Poetik duyğuların zərif və səmimi
ifadəsi
Mədəniyyət və incəsənətlə
bağlı bir çox işləri, uğurlu layihələrilə
cəmiyyətin diqqətini çəkən və təqdirini
qazanan Leyla Əliyevanın rusca yazdığı şeirlər
istedadlı yazıçı-publisistimiz Mahir Qabiloğlunun tərcüməsində
"Poeziya" adlı kitabda toplanıb.
Kitaba şairənin müxtəlif illərdə
yazdığı 55 şeiri daxil edilib. Bu şeirlərin
hər birini müasir insanın mənəvi aləmini, ruhi təbəddülatını,
hiss-həyəcanlarını əks etdirən poeportret kimi dəyərləndirərdim.
Leyla Əliyeva ilk qələm təcrübələrindən
başlayaraq fərqli dünyaduyumu, baxış
bucağıyla seçilən bir şairə kimi artıq
neçə illərdir ki, fəal şəkildə bədii
yaradıcılıqla məşğuldur. Orta məktəb
illərindən, 10 yaşından şeir yazır, hazırda
20 ildən artıq bir yaradıcılıq yolu keçib və
həssas oxucu auditoriyasının məhəbbətini
qazanıb.
Bu kitab onun şeirlərinin Azərbaycan dilində kitab
şəklində çap edilməsinə aid ikinci
faktdır. Birinci kitabı tanınmış yazıçı
və tərcüməçi Afaq Məsudun təqdimatında
çıxan "Dünya yuxu tək əriyir" (2016)
toplusudur.
L.Əliyevanın
orijinalda "Esli b zvezdı stupenkami stali" ("Ulduzlar pillə-pillə
düzülsəydi səmaya") adlanan ilk kitabı keçən il məşhur
rus şairinin adını daşıyan Andrey Dementyev Poeziya
Evinin təşəbbüsü ilə Moskvada işıq
üzü görüb.
Yeni kitabda toplanan şeirlər Leyla xanımın bu
günə qədər keçdiyi olduqca
yaradıcılıq yolunun aydın xəritəsini əks
etdirir. Bu
şeirlər mayasını həqiqətdən almış
həyat mənzərələrinin həssas ruhla
yoğrulmuş poetik ifadəsidir... Burada müəllifin
ən böyük uğuru yaşadığı mühitdə
baş verən hissi-psixoloji hadisələri -
ağrıları və nisgili, sevgini və kədəri,
sevinci və göz yaşlarını yaşandığı
anın, məqamın sehrində və ovqatında səmimi
bir şəkildə poeziyaya çevirmək
bacarığıdır. Bu şeirlər
insanı düşündürən, heyrətləndirən,
qeyri-adi hisslər axarına salan, həyata marağı və
diqqəti artıran zəngin məzmuna və dinamik bir enerjiyə
malikdir. Bunlar sevinc, fərəh, heyrət,
dünyanın adi gözlə görülməyən, ancaq bəsirət
gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq, qüssə, tənhalıq,
ülviyyət və şəfqət dolu poetik lövhələrdir:
Leyla Əliyevanın şeirlərini oxuyanda müəllifə
doğma olan, özünəməxsusluğu ilə seçilən,
ziyanlı təsirlənmələrdən uzaq bir poetik
dünyanın ab-havasını duyuram. Oradakı
canlı insan xarakterləri, bu xarakterlərin
yaşadıqları psixoloji hallar, heç kimdə olmayan
kolorit və bu yaradıcılığın müasir Azərbaycan
ədəbiyyatına yeni rənglər gətirməsi şəxsən
oxucu və tənqidçi kimi mənim könlümü
rahatladır. Onun poeziyasındakı təbiilik,
sadəlik, dərin lirik ovqat estetik kateqoriya səviyyəsinə
yüksəlib. Bu sadəlik, təbiilik
insan mənəviyyatındakı mürəkkəb
situasiyaları, psixoloji məqamları aydın şəkildə
açıb göstərə bilir. Leyla həyatda
üzləşdiyi gerçəkliklərdən gələn
impulsların bədii ifadəsini, emosiyaların təsirini,
yaxşılıq, xeyirxahlıq axtarışlarını həzin
bir dillə şeirə çevirir.
Aşağıdakı misralar bu baxımdan onun estetik kredosu
kimi səslənir:
Söylə görüm, haradasan?
Dünyanın
ən yaxşısı -
təmizqəlbli insanı..?
Hansı
uzaq qitədə,
hansı
məmləkətdəsən?
Bir
görüşün xətrinə
dənizlər, çaylar keçim,
təki
sənə rast gəlim...
Leylanın
şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm:
o, oxucu ilə sanki söhbət edir və bu zaman demədikləri,
sadəcə bədii sözlə nişan verdikləri dediklərindən artıq
olur. Oxucu kimi sən o deyilməyənləri təhtəlşüurla
hiss edirsən, şeirdəki hissin, duyğunun alt qatları səni
özünə çəkir, lirik-psixoloji, assosiativ axın
yaranır və bu axın səni öz ağuşuna
alıb, sanki sonsuzluğa aparır...
Bu keyfiyyət Leyla xanımın həm də rəssam
olması ilə bağlıdır. Onun yaradıcılığı
qoşa qanaddan ibarətdir: həm rəssamdır, həm də
şair... Onun rəssamlığı barədə söylədikləri
olduqca maraqlı fikirlərdir: "Həqiqətən də rəsm
çəkmək böyük zövq deməkdir.
Çünki bu iş insanı sakitləşdirir - nəticə
isə uğurlu ola da bilər, olmaya da. Mən
bəzən yarım il heç nə
çəkməyə, lakin ay ərzində beş-altı rəsm
əsəri ortaya qoya bilərəm. Rəsm
çəkməyə başladıqda isə bu işdən əl
çəkmək, sadəcə mümkün olmur, başqa
bir işlə məşğul olmaq çox çətindir.
Yəqin ki, bu işlə məşğul olan hər
kəs eyni hissləri keçirir. Bir
sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini
gözləmək lazım gəlir".
Onun çox nüfuzlu, məşhur beynəlxalq rəsm
sərgilərində nümayiş etdirilən və bəyənilən,
məşhur sənətkarlar tərəfindən yüksək
qiymətləndirilən rəssamlıq işləri göstərir
ki, Leyla xanım bu sahədə də yüksək səviyyə
nümayiş etdirir.
Leyla Əliyevanın şeirləri, poetik
yaradıcılığı da xalis istedadın göstəricisi,
həm də sənətlə döyünən qəlbin
ehtiyacıdır. Bu şeirlər kövrək, zərif bir ruhun istedaddan
yoğrulan pıçıltılarıdır:
Gedim bir az ağlayım,
elə-belə... astaca.
Ürəyimi
gizlədim
yastığımın altında.
Pəncərəni
açaraq
kövrəlmiş ürəyimi
bəlkə həyətə atım?!
Həyatın
ağuşuna...
Yox,
yaxşısı budur ki,
gedim bir
az ağlayım,
elə-belə... astaca.
Bu səmimi,
duyğulu misraları yalnız gerçək poetik istedada
malik şair yaza bilərdi və yazıb...
Leyla xanımın şeirləri mövzuca rəngarəngdir. Həm şəxsi,
həm ictimai mövzular, həm daxili dünyanı, həm də
ətraf aləmi, təbiəti əks etdirən motivlər
onun şeirlərinin mövzu palitrasını təşkil
edir. Fərdi, şəxsi hisslər sonda
ümumbəşəri məna tülündə cilvələnir.
Leyla xanımın şeirlərinin
hissi-informasiya axarı gurdur, coşğundur. Onun
şeirlərində mövzuya və məzmuna kreativ
yanaşma, fəal potik münasibət var. Kimsəsizlər
evində müşahidə etdiyi həzin lövhəyə
münasibət bildirdiyi şeirində olduğu kimi:
Ana, nə
olar, getmə!
Məni
atıb, tərk etmə!
Təlatümlü
həyata
Əbədiyyən qərq etmə.
Al isti
qucağına,
Öp məni...
Məni oxşa.
Göydə
ulduzlar yansın
Bir ani
baxışınla...
...Anacan,
inan ki, mən,
Danışmağı
bilsəydim,
bu fani
dünyamızda
Necə yaşamaq lazım. -
Öyrənərdin
sən həmən
Öz
körpənin dilindən...
Ana, məni
tərk etmə,
Sənə üz tuturam mən.
Eşit,
inan və anla,
Səninlə
nəfəs alır
Bu məsum,
gözəl körpən...
Leyla xanımın şeirləri şairin təkbaşına
öz hisslər dünyasına səyahəti olsa da, o, bu səyahətə
oxucusunu da dəvət edir. Onun lirik qəhrəmanı
burulğanlı hisslərlə dolu bir həyat yaşayaraq qəlbində
insanlığa, təbiətə sevgi daşıyır.
O, pessimizmdən uzaqdır, ürəyinin ətraf aləmlə
həmahəng döyüntüsündən güc alır və
sevincini insanlarla bölüşsə də, kədərinə
heç kəsi ortaq etmək istəmir, çünki zəngin
mənəviyyatlı bir insandır:
Kimsə
duyuq düşməsin
kədərimdən, qəmimdən,
Durub yol
alım bağa --
astaca
ağlamağa...
Götürüm
ürəyimi
atım
coşan ümmana --
dalğaların qoynuna.
heç
dinə də bilməsin --
"Niyə sığmır sinəmə?"
Gah tufan,
gah rüzgar
apardıqca uzağa.
Leylanın "Gedim bir az ağlayım" şeiri
Mahirin ilk poetik tərcüməsidir. Və Mahirin də özünün
dediyi kimi, bu şeirin heyrətamiz məzmunu, lirik ovqatı onu
elə tutub, elə ovsunlayıb ki, bütün yerdə qalan tərcümələrində
də bu ovsundan xilas ola bilməyib. Ümumiyyətlə, Mahir bu tərcümələrində
təkcə fikri deyil, hissləri də aydın verə bilib
ki, bu da tərcüməçilik praktikasında ən
çətin işlərdəndir. Yəni bu, yalnız
sözlə edilən deyil, mətndə gizlənən,
sözlə ifadə edilməyən, yaxud söz içində
gizlənəni aşkarlayan tərcümədir...
Bütün bunları şeirdə əks etdirmək şair
kimi əgər Leyla xanımın uğurudursa, tərcümədə
qoruyub saxlamaq və ifadə etmək də tərcüməçi
M.Qabiloğlu üçün təkcə səriştə məsələsi
deyil, həm də yüksək istedad əlamətidir...
Yalan, gəl
tövbə edək -
Uydurma,
yalan sözə
bu
gündən vida edək.
Axı
kimə və nəyi
utanırıq deməkdən?
Yalan meyvə
qurdu tək
qəlbi
yeyir içindən.
Düzdən niyə qorxaq ki? -
dili
düz söz tutmayan
əyrilər qorxsun ondan...
Leyla
xanımın "Ölü kəpənək" şeirində
canlandırdığı dramatik halın, faciəvi pərvanə
obrazının ifadəsində də həm şairin, həm
də tərcüməçinin istedadı diqqət çəkir:
Çərçivəyə
salınıb
Bir bəzəkli kəpənək. -
Qanadları
çırpınmır...
Ürəyindən
iynəylə
pərçimləyiblər onu
şüşəli çərçivəyə...
Ölü
gözəlliyiylə
bəzək verir divara... -
Boş,
yalqız bir otağa...
Özü
ölüb,
gözəlliyi ölməyib...
Bunu duyur hər görən.
Görəsən
ağrısını
varmı
bir duyub-bilən?..
Bu
şeirdə gözəlliyinə görə "ölüm
hökmü kəsilmiş" kəpənəyin
timsalında ülvi gözəlliyin faciəsi, kədərli
aqibəti təsvir edilir:
...Şüşənin
arxasında
eləcə donub qalır;
Kədərini
bir kimsə
nə
hiss edir, nə yanır...
Bu gözəlliyi
süzüb
ötüb keçən insanlar
həzz
alır bu lövhədən -
kəpənək ölüsündən...
Gözəl
sözlər səslənir
kəpənəyin şəninə,
ölü gözəlliyinə... -
Yayılır
boş kəlmələr
xudbinlərin dilindən...
Şüşənin
arxasından
baxırlar çırpınmayan,
döyünməyən varlığa -
o
ölü gözəlliyə...
Şeirdəki
psixoloji-dramatik dinamika davam edir, yuxu epizodunun şeirə gətirilməsilə,
bu faciəyə üsyankar etirazla yanaşan müəllif
mövqeyi ifadə edilir və mistik ovqat yaranır:
İynəylə
bir lövhəyə
sancılmış lal kəpənək,
Gözəlliyinə
görə...
Həyatla
təmənnasız...
vidalaşan kəpənək...
Ey
ruhları, qəlbləri
"sığallayan" kəpənək!..
Yuxumdaydın
bu gecə,
Ancaq tamam
başqaydın:
Gözoxşayan
güllərin
üfüqündə qanadın...
min bir rəngə
çalırdı,
Yanırdın... sayrışırdın.
Çox
böyük heyranlıqla
Mən səni seyr edirdim.
Həm də
ki, ayağımla
şüşəli çərçivəni
sındırırdım, əzirdim...
Leyla
Əliyevanın "Vaxt" adlı, "Ey ulu Vaxt,
unutma!" nidalı monoloq-müraciəti, lirik xitabı
çağdaş həyatın fəlsəfəsinə ayna
tutur:
Vaxt!
Dayan, yalvarıram,
hara
uçursan yenə?
...Tələsirsən
de, hara?
Böl dərdini mənimlə.
...Bəlkə
də bu həyatda
çox
az şey bilirəm mən.
Bəzən
də düşünürəm:
Allah, nələr
bilirəm!..
Baxırsan
hər şeyim var,
Ruhumsa itir-batır.
Dörd
yanım adam dolu,
Təklikdən
qulaq batır...
Gözlərimi
bir anlıq
Açmağımı
görürəm,
Ətrafa,
insanlara
Acıyıram, yanıram.
Başa
düşəndə ki, mən,
Özüm də çarəsizəm.
Qalmayır
başqa çarəm,
Gözümü
tez yumuram...
Müəllifin
bu qəbildən olan "Sevgi və nifrət",
"İnsanlar", "Hardasan, dünyanın yaxşı
adamı...", "Yalan", "Tanrım, sən mənə
güc ver!" şeirləri dərin poetik hisslərin
istedadla qələmə alınmış təsirli ifadəsidir.
Leyla Əliyeva hazırda poetik
yaradıcılığının olduqca bəhrəli
çağını yaşayan, şeirdən-şeirə
daha da yüksələrək ədəbi fəaliyyət
yolunda uğurla irəliləyən şairdir. M.Qabiloğlu
isə bu poetik nümunələrin ana dilimizə tərcüməsi
yolunda inamla, fədakarlıqla çalışır. Şairə də, tərcüməçiyə də
bu yolda daha böyük uğurlar arzulayıram.
Qurban BAYRAMOV
tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet.- 2017.- 25 aprel.- S.7.