Modern bədii düşüncənin imkanları: qazax yazıçısı Rollan Seysenbayev

 

Qazax ədəbiyyatı dedikdə bizim nəslin yadına öncə Abay Kunanbayev düşür, ona görə ki, milli ədəbiyyatın simvolu olmaqla yanaşı, dərsliklərdə, ədəbi əlaqələr müstəvisində həmişə onun adı çəkilib.

A.Kunanbayevin humanist və bəşəri poeziyası milli bədii düşüncəni uzun müddətdir ki, dünya arenasında ləyaqətlə təmsil edir. Lakin otuz ildən çoxdur ki, Azərbaycan ədəbi prosesində Oljas Süleymanov fenomeni də mövcuddur; Azərbaycan oxucusu O.Süleymenovun şəxsiyyəti və əsərləri ilə yaxşı tanışdır. Onu həmişə daha çox özümüzə doğma saymış, əsərlərini dönə-dönə nəşr etmişik. Elə “Az i ya” əsəri 80-ci illərdən bəri bir neçə dəfə çap edilib və geniş oxucu kütləsinin formalaşmasında önəmli rol oynayıb. Bu hamıya bəllidir. Ancaq O.Süleymenovdan sonrakı nəslə mənsub olan qazax yazıçı və şairlərindən kimləri tanıyırıq?! Son illərdə hansı qazax yazıçı və şairi dilimizə tərcümə edilib?!

Doğrusu, bizim ədəbi mühitdə qazax ədəbiyyatı o qədər də görünmədiyi kimi, Qazaxıstanda da Azərbaycanın müasir yazarlarını çox az tanıyırlar. Bir sözlə, belə bir tanımazlıq, çox təəssüf ki, qarşılıqlıdır. Hətta adama elə gəlir, Sovet dönəmində bu iki xalq bir-birilə daha sıx əlaqə saxlayır, ədəbiyyatlarını, mədəniyyətlərini daha sanballı şəkildə tanıdırdılar. Yazıçı-tərcüməçi N.Əbdülrəhmanlı ilə Qazaxıstana Əl-Fərabi adına Milli Universitetində keçirilən “IV Əl-Fərabi və müasirlik” forumu və universitetdə doktorant dissertantlara mühazirəyə dəvət almağım, həm də bir neçə gün də olsa, oranın ədəbi mühiti ilə tanışlığım çağdaş qazax ədəbyyatının nümayəndələrindən bir neçəsi ilə təmas qurmağıma imkan yaratdı. Şadam ki, görkəmi nasir, dramaturq və ictimai xadim Rollan Şeken oğlu Seysenbayevlə bir neçə dəfə baş tutan görüşümüzdə onu daha yaxından tanıdım, yaradıcılığı, əsərləri ilə tanış oldum. İndiyədək Azərbaycan oxucusunun belə bir yazıçı-dramaturqu tanımamasını xalqlarımızın çağdaş ədəbi əlaqələrinin passivinə yazdım. Görünür, indiki məqamda şəxsi münasibətlər də zəifdir ki, dünyada tanınan yazıçının hələ sanballı bir əsəri (N.Əbdülrəhmanlının “Ata həsrəti, yaxud Dünyanın dağıldığı gün” romanından bir hissə tərcüməni nəzərə almasaq) dilimizə çevrilməyib. Ona görə də bu yazıçı ilə Azərbaycan oxucusunu tanış etməyi özümdə bir ehtiyac hiss etdim.

Rollan Seysenbayev 1946-cı il oktyabrın 9-da Qazaxıstanın Semipalatinsk şəhərində dünyaya gəlib,1964-cü ildə Almatı Politexnik İnstitutunun Geofizika fakultəsinə daxil olub, bir il sonra Semipalatinsk Texnoloji İnstitutuna dəyişilib, orada vilayət tələbə inşaat dəstəsinin ilk komandiri kimi fəaliyyət göstərib, üstəlik, sərbəst güləş üzrə dəfələrlə respublika çempionu və SSRİ idman ustası adını qazanıb. İnstitutu bitirdikdən sonra (1969) jurnalistika sahəsində və vilayət komsomol komitəsində çalışıb, lakin ədəbiyyata marağı onu M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ali ədəbiyyat kurslarına gətirib çıxarıb (1975-1977). Burada görkəmli Sovet yazıçısı Georgi Markovun dəvəti də böyük rol oynayır. Elə o vaxtdan Moskva ədəbi mühitinə düşüb. 1975-1991-ci illərdə SSRİ Yazıçılar İttifaqının qazax ədəbiyyatı üzrə məsul katibi işləyib.

Qazaxıstan müstəqillik qazandıqdan sonra Rollan Seysenbayev sərbəst yaradıcılıqla məşğul olub, “Uşaqlar - kimyəvi sınağın qurbanı” fondunu təşkil edib (1992). Bir müddət (1994-1996) Respublika Prezidentinin məsləhətçisi işləyib. 1994-cü ildə San-Fransiskoda Ümumdünya İncəsənət və Mədəniyyət Akademiyasının akademiki seçilib. 1995-ci ildə Londonda “Abay evi” müstəqil mədəniyyət mərkəzini açıb, “R.S.” (Rollan Seysenbayev) nəşriyyat evini yaradıb. Nəşriyyat “Abay Klubu”nun kitablarını nəşr və təbliğ edir. 2000-ci ildə isə Semipalatinskdə “Beynəlxalq Abay klubu”nun əsasını qoyub və “Amanat” dünya jurnalını təsis edib. Rus, ingilis və qazax dillərində dərc edilən jurnalda dünyanın müxtəlif yazıçı və şairləri dərc edilir. Bu jurnal qazax ədəbiyyatı və mədəniyyətini dünyaya çıxaran nüfuzlu nəşr orqanıdır. Jurnalın 200 cildlik dünya ədəbiyyatı nəşrini də böyük mədəni uğur saymaq olar. R.Seysenbayev hazırda Əl-Fərabi adına Milli Universitetdə Dünya Ədəbiyyatı İnstitutunun direktoru kimi fəaliyyət göstərir.

R.Seysenbayevin son illərdə bir çox ölkələrdə, o cümlədən, qardaş Türkiyədə (həmyerlimiz Arif Acaloğlunun tərcüməsində) bir çox əsərləri (“Qaçış”), həm də Abayla bağlı kitabları nəşr edilib. Elə institutdakı kabinetində başının üstündən nəsil şəcərəsinə mənsub olduğu böyük Abayın iri portreti asılıb. R.Seysenbayev Abayı çox sevir, hər yerdə onu tanıtmağa və yaşatmağa çalışır, ona qohumluğu çatdığını da gizlətmir.

Yazıçı-dramaturq R.Seysenbayev bədii yaradıcılığa hekayə ilə başlayıb və birdən-birə qazax ədəbi mühitində parlayıb, necə deyərlər, böyük yazıçılığa doğru çox qısa bir yol keçib. Onun bənzərsiz hekayələri ilə, demək olar ki, qazax xalqının bir neçə gənc nəsli böyüyüb. Moskva ədəbi mühitində yaşamasının da, görünür, bunda müəyyən payı var. 1967-ci ildən yaradıcılığa başlayan R.Seysenbayevin povest və hekayələrdən ibarət ilk kitabı “Yanğı” 1975-ci ildə Alma Atıda nəşr olunub. Bir neçə il sonra isə “Molodaya qvardiya” nəşriyyatı rus dilində Danil Qraninin ön sözü ilə “Birinci qar” kitabını nəşr edib (1978). Kitabda onun müxtəlif mövzularda qələmə aldığı “Şənbənin sonu”, “Parik”, “Otello” və s. əsərləri toplanıb. Həmin hekayələr özünün həyatiliyi, realizmi, komik situasiyası, şəhər həyatının son dərəcə orijinal təsviri ilə yadda qalır. D.Qranin ön sözdə onu belə xarakterizə edir : “R.Seysenbayev nəsrində son dərəcə dərin millilik vardır, onun əsərlərində qazax qəhrəmanları bütün özünəməxsusluqları, milli xarakteri, ənənəsi ilə yaşayır və fəaliyyət göstərir”.

R.Seysenbayevin ikicildlik “Əgər yaşamaq istəyirsənsə” və “Heçliyə pilləkən” əsərləri ilə onu daha geniş oxucu kütləsi tanıyıb. Yazıçının məşhur əsərlərindən biri isə “Şeytan taxtı”dır. O illərin gənclərinin mənəvi təbəddülatlarından bəhs edən bu roman yalnız onun deyil, bütövlükdə dövrün ədəbi arealının hadisəsi idi. Yazıçı əsərin yazılmasına beş il vaxt sərf edib. Lakin roman yazıldıqdan sonra yeddi il müddətində işıq üzü görməyib və yalnız 80-ci illərin sonlarında respublikada 400 min tirajla çap olunub. Moskvada isə roman eyni zamanda iki nəşriyyat tərəfindən böyük tirajla nəşr edilib, bundan sonra dünyanın bir çox dillərinə tərcümə olunub. “Şeytan taxtı” çox qısa müddətdə ölkə xaricində - Almaniya Federativ, Almaniya Demokratik respublikaları, Finlandiya, Bolqarıstanda və b. ölkələrdə nəşr edilib. Romanla bağlı yazıçıya yüzlərlə məktublar gəlib. Sonralar yazıçı nəşrlərin birinə müsahibəsində romanı xatırlayaraq deyirdi: “Şeytan taxtı” romanını yazanda başa düşdüm ki, Sovet İttifaqında həqiqət yoxdur, ya özünü asmalı, ya da ölməlisən. Bax, romanı yazanda bu vəziyyətdə idim. Yazdıqdan sonra sanki azadlığa çıxdım... İndi heç kəsdən asılı deyiləm, qoy hamı yaşasın, qoy yazsınlar, qoy sevinsinlər, qoy içsinlər, qoy çəksinlər. Mən azad oldum...”

1987-ci ildə Moskvanın “İzvestiya” nəşriyyatı Rollan Seysenbayevin üç povest və ondan çox hekayələrindən ibarət “Dekabr günləri” kitabını nəşr edib. Əsərin qəhrəmanları müxtəlif peşə adamlarıdır, hadisələrdə isə şəhər, qəsəbə və aul həyatının özünəməxsus təsvirləri yer alıb. Yazıçının “Səhrada dolaşan ölülər”, “Ata həsrəti, yaxud dünyanın dağıldığı gün” romanlarında çağdaş dünya, mənəvi problem və atom fəlakəti ilə üz-üzə qalan cəmiyyət özünəməxsus şəkildə təsvir edilir.

R.Seysenbayev azadlığı və yazıb-yaratmağı, qurmağı sevən insandır. O, yeddi il İngiltərədə yaşayıb, şəxsi hesabına Londonda “Abay evi” açıb. Burada eyni zamanda “Səhrada dolaşan ölülər” romanını ingilis dilində nəşr etdirir. Roman İngiltərənin ən yaxşı romanı adına layiq görülür. Böyük rus yazıçısı Anatoli Kim onun haqqında yazır: “Rollan Seysenbayev Prometey kimi ağıl közünü qoruyub saxlayır. O, özünü qorumur, ancaq bu mərdliyi ilə öz xalqının mədəniyyətini, ədəbiyyatını qoruyur. Belə yaradıcılıq azdır. Qazaxıstanda isə yeganədir. O, təkrarolunmazdır”.

R.Seysenbayev görkəmli yazıçı olmaqla yanaşı, həm də yorulmaz ictimai xadimdir. Onu həm də son illərdə cəmiyyətdə gedən proseslər düşündürüb, yeri gəldikcə o proseslərə öz münasibətini bildirib. Bunda da qətiyyən çəkinmir, çünki buna bir vətəndaşlıq missiyası kimi baxır. O, bu gün dünyada gedən hərbi prosesləri vicdanın aşınması ilə əlaqələndirir və bütün səbəbləri bunda görür. Özü də baş verən faciəni yalnız milli coğrafiya ilə məhdudlaşdırmır, bütün dünyaya aid edir. Yazıçı “Ekspress K.” nəşrinə müsahibəsində deyir: “ Üçüncü dünya barədə bütün dillərdə kitablar mövcuddur. Əgər meksikalıların, yaxud afrikalıların kitablarını oxusanız, dərhal hansı model əsasında inkişaf etdiyimizi hiss edərsiniz. Amma bizdə bu barədə, əlbəttə ki, danışmırlar, çünki ölkə irəli gedir, haqqında yaxşı danışılmasını istəyir. Amma daim yalan içində yaşamaq dəhşətli şeydir. Ona görə də gələcək naminə nə xalq, nə dövlət yalan içində yaşamalıdır. Xalq - böyük xalq olduğunu, öz taleyini özü həll etmək iqtidarının mövcudluğunu bilməlidir ki, kapitalizm yarışı şəraitində sıxıntı çəkməsin. Bu irəli getməyə kömək edər”.

Bir neçə il əvvəl R.Seysenbayev Abayın şeirlərini ingilis dilində nəşr etdirib və bir nüsxəsini Roma papası II İohan Pavelə göndərib. Bir həftə sonra gözlənilmədən II İohan Paveldən cavab gəlib. Məktubda Abayın ağlı və istedadı haqqında xoş sözlərlə yanaşı, yazıçı İtaliyaya dəvət edilib. O, üç gün Vatikanda qalıb, nəhayət, dördüncü gün gecə saat 2-yə II İohan Pavel ona görüş təyin edir. Bu vaxt Papanın sonuncu duası başa çatırmış. R.Seysenbayev yazır: “Yalnız ən böyük insanlar Allahla birbaşa danışmaq gücünə malikdir. Bu son dərəcə gərgin an idi. Belə düşünürəm ki, II İohan Pavel Allahı eşitdi. Onun baxışları və fikirləri məndə bu fikri yaratdı”.

Görüş təyin ediləndə əvvəlcə Rollan Seysenbayevə iyirmi dəqiqə vaxt verilibmiş, onlar saat yarım söhbət ediblər. Köməkçisi Papanın yorulması səbəbindən söhbətin yekunlaşdırılmasını istəyir, ancaq II İohan Pavel ona deyir: “Yox, mən yorulmamışam, daha 15 dəqiqə vaxt ver”. Sonra onlar daha yarım saat da söhbət edirlər. Nəhayət, ayrılırlar, ancaq Rollan Seysenbayev səhərə qədər bu görüşün təsiri altında qalaraq yata bilmir və həmişəlik bu böyük insanın qəlbində yeri olduğunu, bu görüş üçün ona duaçı olacağını düşünür.

Rollan Seysenbayevlə Almatıda bir həftə ərzində bir neçə görüşümüz oldu. Hər dəfə onun necə böyük intellektə malik yazıçı və ziyalı olduğunu yəqin etdim. Həyat yoldaşı Klara Serikbayeva nasaz olduğuna görə, görüşə bilməsək də N.Əbdülrəhmanlı, Maqomed Əhmədov və mənimlə telefon əlaqəsi saxladı. O, bizimlə türkcə, həm də çox gözəl danışırdı. Bizdən “Koroğlu” dastanını, Qaracaoğlan şeirlərini istədi, N.Əbdülrəhmanlı mütləq göndərəcəyini vəd etdi. Klara Serikbayeva on yeddi dil bilir, məşhur tərcüməçidir. Hələ Sovet dönəmində böyük qazax aloşardinlərini, Abayı, Şahkərimi, Muxtar Auezovu rus dilinə tərcümə edib, ingilislərin xahişi ilə Quranı ingilis dilinə çevirib. Klara Serikbayeva həm də Quranı əzbər bilməsi ilə məşhurdur. O, dünyanın məşhur məscidlərinə ayaq basanda, imamlar yol verib “budur, Quranı əzbər bilən qazax qızı gəldi”, - deyə hörmət göstərirlər.

Almatı səfəri gözəl təəssüratlarıyla yanaşı, yaddaşımda bənzərsiz bir insan və yazıçı Rollan Seysenbayevlə də qalacaq. Əminəm ki, yaxın vaxtlarda dilimizdə onun əsərlərini də oxuyacaq və sevəcəyik.

Bakı-Almatı-Bakı, aprel, 2017-ci il

 

Bədirxan ƏHMƏDOV

 

525-ci qəzet.- 2017.- 22 aprel.- S.19.