Tanrılarla baş-başa - Qədim Elladadan fotolu-xəyali, tarixi-mifik reportaj

 

(Əvvəli ötən şənbə sayımızda)

 

ALTINCI GÜN: Tanrı qızı Afina

 

Afina səfərinə qəribə ovqatda yola çıxdım. Avtobusumuzda elə bizimlə təyyarədə gələn qocalar idi. “Hans Xristian Andersen” qarısıyla burdaydı. Amma məni daha onlar maraqlandırmırdı. Huşum indiyədək oxuduğum kitab, baxdığım filmlərdən təsəvvürümdə formalaşan mifik dünyaya getmişdi.

Zaman maşını tarix şossesiylə şütüdükcə antik dövrün real, mifik qəhrəmanları yol qırağında durubmuş kimi bir-bir görünür, mənə əl edir, itirdilər. Bilmirəm, bu qoca turistlər avtobusun pəncərəsindən nəyə baxırdılar, mən söz açdığım o dünyaya baxırdım.

Avtobusumuz Korinf kanalını keçib eyni adlı şəhərin girəcəyində qədim bir xarabalıq - tarixi yerin yanındakı kafe qarşısında əylədi. On beş dəqiqəlik fasilədən hərə bir cür istifadə etdi. MənSivilizasiyanın 8.5 min yaşı. Miflə tarix arasındaadlı turistlər üçün kitabın ruscasını aldım. Əvvəl əlim gəlmədi, ucuz deyildi, on beş avroyaydı. Maraq güc gəldi, aldım. Elə oradaca indi üstündən keçdiyimiz Korinf kanalı haqda məlumat axtardım.

Kanal Egey dəniziylə İon dənizini birləşdirir. Hələ eradan altı yüz il əvvəl belə bir kanalın sözü gedirmiş. Tarix boyu hər gələn hakimiyyət iki dəniz arasında keçidin inkişafa ciddi təkan verəcəyini desə , onun tikintisinə yalnız Misirdə Süveyş, Amerika qitəsində Panama kanallarının çəkiliş söhbəti yayılandan sonra həvəslənib XIX əsrin ikinci yarısında qərar veriblər. Uzunluğu 6 kilometr olan kanalın eni 25 metrdi, hündürlüyü isə bəzi yerlərdə 76 metrə çatır. Heyif, körpünün üstündə çatdırıb şəkil çəkə bilmədim. Amma internetdə doludu.

Afinada ilk gəldiyimiz yer olimpiya oyunları keçirilən stadion oldu. Qədimdə el şənliklərinin ən möhtəşəmi olimpiya oyunları idi. Yarışlar Yunanıstanın müqəddəs yerlərindən olan Olimp dağı yaxınlığında keçirilirdi. Bu, tək idman yarışı deyildi, həm dini mərasim idi. Yarışlardan əvvəl idmançılar da, hakimlər qurban kəsər, ədalətli olacaqlarına and içərmişlər. Turist firması Olimpiyaya səfər təşkil edən gün biz Egey sahilində qaldıq. İndi deyirəm, kaş qalmayaydıq, ora da gedərdik.

Növbəti dayanacağımız Sintaqma meydanı oldu, Yunanıstan parlamenti burada yerləşir. Efzon deyilən elit hərbi bölmənin əsgərləri fəxri qaravulda dururlar. Saatbaşı dəyişən qaravulu tamaşaya xeyli turist toplaşır. Efzonlar 1821-ci ildə başlayan müstəqillik savaşında öz şücaətləriylə seçiliblər. Elə ona görə bu gün ölkənin elit əsgərləri sayılırlar. Bura seçim ciddidi, boyu 1.87 metrdən aşağı əsgər götürmürlər. Diqqətçəkən həm onların geyimidi, xüsusilə 400 büzməli ətəkləri. Bu, 400 illik Osmanlı işğalına işarədi, qara günləri unutmamaq üçündü.

Efzon əsgərə yaxınlaşa-yaxınlaşa xanımıma qədim Afina demokratiyasından danışıram, dünya tarixinin ilk demokratik parlamenti - Ekklesiyadan bəhs edirəm. Deyirəm ki, antik dövr siyasiləri içində ən çox bəyəndiyim Perikldi. O, Afina demokratiyasının qurucularından olub.

Bu söhbəti sonra bələdçimiz biziThanasis kebab” restoranında nahara aparanda da davam elədim. Ofisiant sifariş verdiyimiz yeməkləri gətirəndə mən “III Sektoradında nəşr etdiyimiz demokratiya jurnalına Periklin büstü olan şəkli emblem seçməyimdən danışırdım. Yeməklər gələndə demokratiya da, Perikl yaddan çıxdı.

Sifariş verdiyimThanasis kebab” bizim lülə kababın eynisiydi, “Greece salad” da bizim çoban salatdan elə fərqlənmir. Xanımın seçdiyi “Chicken kalamakiadlı çubuq şişdə toyuq kababı imiş. Barmen Orestesi xatırladım, olaydı yanımda mətbəxlərimizin qədər yaxın olmasından danışaydım.

Restoran heyətinin bizim bələdçini tanımasından anladım ki, turist firma öz müştərilərini elə bura gətirir. Narazı qalan olmadı, qiymətlər münasib idi. Mənə xüsusilə xoş gələnAmstelpivəsinin ucuz olmasıydı. İsveçdə bənzər restoranda 8 avroya olan bir bakal pivə burda 1.8 avroya idi.

Zevs mənə dedi ki...

Nahardan sonra Afina akropoluna gəldik. Akropola qalxmadan öncə onun yaxınlığında arxeoloji qazantılar aparılmış yerin üstündə tikilənYeni Akropolis muzeyi”nə baxdıq. Tarixi eksponatlar müasir texnoloji vasitələrlə adamda keçmişə səfər təsiri doğurur. Şüşə döşəmədən qədim Afinanın xarabalıqları hündürlük həyəcanı qarışıq qəribə duyğu oyadır.

Bilet adambaşı 10 avroyadı. Düzdü, Yunanıstanda muzeylərə giriş qiyməti Qərbi Avropa ölkələrinin muzeyləriylə müqayisədə bir qədər ucuzdu, amma bunu Parfenon yerləşən Akropolis muzeyinə aid etməzdim. Açıq havada, restavrasiyası illərlə uzanan, tikinti materialları arasında tarixi tikiliyə baxmaq üçün 25 avro çox gəldi mənə.

Muzeylə üzüyoxuşa altı yüz metr qalxıb Afina Akropoluna çıxırsan. Burada Yunanıstanın ən böyük tarixi abidəsi Parfenon uçuq halıyla belə əzəmətli görünür. Muzeydə baxdığımız qısa filmdən Parfenonun tarixi barədə ətraflı məlumatlanmışdıq. Bura qədim Yunanıstanın baş məbədidi. Zevsin qızı müdriklik, ilham, sülh tanrıçası Afinanın şərəfinə eradan əvvəl V əsrdə tikilib. Vaxtilə burda onun nəhəng heykəli varmış. 1203-cü ildə mövhumatçı kütlə səlibçilərin qorxusundan uçurublar.

Parfenonun qarşısındakı Aqoranı (bazar meydanı) dolaşıb Platonun oturduğu daşın üstündə dərin xəyala daldım. Bir gördüm tanrılar tanrısı Zevs gəldi yanıma.

yaman fikrə getmisən? Buranın halına acıyırsan? Görürsən mənim məbədimi günə qoyublar. Buranı məndən dönüb sami dinlərini qəbul edənlər dağıdıb. Əvvəl xristianlar heykəllərimi uçurub məbədimi kilsəyə çevirdilər.Aqorafilmini xatırla! Hələ o filmdi, realda bilirsən nələr oldu? Keşişlər xristian fanatik parabolaniləri qızışdırıb mənim məbədlərimi yerlə-yeksan eləməyə göndərdilər. Kahinlərimi öldürdülər, sarayları, məktəbləri, kitabxanaları alt-üst etdilər, yandırdılar.

Sonra müsəlman türklər gəldi, minarə tikib kilsəni məscidə döndərdilər. Katolik venetsiyalılar da top atıb uçurdular. İndi heykəllərimin biri Paris Luvrunda, biri Nyu-Yorkun Metropoliten muzeyində, bilim, Ermitajda-filandadı. Burda tək bu sütunlar, bir bu daşlar qalıb. Niyə susursan? Din !”

Elə mən bayaqdan bunu düşünüb dururam, sussam yaxşıdı”, dedim.

Qoca Zevs çevrilib ağır addımlarla getdi. Onun bu halı ürəyimi ağrıtdı. Ta demədim ki, 2000 il əvvəl xristianlar uçuran heykəlləri indi İŞİD müsəlmanları İraqda, Suriyada dağıdır. Özümüz daha göydəki yox, yerdəkiallah”lara heykəl qoyuruq.

Tanrılarla göydə vidalaşma

Səfəri xoş bir ovqatla başa vurub geri dönürdük. Nağıllar aləmini dolaşıb, onun qəhrəmanları ilə görüşüb gəlirmiş kimiydim. Təyyarəmiz elə təyyarə sürətiylə də məni geriyə - zamanımıza qaytarırdı...

Gözüm illüminatorun o üzündə böyük bir qaraltını aldı, tanrılar idi, muzalar da gəlmişdilər, üzdə təbəssüm əl edirdilər, yola salırdılar...

Hans Xristian Andersen” də sevincliydi, qarısına həvəslə nəsə danışırdı. Qarı başını onun çiyninə qoyub gülümsəyirdi. Mənə elə gəldi ki, bu qoca danimarkalı qarısına həmyerlisi Hans Xristian Andersenin “Köhnə küçə fənəri” nağılını danışırdı.

İş yerində - işıq dirəyində son gecəsini yaşayan qoca Küçə Fənəri ona yeni həyat bəxş edən sabahı ümidlə gözləyirdi.

Sabahı kim gözləmir ki! Keçmişinsabah olub. Sabahlar keçmişdən çırtdayan tumurcuqlardı. Neçə-neçə mədəniyyətin sabahı antik Yunanıstan keçmişindən açılan kimi...

 

Payız 2016

Tolo, Yunanıstan-Karlskrona, İsveç

 

Vahid QAZİ

 

525-ci qəzet.- 2017.-22 aprel.- S.24.