Molla Pənah Vaqif: Mollanəsrəddinçilərin xüsusi ehtiramla yad etdikləri şair

 

 (Əvvəli ötən sayımızda)

 

Azərbaycan ədəbiyyatına dair bizim üçün son dərəcədə qiymətli olan bir mənbədə - Hüseyn əfəndi Qayıbovun (1830-1917) "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı ədəbi toplusunda Molla Pənah Vaqif, Qasım bəy Zakirlə bərabər Abbas aşa Nazirin şeirlərinin də yer tutduğunu görürük.

Başqa sözlə, "Milli bayram" felyetonunda sanki Molla Pənah Vaqif ənənələrinin Qasım bəy Zakir, Abbas ağa Nazir kimi şairlər tərəfindən davam etdirilməsi nəzər nöqtəsinə çəkilmişdir.

Bəllidir ki, "Molla Nəsrəddin" jurnalı səhifələrində həqiqi islam elmitarixi ilə əlaqəsi olmayan, bununla belə öz tamahlarına əsir yalançı din nümayəndələrinin təşfiqi nəticəsində ildən-ilə rövnəqlənən bəzi qüsurlu adətlər mütəmadi surətdə pislənilmiş, insanları həmin zərərli adətlərdən çəkindirmək istiqamətində sistemli aparılmışdır. Böyük Mirzə Cəlil, eləcə də yazıçının mübariz qələm yoldaşları müqəddəs Məhərrəm ayında baş yarmağın qəti əleyhinə olmuş, öz əsərlərində dönə-dönə göstərmişlər ki, Rusiya müstəmləkəçiliyi daxilində onsuz da çətin vəziyyətdə yaşayan müsəlmanların həyat şəraitini onların bir də zərərli vərdiş olaraq baş yarmaqları daha da ağırlaşdırmaqdadır. "Molla Nəsrəddin" jurnalının 1910-cu ilə aid 4-cü sayındakı "Protest" başlıqlı yazı da eyni məramla qələmə alınmışdır. Maraqlıdır ki, məcmuənin "Qarabağ camaatı" imzalı müəllifi Məhərrəm ayında baş yarmağın heçislam müqəddəsləri ilə bağlı olmadığını iddia edir və yazır: "Bundan yüz il əvvəl Qarabağ xanı İbrahim xan bir neçə təqsirlinin boyunlarını vurmağı əmr edir. Müqəssirlərin tərəfdarları əhvalatdan xəbərdar olub, xanın vəziri olan Molla Pənahın yanına təvəqqeyə və məsləhətə gedərlər. Vəzir onlara məsləhət edir ki, müqəssirlər köynək geyib, başlarına xəncər vura-vura, fəryad edə-edə xan sarayının qabağından keçib siyasət meydanına getsinlər. Müqəssirlər də həmin sayaq üzrə əməl edib, xanın nəzərinə çatınca, xanın xoşuna gəlib müqəssirləri bağışlar.

Xanın xoşuna gələn bu əhvalat o gündən sonra hər il təkrar olunub getdikcə tərəqqi tapır".

Fikrimizcə, "Protest" başlıqlı felyeton bir neçə cəhətdən diqqəti cəlb edir. Birincisi, bu yazı bir daha təsdiqləyir ki, Azərbaycan xalqının Molla Pənah Vaqifə ehtiramı təsadüfi deyil. Əslində Qarabağ sakinləri hər çətin məqamda Vaqifə güvənmiş, onu ümid yeri bilmiş, humanist şairdoğma xalqının müşkül məsələlərinin müsbət həll olunması üçün əlindən gələni etmiş, başqa sözlə, vətən qardaşlarının yanında dayanmışdır. İkincisi, Vaqifin xalqına sevgisindən irəli gələn mütərəqqi fəaliyyəti yeni-yeni xalq ədəbiyyatı örnəklərinin yaranması ilə nəticələnmişdir. Yəni şair-vəzirin insanların mənafeyi naminə gördüyü işlər Vaqif haqqında ayrı-ayrı rəvayətlərin yaranmasına səbəb olmuş, həmin rəvayətlər milli poetik düşüncədə cilalanaraq qiymətli folklor nümunəsinə çevrilmişdir. Nəhayət, "Protest" başlıqlı felyetondan aydın olur ki, Vaqifin müqəssirlərin xilası naminə düşündüyü aksiyanın mahiyyətində bəşəri humanizm dayanmış, lakin XVIII və XIX yüzillərdə Azərbaycan torpaqlarında aparılan işğalçılıq müharibələrinin cəmiyyətə "bəxş etdiyi" elmsizlik, mövhumat, xurafat səbəbindən humanist mahiyyətli bir hadisənin yerini zərərli vərdiş tutmuşdur.

Mollanəsrəddinçi sənət cəbhəsində mücadilə aparan qələm sahibləri yeni tipli satirik-realist ədəbiyyatı yaradarkən yeri gəldikcə klassik ədiblərin yaradıcılığından novatorcasına faydalanmağı da gərəkli saymışlar. Bu mənada obrazlı şəkildə Məhəmməd Füzuli (1494-1556), Qasım bəy Zakir (1784-1857), Seyid Əzim Şirvani (1835-1888), Seyid Əbülqasim Nəbati (1812-1873) kimi qüdrətli söz sahiblərini də mollanəsrəddinçilər sırasında görürük. "Molla Nəsrəddin" səhifələrində şeirinə cavab çap olunmuş müəlliflərdən biriMolla Pənah Vaqifdir. Daha dəqiqi, məcmuənin 20 iyun 1910-cu il tarixli 24-cü sayında oxuculara cəmi bir şeir təqdim olunmuşdur ki, "Gözəl" sərlövhəli həmin şeiri Hərdəmxəyal XVIII əsr şairi Molla Pənah Vaqifə bənzətmə şəklində yazdığını bildirmişdir. Məmməd Səid Ordubadinin əsərləri külliyyatında yer tutan bu şeir müəyyən xüsusiyyətlərinə görə özünəməxsus satirik ədəbiyyat nümunəsidir. Əslində, Hərdəmxəyalın bu şeiri Vaqifin "Gərək" rədifli qoşmalarından birinə cavab olaraq meydana çıxmışdır. Bununla belə, qeyd etməyə ehtiyac vardır ki, Molla Pənah Vaqif mollanəsrəddinçi şairi o qədər də çətinliyə salmamışdır. Belə ki, Vaqifin qoşması 9, Hərdəmxəyalın şeiri 5 bənddən ibarətdir. Üstəlik, Hərdəmxəyal öz satirasında Vaqif qoşmasının 2 bəndini eynilə təkrarlamış, sonrakı 3 bənddə isə Vaqifin 2 misrasına daha iki misra əlavə edərək satirik nəzirənin tamamilə yeni quruluşlu nümunəsini yaratmışdır. Aydınlıq naminə hər iki qoşmadan bir bəndə diqqət yetirmək kifayətdir:

Vaqifdə: 

Novrəsidə, on dörd, on beş yaşında,

Eyb olmaya kirpiyində, qaşında,

Həyası üzündə, əqli başında,

Qulluqda, söhbətdə müstəhsən gərək.

Hərdəmxəyalda:

Novrəsidə - on dörd, on beş yaşında,

Eyb olmaya kirpiyində, qaşında,

Əgər olmasa da ağlı başında,

Şərt budur: bəyənə Hacı Həsən gərək.

Bəli, Vaqifin lirik qəhrəmanının prinsiplərinə görə, Azərbaycan gözəlinin zahiri qüsursuzluğu ilə yüksək mənəvi keyfiyyətləri vəhdət təşkil etməlidir. Hərdəmxəyalın satirik tipi üçün isə qadında əqli göstəricilər o qədər əhəmiyyət daşımır. Çünki Hacı Həsənlərin dünyasında ağıla deyil, zahiri görünüşə önəm verilməkdədir.

Məlumdur ki, cəmiyyətdaxili transformasiyalar zamanı ən ağır zərbə yaradıcı insanların mənəvi dünyasına dəyir. Bu mənada Molla Pənah Vaqif tərcümeyi-halının sonunu bir örnək olaraq da xatırlamaq mümkündür. Qeyd edilən sonluğun yekun akkordları isə şairin "Bax" rədifli qəzəlində ifadə edilmişdir. Hətta şairin bu qəzəli əsasında xalq tərəfindən müəyyən bir rəvayətin yaradılması da məlumdur. Həmin rəvayətdə deyilir ki, Molla Pənah Vaqifi əsir alan Ağa Məhəmməd şah Qaçar onun sabah edam olunacağını bildirmiş şairi zindana saldırmışdır. Həmin gecə şahın özü qətlə yetirilmiş azadlığa çıxan Vaqif şair dostu qohumu Molla Vəli Vidadiyə müraciətlə "Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax" misrası ilə başlayan qəzəlini yazmışdır. Düşündürücüdür ki, "Molla Nəsrəddin" jurnalının 9 mart 1917-ci il tarixli 5-ci sayında getmiş "Bu gün" sərlövhəli materialda da "Bax" rədifli qəzəlin yada salındığını görürük fikrimizcə, bu yadasalmada əsas məqsəd müəllif tərəfindən irəli sürülən ideyanın daha aydın təqdimidir. Təsəvvür tamlığı naminə "Bu gün" başlıqlı materiala bütünlüklə diqqət yetirmək zəruridir. İlkin təəssürata görə, zaman yazıçı münasibətlərinə həsr olunmuş yazının əvvəlində cəmiyyətdaxili proseslərin təsirilə yaradıcı insan psixologiyasında baş verən təbəddülatlardan danışılır, daha sonra "Molla Nəsrəddin" jurnalının redaksiyası göz önündə canlandırılır, bir redaktor olaraq Molla Nəsrəddinin öz müxbiri Həkimi Nuni-Səğirdən, yəni Əbdürrəhim bəy Haqverdiyevdən növbəti nömrə üçün yazı istəməsi qələmə alınır. Molla Nəsrəddinlə həmməsləki Həkimi Nuni-Səğirin redaksiyadakı yoldaşlıq mübahisəsi belə bitir: "Deyirəm: A kişi, yazı girmir başıma, güc deyil ki? Bu saat başımda şeir qəzələ qarışıb, qəzəl şeirə, məsəl hədisə, hədis nəqlə... Xülasə, başım qatıxlı aşdı". Deyir, "boş danışma, elə qatıxlı yaz".

Haqqında danışdığımız yoldaşlıq mübahisəsi öz təbii axarında Həkimi Nuni-Səğir tərəfindən "qatıqlı aşın" yazılması ilə nəticələnir. Əbdürrəhim bəy Haqverdiyevin bu yeni əsərində isə Molla Pənah Vaqifin, Mirzə Ələkbər Sabirin, Sədi Şirazinin yaradıcılığından alınmış misralarla, həmçinin bəzi qiymətli xalq deyimləri, atalar sözləri ilə rastlaşırıq. Prinsipcə, bu yeni "əsərdəki" hər bir misra zamanın fəlsəfəsini ifadə etsə , Əbdürrəhim bəy Haqverdiyevin sözünün əvvəli , sonu da Molla Pənah Vaqifdir:

Ey Vidadi, gərdişi-dövrani-gəcrəftara bax,

Ruzigara qıl tamaşa, kara bax, kirdara bax!

Hər doğrasan aşına, o çıxacaq qaşığına.

Sübh söndü, bir çiraği-qiblə idi xəlqə şəb,

Gecəki iqbala bax, gündüzdəki idbara bax!

... Hər oxuyan Molla Pənah olmaz,

Hər ministr İstalıpin olmaz.

Əlbəttə, bu mətndə istər ayrı-ayrı şairlərin misraları, istərsə atalar sözləri "Molla Nəsrəddin"in sənət prinsiplərinə uyğunlaşdırılmışdır. Bizim üçün əhəmiyyətli olan isə mollanəsrəddinçilərin ən gərgin psixoloji məqamlarda Molla Pənah Vaqif irsinə üz tutmaları, Vaqif misraları ilə təsəlli tapmalarıdır. Bu fakt Molla Pənah Vaqif şeirinin milli yaddaşa dərəcədə ciddi təsir göstərməsindən xəbər verir.

 

İman CƏFƏROV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2017.- 21 aprel.- S.4.