib xizəklə ecazkar səslər çıxarmaq, yarğanına, uçurumuna qar tozanağı yaymaq, adrenalin bolluğu yaşamaq bir özgə aləmdir, fərqli duyğudur. Elə bil dağlara üz tutub, Məmməd Araz təbirincə:”Mən bilirəm sən olmağın çətinliyini, Ey mən-qaya, mən olmaq da asan iş deyil” - deyərək öcəşirsən dağla, zirvəylə... Ancaq dağlar da ona qalib gəlmək istəyənlərə qarşı hərdən dağ qədər amansız ola bilir. Mənim timsalımda olduğu kimi!
***
Uşaqlıqda - əgər Bakıya gedərəmsə - ən böyük arzum dənizi görmək olub. Sonra “Neftçi”nin stadionuna gedib, yamyaşıl qazona toxunmaq,bu təmasdan ləzzət almaq istəmişəm. Televiziyanın olmadığı o vaxtlarda, kəndə gələn kinoların əvvəlindəki jurnallarda görürdük belə mənzərələri.Zaman gəlir, dənizləri də, okeanları da görür, suyunda çimir, üstüylə belədən-belə ya üzüb, ya da uçub keçirik də.Amma dayanıb-durmuş suyun təsiri, təəssüratı - istər dəniz, istər göl olsun - bir başqadır, hərəkətdə olanın, axar suyunku tamam başqa.Düzdür, dəniz insanla pıçıldaşa, yaxud coşub-daşaraq tufan qopara bilər.Ancaq ümumən laldır, hərəkətsizdir. Hətta bir vaxtdan sonra adamı yorur da.Tutalım, Niaqara şəlaləsi isə, birbaşa dil açıb insanla danışır, onu özünə çəkib bağlayır, hipnoz edir! Xizək sürən onlarla, yüzlərlə insanın eyni vaxtda dağ yamaclarına səpələnib böyük sürətlə, üzüaşağı, ox kimi süzüb getməsi, bir-birini ötməsi, dağla, təbiətlə qaynayıb qovuşması da olduqca cazibədar, möcüzəvi lövhədir.Elə vaxtlarda sanki insanlar dağın ürəyi, dili, ayaqları olur, dağ beləcə bəlli ahəng üzrə hərəkətə gəlir. Və o hərəkəti yaradanlardan biri də sən olursan!Sən də, onlarla başqa insan kimi, öz kiçikliyinə, zəifliyinə rəğmən, nəhəng dağı hərəkətə gətirirsən! Bu yolla təbiət və insan arasında, hədsiz rahatlıq, məmnunluq mənbəyinə çevrilən, incə harmoniya yaranır...
***
Bu, bir gerçəklikdir ki, bəzən insan, orta ömürdən hələ beş-on ildə artıq yaşayandan sonra, ömrün astar üzünə bürünüb yaşam mücadiləsi verir. Cürbəcür reseptlerdə sağlamlıq, cavanlıq iksiri axtarır, ovuc-ovuc dərmanlar içir. Tədricən özü də təngə gəlir, ətrafındakıları da bezdirir. Şair demişkən, istəyənlər istəməkdən yorulur, pisləyənlər pisləməkdən...
Mənimsə devizim
başqadır: həyatı dolğun, təbiətlə
sıx təmasda yaşamaq! Ömrün
uzun-qısalığı şərt də deyil, dərd də.
Aydın QACAR
525-ci qəzet.- 2017.-15 aprel.- S.22-23.