Dəlidən duyuq atlar...

 

Qaracanı bağçanın ortasında ağacların arasındakı kiçik talada hörükləyib özüm də bir qıraqda durmuşdum. Qaraca Səməndərin balası, Tufanın da bacısıdır.

İndilərdə onlardan ayrı düşən Qaraca başını qaldırmadan iştahla otlayır, birnəfəsə yamyaşıl otlardan qırpdıqca dişlərinin arasından aramla fısıldayan ərə səsini xatırladan səsinə qulaq verirdim. Daha doğrusu, ötənlərdən qulaqlarıma tanış olan yaxşı kişilərin biri alt, biri də üst qatda ayaq üstə duraraq güclü qolları ilə ahənglə endirib qaldırdıqları, nəhəng palıd, fıstıq ağaclarını əridib muma yox, çöpə, lap düzü taxtaya, şalbana döndərən ərə ahənginə uyğun səsinə dinşək kəsilmişdim.

Arabir belə “seyrangahlara” güzarım düşəndə mənə yol yoldaşlığı edən Səbuhi də yanımdaydı. Səbuhi subay kişidir. İndiyəcən iki dəfə evlənib. Birinci nikahından iki övladı - bir oğlu, bir qızı var. İkinci nikahından isə övladları olmayıb. İkisindən biri uşağacan dözməyiblər, ayrılıblar...

Əvvəllər ecgahan vaxtlarımızda Aydınla - Aydın Tağıyevlə çox yoldaşlıq edərdik. O zamanlar kişinin boş vaxtları gen-bol idi, Peşə məktəbində psixoloq işləyirdi. İndi az-az görüşürük. Aydın müəllimə təzə vəzifə tapşırıblar, işi çoxalıb, əl vermir, vaxtı olmur. Biz də Səbuhi ilə birtəhər yola gedirik. Həm də Aydın müəllimin yeri kitabxanadı, qiraətxanadı, mətbuat yayımı, qəzet redaksiyasıdı. Onun nə işi var Qaraca ilə mənim yanımda...

Bu bəstəboy kişi - Səbuhi yaxşı adamdı. Söz eşidəndi, əlindən də hər iş gəlir, bənnalıqdan tutmuş xarratlığacan; suvaqçılıqdan tutmuş qaynaqçılığacan... İşıq, su çəkmək kimi işlər isə onun yuxarıda sadaladığım böyük işlərin qarşılığında, ustalığının yanında bir uşaq oyuncağı, əyləncədir. Bu kişidə tamah adlı şey də yoxdur. Bir il sərasər “Murtuzəli” kimi nainsafın biri üçün işləyə; divar hörə, tavanı rəngləyə, dama kirəmid düzə, suvaq vura, lap metlax döşəyə -insafın yol verib bu qədər işin müqabilində bir abbası verməsən belə yenə də dinib-danışmaz, diləy-dəzgahını yığıb gəzdirdiyi dəmir qapaqlı, polad çərçivəli çamadanını əlinə alıb, lal-dinməz yoluna düzəlib çıxıb gedər. Bu adam dünyasında  haq-baha etməz, qiymət qoyub görəcəyi işi zay edib gözdən salmaz.

Səbuhi kasıbdı ha, ancaq əsl aqillər, üləmalar deyən kişilərdəndi. Nəfsi ilə cihad etməyi bacarır. Bu keyfiyyətlərə malik bəndələrin də yeri cənnətdir, deyiblər, deməli, Səbuhi də indidən cənnətin tən ortasındadır. Kişi o qədər nəfsinə ağadır ki, min bir həvəslə, öz əlləri ilə tikdiyi təzə evinin qapısından o son evlilikdən sonra hələ ki, bir halal süd əmmiş içəri salmayıb. İllərdi ki, cılxa subay gəzir. Canıyananı kimi çoxdandır əlləşirəm ki, kişinin saqqızını oğurlayım... Atası-anası məlum, ədəbi-ərkanı üzündə, mərifəti-qanacağı gözündə olan birisi ilə bu dostumu nə vaxtdır baş-ayaq eləmək istəyirəm, ancaq hələ ki, niyyətimə müvəffəq ola bilmirəm.

 

***

 

Elə həmən o gün də ağacların arasındakı kiçik talada Qaracanı hörükləyib otlamağına tamaşa elədiyim yerdə qulağım atın otladıqca xartıldayıb ərə səsinə bənzər çıxardığı o səsdə olsa da, ağlım-gözüm Səbuhinin yanındaydı, yenə kişinin evlənmək söhbətini atmışdım ortaya.

- Ay Səbuhi kişi, bu nəfsi qoy bir tərəfə, evlən, - deyirdim. - Odur, elə ey o “filankəs”. Sən bir “hə” de, gedək qapısını kəsdirək, görüm necə vermirlər, -deyə həsbi-hal edir, dostumu, elə özümü də ürəkləndirirdim.

Elə bu andaca qəfildən Qaraca ürkdü, otladığı yerdə çırpınıb dartındı, fınxırıb başını qaldıraraq qarşı tərəfdəki kollara tərəf baxıb, ayaqlarını yerə döyərək dartınmağa başladı.

Atın bu halını görsəydi, buraların səliqə-səhmanına baxan Minə xala uzun bir “bismillah” deyib, yemişan ağacına bərkidilmiş süpürgəsini uzun donunun altında gizlədib bir əli də çənəsində çəkilib  kənarda durar, heyrətlə baxardı. Ancaq Minə xala gözə dəymirdi. Gün-günorta ötəndən sonra o arvadın nə işi vardı buralarda. Yəqin həmişəki kimi səhər camaat işə gələndə süpürgə əlində gözə görünmüşdü, sonra da sədası özündən xeyli tez iş yerinə yetişən, səsi Minə xalanı diksindirib tükünü ürpədən Nofəl müəllim içəri keçib gözdən itən kimi arvad da görünməz olmuşdu.

Nofəl müəllim at həvəskarıdı. Beş-altı atından biri də bu Qaracadı. Hə, onun da at minən vaxtları olub, sevənlərinin ağız dolusu “müəllim” çağırdıqları zamanlardan çox-çox əvvəl. Allah var  baş üstə, özü də yaxşı minici olub ha! Ancaq indi...

O qədər  belə işdər olur ey, bədən, can doyur, göz doymur...

Nofəl müəllimin atlarına Paşa baxır. Nofəl özü onu, Paşanı Sərkər çağırır. Əslində bu ad, Sərkər adı elə paşanın boynuna biçilən addı. Nofəl müəllim o kişiyə bu adı düz yaraşdırıb. Paşa həqiqətən çox inzibatçıdır. Nofəldən: “Dayan, Dur!” qorxusu olmasa dabandan qan alar.

Paşa üzdə bir şey deməsə də arxada deyinib:

- Bu Nofəl müəllimin işi oyundu, vallah, daha at minməyə, yəhərə qalxmağa hünəri-heyi də qalmayıb, inçəsini güclə çəkir, ancaq bunlar hələ azmış kimi gedib yenə bir at da gətirib. Guya (yox, həqiqətən), ingilis cinsiymiş, öz dilindən eşitmişəm, bəs anası da Ərəb atıdı. Canım, bu nə israfçılıqdı? Hesablamışam, bu at gündə on altı manatlıq yem yeyir. Onun gündəlik xərci, vallah, mənimkindən iki dəfə  çoxdur, - deyə tövşüyə-tövşüyə üyüdüb tökürmüş.

Sərkər Paşa tanıyıb soruşanlara söz arası bunu da deyirmiş ki, əşi, bu kişi neynir ey bu atları, biri bəsidir də. Kişi at yox ey, ilxı saxlayır, sonra da gülərək: - Ata həvəsdə Kəlbi əmisinə oxşayıb da, - deyə bir əlavə də edirmiş...

Bu Nofəl müəllim aralarında xeyli yaş fərqi olmasına rəğmən Kəlbi əmi ilə təkcə əmi qardaşoğlu deyil, həm də dost olublar axı.

Ancaq sonacan duruş gətirə bilmədi, Kəlbi əmi eləməzdi, bu Nofəl müəllim isə: - Daha hünərim yoxdu, gücüm çatmır, saxlaya bilmirəm, - deyib bu Qaracanın anası ilə qardaşını, hərəsi on bir baş qoyuna Baba dağın ətəyindəki Ruk kəndindən Baba kişi ilə əyir-dəyiş eləyir. Öyüb-öyündüyü Qarabağdan gəlmə Səməndərin uruq-turuğu indən belə dağların ətəklərində, yalında-yamacında, enişli-yoxuşlu yollarında yürüyəcək.

Nofəl müəllim üzdə özünü toxtaq göstərsə də, daxilən bu işindən razı deyildi, gözünün biri yol çəkib o biri qaşının kölgəsində gizlənə-gizlənə:

- Səməndərin yavrularından arxayın oldum, aranın şoranından, qamışın qurumuşundan, hününün diri-dişindən canları qurtardı, daha dağların yaxasından üzü yuxarı ötüb getdilər, bundan belə nə hünü görəcəklər, nə çibin biləcəklər, buz bulaqlardan içib yal belində, təpə döşündə küləkləyib ötəcəklər, - deyə özünə təsəlli, toxtaqlıq verir, beləcə “Tufandan” ayrılığın acısını gizlətməyə çalışır. “Tufan”ın cıdır yarışında çempion olanda boynunu qucaqlayıb yalından öpərək gözündən iki damcı yaş düşdüyünü özüm görmüşəm, - deyə sərkər Paşa söz salanlara beləcə qayğılanıb dərdləşirmiş.

Qərəz, at ayağını götürüb-qoyur, güc vurub hörüyü yerindən qoparmaq istəyirdi.

Atdan irəlidəki həmişəyaşıl kollarla əhatələnmiş çəpər tərəfə göz gəzdirib nəzərdən keçirərək:

- Səbuhi, mənim gözümə elə bir şey dəymir. Bir sən də diqqətlə bax, bəlkə çəpər dibində, ya kolların arasında itdən-çaqqaldan nəsə var, at niyə belə ürkdü, - deyə ətrafa bir də zəndlə nəzər salıb həmsöhbətimdən soruşdum.

O da:

- Elə bir şey gözə dəymir. - Ətrafı bir də diqqətlə süzüb: - Əşi, buralarda çaqqal nə gəzir, - dedi.

- Səbuhi, ilan olmaz? - mən bir də xəbər aldım.

Səbuhi:

- Ay müəllim, ilin bu vaxtında ilan nə gəzir. İlanların oyanmağı yazın orta ayına düşür, ona da hələ ki, bir ay var, - deyə mənə mükəmməl bir zoologiya dərsi də keçdi, hətta xırda-xırda güldü də.

- Bəs onda Qaraca nədən ürkdü, hə, sanki səbəbkar elə Səbuhiymiş,-deyə israrla soruşub dirənib durdum. Elə bil doğru-dürüst cavabı da elə o verəcəkmiş...

Qaraca sol ayağını qaldırıb zərblə yerə vuraraq başını boynu bərabəri şahə qaldırıb yaşıl çəpərin arxasından keçən yol tərəfə döyüküb kişnədi.

Elə bu məqamda atın döyükərək baxıb kişnədiyi yoldan uca boylu, başı papaqsız bir kişinin sürətlə yeriyə-yeriyə iri addımlarla bizim durduğumuz tərəfə gəldiyini, qırmızı köynəkdə caydaq bir qadının da arxadan qaçaraq ona yetişib irəli keçərək qarşısını kəsdiyini gördüm.

Qırmızı donlu qadını tanıdım. Rəna arvad idi, Malik kişinin qonşusu. Rənanın Maliklə qonşuluğunu, indiyəcən üç dəfə rəsmi nigaha girmiş o kişinin gözünün bu dul qadın Rənada olduğunu elə Səbuhidən eşitmişdim.

- Səbuhi, evlən, bax elə bu Rənayla, dəryaz da çalır, taya da qoyur, boyu da, buxunu da, namxuda öz yerində,-deyəndə Səbuhi də qayıdıb:

- Mümkün deyil, alınmaz, ay müəllim,- demişdi.

Niyəsini də soruşanda:

- Malikin gözü var o arvadda, öz ağzından eşitmişəm,-deyə məni işdən hali etmişdi.

Ucaboy, qıvraq kişi ilə Rəna arvadı yolun ortasında qoyub Səbuhiyə tərəf döndüm.

- Bu nə məsələdi, ay Səbuhi, o kişi kimdir, Rəna arvad onu niyə qovur (ardınca qaçır demədim), bəlkə sən biləsən,- deyə üzünə baxdım.

Səbuhi gülürdü, asta-asta:

- Ay müəllim, o yazıq kişi dəlidir, tanıyıram, adı da Maarifdir. Əvvəllər sap-sağlam adam imiş. Cavanlığında rusun ordusunda əsgərlik də çəkib, evlənib də, başı sonralar havalanıb,-deyə bir izahat da verdi. -Arada buralarda da görürəm. Əlində dörd girvənkəlik çəki daşı ilə gəzib-dolaşır. Bəzən piyada burdan yola düşüb ta mərkəzəcən ac-susuz, pay-piyada gedir. Ancaq kimsəyə toxunub zərər verdiyi də yoxdur.

Mən də: - Ay Səbuhi, məgər doğuluşdan, anadan gəlmə dəli olan eşidib görmüsənmi? Dəli elə sonradan-sonraya dəli olur da...- dedim. İndi o kişi əlində daş biz tərəfə gəlirdi. Rəna arvad da yəqin ehtiyat edib, qorxub ki, dəlidi də, gəlib bizə yetişib, iraq, bir xətər yetirər, sədəmə toxundurar. Elə bu niyyətlə də yəqin ki, bərai-ehtiyat ardınca yüyürüb onu yoldan qaytarmaq üçün qaçır.

Həqiqətən elə bu məqamda Rəna özünü yetirib kişini ötüb keçdi. Yanından ötəndə də nə dedisə, Səbuhinin dəli dediyi o şəxs əlini qulağının dibinə qaldırıb arvada bir əsgəri təzim edərək cəld geri döndü, elə gəldiyi kimi də sürətlə uzaqlaşıb gözdən itdi.

Özümü saxlaya bilmədim:

- Ay Səbuhi, həqiqətən sən deyəndi, bu kişi ağ dəlidi, gördün. Rəna arvadın bir sözünə necə dönüb geri getdi? Ağlı olsaydı...

Qarşılaşdığım, şahidi olduğum bu mənzərədən tamam çaşıb qalmışdım. Yəni, at uzaqdan Səbuhinin dəli dediyi o kişinin gəlişini duymuşdu?

Atların məzarlığın yan-yörəsindən ötüb keçəndə üşəndiyini,  yan-yörəsinə döyüküb fınxırdığını, dartınıb yerişini yeyinlədib tez uzaqlaşmağa güc verdiyini, tabut görəndə isə dik durub sanki baxışları ilə yol ötürdüyünü müşahidə eləmişdim. Ancaq belə halını, hələ uzaqdan üzünü görməzdən dəlinin gəlişini, yaxınlaşmasını hiss edib duyduğunu nə görmüşdüm, nə də eşitmişdim. İndi şahidi olurdum.

Məzarlıqdan ötəndə üşənib-ürüksə də at atdır, kişinin, iyidin dirisini də, ölüsünü də ancaq belində qəddini əymədən, ayağı büdrəmədən gəzdirir.

Nənəmin dilindən eşitmişdim, öz gözü ilə görüb şahidi olmuşdu. Danışırdı ki, oğlum, atdan başqa hər heyvan hər yükü daşımaz, heç daşıya da bilməz. Qırmızı papaqlılar (30-cu illərin çekistləri) əksinqilabçıdı deyib dövlətdi kişilərdən  olan Bəhmənin Sərxan oğlunu Korasıq meşəsində atışmada güllələmişdilər. Sərxanın nəşini bizim ala öküzün belində palan üstə büküb Gönçüyə, öz kəndinə apardılar. O öküz o nəşi daşıyandan sonra düzəlmədi, özünə gəlmədi, əridi-əridi, sümüyü qaldı, sonra da öldü.

Nənəm:

- At atdı, atını yaxşı saxla, bala, hünərinə güvən, -deyə bərk-bərk tapşırardı.

Qaraca isə sanki ağır bir bəlanı dəf edəndən sonra bir arxayınçılığa qovuşmuşdu, əmin-arxayın öz işində, otunu otlamaqda idi.

 

12.04.2017

 

Novruz NƏCƏFOĞLU

 

525-ci qəzet.- 2017.- 22 aprel.- S.18.