"Qar çiçəyi"nin dedikləri...

 

 

Həmişə evdən çıxanda oxumağa nəsə götürürəm özümlə. Bu dəfə tanınmış yazar Narıngül Nadirin "Qar çıçəyi" kitabı mənə yoldaş oldu.

 

Narıngülün yazıları elə onun özüdür. Hamısı olmasa da, o xasiyyət, xarakter var qəhrəmanlarında. Yazıları səmimidir, qəhrəmanları olduğu kimidi, boyalı, maskalı deyil. Oxuduqca arada özünü tapırsan bu yazılarda. Narıngülün qəhrəmanları həm düşünür, həm görür, bəzən mühitə uyğun olsun deyə dəyişmək istəyir... Axır ki, oxucunu həyəcanlandırır, əsərin sonuna maraq içində gəlib çıxırsan.

 

Onun "Mənim torpağım" adlı bir hekayəsi var. Əsərin qəhrəmanı müəllifin özüdür. Orada Narıngül mənim kimi bir qarış torpaq həsrətindədir o, bunun uğrunda oddan-alovdan keçməli olur. Gözü dünya malından başqa heç nəyi görməyən xəsis, xəbis adamlar hər şeyi özünə tərəf çəkir. Başqasının malına, torpağına da əl atır. Gözü doymur ki, doymur. Narıngül ədalətin keşiyində dayanıb baxır ki, meydanda tək qalıb. İndi neyləsin, düşünür, beləcə tək  qalsınmı, yoxsa axına qarışsın? "...Hamı kimi... mən çoxluğun bir hissəsi, bir zərrəsiyəm. Amma bir söz deyim: zərrə olmaq heç yaxşı deyil..." Bəli, qəhrəmanı Narıngül olan bir əsərin sonunda bax belə bir fikir səslənməlidir. Əks halda o əsərin qəhrəmanı başqası olsun gərək, zərrə kimi biri...

 

"Bayramın ikinci günü" hekayəsi mənə çox maraqlı gəldi. Elə bil, qalın bir sevgi romanı oxuyuram. Əsərin qəhrəmanı əsl sevgisinə rast gəlib. Amma elə bir vaxtda ki, onun toyuna az qalıb. Məhəbbət isə heç nəyə baxmır. Anlayır ki, bu onun qədəridir. Bu sevgi ömrünün sonuna kimi əzab verəcək ona. Ona görə bütün qəlbiylə o sevgiyə cavab verir. Onun "ağıllı" bir rəfiqəsi var. Necə deyərlər, məsləhət boxçası. Yazıq bilirmi ki, əsl sevgi nədi? Sevibmi heç məhəbbətin dəyərini anlasın... O isə dünyaya eşqin gözləri ilə baxır. Bir gün ona qovuşacağı anı gözləyir səbirsizliklə... böyük arzularla ona tərəf addım atmaq istərkən acı bir xəbər gəlir. "O ölüb. Qəzaya uğrayıb..." Məncə, insan təkcə belə anlarda yox, elə xoşbəxtlikdən ölə bilər. Əsl sevgi çox vaxt bax belə nakam qalanlarındı...

 

"Bəyaz çay" hekayəsi Qarabağ müharibəsinin yaşatdığı ağrı-acıdan bəhs edir. "Bəlkə anam heç ölmədi. Əgər elədirsə, o boyda meşənin içərisində necə oldu, hara getdi?" Əsərin qəhrəmanı düşməndən qaçarkən ağır yaralanmış anasını düşünür bu düşüncədən qaçıb qurtula bilmir. Elə bu ağrılı düşüncə ilə gecənin bir aləmində meşə kənarındakı çaya üz tutur. "Çayın suyu bəmbəyaz idi, işıq saçırdı. Amma suya baxdıqca gözləri qaralırdı, əllərini irəli uzatdı, qarşıdan gələn iri, güclü dalğa ilə bərabər çayın şəffaf köpüklü sularına qarışdı..." Bu hekayə qəlbimin heç vaxt sağalmayan yaralarını bir az da təzələdi...   

 

 "Şans" hekayəsi kitabda birinci hekayə olsa da, onu axırda oxudum. Maraqla oxunan, uğurlu hekayədi. "Hər şey universitetin dəhlizindən tapdığı o zəhrimara qalmış pulqabıdan başlandı..."  Düşünür ki, tapıbsa, deməli, bu, onun qismətidir. Pulqabıdan pulları götürüb qalanını isə gözətçi polisin stolunun siyirməsinə atır. elə bununla da günahsız bir gəncin başını cəncələ salır. Amma o, kimsəyə pislik etmək istəməzdi. Oğlan bu bəladan qurtulsa da, o, salafan torbada saxladığı özünə aid olmayan pulları, gözünə görünmədən, pulun sahibinə - özündənrazı, imkanlı, ədalı qıza qaytarır. Günümüzdə kişili-qadınlı oğurluğun baş alıb getdiyi bir vaxtda Narıngülün qadın qəhrəmanının vicdanının səsinə qulaq asmasına sevindim...

 

Narıngülün hekayələri çox vaxt novella kimi gözlənilməz sonluqla bitir. Buna görə oxucu bəzən məyus olur, bəzən əksinə... Amma hər bir halda, maraqla oxuyur bu hekayələri. Çünki onların hər biri istedad zəhmətin bəhrəsidir.

 

Mina Rəşid

 

525-ci qəzet.- 2017.- 25 aprel.- S.7.