Sazaqdan
işığa
Azərbaycan cəmiyyətinin ölkəmizdə
ictimai-siyasi proseslərin fəal
iştirakçılarından biri və istedadlı nasir kimi
tanıdığı Səyyad Aranın bədii
yaradıcılığı “yetmişincilər” ədəbiyyatının
yekunu olmaqla bərabər, həm də “səksəninci illər” ədəbiyyatının
başlanğıc illərinin tənqidi-realist
düşüncəsinin əhvali-ruhiyyəsini özündə
əks etdirir.
Azərbaycan ədəbiyyatında
insana yenidən qayıdış dövrü kimi səciyyələnən
“altmışıncılar” mərhələsi imkan olduqca
mövcud siyasətdən kənarda dayanaraq sadə, adi,
sıravi insanların mənəvi aləmini, daxili
dünyasını ədəbiyyatda canlandırmaqla səciyyələnir.
Bu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının
insana və cəmiyyətə münasibətdəki
baxışlarını yeni tarixi dövrün
reallıqları əsasında yaradıcılıqla davam
etdirmək baxımından böyük başlanğıc
idi. “Altmışıncılar”ın ədəbiyyatda
“buzu sındırmaq” kimi məsuliyyətli vəzifəni həyata
keçirmək üçün bir qədər “ehtiyatlı”
davranışı mövcud cəmiyyəti ədəbiyyatın
yeni reallıqlarına “adaptasiya” etdirmək kimi çətin
və məsuliyyətli vəzifəni həyata keçirmək
qayğılarının idarəsi idi. Nəinki
sonrakı ədəbi nəsil, hətta
altmışıncıların özləri də daha ciddi əsərlərini
yetmişinci illərdə yaza bilmişdilər.
Ona görə də “Yetmişincilərin”
yaradıcılığında artıq “imtahandan
çıxmış” ədəbiyyatın bir qədər də
açıq danışmaq cəhdləri müşahidə
olunur. Xüsusən, yetmişinci illərdə
Azərbaycan cəmiyyətində dövlət səviyyəsində
aparılan milliləşmə prosesləri ədəbiyyatın
cəsarətini daha da artırmışdır. Səyyad Aranın yaradıcılığı Azərbaycan
ədəbiyyatında artıq cəmiyyətdə cürət
və təpər qazanmış ədəbiyyatın əhvali-ruhiyyəsindən
doğmuşdur. “Vektor” Beynəlxalq Elm Mərkəzinin nəşr
etdiyi “Sazaq” hekayə və povestlər kitabındakı bədii
nümunələr yetmiş-səksəninci illərdən
başlayaraq həm Səyyad Aranın
yaradıcılığında, həm də
Azərbaycan ədəbiyyatında davam etməkdə olan vətəndaşlıq
mövqeyinin orijinal bədii ifadəsidir. “Sazaq”
kitabında toplanmış hekayə və povestlər yazıçının
müxtəlif illərdə yazıb, ayrı-ayrılıqda,
yaxud müxtəlif kitablarında çap etdirdiyi bədii
nümunələrdən ibarətdir. Bu, Səyyad
Aranın bir növ seçilmiş əsərlərinin
yığcam bir külliyyatı və yeni
yaradıcılıq imkanlarının təqdimatıdır.
Kitaba daxil edilmiş “Təmizlik kağızı” (1988-1990) və
“Soyuq günəş” (1991) povestləri, eləcə də “Havalar
soyuyanda” (2005) və “Günün günorta çağı”
(2012) hekayələri onun yaradıcılığının
müxtəlif dövrlərində meydana
çıxmışdır.
Oxuculara təqdim olunan
“Balıq günü” povesti 2014-2016-ci illərdə qələmə
alınmışdır. Yazılma tarixi göstərilməyən “Sazaq” hekayəsinin
isə son illərin məhsulu olduğu hiss edilir. Ona görə də “Sazaq” kitabı Səyyad
Aranın keçdiyi yaradıcılıq yolunun təkamül
prosesləri, onun yaradıcılıq özünəməxsusluğu,
yazıçının əsərlərinin aparıcı
xüsusiyyətləri haqqında ümumiləşdirilmiş
fikir deməyə əsas verir.
Əvvəla, onu qeyd etmək
lazımdır ki, Səyyad Aran XX əsrin doxsanıncı illərinin
əvvəllərindən etibarən Azərbaycanda gedən
ictimai proseslərdə yaxından iştirak etmiş, ölkəmizin
müstəqillik idealları yollarında mübarizə
aparanların ön cərgəsində təmsil olunmuşdur.
Fikrimizcə, tərcümeyi-halının bu
aparıcı cəhəti onun
yaradıcılığında ictimai-sosial motivlərin
üstünlük qazanmasını şərtləndirmişdir.
“Körpü” (1983) hekayələr və “Soyuq günəş”
(1995) povestlər kitablarında, habelə “Sazaq”
kitabındakı (2016) əsərlərində cəmiyyətdəki
ictimai münasibətlərin, sosial yaşantıların diqqət
mərkəzinə çəkilməsi
yaradıcılıqla şəxsiyyətin üzvi əlaqəsinin
ifadəsidir.
“Təmizlik kağızı” povestində öz əksini
tapmış tariximizin qanlı səhifəsi olan mənfur
37-ci ilin ailələrin, nəsillərin başına gətirdiyi
fəlakətlərin realist boyalarla təsviri həmin
dövrün ictimai və sosial gərginliklərini tam mənası
ilə dərk etməyə əsas verir. Sibirə
sürgünə göndərilmiş, “xalq düşməni”
elan olunmuş Kamalın ailəsinə dükandan öz əmək
haqqı ilə çit
almağa belə icazə verilməməsi, Eldarın
atasına görə yaşıdlarının eyhamları və
təzyiqləri ilə əhatə olunması, Solmazın
bütün çətinliklərin içində “haqqın
baş tutacağına” ümid hissi ilə
yaşamasının fonunda selsovetin oğlu ilə zərbəçi
Hilalın qızının və matros Məhəmmədəlinin
övladına taylarının təsviri, sosial və ictimai
münasibətlərdəki təzadların təqdiq
olunması keçmiş sovet cəmiyyətindəki bərabərsizliyi
və ədalətsizliyi obyektiv şəkildə təsəvvür
etməyə şərait yaradır. “Soyuq
günəş” povestində də ictimai mühitin məkrli
siması ilə kənd müəlliminin saf mənəviyyatından
doğan kəskin fərq bu dəfə keçmiş cəmiyyətin
daha sonrakı bir mərhələsinin
haqsızlıqlarını oxucuya təqdim edir. Sovet cəmiyyətinin məmuru olan milis əməkdaşının
kommunist bileti olan kənd müəlliminə təsadüfi
bir hadisəyə görə “qoyun” kimi münasibət bildirməsi
həmin quruluşun daxildən
çürüdüyünü başa düşməyə
imkan verir. “Havalar soyuyanda” hekayəsində
də insanın sosial vəziyyətinin dəyişməsi ilə
ona olan fərqli münasibətin işığında cəmiyyətin
müxtəlif qütblərinin mahiyyətinə işıq
salınır. “Günün günorta
çağı” hekayəsində müasir şəraitdə
“atalar və oğullar”ın baxışlarındakı fərqli
meyillər göstərməklə qarşıda dayanan
problemlərə diqqət cəlb olunur. Beləliklə,
Səyyad Aran bir yazıçı kimi cəmiyyətdaxili
ictimai və sosial problemlərin mövcud vəziyyətini
göstərən hadisələrin mahiyyətini
açmağa önəm verən və nəticə etibarilə
insanı onu əhatə edən mühitlə əlaqədə
ayıq və dayanıqlı olmağa
çağırır.
Bununla belə, Səyyad Aran
cəmiyyətdəki ictimai münasibətləri və sosial
problemləri siyasiləşdirməkdən uzaqda dayanaraq,
seçdiyi mövzunu həyat həqiqəti kimi təqdim etməyə
xüsusi diqqət yetirir. Ona görə də Səyyad
Aranın əsərlərində hansı ictimai münasibətlərdən
bəhs edilməsindən asılı olmayaraq, insan və onun
mənəvi aləmi məsələsi ön mövqedə
dayanır. Yazıçı cəmiyyətdəki
ictimai hadisələri insan mənəviyyatının süzgəcindən
keçirərək həll edir. Müxtəlif
hadisələrə ayrı-ayrı insanların fərqli
baxışlarının, obrazın daxili mənəvi aləminin
sarsıntı və yaşantılarının real, təbii
şəkildə təqdim olunması əslində tam halda həmin
ictimai mühitin xarakterini açmağa xidmət edir. Səyyad Aranın əsərlərində təsvir
olunan cəmiyyət hadisələri insan taleləri vasitəsilə
səciyyələndirilir. Yazıçı
həyatdan alıb mənəvi aləmi ilə birlikdə təsvir
etdiyi obrazları onların yaşadıqları mühitin
barometri kimi təsvir edir. Səyyad
Aranın obrazlarının hər birində onları əhatə
edən cəmiyyətin nəbzini, ritmlərini hiss etmək
mümkündür. Səyyad Aranın cəmiyyətə
insan mənəviyyatının prizmasından baxıb, nəticələr
çıxarması, ümumiləşdirmələr
aparması bir yazıçı kimi onun fərdi
simasını müəyyən edir. Buna
görədir ki, onun əsərlərində insan, mənəviyyat,
həyat materialı, gerçəklik və bədii təxəyyül
siyasi-ideoloji mühitin təsvir edilməsindən üstdə
dayanır. Diqqət mərkəzinə
çəkdiyi siyasi və ideoloji qənaətlər Səyyad
Aranın əsərlərinin məntiqi yekunu kimi meydana
çıxır. Bu, insan və cəmiyyət
münasibətlərini Səyyad Aranın yazıçı
kimi dərindən tədqiq edib ümumiləşdirmək
istedadını nümayiş etdirir.
Tərcümeyi-halından
görünür ki, Səyyad Aranın həyatı həm də
maarifçi mühitlə sıx əlaqədar olmuşdur. O, siyasi-ideoloji mühitə
maarifçilik fəaliyyətindən gələn mübarizləri
təmsil edir. Bu qəbildən olan insanlar ictimai
münasibətlərdə də radikal qərarlardan çox,
islahatçılığın, mənəvi təkamül
proseslərinin inkişafına xidmət göstərirlər.
Səyyad Aranın ictimai-siyasi fəaliyyətində
özünü göstərən bu cəhət onun bədii
yaradıcılığının da ana xətlərindən
birini təşkil edir. Yazıçının
əsərlərindəki mənəvi təkamül və
islahatçılıq meyilləri onun qabartmaq istədiyi
ideyaların həyat materialı kimi təqdim olunmasında və
həmin ideyaları daşıyan obrazların taleyində
özünü aydın surətdə biruzə verir. “Təmizlik
kağızı” povestində əsas ideyanın repressiya
qurbanı olmuş şəxsin ailəsinin siyasi bəraətinin
“təmizlik kağızı” adlandırılması təsadüfi
olmayıb, yazıçının ictimai hadisələrə
mənəvi münasibətlərin işığında
baxmasını ümumiləşdirilmiş şəkildə
ifadə edən qənaətdir. Maarifçilik
ağırlıqlı ictimai baxışlar “təmizlik
kağızı”nın həm siyasi, həm
də mənəvi mahiyyətinin obyektiv təqdiminə əsas
verir. Səyyad Aranın qəhrəmanı “xalq düşməni”nin arvadı Solmazın oğlu Eldarın “təmizlik
kağızı nədir” sualına aşağıdakı
kimi cavab verir: “Əgər yazdığımız
kağızları Stalinə versələr, o da oxuyub, inansa
ki, həqiqətən atanın günahı yoxdur, onun
buraxılması haqqında əmr göndərəcək. Həmin əmr təmizlik kağızı olacaq.
Atan o kağızı götürüb, poyuza
minib gələcək öyümüzə”.
Yazıçı Eldarın
ölümü hadisəsi ilə “təmizlik
kağızı”nın mənəvi mahiyyətini
açır. Sibirə sürgün edilmiş günahsız
atasına həqarət edənlərin tənələrinə
və təzyiqlərinə dözə bilməyib, mərdi-mərdanə
məqsədli şəkildə ölümü qəbul edən
Eldarın uşaqların ağlara və qırmızılara
bölünmüş dəstələrində
özünün mənəvi ucalığını qəti
şəkildə təsdiq etdikdən sonra gözükölgəli
yaşamaqdansa ölməyə doğru qəti addımı
“vaxtından qabaq gəlmiş təmizlik kağızı”
kimi mənalandırılır. Bu, Azərbaycan ədəbiyyatında
repressiya mövzusunda yazılmış çoxsaylı əsərlər
içərisində bəraət haqqında deyilmiş yeni
ifadədir. Bu, mənəvi bəraətin siyasi bəraəti bildirən
təmizlik kağızından qat-qat üstün olduğunu
ifadə edən aydın bir yazıçı
mövqeyidir.
Səyyad Aranın nəsr
düşüncəsi hekayə və povest janrları üzərində
qurulmuşdur.
Onun povestləri janr baxımından romana yox,
hekayəyə yaxındır. Povestlərini
böyük hekayə də adlandırmaq olar. “Təmizlik kağızı” povestini böyük
hekayədən fərqləndirən əsərdə
yalnız surətlərin bir qədər çoxluğu və
süjetin nisbətən geniş şaxələndirilməsidir.
“Soyuq günəş” povesti əslində Kərim
müəllimin hekayəsidir. “Balıq
günü” əsəri hekayə masştabından irəli
gedən, tam olaraq povest janrının tələblərinə
cavab verən uğurlu əsərdir. Povestdəki
Miryusif, Niyaz, Rauf, İlyas müəllim, Vahid, Ələsgər,
Əfruz xala, Zeyqəm, Nuru, Zəkiulla, Vahid, Əlimirzə və
başqaları yaddaqalan fərdi cizgiləri olan xarakterlərdir.
Əsərdəki şaxələnmiş
süjet xətləri hadisələri və insanları
geniş planda təsvir edən, əlaqələndirən
şəbəkə kimi mövzuya povest miqyasında baxılmasına
imkan yaradır.
Səyyad Aran povestlərində
yaşadığı mühitin və obrazlarını
yaratdığı insanların aydın və cəlbedici
hekayəsini canlandırır. Onun hekayələrində
də cəmiyyətin povest miqyasında qavrayışı
vardır. Bəzi
hekayələri qısaldılmış povest təəssüratı
yaradır. “Balıq günü” povesti
müasir Azərbaycan povestinin mükəmməl nümunələrindən
biridir. Burada süjetin hüdudları
şaxələnsə də, ana xəttin ətrafından
çox da kənara çıxmır. Səyyad
Aran balıqçı həyatının bütün təfərrüatlarını
dərindən öyrənmiş və ən mühüm
reallıqları ilə əks etdirmişdir. Əsərdəki Miryusif obrazı
balıqçının mənəviyyatı ilə məişətini
tam halda ifadə edən cəlbedici bədii surətdir.
Yazıçı bu əsərdə sanki balıqçı
həyatının rəsmini çəkmişdir: “Məsələ
burasındadır ki, martın ortalarından xərçənglər,
dırnaqlı cücülər kürü
buraxdığından böyük balıqlar elə bil yem
dalınca qaçmırdılar, gölün dibində
yaxşıca yemlənirdilər. Ona görə
də suyun üzünə qalxıb qurda yaxın
düşmürdülər. Həm də
cillər yazda suyun altında çiçəklədiyindən
və zoğ atdığından onların çiçəklərindən
və toxumlarından da yeyib doyurdular. Ona
görə də böyük balıqlar suyun dibində
qalır, nisbətən xırda balıqlar aşağı
enib yemək istəyəndə onları vurub qovurdular. Xırda balıqlar məcbur olub suyun üzünə
çıxanda qarmağa keçirilmiş qurdların
qurbanı olurdular”.
“Balıq günü” povesti
eyni zamanda halallıq, mənəvi saflıq və
bütövlük haqqında həyati bir hekayətdir.
Balıqçılar
arasında mövcud olan “yazılmamış halallıq qanunu”
ümumiyyətlə yazıçının həyata və
insana münasibətinin kredosudur. Müəllif qəhrəmanlarının
mənəvi münasibətlərinə halallıq qanununun
gözü ilə baxır və bu meyarla onların həyatdakı
və cəmiyyətdəki yerini müəyyənləşdirir.
Bu əsərdə Səyyad
Aranın həyati müşahidələri ilə bədii
qavrayışı bir-birini tamamlayır. Yazıçı
sanki povestdəki hadisələrin iştirakçısıdır.
Ümumiyyətlə, həyat həqiqətinə
sədaqət Səyyad Aran nəsrinin səciyyəvi
xüsusiyyətidir. “Sazaq” hekayəsində
müəllif ağsaqqal kişilərin obrazını
onların yaşıdı olan insanın baxışı səviyyəsində
ən incə xüsusiyyətləri ilə birlikdə əks
etdirmişdir. Əgər Səyyad
Aranı şəxsən tanımasaydıq, hekayənin müəllifini
ixtiyar yaşında olan yazıçı hesab edə bilərdik.
Müdriklik onun nəsr əsərlərinin
aparıcı obrazlarının düşüncə tərzini
ifadə edir. Əsərlərindən
aydın surətdə görünür ki,
yazıçının müdriklik anlayışı mənəviyyat
düşüncəsi ilə üzvi vəhdətdədir.
Səyyad Aranın nəsrində
publisistika əlamətləri vardır. Vaxtilə “Səs”
və “Elm” qəzetlərində çalışması,
jurnalistikadan dərs deməsi onun publisistika sahəsində də
özünəməxsus yaradıcılıq
imkanlarını formalaşdırmışdır. Səyyad
Aranın “Xaosdan sabitliyə” (1997) və “Üfüqdə
Nobel sülh mükafatı” (2003) kitablarında toplanan məqalələr
qəzetçilik, jurnalistlik səviyyəsini aşan publisistika nümunələridir.
Nəsrində olduğu kimi o, publisistikasında
da ictimai və sosial mətləbləri dilə gətirir, təmkinli
bir vətəndaşlıq mövqeyi göstərir. Məsələnin bu cəhəti Səyyad
Aranın publisistikasını onun nəsrinə
yaxınlaşdırır. Publisistikasındakı nasiranəliklə
hekayə və povestlərindəki publisistika
bir-biri ilə uzlaşır. Lakin bütün məqamlarda
Səyyad Aranın nəsr əsərləri publisistik nəsrin
sədlərini aşaraq, bədiilik imkanlarının
genişliyini nümayiş etdirir. “Günün
günorta çağı” hekayəsindəki aşağıdakı sətirlər
Səyyad Aran nəsrindəki publisistik notların “durumunu” əks
etdirir: “Cənubi Asiya regionunun adamları da az deyildi. Onlar daha sadə geyinmişdilər. Qabaqcıl əski sovet fəhlələrinə
oxşayırdılar. Rayon adamları da vardı. Deyəsən,
gedəcəkləri nazirliklərə, şikayət edəcəkləri
idarələrə yollanacaqları vaxtı bəri çəkmək
üçün gəzişirdilər”. Yaxud
“Havalar soyuyanda” hekayəsindəki “laqeydliyin səbəbini
heç cür araşdırıb tapa bilmirdi. Dostları ondan cüzdan xəstəliyinə
tutulmuş birisi kimi gen gəzirdilər” - kimi təsvirlərdə
publisistik təhkiyə nəzərə çarpır. Lakin Səyyad Aranın obrazları fərdi xarakterləri
olan koloritli bədii surətlərdir.
“Təmizlik
kağızı” povestindəki repressiya qurbanının
arvadı dözümü, qürur və ləyaqəti, fərdi
cizgiləri ilə yaddaşlara yazılır. Eldar obrazı
atasının nahaqdan “xalq düşməni”
adlandırılmasını qəbul edə bilməyib, mənəvi
sarsıntıları ilə üz-üzə qalan,
atasının adını uca tutmaq üçün hər
cür fədakarlıq göstərməyə hazır olan
“günahkar günahsız” obrazı kimi təsirli
görünür. Ağbirçək Cahan xala,
bəraət alıb geri qayıtmış İmran süjetin
inkişafında daşıdıqları funksiyanı layiqincə
yerinə yetirirlər. “Soyuq günəş”
povestindəki Kərim müəllim surəti mənəvi
saflığın ağrısını yaşasa da,
bütövlüyünü qorumaq yolunda fəlakətə
doğru getməyi qəbul edir. Onun faciəli
ölümü iradəsizlik nümunəsi olsa da, nəticə
etibarilə mənəvi bütövlüyün və
ucalığın təsdiqi kimi ifadə olunur.
“Balıq günü” povestindəki
balıqçı obrazları Azərbaycan ədəbiyyatında
bu peşə ilə məşğul olan sadə adamların
mənəvi dünyasını və məişətinin
reallıqlarını başa düşməyə imkan
yaradır. “Havalar soyuyanda” hekayəsindəki
işdən çıxarılandan sonra soyuq münasibətin,
laqeydliyin girdabına düşmüş Fuadın obrazı
arvadının ona “qapının ağzına qoyulmuş uzun
dəmir dabankeş” dəyəri verməsi kimi ifadə
olunmuşdur.
Əslində Səyyad Aran
“Havalar soyuyanda” ifadəsi ilə cəmiyyətdə münasibətlər
soyuq olanda insanın yaşamalı olduğu real vəziyyətin
də üşüntülü obrazını
yaratmışdır. Hekayədəki dilənçi surəti
yazıçının həyati müşahidələrinin
dərinliyi və incəliyini aydın surətdə göstərir.
Dilənçiyə aid bütün ştrixləri
dəqiqliyi ilə göstərən yazıçının
sosial mühitin reallıqlarına nə qədər
yaxından bələd olduğu nəzərə
çarpır. “Günün günorta
çağı” hekayəsində müasir dövrün
“atalar və oğullar” problemi müstəvisində
bulvardakı nərdtaxta ilə gün keçirən qocalarla
burada onlara rast gələn cavan qız və oğlanın fərqli
baxışlarının təsvirində yazıçı
seçimi oxucunun ixtiyarına verməklə hər iki
qütbü cəmiyyətə təqdim edir. “Sazaq” hekayəsində
ixtiyar yaşında olan Cəfər kişinin həyatının
son anlarına həmyaşıdları olan qocalardan
Cavadın, Mirəlinin, Ağarzanın, Hüseynağanın
münasibəti həm də onlardan hər birinin xarakterinin
açılmasına şərait yaradır: “Cəfər
getsə, deməli, bizim də aramıza dən düşəcək.
Elə hamımızın səhhəti bir az
aşağı, bir az yuxarı eynidir. Deməli, həyat bu
imiş: doğul, məktəbə get,
institut oxu, evlən, uşaq böyüt, evləndir, həyatının
çox hissəsini əlləş-vuruş, axır günlərini
dar eləməklə keçir və sonunu gözlə: “Bilsək
bu dünyaya gəlməzdik”.
...Kövrəlmişdilər. Azan səsindən elə sındılar, elə
qorxdular, elə yazıqlaşdılar ki, olmayan kimi. Körpə uşaqlar kimi bir-birinin əlindən
tutdular. Qəfil hamısının
içini canavar dili kimi sərt bir sazaq yalayıb keçdi.
Bir dəstə qara
paltarlı, qara kəlağayılı arvad Cəfərgilə
tərəf diklənirdilər.
Al günəşin
altında dördü də büzüşərək xəfif-xəfif
titrəyirdilər. Elə bil qış geri
qayıtmışdı, üşüyürdülər”.
Təsvir olunan hadisə
ömrün, yaşın sazağı idi. Lakin Səyyad
Aran kitabını “Sazaq” adlandırmaqda yalnız yaşın,
qocalağın sazağını düşünməmişdir.
Yazıçının nəzərlərində təqdim
olunan hekayə və povestlərdəki 37-ci ilin
haqsızlıqları, insanın pak mənəvi aləmi ilə
məkrli mühit arasındakı təzad,
böyük-kiçik münasibətlərinin pozulması, vəzifə
dostlarının eybəcər iç üzü həyatın
sazaqlarıdır. Səyyad Aranın bir
yazıçı kimi idealı isə insanları sazaqdan
qorumaq, soyuqluqdan xilas etməkdən, ümidə,
işığa doğru aparmaqdan ibarətdir. Ona görə də “Sazaq” kitabında bütün məqamlarda
yazıçı işığı hadisələrin ətrafında
mütləq nəzərə çarpdırır. “Təmizlik kağızı” povestində “itlərin
də hündürdən hürə bilmədiyi” çətin
dövrdə insanların üzündə təsadüfdən-təsadüfə
olsa da, nəzərə çarpan “təbəssümün
işığı” həmin dövrün çətinlikləri
içərisindən doğan günəş qədər zəruri
faktor kimi ümidi ifadə edir. “Soyuq
günəş” povestinin adındakı işıqda taleyin
sazağının dərinliklərində yaşayan
işığın fəlsəfi mahiyyəti təsvir
edilmişdir. “Balıq günü” povestində
Zeyqəmin namərdliyi və tamahı sazağın, Ələsgərin
onu əhatə edən miskin mənəvi mühitdən
uzaqlaşmaq üçün başqa məhəlləyə
köçməsi işığın ifadəsidir. “Günün günorta çağı” hekayəsinin
adı da, mahiyyəti də kölgə ilə
işığın nisbətini mənalandırır. “Havalar soyuyanda” hekayəsində laqeydlik, biganəlik,
“salam-kəlamın azalması, xala-xətrin, hörmətin
gözgörəti yoxa çıxması”
yazıçıya görə artıq “ürəyə
düşən xal”, sazaq deməkdirsə, adamlara hər əl
açdıqca sınan dilənçinin sönməyən
ümidləri isə işığa inamı diqtə edir.
“Hər gün qürurunun sınmasına,
alçalmasına baxmayaraq, içdən toxtaq
görünürdü. Həmin ümid
onu ayaq üstə durmağa, yaşamağa
çağırırdı”. “Sazaq” hekayəsi isə
ömrün qürubunun günəşini görmək və düşünmək dərsidir.
Nəticə etibarilə Səyyad Aran
sazaqların içindən çətinliklə doğan
işığı qorumağa və daha işıqlı həyat
uğrunda çalışmağa çağırır.
Səyyad Aranın nəsrində
Azərbaycanın Aran coğrafiyasının koloriti öz əksini
tapmışdır. Yazıçı “Balıq günü” povestində təsvir
etdiyi Arazüstü diyarının tarixini qürurla oxucuya
çatdırır. Müəllif Aran ərazisindəki
Əlipənahlı, Qaradonlu, Bəhramtəpə kəndlərindən
ürəklə söz açmış, bu yerlərin
özünəməxsus rənglərini vətənpərvərlik
notları ilə dilə gətirmişdir. Əsərin qəhrəmanı Raufun Bakıdan gəlmiş
dostu Ələsgərə doğma yerləri tanıtmaq
üçün dediyi aşağıdakı sözlər əsl
vətənpərvərlik nümunəsidir. “Qardaşlar, bilirsiniz, mən bu gün buraya balıq
tutmağa gəlməmişəm. Gəlmişəm
ki, rayonumuzun bu gözəl guşəsini qardaşım
Ələsgərə göstərim. Ə,
ta indi neyniyək, dağımız, yamacımız,
bulağımız yoxdu. Amma gözəl
balıqlarla dolu gölümüz var, bu boyda göz işlədikcə
uzanan çöllərimiz var, o çöllərdəki
çalalarda dünyanın cürbəcür quşları
var. Bizim yerlərin də gözəlliyi az deyil”.
Səyyad Aran hətta ölkəmizin
bu regionunda işlədilən bir çox dialekt sözləri yerli-yerində
işlətməklə onları yenidən dilimizə
qaytarmışdır. Əsərlərindəki
matah, pəstəha, zıqqı, arsa, dəngəsər,
masqor, mətə və sair dialekt sözlər həm də təsvir
olunan regional mühitin təbii görkəmini canlandıran əsas
vasitələrdən biridir. Bundan
başqa, Səyyad Aranın əsərlərində işlədilən
iki neologizmi də müşahidə etdik. Yazıçının
işlətdiyi “yüklük” (baqaj) və “yığnaq”
(adamların məhəllədə
yığışdığı yer) ifadələri Azərbaycan
dilinin müasir dövrdəki söz
yaradıcılığı nümunələri kimi qiymətlidir.
Sazaq - Səyyad Aran realizminin
obrazlı ifadəsidir, lakin qayəsi deyildir. İşıq
isə yazıçının həyata, yaşamağa
ümidinin və inamının yol göstərənidir.
Səyyad Aranın qəhrəmanları sazaqdan
işığa, həyata, ümidə doğru yol getməkdə
davam edirlər.
Sazaqdan - işığa geniş mənada ölkəmizin
müstəqilliyi uğrunda keçilən mübarizə
yolunun məsuliyyətini və şərəfini,təkamül
proseslərini özündə əks etdirir.
17.04.2017
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.-
2017.-22 aprel.-S.10-11.