Milli azadlıq ideyaları və Mirzə İbrahimovun hekayə yaradıcılığı

 

Xarici müdaxilələr üzündən tarixin müxtəlif dönəmlərində Azərbaycanın müstəqil və stabil dövlət quruluşunun olmaması, "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə iki yerə bölünüb param-parça edilmiş Azərbaycanın bu ağrılı taleyi zaman-zaman bədii ədəbiyyatın ən çox müraciət etdiyi aparıcı mövzulardan olub.

 

On illər boyu xalqın bu ayrılıq dərdi poeziyada bütün acısıyla əks olunsa da, hələ o illərdə mövzuyla bağlı ciddi nəsr əsərləri yaranmamışdır. Ancaq XX yüzillikdə bu müstəvidə kiçik hekayələrdən tutmuş, iri həcmli romanlar daxil nəsr əsərləri daha çox yaranmağa başladı. O da faktdır ki, istər çarizm dövründə, istərsə də sovet hakimiyyəti illərində yaranan yazılı ədəbiyyatda mövzu ciddi şəkildə senzura basqıları altında olmuşdur. Belə ki, Şimalda faciədən söhbət açılarkən qələm əhlinə onu törədənlərin - işğalçıların ünvanının dəqiq göstərilməsi, adlarının çəkilməsi ciddi şəkildə qadağan edilmişdi. Əksinə, uzun illər boyu Şimali Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsi xalqın nicatı, xoşbəxtliyi kimi təbliğ olunmuşdur. Torpaqlarımızın bağrında qanlı sərhəd məftilləri çəkənlər dərdimizi ağlamağa da ciddi bir sərhəd qoymuşlar. Vətəni bölənlərin kimliyinə toxunmadan, Azərbaycanın hansı işğalçılıq siyasətinə qurban getdiyinin ünvanını göstərmədən, yalnız dağı, daşı, əsasən də zavallı Arazı qınamaqla ağlamaq azadlığı vermişdilər bizlərə. Təsadüfi deyil ki, böyük bir zaman kəsiyində ədəbiyyatımızda yaranmış, qardaş ayrılığına həsr olunan ədəbi əsərlərin böyük əksəriyyətində əsas obraz kimi də Araz çayı götürülüb.

 

 "Cənubi (Güney) Azərbaycan" - tarixi, siyasi-inzibati, coğrafi anlayış kimi 1813-cü ildən mövcuddur. "Cənubi Azərbaycan ədəbiyyatı" isə - daha çox ədəbi-estetik kateqoriyadır, daha sonrakı onillikləri (əslində, əsrin ikinci yarısından bərini) əhatə edir və əsasən şərti, metaforik məzmun daşıyır: ədəbi Cənub və Şimal arasında olan "Çin Səddi", "Araz sərhəddi" heç bir siyasi və coğrafi xəritələrdə olan miqyasda və kəskinlikdə deyildir" (Y.Qarayev. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər).

 

Sovet hakimiyyəti illərində Şimali Azərbaycanda mövzu daim gündəmdə saxlanılsa da, Cənubi Azərbaycandan danışılarkən bu İran rejimi tərəfindən işğal, Şimala gəlincə isə bu Azərbaycan xalqının Rusiya ilə "könüllü" şəkildə birləşməsi və mütərəqqi bir addım kimi təbliğ olunurdu.

 

Təbii ki, Azərbaycan xalqı bu işğalla heç bir zaman barışmamışdı. Xalqımız on illər boyu istər Şimalda, istərsə də Cənubda qanlı müstəmləkəçilərə qarşı ölkənin hər bir bölgəsində şərəflə mübarizə aparmışdı. Gəncə hakimi Cavad xan, İrəvan hakimi Həsən xan, Bakı hakimi Hüseynqulu xan rus çarizminə qarşı hansı vətənpərvərliklə müqaviməti göstərmişdilərsə, Cənubda da Səttar xan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri milli özgürlük uğrunda eyni qəhrəmanlıqla vuruşmuşlar. Nə yazıqlar ki, zaman o zaman deyildi. Tarixin gərdişi dönmüş, qüvvələr nisbəti qeyri-bərabər olduğundan xalqımızın bu şərəfli mübarizələri qanla boğulmuş, sonda millətin müqavimət hissi zəifləmiş, düşmən üstün gəlmişdir.

 

Xalqın bütövləşməsini əngəlləyən əsas amillərdən biri onun vahid milli ideologiyaya sahib ola bilməməsi ilə bağlı olmuşdur. Bu amili dəqiq qiymətləndirən işğalçı rejimlər hər iki tayda eyni qısqanclıqla Azərbaycan xalqının milli ideologiyaya yiyələnməsinə imkan verməmişlər. Elə hər dəfə azadlıq mücadiləsinə qalxan millətin məğlubiyyətinin əsas səbəbi də milli liderlərin milli ideoloji baxışlarındakı (əsasən Cənubda) yanlışlıqlarla bağlı olmuşdur.

 

Böyük ədəbiyyatşünas-alim Yaşar Qarayevin bu məsələyə yanaşması həmin acı reallıqları əks etdirir:

 

"Artıq iki əsrdən bəri parçalanmış Azərbaycan bu gün üçüncü əsrə də bölünmüş ərazi və bütövləşməmiş müstəqilliklə daxil olur. XIX əsrin bir "Türkmənçayı"na XX əsrin dörd "Türkmənçayı" da (1918, 1947, 1957 və və 1988-in ərazi itkiləri və deportasiyaları) əlavə olunmuşdur. Dövran və Azərbaycan arasında birtərəfli rəftarın bu qədər neqativ, təkrarlı, sürəkli, stereotipli qəzadan gəlir, yoxsa bunun qlobal - geosiyasi, obyektiv-tarixi və məxsusi-milli səbəbləri var? Xalis məfkurəvi və bədii-estetik amilin millətə nəsib olmuş bu tale və qismət payı üçün günahda xüsusi, subyektiv rolu, təqsiri, suçu nə olub?

 

Bu iki suala hər iki sahildə çağdaş humanitar və milli-sosioloji fikir vəhdətdə cavab verməlidir.

 

Mətbuat qeyd edir ki, ("Zaman" qəzeti, 1996-cı il, sayı 7) İranda bəzi çağdaş tarixçilər yaxın Təbriz və Tehran hadisələrinə hələ də "Məmmədrza şahın və Qəvamüssəltənənin gözü ilə baxır". Xüsusən Təbrizdəki 21 Azər  hadisələrinə hələ də Stalinin və Mir Cəfər Bağırovun gözü ilə baxan alimlərə və rəyasət adamlarına Quzey Azərbaycanda da rast gəlmək olar". 

 

Etiraf edək ki, müstəmləkə rejimləri nə qədər qanlı və ağır olsa da, xalqımız nə vaxtsa yenidən birləşəcəyi ümidini heç vaxt itirməmiş, bunu folklorunda, xalq ədəbiyyatında yaşatmış, eləcə də ayrı-ayrı ədiblərin yaratdıqları ədəbi nümunələrdə hər zaman böyük həsrətlə dilə gətirmişdir. Lakin ən ağrılısı və təəssüf doğuranı ondadır ki, xalqımızın daha böyük hissəsinin yaşadığı Cənubi Azərbaycanın ən böyük azadlıq mücahidləri, demokratik düşüncə sahibi olan insanlar bu birləşməni iki qardaşın vahid bir dövlətdə birləşib müstəmləkəçiliyə son qoymasında deyil, İranın siyasi sistemini dəyişib Azərbaycanın onun tərkibində "azad" yaşamasında görmüşlər. Bu yanaşma sonda Səttar xanın da, Şeyx Məhəmməd Xiyabaninin də, Seyid Cəfər Pişəvərinin də şəxsi və milli faciələri ilə sonuclansa da, təəssüf ki, bu illüziyaya Cənubda bu gün də inanan soydaşlarımız az deyil.

 

Böyük ədəbiyyatşünasımız, mərhum professor Yaşar Qarayev də bu məsələyə dərin ürək ağrısı ilə yanaşırdı:

 

"Tarix boyu həmişə İranın bütövlüyü üçün cavabdehliyi Azərbaycan öz üzərinə götürüb və hər iki xalqı getdikcə güclənən dövlətçilik təməlində sosial tərəqqi yolu ilə irəli aparıb. Yalnız dövlətçilikdə parçalanmanı nəzərdə tutan mücadilədə o, buna nail ola bilməyib. Səttar xan da, Xiyabani də demokratiyaya bütünlükdə İranı çıxarmaq yolu ilə gedib.

 

Nəinki intibaha, demokratiyaya meyli mütərəqqi hərəkatlar, hətta irticaya keçidi də hakimiyyət xanədanları İranda yalnız vahid İran dövlətçiliyi miqyasında və bünövrəsində həyata keçirmişlər".

 

Azərbaycan türkləri İranda hakimiyyət başında olduqları doqquz əsrlik bir zaman kəsiyində heç bir etnosa, heç bir topluma qarşı milli kimliyi prizmasından nəinki təzyiq göstərməmiş, heç hakim etnos olaraq saray dilini də (Səfəvilərin Şah İsmayıl dönəmi və ondan sonrakı az bir müddət istisna olunmaqla) türk dili elan etməmişdilər.

 

Yaşar Qarayev həmin əsərində yazır: "Özü də çox maraqlı və çox ibrətlidir ki, yalnız fars mənşəli şəcərə və sülalə hakimiyyətə gələndə sosial və inzibati-siyasi hakimiyyət bilavasitə etnik (!) hakimiyyət kimi də gerçəkləşmişdir. İranda türk şahlıq kodeksində və ənənəsində isə etnik kult dildə və dövlətçilikdə heç zaman hökmfərma olmamışdır. Əksinə, hətta xalis türk (Azərbaycan!) hadisəsi olan inqilab və məşrutənin digər etnik (qeyri-türk) çevrilişə (Məhəmməd şahdan və Soltan Əhməd şahdan Rza Pəhləviyə) gətirib-çıxardığı hallar da olmuşdu. Əvvəllər də, sonralar da fars dili ənənəsinə qarşı eyni dərəcədə fəal türk alternativi olmayıb. Vaxtilə hələ Sultan Səlim özü farsca şeirlər yazıb, az qala fərmanları da farsca imzalamağa hazır olduğu kimi, Azərbaycan hökmdarları da (İbrahim xan, Səlim xan) İkinci Yekaterina ila farsca yazışmışlar (təkcə qubalı Fətəli xan eyni ünvana məktubu türkcə göndərib)".

 

Azərbaycan türkləri İranda azadlıq mücadiləsinə qalxanda da yalnız öz haqlarını düşünməmiş, öz itkiləri daha çox olsa da, digər xalqların da azadlığı uğrunda mücadilə aparmışlar. Nə yazıqlar ki, bitkin milli ideologiya qıtlığı və xarici müdaxilələr üzündən sonda məğlubiyyətlərdən qaçmaq mümkünsüz olmuşdur.

 

İranda Rza şahın hakimiyyətə gəlişi Azərbaycan türklərini yalnız istibdada, zülmə məruz qoymadı, eyni zamanda onu ağır həyata düçar edərək milli kimliyini, dilini ağır assimlyasiyaya məruz qoydu. Azərbaycan türkləri yaşayan kəndlər, qəsəbələr düşünülmüş siyasətlə iqtisadi inkişaf sarıdan çökdürüldü, xalqın elmə sahiblənməsi, ana dilində təhsil alması ciddi basqılara məruz qaldı.

 

İranda hakimiyyət türk əsilli Qacar sülaləsinin əlindən fars kökənli Rza şah Pəhləvininin əlinə keçdikdən sonra onun ilk "islahatlarından" biri ölkədə Azərbaycan (türk) dilinin rəsmən qadağan olunması oldu. Özü də bu qadağa heç bir insani ölçülərə, mənəvi dəyərlərə sığmayan şəkildə, ən vəhşi və quldur üsullarla həyata keçirilirdi. Hakim zümrə, hətta türk adını və dilini bir həqarətə çevirərək xalqı mənəvi iztirablar burulğanına məhkum etmişdi. Təsadüfi deyil ki, Rza şahın maarif naziri, şovinist-millətçi Möhsüni belə bir insanlığa ləkə sayılan irticaçı əmr vermişdi: "Hər kəs türki danışsa, boynuna eşşək boyunduruğu vurub, axura bağlayın".

 

Səttar xandan və Şeyx Məhəmməd Xiyabanidən fərqli olaraq, Seyid Cəfər Pişəvəri Azərbaycanı azad və müstəqil görürdü. Lakin onun faciəsi də onda idi ki, o, sovet ideologiyasına, bolşevik Rusiyasına ürəkdən inanırdı. Elə sonunda da məhz bolşeviklər onun siyasi və fiziki məhvinə fərman verdilər.

 

S.C.Pişəvəri bolşevik ideologiyasına inansa da, hadisələri məntiqlə analiz edə bilir və Azərbaycanın İranın tarixində oynadığı tarixi və siyasi rolu yaxşı anlayırdı. Bu həssas məqamlara diqqət çəkən S.C.Pişəvəri yazırdı: "Tarixən Azərbaycanı İranın başı və gözünün işığı hesab ediblər. Bu yurdun övladları qeyrətli, vətənpərvər və təmiz vicdanlı tanınıblar".

 

İki əsrdir ki, Cənubda yaşayan soydaşlarımız hakim zümrənin əlində əslində bir növ siyasi alətə çevrilib. XXI yüzillikdə isə İranda azərbaycanlıların varlığı yalnız seçkidən seçkiyə yada düşür. Hər seçki öncəsi onlara yağlı vədlər verən İran siyasətbazları istədiklərini alandan sonra, nədənsə azərbaycanlıların milli haqları və varlıqları yadlarından çıxıb.

 

İranın keçmiş prezidenti Məhəmməd Xatəminin Azərbaycanda çıxışı da siyasətə hesablanmış bir jest olsa da, əslində Azərbaycanın, eləcə də Təbrizin İranda yerini və statusunu dəqiq göstərir: "Azərbaycan ölkənin ən dərin mədəniyyəti olan məntəqəsi və İranın fəxridir. ...Azərbaycan və Təbriz azadlıq hərəkatının əsas mehvərlərindəndir və İslami İranda mədəni cəmiyyətin qurulması bu şanlı xalqın cəhd və canfəşanlıqlarının nəticəsidir. ...İslam mədəniyyəti, İran islam mədəniyyəti, bizim birlik, mədəniyyət və təfəkkürümüz qəhrəman Azərbaycana borcludur... İslamdan əvvəlki və sonrakı böyük qədim və tarixi əsərlərin varlığı göstərir ki, mədəniyyət, ədəbiyyat və elm sahəsində bu məntəqənin parlaq keçmişi vardır... Azərbaycan hər biri təfəkkür və fəfəqih, alim, mütəkəllim, şair və sənətkarların yetişdiyi beşik olmuşdur".

 

Bəli, İran dövləti bugünkü varlığına və mövcudluğuna görə, Xatəminin də etiraf etdiyi kimi, Azərbaycana, Azərbaycan xalqına çox borcludur. Bu borcun əvəzində isə Azərbaycanın İrandan aldıqları dövlət səviyyəsində həyata keçirilən assimlyasiya siyasəti, milli varlığına və dilinə ara verməyən basqılar, iqtisadi diskriminasiya və sonu görünməyən faciədir.

 

Azərbaycan faciəsi mətbuatımızda və ədəbiyyatımızda hələ ötən əsrin əvvəllərindən başlayaraq Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, Cəlil Məmmədquluzadənin, Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəy Hacıbəylinin, Məmməd Səid Ordubadinin və onlarla digər yazarımızın yaradıcılığında xüsusi yer tutub. Azərbaycan xalqının milli özünüdərki istiqamətində o zamandan başlayan mübarizəsi bədii ədəbiyyatda aparıcı xəttə çevrilib.

 

(Ardı var)

 

İlham MƏMMƏDLİ

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 25 aprel.- S.6.