Əsl ziyalı, peşəkar jurnalist

 

Həyatda insanın elə anları olur ki, məsləhət almağa, fikrini bölüşməyə, ürəyini açmağa can atırsan. Onda köməyinə hisslə yox, ağılla mühakimə yürüdən, hadisələrə düzgün qiymət verən insanlar çatır. Ürək qızdıra biləcəyim 5-10 nəfərin sırasında Ülkər xanım Hüseynova da var.

Ülkər xanım haqqında hələ Jurnalistika fakültəsində oxuduğum illərdə eşitmişdim. O vaxtlar fakültəmizdə çalışan Südabə xanım Ağayeva Ülkər xanımdan ürəkdolusu danışardı. Sadə, mehriban, zəhmətkeş xanım olduğunu xüsusi vurğulayardı. Südabə xanım biz tələbələr üçün təmizlik, paklıq simvolu olan Şirməmməd müəllimin həyat yoldaşı haqqında o qədər müsbət fikir formalaşdırmışdı ki, Ülkər xanımı görmək, onunla tanış olmaq istəyirdim. Onun respublikamızda yeganə elmi-kütləvi  jurnal olan “Elm həyat”da işlədiyini bilirdim. 1976-cı ildə Mətbuat Komitəsində məsul vəzifədə çalışan Əlfi Qasımov məni “Elm həyatjurnalında işləməyə göndərəndə, əvvəl tərəddüd etdim, həmin anda Ülkər xanım yadıma düşdü razılaşdım. Jurnalda işə başladığım gündən Ülkər xanımla aramızda səmimi bir münasibət yarandı. İşdə onun həmişə məşğul olduğunu görürdüm. Elmin müxtəlif sahələrini əhatə edən mövzularda məqalələr hazırlayır, çox vaxt isə tərcümələr edirdi. Jurnalda elmi mövzuda çap olunan maraqlı xəbərləri Ülkər xanım hazırlayırdı. Hər bir nömrənin oxunaqlı olması üçün məqalələr yazırdı. Tez-tez mənə mövzular verirdi. Bəzən yazı hazırlayacağımız ünvana birgə gedirdik. Ülkər xanım çox təşəbbüskar bir jurnalistdir. O, bu ya digər mövzunu işləmək üçün bir mütəxəssisə müraciət etməklə kifayətlənməz, o sahənin bir çox alimləri ilə söhbət edir, nəhayət, maraqlı bir yazı ortalığa qoyardı. Ülkər xanım həmişə qlobal elmi problemləri şərh etməyə çalışır, istər kainatın yaranması, istər ozon dəliyinin getdikcə genişlənməsi, istərsə nanotexnologiyanın nailiyyətlərindən hazırladığı yazılarda oxuculara yeni söz deməyə çalışır buna nail olurdu.

İşə təzəcə başlayanda, redaktorumuz məni sınamaq məqsədilə Azərbaycanda ilk üzən qazma qurğusundan yazı hazırlamaq üçün dənizə göndərdi. Doğrusu, bu tapşırıq mənə çətin gəldi. Azneft”lə əlaqə saxladım. Təyin olunan vaxtda neftçilərlə birgə vertolyotla dənizə - üzən qazma qurğusu olan yerə uçduq. Səhərdən axşama kimi orada oldum, lazımi qeydlərimi götürdüm. Gələndən sonra Ülkər xanımla təəssüratımı bölüşəndə, çox əsəbiləşdi. Dedi ki, redaktor səni nahaq tək göndərib. Bilsəydim, mən gedərdim, səni tək buraxmazdım.

Ötən 40 il ərzində qayğımızı çəkdiyi o qədər belə anlar olub ki... Saymaqla qurtaran deyil. Çətinə düşdüyüm vaxtlarda həmişə Ülkər xanıma güvənmişəm. Onun məsləhətləri mənə sanki yol göstərirdi. Ülkər xanım qədər təmkinli olsa da, kiminsə haqsız hərəkətlərinə dözmür, tez etirazını bildirir.

Ülkər xanım 1966-cı ildən “Elm həyat”da işləməyə başlayıb. O, bu jurnala çox bağlı olub. Ömrünün düz 47 ilini “Elm həyat”ın nəşrinə həsr edib. 1990-cı illərdə jurnalın bağlanmaq təhlükəsi olanda, bizi ruhdan düşməyə qoymadı. Uzun müddət maaş almasaq da, Ülkər xanım başda olmaqla heç birimiz (jurnalda üç nəfər qalmışdıq, Ülkər xanım, Maral xanım, bir mən) jurnalı tərk etmədik. Respublikamızda yeganə elmi-kütləvi jurnalın bağlanmasına imkan vermədik. Ülkər xanım 1995-1997-ci illərdə jurnalın baş redaktoru olanda da var qüvvəsi ilə çalışdı ki, bu dərgi nəşrini davam etdirsin buna da nail oldu. Jurnalın hər nömrəsi çap olunanda uşaq kimi sevinirdi. 1998-ci ildə “Elm həyat”ın ünvanına Meksikanın Milli Marketinq İnstitutundan bir məktub gəldi. Məktubda deyilirdi ki, jurnal Amerikanın “Qran-pri” mükafatına layiq görülüb. Doğrusu, həm təəccübləndik, həm də sevindik. Uzaq Amerikada jurnalımıza verilən qiymət hamımızı işləməyə ruhlandırdı. Təəssüf ki, imkansızlıq ucbatından mükafatın təqdimetmə mərasiminə heç birimiz qatıla bilmədik.

Elm və həyat”da işlədiyimiz vaxtlar Ülkər xanım müəlliflər qarşısında belə bir qayda qoymuşdu ki, oxucuya yeni söz deyilməlidir. Əgər məqalədə yeni fikir yoxdursa, həmin yazı çap olunmurdu. Yadımdadır, hətta Ülkər xanımın yaxın qohumlarından birinin məqaləsi də jurnalın tələbini ödəmədiyinə görə çap olunmadı.

Ülkər xanımda diqqətimi çəkən ən dəyərli cəhət onun problemlərə məntiqlə, soyuq başla yanaşmasıdır. Ötən illər ərzində çox davakar müəlliflərlə rastlaşmışıq. Ülkər xanım belələrini sakitləşdirib yola salırdı.

Ülkər xanım prinsipial olmaqla yanaşı, həm də kövrək qəlbli bir insandır. Mənim tələbə yoldaşım, gözəl qələm sahibi Vəsilə Usubova dünyasını dəyişəndən sonra eşitdim ki, onun ən böyük arzusu məqalələrini kitab şəklində nəşr etdirmək olub. Bizim söhbətimizi eşidən Ülkər xanım Maral xanımla mənə müraciət edərək dedi:

- Ay qızlar, (o, həmişə bizə qızlar deyir) bəlkə Vəsilənin yazılarını kitab şəklində çap etdirək. Nə deyirsiniz?

Beləliklə, Ülkər xanımın təşəbbüsü ilə işə başladıq. Tez bir zamanda 400 səhifəlik kitab Ülkər xanımın redaktorluğu ilə nəfis şəkildə nəşr olundu.

Ülkər xanım daim axtarışda olan jurnalistlərdəndir. Mütaliə etməyi çox sevir. Elmin hansı sahəsi olursa olsun, yeni kəşflər, ixtiralarla maraqlanır. Dünyada baş verən elmi yenilikləri daim izləyir. Nauka i jizn”, “Nauka i texnikakimi jurnallar onun həmişə mütaliə etdiyi dərgilərdir. Onun ötən illər ərzində yüzlərlə məqaləsi çap olunub. Yazdığı məqalələrin bir qismini toplayaraq “Elm həyat”ın işığındaadlı kitabını nəşr etdirmişdir. Ülkər xanım 2003-cü ildə Ümummilli lider Heydər Əliyevə həsr olunmuşHeydər Əliyev Azərbaycanın kimya sənayesi”, 2006-cı ildə isəDahi qafqazlılarseriyasından Lütfi Zadənin həyat yoldaşı Fey ZadəninQeyri-səlis məntiqin atası ilə həyatım səyahətləriməsərlərini ruscadan Azərbaycan dilinə tərcümə edib. Lütfi Zadə ilə bağlı kitab yalnız tərcümədən ibarət deyil. Ülkər xanım kitaba xeyli əlavələr edib. Öz kəşfləri ilə müasir dünyanı fəth edən Lütfi Zadə barədə görkəmli alimlərin məqalələri bu kitaba toplanıb. Kitabda Rusiya İctimai Televiziyasının Lütfi Zadəyə həsr etdiyi verilişin stenoqramı da verilmişdir. Bu kitab Lütfi Zadəni yaxından tanımaq, onun kəşflərinin mahiyyətini başa düşmək baxımından çox dəyərli bir mənbədir. Qismət elə gətirdi ki, Ülkər xanım həmin kitabı 2008-ci ildə Lütfi Zadə Bakıya gələndə, Akademiyada onunla keçirilən görüşdə dünyaşöhrətli alimin özünə təqdim etdi.

Ülkər xanım Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqənin qalibi olmuş Açıq Cəmiyyət İnstitutu ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanan yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin “6, 7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsiadlı üçcildlik kitabın tərcüməçisi redaktorlarından biri, “Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti”nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.

Ülkər xanım təhsil aldığı 132 saylı məktəbin 300-ə qədər məzununun həyat fəaliyyətindən bəhs edənMənim fəxrim-məktəbimadlı kitabını 2008-ci ildə nəşr etdirib. Özünün ailə şəcərəsinə həsr etdiyiÜç nəsil - zəmanələrlə üz-üzəadlı kitabı 2013-cü ildə nəşr olunmuşdur. Onu da deyim ki, “Elm həyatjurnalı bağlandıqdan sonra 2013-cü ildən Ülkər xanım Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər proqnozlaşdırma şöbəsində baş mütəxəssis kimi çalışır.

Azərbaycanda jurnalistlərin yetişməsində böyük zəhməti olan mətbuat tariximizin yorulmaz ardıcıl tədqiqatçısı Şirməmməd Hüseynov kimi bir şəxsiyyətin ailə ocağının işığını yandıran, çox savadlı, ləyaqətli 2 qız övladı böyüdən Ülkər xanım öz ailəsi ilə fəxr etməyə layiqdir. Fərəh xanım Əliyeva Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoru, Lalə xanım Hüseynova isə Milli Konservatoriyada prorektor vəzifəsində çalışır. 4 nəvəsindən ikisi elm sahəsini seçib. Toğrul Türkiyədə təhsilini davam etdirir, Nilufər isə Yaponiyada doktorluq elmi dərəcəsini alıb. Nanotexnologiya sahəsində tədqiqatlarını hazırda Amerikada davam etdirir. Ülkər xanımın biri-birindən şirin 3 nəticəsi var.

1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ülkər HüseynovaVətənMediya Diplomuna (1993), Azərbaycan Jurnalistlər Birliyinin Diplomuna (2001), 2 dəfə (1995, 2001) Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqınınQızıl qələmmükafatına layiq görülüb. 2011-ci ildə AMEA-nın Fəxri Fərmanı Azərbaycan Jurnalistlər Birliyinin Diplomu ilə təltif olunub.

Bütün bunları deməkdə məqsədim ad gününü təbrik etmək, 80 illik ömrünün 51 ilini insanların maariflənməsinə, müxtəlif elm sahələrinin populyar dildə oxuculara çatdırılmasında, elmi jurnalistikanın formalaşmasında böyük xidmətləri olan, əsl ziyalı kimi tanıdığım Ülkər xanıma can sağlığı arzulamaqdır. Həmişə belə təravətli işgüzar olasınız.

 

Mehparə AXUNDOVA

AJB-nin üzvü

 

525-ci qəzet.- 2017.-22 aprel.- S.12.