Həyatla səsləşən poeziya

 

 

Bədii ədəbiyyat, söz sənəti qələm sahibinin fərdi yaradıcılıq məhsuludur.

 

Təbii ki, hər əsil sənətkarın dünyagörüşü, məqsəd məramı, üslubu, yazı manerası,bir sözlə, onun ədəbi kimliyi məhz əsərlərində təzahürünü tapır, özünü təsdiqləyir. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Təvəkkül Yanarın yaradıcılığı da bu baxımdan diqqəti çəkir.

 

Təvəkkül Muxtar oğlu Səlimov 9 iyul 1937-ci ildə Ağcabədinin Rəncbərlər kəndində anadan olub. O, 1954-1959-cu illərdə H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra doğma el-obaya dönən gənc pedaqoq adıçəkilən rayonun ümumtəhsil məktəblərində çalışıb. Sonralar ömrünün axırınadək doğulub boya-başa çatdığı Rəncbərlər kəndində fəaliyyət göstərən orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. Erkən yaşlarından bədii yaradıcılığa başlayan T.Yanar ədəbi mühitə özünü istedadlı bir şair kimi təqdim edib, şeirləri yüksək dəyərləndirilib, respublika  mətbuatında müntəzəm çap olunub.O,  bacarıqlı müəllim olmaqla bərabər, incə ruhlu şeirlər müəllifi kimi   tanınıb. Şairin müxtəlif illərdə "Yadigar", "Günlər məni gözləmir", "Axtar Qarabağda, gəz Qarabağda", "Xoşbəxtəmmi, görəsən?", "Heydər poeması", "Yaddaşlarda qalan izlər", "Sabir girdi yuxuma" adlı kitabları işıq üzü görüb. Onun bir çox şeirləri ispan, Ukrayna rus dillərinə tərcümə edilib.

 

T.Yanarın qələmə aldığı poetik nümunələr oxucular tərəfindən daim rəğbətlə qarşılanıb sevilib. Bunun başlıca səbəbi həmin əsərlərin səmimiliyi, həyatiliyi ilə əlaqədardır. Bu şeirlər öz rəvanlığı,dil sadəliyi, poetik siqləti ilə ürəklərə geniş yol tapıb, yaddaşlarda iz salıb. Həssas qəlbli şairin gözəlliyi duymaq, onu poetik şəkildə ifadə etmək bacarığı oxucunu valeh edir, düşündürür. Onun  xalqa, vətənə, Qarabağa həsr etdiyi şeirlər məclislərdə, el şənliklərdə dönə-dönə səsləndirilərək müəllifinə şöhrət qazandırıb.Daha dəqiq desək,vətənə tükənməz məhəbbət, torpağa,elə-obaya bağlılıq Təvəkkül Yanar yaradıcılığının ruhunu, mayasını təşkil edib:

 

Neynəyim hər yerin gülü, çiçəyi,

Sənin çiçəyinin yerini vermir.

Vallah, yad ellərin gözəl-göyçəyi,

Sənin göyçəyinin yerini vermir.

 

Xalqına xidmət etmək, onun həyatını, əməyini, arzu istəklərini, çətinlik ehtiyaclarını real əks etdirmək T.Yanar poeziyasına xas olan başlıca məziyyətlərdəndir. Şairin poetik axtarışlarında milli köklərə bağlılıq üstünlük təşkil edir. O, müxtəlif formalarda qələmə aldığı şeirlərdə mental xüsusiyyətlərimizi, xalqımıza məxsus yüksək keyfiyyətləri, mənəvi dəyərləri iftixarla tərənnüm edib.Millətin gələcəyi olan uşaqlara gənclərə böyük ümidlər  bəsləyən şair "Şagirdlərimə" adlı şeirdə belə deyir:

 

Gələcəyə sizinlə ümid bəsləyirəm mən,

Daha gözəlləşəcək əllərinizlə Vətən.

Gözlərimin nurunu gözünüzə verirəm,

Ömrümün mənasını ömrünüzdə görürəm.

 

T.Yanar vətənimizin füsünkar,əsrarəngiz təbiətinə gözəl şeirlər həsr edib.  Xüsusilə, Azərbaycanın gözü olan Qarabağ barədə yazdığı şeirlər dillər əzbəri olub, mahnılara çevrilərək ürəkləri oxşayıb.Məlum Qarabağ hadisələri digər yazarlarımız kimi Təvəkkül Yanarın da yaradıcılığında geniş əksini tapıb. "Şəhidlər", "Qarabağ", "Hara qaçırsınız", "Şuşa harayı", "Dünya, çərxin niyə döndü?" s. kimi şeirlər bu baxımdan səciyyəvidir.Bu şeir parçaları müharibə illərində əli hər yandan üzülmüş xalqın ağır faciələrini, dəhşətli ölüm qan səhnələrini əks etdirən şair qəlbinin harayları, həyəcanlarıdır.

 

Sənətkarın yaradıcılığında tərbiyə əxlaq mövzusunda şeirlər diqqəti cəlb edir. "Oğluma" adlı şeirdə şairi öz övladının timsalında bütün gəncləri xalqa, vətənə layiq vətəndaş kimi görmək istəyinin poetik təcəssümüdür:

 

İnsana şöhrətdir mərdlik, etibar,

Hər kəsin öz adı, öz ünvanı var.

Qol çalıb oynama hər çalsalar,

Çalış öz havanı unutma, oğul.

 

T.Yanar ən adi mətləbləri özünəməxsus ustalıqla mənalandırmağı, oxucuya çatdırmaq istədiyi fikri həqiqi poeziya dili ifadə etməyi bacaran sənətkardır. Bunu onun milli mənəvi dəyərlərimizə, soykökümüzlə bağlı məsələlərə münasibətində daha aydın görmək olar. Bu zaman biz milli adət ənənələrimizin, mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin, eləcə milli geyimlərimizin, musiqi alətlərimizin müdafiəsinə qalxan böyük bir vətəndaş mövqeyinin şahidi oluruq. Başqa millətlərin musiqisinin, çalğı alətlərini milli musiqimizi, çalğı alətlərimizi sıxışdırılması ilə şair heç vaxt barışa bilməyib.

 

T.Yanar yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tutur. Onun bu mövzuda qələmə aldığı şeirlər daim canlı təravətlidir. İnsan qəlbinin səmimi hisslərinin, sehrli-sirli incəliklərinin ifadəsi olan bu poetik parçalar oxucunu ruhən təzələyir, mənən zənginləşdirir. Sənətkarın məhəbbət mövzusunda yazdığı "Gözlərin", "Əgər yadına düşsəm", "Yaşamaq üçün", "Həsrətin", "Hardasan" sair şeirlər bu cəhətdən önəmlidir:

 

Mən səni sevdim ki,sevdim ki,səni.

Sahibsiz bağıma güllər əkəsən.

Mən səni sevdim ki,sevəsən məni,

Sevmədim,ömrümə qılınc çəkəsən.

 

T.Yanar satirik mövzuda  şeirlərin müəllifidir. Klassik irsə böyük rəğbətlə yanaşan, ondan məharətlə bəhrələnən şairin bu şeirlərindən Sabir ruhu duyulur. Dövrün, zamanın nöqsanları ilə barışmayan qələm sahibinin "Sabir girdi yuxuma" adlı kitabında Sabiranə şəkildə yazılmış şeirlərdə özünü yüksək tutan, təkəbbürlü, mənsəbpərəst məmurlar, fırıldaqçı, riyakar şəxslər onların öz dili ilə ifşa edilir.

 

Hay-küy salma qadası,

Dil-dil ötməyə dəyməz.

Pulun yoxsa səninlə,

Söhbət etməyə dəyməz...

 

Təvəkkül Yanar poeziyası orjinallığı, özünəməxsusluğu, sənətkarlıq xüsusiyyətləri baxımından fərqlənir. Janrından,  mövzusundan asılı olmayaraq, onun şeirləri həm bədii, həm də ideya-siyasi cəhətdən çox əhəmiyyətlidir. Bu poetik nümunələr daim təravətini saxlayır, müasir və həyati səslənir, hər kəsə səmimi duyğular, xoş əhval-ruhiyyə bəxş edir.Odur ki, şairin yaradıcılığına dönə-dönə müraciət olunmalıdır. Onun şeir kitablarının yenidən çap edilməsi, seçilmiş əsərlərinin işıq üzü görməsi üçün addımlar atmağın artıq vaxtı çatıb.

 

Vaqif ALLAHVERDİYEV,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 25 aprel.- S.8.