“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
(Əvvəli ötən şənbə
sayımızda)
I cild (noyabr 1918 - aprel 1920)
Azərbaycan Məclisi-Məbusanında
(keçən
nömrədən mabədi)
Abdulla bəy Qəbulzadə
- Nuxa şəhərinə 200 min rublə borc pul verilməsi
barəsində bir neçə söz söyləmək
istiyoram.
Nuxada yaşayanlar, yaxud yaxınlarda
bulunanlar Nuxa şəhərini yaxşı tanıyırlar və
bilirlər ki, 4 il bundan əqdəmədək
Nuxa şəhəri qeyri-ticarət şəhərləri
kimi böyük ticarət şəhərlərindən biri
idi. Burada böyük ipək fabrikaları və
qeyri-sənaət müəssisələri var idi. 4 sənədən
bu yana Nuxa şəhəri ticarət şəhərligindən
çıxıb iş bir yerə müncər olub ki, 12
yaşından yuxarı bütün əhali fəhləlik
üçün Zaqatalaya, Ağdaşa, Ərəş və
qeyri yerlərə gedirlər. Bu axır vəqtlərdə
Nuxa şəhəri bir fəhləlikdən də
çıxıb füqəra şəhəri olmuşdur.
Hal-hazırda əgər bu
şəhər əhalisinin beşdə biri qəni isə,
beşdə dördü füqəradır. Bunlar bütün ev əşyalarını: palaz, qazan,
yorğan, döşək, qab-qacağın bir qədərini
Nuxada, bir qədərini də ətraf kəndlərdə
satıblar. Xəlq üçün heç bir
şey qalmamışdır. Bu işə
aşina olduğum üçün təklif edərdim ki, bu
200 min rublə Nuxa şəhərinə qərz degil, ianə
təriqilə verilsin. İmdi qəbul
olunan layihə mövcibincə hökumət məmurlarına
7-8 milyonluq bir müavinəti-nəqdiyyə verilməlidir.
Nə olar ki, bir dəfəlik 200 min manat da
Nuxaya ianə verilsin. Bəlkə ianə səbəbinə
Nuxa dövlətliləri də öz tərəflərindən
bir 100 min manat ianə verərlər. Olsun
ki, nuxalılar iyun ayınadək bir qaidə ilə dolanarlar.
Və bir də bu 200 min manat pul veriləcək
fəqirlərə, azarlılara, aclara və qeyrilərinə.
Amma hökumət qulluqçularına verilməli
olan 8 milyon yemişə və sair dadlı şeylərə
veriləcəkdir. Nuxa üçün
veriləcək ianə zəruri şeylərə sərf
olunacağından bu pulun borc təriqilə degil, ianə surətilə
buraxılmasını təklif ediyoram.
Aslan bəy Qardaşov - Bu
pulun ianə surətilə verilməsi barəsində
komissiyada dəxi məsələ qalxdı. Lakin layihə
müzakirə olunarkən qərara alındı ki, borc surətilə
verilsin. Çünki ianə surətilə
versək, qeyri şəhərlərə ianə etməgə
yol açılar. Bir də səhiyyə nəzarəti
tərəfindən bu xüsuslarda böyük və vase qanun
layihəsi tənzim edilərək daxil olubdur ki, haman layihədə müsri xəstəliklər
barəsində böyük tədbirlər görülür.
Bu layihəyə görə Nuxa şəhərində
də xəstəliklər ilə mübarizədən
ötrü baraklar açılacaq sanitarnı tədbirlər
görüləcəkdir. Hər halda
komissiya təklif edir ki, borc təriqilə faizsiz verilsin.
Sədr - Bu barədə kim danışmaq istiyor. Danışmaq
istəyən yoxsa səsə qoyuram. Daxiliyyə
nəzarətinin Nuxa şəhəri üçün 200 min
rublə faizsiz borc buraxılması barəsindəki təklifini
komissiya bilatəğyir və təbdil qəbul etmişdir.
Bu surətlə layihəyə görə xəzinə
dövlət vəsaiti-nəqdiyyəsindən bilafaiz Nuxa
şəhəri idareyi-bələdiyyəsinə əmrazi-sariyyə
ilə mübarizədə bulunması üçün 200 min
manatlıq bir borcun verilməsi və məzkur idareyi-bələdiyyənin
işbu borcu 1920-ci sənə miladiyyəsindən bida ilə
hər sənə müsavi hissələr ilə 4 sənə
zərfində xəzineyi-dövlətə verilməsi
üçün kəndisini məcbur edilməsi təklif
olunur.
Hər kəs bu layihənin
komisyon qəbul etdigi kimi qəbuluna tərəfdar isə əllərini
qalxızsın. (Əllər qalxır). Deməli, əksəriyyət ilə qəbul olunur.
Növbədəki məsələ
zabit namizədlərinin maaş
miqdarını müəyyənedici qanun layihəsidir. Dokladçı - Qara bəy Qarabəyovdur.
Qarabəyov - Keçən dəfə
hərbiyə naziri tərəfindən varid olan hərbiyə
nəzarəti büdcəsi maaşına baxılanda zabit
namizədlərinin maaşı qələmdən
düşmüşdür. Yəni
büsbütün xatirdən unudulmuşdur. Əsasən hərbiyə nəzarətinin büdcəsi
qəbul edilmişdir. Zabit namizədləri maaşı
məsələsi o qanuna əlavə olaraq təklif olunur ki,
zabit namizədləri üçün ayda 800 manat maaş təyin edilsin, komisyon da bu məsələyə
baxıb qəbul eləmişdir. Keçən layihədə
zabitlərə 1000 rublə maaş təyin edildigindən
komisyon bunlara, yəni zabit namizədlərinə 800 rublə məvacib
verilməsinin parlaman tərəfindən qəbul edilməsini
təklif ediyor.
Sədr - Danışan yoxsa
səsə qoyuram, hər kəs bu layihəni, yəni zabit
namizədlərinə komisyonun qərarı üzrə 800
rublə məvacib verilməsinə tərəfdar isə əlini
qalxızsın. (Əllər qalxır). Deməli, əksəriyyət ilə qəbul olunur.
Sədr - Növbədəki
məsələ etimadnamə komissyonunun məruzəsidir. Söz etimad
komisyonu sədri Şəfi bəy Rüstəmbəylinindir.
Rüstəmbəyli - Ötən
səfər Ərəş uyezdi nümayəndələrinin
seçki protokolları düz olmadığından etibarnamələri
geri qaytarılmışdı. İmdi haman
uyezddən iki nəfər şəxs: Muxtar əfəndi
Əfəndizadə və Əşrəf bəy
Tağıyev seçilmişlərdir. Orada Milli
Komitə olmadığından kənd cəmiyyəti
nümayəndələri köhnə qaidə ilə bir yerə
yığılıb ədliyyə məhkəməsi sədrinin
təhti-sədarətində qanun üzrə
seçilmişlərdir. Etimadnamə
komisyonu bunların seçki protokollarına baxıb düz
olduğu üçün Ərəş uyezdi nümayəndələrinin
parlaman tərəfindən qəbul olunmalarını təklif
edir.
İkinci Zəngəzur
uyezdindən Əhməd bəy Ağayev və Əliəkbər
bəy Xasməhəmmədov parlaman üzvü intixab
edilmişlərdi. Bunların seçki protokolları düz
degil idi. Əvvəla onların seçki
protokollarının surəti (kopyası) göndərilmiş
idi. Bundan əlavə, Milli Komitə
üzvləri və katib tərəfindən imza
olunmamış idi. Buna görə haman
protokollar geri göndərilmişdi ki, uyezdni naçalnik yenidən
seçki icra etdirsin. Məlum olduğu üzrə
Əliəkbər bəy Xasməhəmmədov istinaf məhkəməsi
sədri təyin edilib hökumət qulluğuna getdi. Əliəkbər bəy parlamandan
çıxmış hesab olunduğu üçün
yalnız Əhməd bəy Ağayevin məsələsi
qaldı. Sonra Zəngəzurdan Cəmil bəy
Sultanov nümayəndə intixab edilib göndərildi. Etibarnamə komisyonu Əhməd bəy Ağayev ilə
Əliəkbər bəy Xasməhəmmədovun
protokolları düz olmadığından rədd etməgi təhti-qərara
aldı. Cəmil bəy Sultanovun etibarnaməsi
dürüst və seçkisi qanun üzrə olduğundan
etibarnamə komisyonu qəbulunu parlamana təklif eliyor və qərara
almışdır təvəqqe etsin ki, Zəngəzurdan
ikinci bir nümayəndə göndərilsin.
Üçüncü
ixtilaflı bir etimadnamə vardır ki, o da Şamaxı
uyezdindən bir neçə mirski priqovor ilə intixab
olunmuş Şirin bəy Səfərəlibəyovundur. Qəza kəndləri
bir yerə toplanıb bir qətnamə
çıxarmamışlar. Ancaq hər kənd
parça-parça öz mirski priqovorlarını göndərmişlərdir.
Etibarnamə komisyonu qərar qoymuşdur ki,
fevralın 7-nə kimi yeni və qanuni protokol göndərilməsi
tələb edilsin. Vəqt keçib qanun
üzrə etimadnamə gəlmədigindən komisyon son
iclasında Şamaxı uyezdindən yeni nümayəndə
intixab olunmasını təklif etməgi təhti-qərara
almışdır.
Erməni milləti nümayəndələrinin
intixabnamələri indiyə qədər gəlmədigindən
etibarnamə komisyonu bu məsələyi hələlik
açıq buraxıyor.
Etibarnamə komisyonu bu məsələlərin
parlaman tərəfindən qəbul olunmasını təklif
edir.
Sədr - Həmin məruzə barəsində
kim danışmaq istiyor. Söz
istəyən yoxdursa səsə qoyuram. Etimadnamə
komisyonunun məruzəsi 3 hissədən ibarətdir.
Əvvəla Ərəş qəzasından üzv: Muxtar əfəndi
Əfəndizadə və Əşrəf Tağızadə
intixab olunmuşdur. Hər ikisinin etibarnaməsi
düz olduğundan etibarnamə komisyonu təsdiqini təklif
ediyor. Etiraz yoxsa qəbul olunur.
Qaldı Zəngəzur qəzası. Zəngəzur
qəzasından Əliəkbər bəy Xasməhəmmədov
ilə Əhməd bəy Ağayevin etimadnamələri
dürüst degildir. Etibarnamələrdə
imzalar olmadığından və başqa bir neçə səbəblərə
görə bu etimadnamələr qəbul olunmuyorlar. Əliəkbər bəy məmur olduğu üzrə
dövləti qulluğa getmişdir. Əhməd
bəy Ağayevin də etibarnaməsi qəbula keçmiyor.
Zəngəzur uyezdindən Camal Sultanov intixab
edilib etibarnaməsi düz olduğundan qəbul edilməsi təklif
olunur. Zəngəzur uyezdindən ikinci bir
üzvə də ehtiyac vardır.
Hər kəs etibarnamə
komisyonunun Zəngəzur qəzası həqqindəki rəyini
bu cür qəbul edirsə rica ediyoram əlini
qaldırsın. (Əllər qalxır). Deməli, əksəriyyət ilə qəbul olunur.
Zəngəzurdan bir nəfər də intixab
olunmalıdır.
Şamaxı qəzasından
Şirin bəy Səfərəlibəyov seçilmiş, fəqət
etibarnaməsi dürüst olmadığından geri
qaytarılmış və yenidən başqa bir nümayəndə
intixabı təklif edilmiş idi. İmdiyə qədər
seçki olmamışdır. Ona görə
bu məsələyi səsə qoymuyoram.
Növbədəki məsələ
yollar və qara yollar və onların təmirat və
inşasının təriq və məabir nəzarəti
ixtiyarına verilməsi həqqindəki layiheyi-qanuniyyədir. Söz məruzəçi
Şəfi bəy Rüstəmbəylinindir.
Şəfi bəy -
Rusiyanın köhnə qanunu ilə cəmi qara yolları
daxiliyyə nəzarətinin ixtiyarında idi. Bu yolların
çoxunu ələddəvam cəmaət özü
qayırır və təmir edirdi. Hal-hazırda
isə cəmaətin əski vəqtdəki kibi halı-vəziyyəti
müsaid degildir ki, hökumətə kömək etsin də
yollar qayrılsın. Hökumət bunu nəzərə
alaraq və Azərbaycan daxilindəki yolların
azlığını və bu azlıq nisbətində əhaliyə
lüzumu olduğunu hiss edərək bütün yolların
bir nəzarət öhdəsində bulundurmağını
münasib bildi. Bunun üçün də
yollar ilə daha ziyadə əlaqə və mərbutiyyəti
və bunların təmir və inşasında daha ziyadə məharət
və vəsaiti olan təriq və məabir nəzarətinə
verməgi təhti-qərara alıb, bu xüsus
üçün bir qanun layihəsi təklif ediyor. Bu layihə mövcibincə Azərbaycan daxilindəki
bütün yollar təriq və məabir nəzarəti təhti-idarəsinə
keçir (oxuyur). Bu qanun qəbul edildigi təqdirdə
işlərin əmələ gəlməsi və yolların
idarəsi üçün nəzarət tərəfindən
bir də ştat təklif olunur. Deməli
bu ştatlar altı yerdə olacaq. Yəni
quru yolları idarə üçün altı stansiya olacaq
(Burada bu ştat əfradına veriləcək məvaciblərin
rəqəmini oxuyur).
Bu da quru yollar üstündə
olacaq məmurların məvacibidir. İştə bu layihəyi
layiheyi-qanuniyyə komisyonu ətraflıca tədqiq etdikdən
sonra bir neçə təshih ilə qəbulunu təklif
ediyor. Birinci tazə qanun nəşr
edildigi tarixdən etibarən köhnə rus qanunları ləğv
olunmuş hesab edilir və bir də dəmiryol nəzarətinin
668 ¹-li və 5-ci proqramının 2-ci cildi mətnindəki
yolların daxiliyyə nəzarəti əmrinə tabe qismini bəyan
etmiş olan maddə dəxi gərək rədd olunsun. 3-cüsü isə komisyondan bir neçə
üzvlər bəyan edirlər ki, bu ştat azdır. Bu səbəblə ştat müvəqqəti
götürülmüşdür. Və
bir də məvacibləri hal-hazırda olan
qulluqçuların məvacibləri ilə münasib surətdə
təyin edilmiş olduğundan ümumə təzyidi-maaş
olduğu zaman bunların məvacibləri ümumi üsul
üzərinə artırılmalıdır.
Soltan Məcid Qənizadə - Rusiyada
köhnə qanun üzrə bütün quru yollar daxiliyyə
nəzarətinin idarəsində idi. Nəzarət
bu yollarda xərc etmək üçün təxsis etdigi
pulları məmurlar xüsusi ciblərinə qoyar, yolların
təmiratını sırf cəmaətin üzərinə
yükləyərək işlədirlərdi. Öylə zaman olurdu ki, axırda cəmaət getmək
istəməz və hətta getməz idi. Bunun
barəsində bir çox şikayətlər vaqe oluyor,
yıxılan və pozulan yollar uzun zaman təmir olunmaz da
işlər cığırından çıxar mürur və
ibur azalırdı və əhali çox-çox məşəqqət
çəkər idi. Əlbəttə bu
bizdə olmayacaqdır. Ştat ədalətli
olacaqdır. Ştat üçün
lazım gələn pul buraxılacaqdır. Amma hankı nəzarətə buraxılsın,
daxiliyyə, yoxsa təriq və məabir nəzarətinəmi?
Bu xüsusu bir az izah etmək
lazımdır. Bəncə yolu tikməkdən ziyadə
saxlanması müşküldür. Yəni
mövcud yolları təmirdən daha ziyadə
pozulmamasını təmin etməkdir. Əksərən
mövsümlərdə yağışlar yağar, sel gələr,
körpü uçar, bu pozuqluqları təmir
üçün çox qüvvə lazımdır. Yol
pozulduğu kibi haman adamlar
çağırıb yolu təmir etmək, düzəltmək
icab edər. Yola həmişə diqqət
lazımdır. Bən zənn edirəm ki,
bu işləri dəmiryol nəzarəti vəqtində
bacarmaz. Zira dəmiryol nəzarəti bu
yollardan çox uzaqdır. Biləks bu qara
yollarının işi daxiliyyə nəzarətinə
yavuqdur. Bu məbləğ gərək dəmiryolu
nəzarətindən götürülüb daxiliyyə nəzarətinə
verilsin, yəni quru yollar ştatı üçün
götürülmüş təxminən 700 min rublənin dəmiryol
nəzarəti ixtiyarına verilməsi yuxarıda ərz
etdigim səbəblərə görə bir nəticə verməyəcəkdir.
Dedigim odur ki, o məbləğ gərək
daxiliyyə nəzarəti ixtiyarına verilsin və quru yollar
da daxiliyyə nəzarəti idarəsində olsun.
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
525-ci qəzeti.- 2017.-22
aprel.- S. 21.