Ölümə hazır olan insan

 

Bernard Şounun “Milyonçu qadın”ı tərcümə edərkən

     

1960-cı illəri ikinci yarısında Jan-Pol Sartrın Nobel nitqi «Samizdat» vasitəsilə yayılmış (Sovet İttifaqında çap olunmayan, qadağan edilən əsrlər adi makina kağızlarında çap edilib, gizli yayılırdı) populyar yazılardan biri idi və o zaman biz – bir qrup gənc yazıçı – o çıxışı əldə edib, bir-birimizə ötürərək oxuyurduq. Bu ciddi, fəlsəfi mütəfəkkir sözü şəxsən mənə çox təsir etmişdi və belə bir tarixi mətndən sonra, Sartrdan xeyli əvəl Nobel mükafatına layiq görülmüş Bernard Şounun bu hadisəni «keçən il heç nə nəşr etdirməyərək dünya oxucularını əziyyətdən xilas etdiyim üçün təşəkkür nişanəsi» kimi qiymətləndirməsi, doğrusu, mənə qoca Şounun ucuz və təkəbbürlü bir yumoru təsiri bağışlayırdı.

Ancaq elə ki, mən Şounu adda-budda yox, dərindən oxumağa və tanımağa başladım, Şou ironiyası ilə bağlı həmin «ucuz» və «təkəbbür» sözü mənim düşüncəmdə həmişəlik yox oldu – artıq mənim üçün söhbət XIX əsrin sonu, XX əsrin nəhəng dramaturqundan və eləcə də nəhəng bir intellektualından gedirdi.

                                     

***

 

Şou nə qədər intellektual bir yazıçıydısa, bir o qədər də xəlqi idi və onun estetik anlayışında sənət sənət üçün deyildi, o, kütləni və məhz kütlə vasitəsilə də cəmiyyəti sənətin biləvasitə ünvanı hesab edirdi. Onun özü də təbiəti etibarilə xəlqi bir insan idi və elə yalnız bu fakta fikir verin: Şou bir sıra romanlardan, külli sayda məqalə və esselərdən, altmış üç pyesdən başqa 250 000 (iki yüz əlli min!) məktub yazıb və bu məktubların böyük əksəriyyəti sadə oxucu məktublarına cavabdır.

Şou dialoqlarında intellektuallıqla, hətta mən deyərdim ki, elitarlıqla, onun yaratdığı xarakterlərin təbiiliyi (xəlqiliyi!) arasında qəribə bir bədii-psixoloji vəhdət var və biz bu cəhəti «Milyonçu qadın» pyesində (özü bu əsəri «təmtəraqlı komediya» adlandırır) aşkar görürük. Dialoqlar gizli, yaxud açıq ironiya ilə, incə yumorla zəngindir və burada şitliyə, yüngül hırıltı doğuracaq situasiyalara, bayağı söz oyunlarına rast gələ bilməyəcəksiz. Düzdür, Şou bəzən «Milyonçu qadın»da Edrian Blenderblendin yaralanmısı səhnəsində olduğu kimi, buffonada elementlərindən istifadə edir, ancaq bu tipli səhnələrin özündə də həmin ironiya, həmin incə yumorla bayağılıq arasındakı sərhəd çox ciddi qorunr. Elə bil, bu dialoqları dramaturq özü yazmır, bunları personajlar ona diktə edirlər və qoca Şounun özü də onlara qulaq asa-asa, onların bir-birlərinə dediklərini kağıza köçürə-köçürə gülür.

«Milyonçu qadın»ın baş və ekssentrik qəhrəmanı Epifaniya, məncə, Şounun ən duzlu-şirəli, ətli-qanlı obrazlarından biri, birincilərdən biridir və əgər doğrudan da bu əsər bilavasitə personajların mistik diktəsi ilə yazılsaydı, mən şübhə etmirəm ki, danışıq tərzi, mühakimələri, iddiaları, məntiqli həyasızlığı ilə onuonu ən çox güldürən milyonçu qadın Epifaniya olardı.

Şou «Drama və teatr haqqında» yazdığı məşhur essedə dramaturgiyanı iki yerə ayırır: sosial problemlərdən bəhs edən pyeslər və «individual insan xarakterlərini» açan pyeslər. (B.Şru. O drame i teatre, Moskva, 1963, str. 182.)

Sovet ədəbiyyatşünaslığı isə bu «Şou təsnifat»ını nəinki qəbul edir, hətta bundan su-istifadə edirdi və dolayı yolla da olsa, üstünlüyü sosial probolematikaya verirdi.

Belə bir ideoloji bucaq altından baxdıqda, əlbəttə, Epifaniya «nisbətən az inandrıcı personaj» kimi qiymətləndirilirdi, çünki sosrealizm ədəbiyyatının əsas qəliblərindən birini – surətlərin «mənfi» və «müsbət» qütblərə bölünməsini bu məşhur pyesin baş qəhrəmanına tətbiq etmək heç cürə mümkün deyildi. O dövrün tənqidi elə bu cür də yazırdı: Epifaniya surətini «ya mənfi, ya da tam müsbət» surət hesab etmək mümkün deyil. (A.Q.Obraztsova. «Millionerşa», B.Şou, Polnoe sobranie pyes, t.6, Leninqrad, 1081, str.614-25.)

Düzdür, Şou Sovet İttifaqının o zamanın təbiri ilə desəm, «kapitalist dünyasında» nüfuzlu dostu idi – bu, öz yerində, ancaq ideoloji doqmalar daha əsas idi və o vaxt sarsılmaz görünürdü.

Şou öz bədii-estetik istedadının təbiətinə görə modernist yox, reformator idi və ingilisdilli dramaturgiyada (və ümumiyyətlə, dünya dramaturgiyasında) yeni bir mərhələnin yaradıcılarından olan Şou dramaturgiyada iki min illik real ənənələrdən birdən-birə əks qütbə sıçramağın (Bekke, İonesko) yox, əgər belə demək olarsa, bədii-estetik təkamül tərəfdarı idi, onun özünün də süjetlərinin, dialoqlarının təzəliyi məhz təkamülün gətirib çıxardığı təzəlik idi.

Düzdür, vaxtı ilə Lev Tolstoy  Şounun məktubuna cavabında yazırdı ki, «Yaradan, şər və xeyir məsələləri çox ciddidir, onlar haqqında zarafatla (orijinalda «şutə») danışmaq olmaz», ancaq Şou Tolstoyun vəfatından (1910) sonra 40 il yaşayıb və 94 illik ömrünün axırına kimi ayıq bir təfəkkürlə yazıb (son pyesini vəfatından bir neçə gün əvvəl bitirib). Bu qırx il isə onun yaradıcılığının ən məhsuldar dövrüdür və altmış üç (!) pyesinin, böyük əksəriyyətini elə bu dövrdə – Tolstoydan sonra yazıb, yəni Tolstoyun irad tutduğu Şou – tam Şou, bütöv Şou deyil.

Şou yumoru «ağır çəkili» yumordur, bu yumorun, bəzi məqamlarda isə hətta qrotekstin arxasnda zəngin bədii-fəlsəfi mündərəcatlı Sözü sadə və zövqlü bir ironiya ilə demək bacarığı dayanır və fikir verin, bu, məşhur Şou kəlamlarından biridir: «Hərdən insanları, sizi dar ağacından asmaq fikrindən yayındırmaq üçün, güldürmək lazımdır.»

 Bu isə, onun başqa bir kəlamıdır: «Mənim zarafat etmək vasitəm – həqiqəti deməkdir. Dünyada bundan gülməli bir şey yoxdur

Həqiqəti deməkdən gülməli bir şey yoxdur – bu, bütün Şou yaradıcılığına (bizdə Sabir yaradacılığında, Mirzə Cəlil yaradıcılığında olduğu kimi) şamil edilə biləcək bir devizdir və onun pyeslərinin biri çox yüksək bədii səviyyəli, o biri nisbətən zəif ola bilər, ancaq onlarda yalan, falş yoxdur, onlar sadəlövhlüyün yox, müdrikliyin ifadəsidir.

«Milyonçu qadın»ı tərcümə edərkən, Şou ironiyasının, yumorunun təravəti bir xatirəni mənim yadıma saldı: Slovakiyada, Avropanın qədim şəhərlərindən biri Mariborda 400 il yaşı olan (!) bir üzüm ağacı bitir və o üzüm ağacı bu gün də (400 ildən sonra!) qış yuxusundan oyanaraq təzə-tər yarpaqlarla yarpaqlayır, sağlam salxımlar yetişdirir. Bu ağac ildə 60 kilo üzüm verir, o üzümdən 40 litr çaxır hasil olunur və insanlar bu gün də o çaxırdan içərək deyib-gülürlər, müsbət emosiya alırlar.

Bernard Şou «Milyonçu qadın»ı 1935-36-cı illərdə, səksən yaşında yazıb, ancaq heç bir mübaliğəyə varmadan deyim ki, onun səksən, doxsan yaşlarında da yazdığı pyeslər oynaq, şux estetikası ilə əsil gənclik şövqünün, ehtirasının, enerjisinin ifadəsidir.

Şounun bioqrafiyasında bir fakt da var ki, ondan söhbət düşəndə bəziləri bunu razılıqla, bəziləri isə böyük təssüf hissi ilə xatırlayırlar: 1931-ci ildə – İosif Stalinin hələ «allahlaşdırılmadığı» bir dövrdə Şou Sovet İttifaqına on günlük səfər edib və Stalinlə görüşüb. Stalin adətən xarici qonaqları iyirmi dəqiqədən artıq qəbul etmirdi, Şou ilə söhbət isə iki saat iyirmi dəqiqə çəkib və bu görüşdən sonra bəyanat verərək Stalin haqqında məşhur sözlərini deyib: «Stalin – nəhəngdir, ancaq Qərb xadimlərinin hamısı – piqmeydirlər

Piqmeylər Afrika cəngəlliklərində yaşayan xalqlar arasında ən qısaboylulardır.  

Düzdür, 1931-ci ildə Stalin hələ stalinizmin təcəssümü deyildi, 1937-38-ci illər hələ irəlidə idi, ancaq bir cəhət var ki, Şou ömrünün sonuna qədər, yuxarıda dediyim kimi, Sovet İttifaqının (deməli, Stalinin də!) dostu olub və düşünürəm ki, uzaq, tanınmaz (SSRİ kimi nəhəng bir ölkəyə bələd olmaq üçün on gün hətta Şou üçün də kifayət deyildi!) və o dövr üçün bir az da ekzotik SSRİ-yə belə bir münsibətin səbəblərindən biri də, yəqin, Şounun yaşadığı və güldüyü ingilis burjua cəmiyyətinə qarşı daxili kin-küdurəti idi. Bu kin-küdurətin isə sərt reallığını ilk növbədə onun əsrləri sübut edir.    

Şekspirdən sonra İngiltərənin ən böyük dramaturqu Bernard Şou mənşə etibarilə irland idi və onun milli təəssübkeşlikdən qat-qat artıq  dərəcədə sosial sarkazm ilə dolu bu sözləri də məşhurdur: «İngiltərə İrlandiyanı işğal edib. İndi mən nə edim? İngiltərəni işğal edim

Yeri düşmüşkən, deyim ki, o dövrün Romen Rollan, Leon Feyxtvanger, Anri Barbüs kimi SSRİ-yə səfər edib, Stalinlə görüşmüş böyük qələm sahibləri, tanınmış şəxsiyyətlər də 1930-cu illərdə Sovet İttifaqının nüfuzlu dostları sırasında olublar.

Ancaq baxın, bu yerdə də Şou ironiyası onunladır, hətta mən deyərdim ki, Şou ironiyası (və yazıçı fəhmi!) onun özündən də irəli gedib: «Milyonçu qadın»ı bitirdikdən sonra Şou pyesə əlavə olaraq kiçik bir final yazır və qeyd edir ki, əgər əsər Rusiyada, ya da kommunizmə rəğbət bəsləyən başqa bir ölkədə tamaşaya qoyulsa, bu finalla qurtarsın.

Əlavə final isə ondan ibarətdir ki, Epifaniya Rusiyaya gedəcəyini və orada milyonçu yox, zəhmətkeş olacağını deyir, «ancaq yarım ildən sonra Kommisarlar Şurasının iclasında iştirak edəcəyəm, bir ildən sonra isə Siyasi Büronun üzvü olacağam

Və Epifaniyanın yeni məşquliyyəti olan Misirli həkim də cuşa gələrək İngiltərədə qalmağı təklif edir – ancaq niyə?çünki «nə üçün biz Britaniya imperiyasını Sovet Respublikasına çevirməyək?» Bu isə Epifaniyanın coşğun qətiliyi: «Mütləq çevirəcəyik! Ancaq bunun üçün biz gərək həddi-büluğa çatanların hamısını bir kənara ataq və cəmiyyətdə yenidənqurmanı yenicə doğulmuş körpələrlə başlayaq

Belə bir sonluqdakı aşkar ironiya, hətta nəinki ironiya, kəsgin satira (qrotekst) ilə, elə bil, qoca Şou özü-özünə gülür.

                                  

***

 

Şou lap gənc yaşlarından etibarən vegeterian idi

 70 yaşlarında olarkən, jurnalistlər ondan soruşurlar:

 - Özünüzü necə hiss edirsiniz?

 Şou:

 - Çox əla! – deyir.- Ancaq həkimlər məndən əl çəkmirlər ki, ət yeməsəm, öləcəyəm.

 Və Şou 90 yaşında ikən juralistlər ona yenə eyni sualı verirlər.

 Şou:

 - Özümü əla hiss edirəm.- deyir.- Daha məni heç kim narahat etmir. O həkimlər ki, məni qorxudurdular, guya ət yeməsəm öləcəyəm, indi onların hamısı rəhmətə gedib.

 Corc Bernard Şou 1950-ci ildə, 94 yaşında vəfat edib və onun  son sözləri bu olub:

 - Mən ölməyə hazıram.

                                                                                              

18 yanvar 2017.

Roqaşka.

 

Elçin

 

525-ci qəzet.- 2017.-22 aprel.- S.16.