“Ünvansız qatar

 

Deyirlər, Vağzal ən səmimi hisslərin şahididir. Uzaqlardan gələnini gözləyənlərin həyəcanı, əzizini yola salanların kədəri, hüznü, həsrətlilərin qovuşması və sevinciBaş götürüb gedənlərin qorxuları, tərəddüdləri, ümidsizlikləri… Bu siyahını uzatdıqca uzatmaq olar. Yəqin, elə buna görə də həm vağzallar, həm də qatarlar sənətin tez-tez müraciət etdiyi, özünə obyekt seçdiyi “personaj”lardandı.

Bu dəfə isə qatar bir çıxılmazlıq simvoludur. Onun relslər üzərindən çıxmaq, marşrutunu dəyişmək imkanı yoxdur. Amma getdiyi ünvan da bəlli deyil. Əslində nəyisə dəyişmək təkcə qatarın yox, heç kəsin “əlində deyil”, sonra nə olacağını, bu qatarın, yaxud bu gedişatın hara aparıb çıxaracağını kimsə bilmir

Gənc Tamaşaçılar Teatrı səhnəsində baş rejissor Bəhram Osmanovun dramaturq Əli Əmirlinin “Ünvansız qatarpyesi əsasında quruluş verdiyi tamaşanın ideyasını bir sözlə məhz belə ifadə etmək olar: Çıxılmazlıq!

Hələ tamaşadan əvvəl müəlliflərlə – Əli Əmirli və Bəhram Osmanovla söhbətləşəndə tamaşaçını ciddi bir sarsıntı gözlədiyini fəhm etdim. Ən əvvəl ona görə ki, əsərin qaldırdığı problem həllini tapmayıb, göstərdiyi ağrı-acı, yaralar hələ də qövr edir.

İkincisi ona görə ki, müəlliflər böyük dərdi, Qarabağ ağrısını kiçik məkana, bir qatarın, bir vaqonun içərisinə “sığdırmağa” çalışıblar. Həm də bu dərd dolu, faciə dolu qatarı paytaxt qəbul eləmirsə, bu hər şeyini itirmiş insanlara sahib çıxan yoxdursa

Dramaturq faciəni bütün yönləriylə göstərmək, anlatmaq istəyir. Rejissor öz həlli ilə – bəzən aktyorun pıçıltısı, bəzən qışqırığı, bəzən işıq effekti ilə, adamın iliyinə işləyən musiqi ilə, yaxud elə balaca top-top oynayan qızın bu yerdə əndrəbadi görünən sevinci ilə çox şeyi deməyə çalışır. Bir sözlə, səhnədən, onun yarıqaranlıq rəngindən, personajların üz-gözündən, hər bir elementdən, hər detaldan dərd yağır. Qarabağ dərdi…

Çağdaş dünyada real həyat hadisələrini əks etdirən əsərlər daha böyük maraq doğurur. Müasir insan sənətin rənglədiyi, dəyişdiyi, uydurduğu hadisələrdən daha çox məhz, az qala, gözüylə gördüyü, bu günün problemlərini əks etdirən əsərlərə meyl göstərir. Bu mənada “Ünvansız qatar”ın təsir gücünün bir səbəbi də budur. Səhnədə baş verənlər, az qala, dünən olub. Hamının bildiyi, televiziyada, qonşuluğunda, lap bir addımlığında izlədiyi məsələlərdir, faciələrdir. Amma bu gördüklərimizin, bildiklərimizin gözümüzün önündə, səhnədə necə canlandırılması, müəlliflərin nələri qabartması, sənətə necə çevirməsi ciddi, düşündürücü məsələdir. Ona görə bəlkə bu tamaşada süjetdən çox (heç əslində süjetyox kimidir) müəlliflərin laboratoriyası maraqlı görünür.

Bir anlıq təsəvvür edək… Müharibə yeni-yeni başlayıb… Qonşu kənddəki evlərin necə yandırılmasını, dinc əhalinin başına gətirilən müsibətləri görən, eşidib-bilən ailələr əllərinə keçəndən, gücləri çatandan götürüb qaçırlar. Bakıya gedən qatara doluşurlarKimisi şəhərdə yaşayan qohumuna, kimisi orda təhsil alıb kirayədə qalan övladına, başqa birisi hökümətin edəcəyi yardıma ümidlidir. Amma bu qatarın getdiyi ünvan bəlli deyilsə, çölün düzündə uzun fasilələr edəcəksə, onsuz da dərdli insanların əsəbləri bir az da tarıma çəkiləcəksə… Əslində əsas priyom da elə budur.

Məncə, Əli Əmirli bu cür qəliz, çıxılmaz vəziyyətdə ən müxtəlif insan xarakterlərini, daha doğrusu bəlkə ilk baxışdan o qədər də qeyri-adi olmayan adamların belə bir durumda hansı hallara düşə biləcəyini göstərir. Axı doğrudan da insanın əsl siması ekstremal vəziyyətdə üzə çıxır.

Əsərdə baş qəhrəmanı, birinci, yaxud ikinci dərəcəli personajları ayırd etmək mümkün deyil. Çünki burda hamını bir ağrı, bir faciə birləşdirir. Bu adamlardan yeganə seçilən, bu ağrını onlarla paylaşmayan, dərdi həndəvərinə belə buraxmayan isə qatar bələdçisidir. Aktrisa Xalidə Əliməmmədovanın canlandırdığı bu obraz əslində çoxlarına tanışdı, ümumiləşdirilmiş xarakterdir. Addımbaşı “niyə atdız torpağınızı, qaçdız” deyən, “kəndçilərə üz vermək olmaz” düşüncəsiylə yaşayan, zavallı birinin qarşısında səsinin tonunu qaldırıb, yaraşıqlı kişi görən kimi dodaq boyasını səliqəyə salıb muma dönən adamdır bu qadın. Və mənə görə, istər dramaturqun, istər rejissorun, istərsə də rolu ifa edən aktrisanın uğuru bu cür əslində ikrah hissi doğuran, qıcıq yaradan insanın tamaşaçıya gülməli görünməsidir. Axı əsl sənətin missiyası həm də güldürə-güldürə düşündürməkdir…

Bir neçə il öncə rejissor Bəhram Osmanov isveç dramaturqu Lars Nurenin  “Müharibə” tamaşasına quruluş verəndə mövzunun ağırlığı, aktyorların məşqlər zamanı necə sarsıntılar keçirməsi haqda söhbət etmişdik. Sonra tamaşaya baxanda anlamışdım ki, bu əsərə təkcə quruluş vermək yox, ordakı rolları ifa etmək yox, elə sadəcə zalda oturub baxmaq da asan deyil. Çünki müharibə yaşayan ölkənin övladları üçün bir ailənin timsalında göstərilən ağrılara, eybəcərliklərə, hətta  iyrəncliklərə tab gətirmək çətindir. Bütün bunların başqa millətin, bizdən uzaq adamların yaşantıları olduğunu bilsək belə…

İndi isə hər şey bizə aiddiOna görə, daha ağırdı! Hamısını edən bizik! Torpaqları bada verən də, onu qorumaq istəməyib “qoy varlının balası döyüşsün” – deyən də, gərgin vəziyyətdə düşmənin yox, bir-birinin ətini yeməyə hazır olan da, “mənə yer verməsələr, nefti üstümə töküb yandıraram özümü” – deyən də… Və mənə görə, tamaşanın uğurlarından biri pafosdan uzaq olması, süni vətənpərvərliyi yox, həqiqəti əks etdirməsi, insan xislətinin fərqli tərəflərini göstərməsidir.

Dramaturq Əli Əmirlinin “Ağdamda nəyim qaldı” adlı bioqrafik romanı ötən il ədəbi mühitdə maraqlı müzakirələrə səbəb oldu. Əslində bu əsər Əli müəllimin özünün həyatı, taleyi ilə yanaşı,  Ağdamın, ağdamlıların və ümumilikdə qarabağlıların xarakterini, yaşam qaydalarını da əks etdirirdi. Bildiyim qədər, Əli müəllimin bəzi yerliləri əsərdəki müəyyən hadisələrə etirazlarını da dilə gətirmişdilər. Məsələn, ağdamlıların söyüşcül olmaları, filan kimi “qüsurlarını” yazması kimlərinsə xoşuna gəlməmişdi. Elə bu tamaşaya da baxanda anladığım o idi ki, Əli müəllim hər cür yerlipərəstlikdən xilas olmağı bacarıb və qələmə aldığı hadisələri sadəcə sənət faktına çevirməyə çalışıb. Və artıq teatrşünasların dilində bir elmi terminə çevrilmiş Əli Əmirli – Bəhram Osmanov tandemi burda da öz bəhrəsini verib.  

Reallıqda həllini tapmayan, çözülməyən problem səhnədə, bu tamaşada da elə dərd olaraq qalır. Amma tamaşaçı zövqünə, sənətinə, sözünə inandığı müəlliflərdən “məsləhət” də gözləyir axı?! “Neyləməli” sualının cavabını axtarır hər an… Və qəribə bir ümid yaranır, sənətin böyüklüyünə, gücünə siyasətlərin həll edə bilmədiyi problemi həll etmək, dünyanı düzəltmək bacarığına inam yaranır. Gözünü qəhrəmanların ağzına zilləyib baxırsan… Sanki indicə bütün bunların həlli resepti veriləcək, sən də vaxt itirmədən elə teatrdan çıxan kimi, gedib deyilənləri edəcəksən, hər şey yerini alacaq.

Amma sənət resept verə bilməzBirbaşa deməz, sadəcə fikrini yönəldə bilər. Burda isə müəlliflər bizlərdən daha böyük faciələr yaşamış, tarixən soyqırımlara, kütləvi qırğınlara məruz qalmış bir xalqın nümayəndələrinə çəkirlər  diqqətimiziYəhudi qadın Manya (Əməkdar artist Qəmər Məmmədova),  onun qızları Klara (Zülfiyyə Alhüseynova) Lyuba (Gülbəniz Mustafayeva) üçlüyünə. Əli Əmirli müsahibəsində bu məqama, yəhudi ailəsinin bura necə düşməsinə, yaradıcılıq prosesinin qədər maraqlı olmasına aid fikirlərini bölüşür: “Düşünmək olardımı ki, taleyin çətin oyunlarından, ağır sınaqlarından çıxaraq  Birobicandan gəlib Ağdama düşmüş qoca ana iki qızFaynşteynlər öz adları ilə onların həyat tərzini həmişə maraqla izləyən qonşu uşağın əlli ildən sonra yazacağı pyesdən boylanacaqlar?! Həqiqətən, yaradıcılıq başdan ayağa  sehrdir.” Əsas şərt bu real həyatda yaşayan, özünün dediyi eləAğdamda nəyim qaldıəsərində qələmə aldığı kimi qonşuları olan adamların sənətə necəçevrilməsi hansı ideyanı ifadə etməsidir. Bax elə o “resept bu yerdə ötürülür tamaşaçıya... “Biz qırx ildi bu zülmü çəkirikdeyən Manya ana qızları son dərəcə məğrurdurlarLyuba xəstədir, bu psixoloji gərginliyə dözməyib asır özünü. Bu cür istidə naməlum vəziyyətdə cəsədin aparılması mümkün deyil. Deməli ya çölün düzündə dəfn olunmalıdı, ya daManya ayrı bir variant qoymur, “Mənim qızım it kimi dəfn olunmamalıdı” – deyir. Ona görə qızı ilə birgə qatardan düşüb Lyubanı dəfn eləmək üçün maşın tutmaq, bir yol tapmaq istəyir. ən maraqlısı bütün kömək cəhdlərini etirazla qarşılayıb “biz öz yükümüzü özümüz çəkmişik həmişə” – söyləyir. Bütün bunlar kodlaşdırılmışçıxış yolları”dır əslində. Tamaşanın da ən təsirli səhnəsi budur. ManyaƏməkdar artist Qəmər Məmmədova şam yandırıb yalın əlləri ilə torpağı qazır, Allahına müraciət edib bu zülmlərin sonu olacaqmısoruşur, giley edir. Amma birdən o dəhşətin, ağrının, faciənin içində gözlərini silib üzr istəməyə – “Bağışla, bağışla” – deyib özünə qayıtmağa güc tapır. bu anlarda rejissor Stiven SpilberqinŞindlerin siyahısıfilminin musiqisi səslənir… Bu bütöv, təsirli, ürək dağlayan səhnə düşündürür adamıBəlkə elə bizim xilas yolumuz budur?Öz yükümüzü özümüz çəkmək”… Ağlayıb-sızlamamaq, gözümüzün yaşını silib, “daha ağlamıram” – deyə bilmək

Bu məqamda elə Manya rolunun ifaçısı Qəmər xanımın oyununu, peşəkarlığını vurğulayıb, ümumiyyətlə Gənc Tamaşaçılar Teatrı aktyorlarının sənətkarlığı, istedadı haqda fikirlərimi bölüşmək istərdim. Son zamanlarda bir neçə zövqünə inandığım  peşəkar teatrşünasdan, rejissordan, aktyordan eşitdiyim fikir budur ki, Gənc Tamaşaçılar Teatrının aktyorları xeyli seçilirlər, son dərəcə istedadlı bir komanda var burada. bu, heç şübhəsiz ki, teatr rəhbərliyinin düzgün seçimlərindən, istedadlı adamlara meydan verməsindən, eyni zamanda Bəhram Osmanov kimi rejissorların aktyorlarla ardıcıl, fasiləsiz işindən, sənətə fədakar yanaşmasından irəli gəlir.

Aktyor oyunundan danışmışkən, "Bədir" – Əməkdar artist Qurban İsmayılov və "Xoşbəxt" – Əməkdar artist Şəfəq Əliyeva cütlüyünün təkcə sosial yox, həm də ailədaxili faciəsini yada salmaq yerinə düşər. Əslində bu ailənin dərdi pyesin içərisində ayrıca bir əsərdir. Xoşbəxt Bədirin erməni qadından doğulan qızını öz balası kimi böyüdüb. Amma illər sonra məlum olub ki, o can üstə olan erməni qadın, övladına son mesajını da ötürməyi unutmayıb, məktub yazıb ki, böyüyəndə oxusun: "Bil ha, sən ermənisən! O səni saxlayıb böyüdən türk qadını da anan deyil…" Müəllif bu yolla da düşmənlərimizdən fərqimizi göstərir… Əslində bütün bu məsələlər haqda düşünməyə çağırır!

Amma daha böyük çağırış odur ki, hər kəs, hamı əlindən heç nə gəlməsə də, ən azı düşünməlidi bu bəlamızı, unutmamalı, dua etməlidir… İstinin günündə, çölün düzündə yağan qar da sanki Allahın mesajıdır… "Dualarınızı əsirgəməyin!" mesajı!

 

PƏRVİN

 

525-ci qəzet. - 2017.-22 aprel.- S.15.