Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
1775-ci ilin mayında
Filadelfiyada İkinci Kontinental konqress keçirildi.
Konqressdə Corciyadan
başqa, bütün koloniyaların nümayəndələri
iştirak edirdi. Onlar birgə tədbirlər görmək
barədə razılığa gəlməli idilər.
Leksinqtondakı və
Konkorddakı döyüşlərin təcrübəsini nəzərə
alaraq, onlar Corc Vaşinqtonun komandanlığı altında
öz ordularını yaratmağı qərara aldılar. Hamı hələ də
koloniyaların Britaniya taxt-tacına məxsus olmasını
qeyd etsə də, konqressin radikal qanadı koloniyaların
müstəqilliyə can atdığına görə
özünə daha çox tərəfdar qazandırdı.
Bundan bir il əvvəl keçirilən birinci Konstitusyon Konqressdə isə koloniyalara
gətirilən malların bütünlüklə boykot edilməsi
barədə razılığa gəlinmişdi.1774-cü ildən
Şimali Amerikada yaşayan Britaniya publisisti Tomas Peyn “Sağlam
düşüncə” adlı pamfletini nəşr
etdirmişdi. Məqalədə xalqın suvereniteti ideyası
ifadə olunur və Britaniya koloniyalarının müstəqilliyə
can atması əsaslandırılırdı. Kitabın
tirajı 500.000 nüsxədən yuxarı idi - o, metropoliyadan
müstəqillik əldə etmək barədəki daha
aydın səslənən tələblə
çıxış edən kütlənin əhvali-ruhiyyəsini
əks etdirirdi. Peyn siyasi və dini
azadlıq əleyhinə monarxiya Avropasını tərk edənlərin
hamısına Şimali Amerikanın sığınacaq verməsini
yüksək qiymətləndirirdi. Peynin
fikrinə görə, Amerika dünyanın yeganə qitəsidir
ki, orada adamlar azad, istismarsız və zorakılıqsız
yaşaya bilərlər, lakin həm də yalnız koloniyaların
Böyük Britaniyadan müstəqilliyi onların azadlıq
hüquqlarına qarantiya verə bilərdi.
Böyük Britaniya
Şimali Amerikadakı üsyan qaldırmış koloniyalara
qarşı təkcə siyasi və hərbi metodlarla deyil, həm
də iqtisadi metodlarla mübarizə aparırdı. 1776-cı il
martın 1-dən Yeni İngiltərə koloniyalarına
qarsı ticarət embarqosu tətbiq edildi.
Britaniya hökuməti bu tədbiri
ilə koloniyaların mal idxalına və ixracına mane olmaq
məqsədini güdürdü. İstiqlaliyyət
müharibəsi 1775-ci ilin aprelində başlanana qədər
Şimali Amerika yaşayış məntəqələri
Böyük Britaniyanın iqtisadiyyatında böyük rol
oynayırdı. Hələ 1740-cı ildə Şimali
Amerika ilə ticarətin həcmi 9,5 milyon
funt sterlinq təşkil etmişdi, koloniyaların illik
ümumi məhsulu isə, demək olar ki, 3,7 milyon funt sterlinq
idi.
İngilis silahlı qüvvələri
ilə Corc Vaşinqtonun amerikan milis dəstələrindən
ibarət qoşunu arasında açıq münaqişə
bağladıqdan bir il sonra bir neçə
ay amerikan milis dəstələri ingilislərin mühasirədə
saxladığı şəhəri tutdular. Bu,
amerikanların Leksinqtondan sonra ikinci mühüm hərbi
uduşu idi.
Bu qələbələrə
baxmayaraq, ingilisləri şəhərdən çıxarmaq
elə də asan məsələ deyildi. Bu cəhdi
amerikan qoşunlarının baş komandanı Corc
Vaşinqton etdi. İngilislər isə
yaxşı silahlanmış və hazırlıqlı professional
qoşunlara malik idi. Onlara bir sıra hindu
tayfaları və krala sədaqətli qalan kolonistlər dəstək
göstərirdi. Vaşinqtonun isə öyrədilmiş
əsgərləri, döyüş sursatı, pulu və ərzağı
çatışmırdı. Yerli milis dəstələri
əsasında yaradılmış onun ordusunda vahid
komandanlığı həyata keçirmək, demək olar
ki, mümkün deyildi. Həmin ili,
müstəqilliyin elan edilməsindən bir neçə həftə
sonra ingilislər Nyu-Yorku götürdülər və
Uayt-Pleynzdə amerikan qoşunları üzərində qələbə
çaldılar.
İkinci Kontinental konqressin
Amerikanın Böyük Britaniyadan ayrılması zərurəti
haqqındakı qərarından iki gün sonra Şimali
Amerikanın 12 koloniyası, əsas müəllifi Tomas
Cofferson olan “İstiqlaliyyət Deklarasiyasını” qəbul
etdi. On üçüncü koloniya olan Nyu-York
bir neçə gün sonra onlara qoşuldu. Filadelfiyada keçirilən konqressin 55 nümayəndəsinin
hamısı dövlət müstəqilliyi haqqında sənədi
imzaladı. 13 köhnə ingilis
koloniyası Amerika Birləşmiş Ştatları əmələ
gətirdilər. Onlar yeni dövlətin
müstəqilliyini tanımağı tələb etdilər.
Bu dövlət “Müharibə aparmaq, sülh
bağlamaq, ittifaq münasibətlərinə daxil olmaq, ticarət
kontaktları qurmaq və digər fəaliyyəti həyata
keçirmək hüququna və imkanına malikdir, bunlar isə
hüquq əsasında müstəqil dövlətlərə
məxsusdur”.
İstiqlaliyyət Deklarasiyasında
deyilirdi ki, “Biz aşağıdakı həqiqətlərin
aydın olduğunu hesab edirik: bütün insanlar bərabər
yaranmışlar və onların hamısı öz
Yaradanı tərəfindən anadangəlmə və
toxunulmaz hüquqlara yiyələndirilmişdir, onlara həyat,
azadlıq və xoşbəxtliyə can atmaq daxildir”.
Amerika Birləşmiş
Ştatlarının istiqlaliyyət uğrunda mübarizəsi
Avropadan, Vaşinqton ordusunda vuruşmağa can atan çox
sayda könüllüləri cəlb edirdi. Onların
hərbi istedadı və taktiki priyomları bilməsi
Şimali Amerika qoşunlarının uğuruna köməklik
göstərirdi. Almaniyadan keçmiş Prussiya zabiti
Fridrix Vilhelm fon Şteyben gəlmişdi.
O, Vaşinqton ordusunda general-mayor rütbəsində baş
inspektor olmaqla qoşunların öyrədilməsinə və
formalaşdırılmasına cavab verirdi. Axı
amerikan əsgərləri kifayət qədər öyrənilməmişdilər
və təcrübəli komandirlərə malik deyildilər.
Vaşinqtona öz vəsaitləri
hesabına kömək göstərməyə fransız
markizi Mari Jozef de Lafayet və polyak zabiti Tadeuş Kostyuşko
gəlmişdi. Onlar amerikan qoşunlarında böyük
nüfuz qazandılar və Şimali Amerikanın müstəqilliyinin
müdafiəsində mühüm rol oynadılar. Lafayet
vətəninə qayıtdıqdan sonra fransız inqilabının görkəmli
nümayəndələrindən biri oldu. Kostyuşko
isə 1794-cü ilə Polşada azadlıq üsyanına
başçılıq etdi.
Şimali Amerikanın
müstəqilliyi uğrunda mübarizədə Vaşinqton
ordusu uğur qazanmağa başladı. 1777-ci ildə
İngilislər ağır məğlubiyyətə
düçar oldular. General Con Burqoynun
ingilislərdən, almanlardan, loyalistlərdən və
hindulardan ibarət olan 5 minlik ordusu təslim oldu. Lakin ilk
uğurlarından bir az sonra xoş hərbi
tale amerikanları tərk etdi.
Lakin müharibənin
gedişində Birləşmiş Ştatlar böyük
xarici siyasi müvəffəqiyyət əldə etdilər. ABŞ-ın
Fransadakı nümayəndəsi, görkəmli
inqilabçı və alim Bencamin Franklin Fransanın xarici
işlər naziri qraf de Verjenlə birlikdə ittifaq və
ticarət haqqında müqavilə imzaladı. Fransa ABŞ-a maliyyə, iqtisadi və hərbi
kömək göstərməyi, ABŞ-ın
“azadlığını, müstəqilliyini və
suverenliyini” müdafiə etməyi, Böyük Britaniya
Şimali Amerika koloniyalarının müstəqilliyini
tanımayana qədər silahı yerə qoymamağı vəd
etdi. Müqavilə Fransanın ticarətdə
və müstəmləkələr uğrunda mübarizədə
başlıca rəqibi olan Böyük Britaniya ilə
müharibəyə girməsi demək idi. Bundan sonra 1778-ci ilin fevralında Böyük Britaniya
Fransaya müharibə elan etdi. Floridanı almağa can
atan İspaniya da Böyük Britaniyaya qarşı müharibəyə
girdi, çünki ingilislər Gibraltarı ona qaytarmaqdan
imtina etdilər. Müharibə əsasən dənizdə
gedirdi. Amerikan qoşunları tərəfdə vuruşan fransızlar
üçün Vest-İndiada öz koloniyalarını
qorumaq mühüm vəzifə idi. Fransız
donanmasının köməyi ilə Corc Vaşinqton
İorktaun yaxınlığında 1781-ci ildə həlledici
qələbə çaldı. İngilislər
isə dəniz döyüşündə 1782-ci ildə qələbə
çalıb, Vest-İndiada itirdiyi adaların əksəriyyətini
özünə qaytardı.
Yorktaun
yaxınlığındakı döyüş şəhərin
üç həftəlik mühasirəsindən sonra ingilis
qoşunlarının təslim olması ilə başa
çatdı.
General Çarlz Kornvallisin komandanlığı
altında 8.000 ingilis əsgəri 16.000 kolonistlərə və
onların fransız müttəfiqlərinə qarşı
vuruşurdu. İstiqlaliyyət uğrunda
müharibə beləliklə yekunlaşdı, bu müharibə
1775-ci ildən gedirdi. Böyük Britaniya
öz məğlubiyyətini etiraf etməli oldu. Londonda
hökumət böhranı baş verdi.
Müharibənin belə nəticələnməsi
gözlənilməz idi. Kornvallisin qoşunları 1781-ci ilin
yayında Virciniyanın bütün ərazisinə nəzarət
edirdi. Amerikanlar belə bir şəraitdə
yalnız fransızların köməyilə uğur qazana bilərdilər.
Vaşinqton admiral de Qrassenin
fransız donanmasının kolonistlərə kömək
göstərmək üçün gəlməsini
eşitdikdə döyüşə başladı. Kornvallisə
də ingilis donanması kömək etməli idi. Çesapik körfəzindəki Henri burnu
yaxınlığındakı dəniz döyüşündə
fransızların qələbəsi onun planını pozdu.
İngilislər ümidsiz vəziyyətdə
idilər, onlar dənizdən və qurudan mühasirəyə
alınmışdılar və axırda təslim oldular.
Danışıqlar iki il davam etdi və nəhayət, Parisdə 3
sentyabr 1783-cü ildə sülh bağlandı. Eyni vaxtda Versalda bir tərəfdən Böyük
Britaniya, digər tərəfdən isə Fransa və
İspaniya arasında sülh imzalandı.
Danışıqlar nəticəsində Böyük Britaniya
Floridanı İspaniyaya verdi, Fransa isə
Afrikada Tobaqo və Seneqalı aldı. Böyük
Britaniya rəsmi qaydada Amerika Birləşmiş
Ştatlarını tanıdı.
Getdikcə köhnə
metropoliya ilə yeni müstəqil dövlət arasında
münasibətlər normallaşırdı. Lakin 13
koloniyanın müstəqillik uğrunda azadlıq mübarizəsi
Böyük Britaniyanın mövqelərinə ağır zərbə
vurdu. Merkantilizm iqtisadi siyasəti müstəmləkələri
metropoliya ilə sıx bağlayırdı və kolonistlərin
buntu Avropa dövlətləri arasındakı ziddiyyətlərin
müstəmləkələrin ərazisinə keçirilməsinin
nəticəsi idi. Ümumiyyətlə
götürdükdə isə Böyük Britaniya ilə
münaqişə dərin siyasi və iqtisadi səbəblərə
malik idi. 4 iyul 1776-cı ildə
İstiqlaliyyət Deklarasiyasının, 17 sentyabr 1787-ci ildə
isə Amerika Birləşmiş Ştatları
Konstitusiyasının qəbul edilməsi həlledici ideya və
siyasi əhəmiyyətə malik oldu. Konstitusiyada
ilk dəfə insan haqları haqqında maddələr toplumu
qanunvericilik qaydasında möhkəmləndi.
Konstitusiyanın mühüm
maddələri hakimiyyətlərin icra, qanunvericilik və məhkəmə
hakimiyyətinə bölünməsini nizamlayırdı. Onlar bir-birindən
asılı olmayan, qarşılıqlı nəzarəti həyata
keçirən orqanlarla təmsil olunurdular.
Dövlətin icra hakimiyyətinin
başçısı, silahlı qüvvələrin baş
komandanı prezident idi. O, Konqressin qərarına veto qoymaq hüququna malik idi. Nazirlər Kabinetini təşkil edirdi. Prezidentin idarəçilik müddəti dörd ildən
ibarət idi.
Qanunvericilik hakimiyyəti
Konqressin səlahiyyətində idi, bu, Senatdan və Nümayəndələr
Palatasından ibarət idi. Konqress vergiləri təsdiq
edir, ayrı-ayrı ştatlar arasında ticarəti
nizamlayır və müharibə elan edirdi. Nümayəndələr Palatasının üzvləri
birbaşa (müstəqim) səsvermə ilə iki illiyə
seçilirdi, onların sayı bu və ya digər
ştatın sakinlərinin sayından asılı idi.
Onlar 25 yaşdan cavan olmamalı, daim seçildiyi ştatda
yaşamalı və 7 ildən az olmayaraq
ABŞ vətəndaşı olmalı idi. Hər ştatdan
iki senator seçilirdi və onlar öz vəzifələrini
6 il müddətində icra edirdilər. Hər iki ildən bir senatorların üçdə
birinin seçkisi keçirilirdi ki, hakimiyyətin vərəsəliyi
təslim edilsin. Senat qanunların qəbul
edilməsini öz üzvlərinin üçdə ikisi səs
verənə qədər boykot edə bilərdi.
Məhkəmə hakimiyyəti
Ali Məhkəmənin səlahiyyətində idi, federal əhəmiyyətli
məsələlərdə isə aşağı məhkəmələr
və ştat məhkəmələri üçün
apellyasiya instansiyası kimi də fəaliyyət göstərirdi.
1789-cu ilin aprelində
elektorlar yığıncağı Corc Vaşinqtonu yekdilliklə
ABŞ-ın birinci prezidenti seçdi, o, kolonistlər ordusunun
baş komandanı kimi xidmət etmişdi. Vitse-prezident vəzifəsinə
federalist Con Adams seçildi. Vaşinqtonun
təklifi ilə xarici siyasət, ordu, maliyyə və ədliyyə
məsələləri üzrə departamentlər (nazirliklər)
yaradıldı. O, təkid edirdi ki, departament rəhbərlərinin
təyin olunması və istefaya göndərilməsi
hüququ yalnız prezidentə məxsus olmalıdır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-
2017.-22 aprel.- S.20.