Şairi düşünərkən...

 

Atif Zeynallınıpn 90 illiyinə...

 

Şair Atif Zeynallı... Bəlkə də müasir poeziya həvəskarları bu adla qarşılaşarkən sanki nəyi isə, kimi isə xatırlayacaqlar. Lakin şübhəsiz ki, bu adın o qədər də tanış gəlmədiyini etiraf edənlər də tapılacaq. Həm də belələrinin, xüsusən gənc nəsil arasında az olmayacağı istisna deyil.

Halbuki 30-40 il öncə, Azərbaycan poeziyasının, Azərbaycan şeirinin yüksəliş mərhələsi olan 70-80-ci illərdə bu ad çox şeir-sənət həvəskarlarının ürəyində, hafizəsində özünə möhkəm yer tutmuşdu. Bəllidir ki, o illərdə daha çox orta nəsil kimi tanınan, sevilən, seçilən istedadlı şairlər nəsli yetişib püxtələşmişdi. Mayasında Vətən torpağının füsunkarlığının, dağ vüqarlı Kəpəzin, doğma Bakının, dəli Xəzrinin coşdurduğu Xəzərin vəsfi dayanan milli poeziyanı yeni inkişaf səviyyəsinə elə onlar qaldırmışdılar. Bu poeziyanı rəvan, səlis dildə geniş oxucu kütləsinə, xüsusən kənd zəhmətkeşlərinə onlar çatdırırdılar. Zeynal Xəlil, Hüseyn Arif, Fikrət Sadıq, İlyas Tapdıq, Əli Vəkil, Famil Mehdi, Tofiq Bayram, Əliağa Kürçaylı, Gülhüseyn Hüseynoğlu, Məmməd Aslan, Qaçay Köçərli, Vaqif Nəsib, Gəray Fəzli, Davud Ordubadlı, Aslan Kəmərli, Kələntər Kələntərli, Oqtay Rza... kimi o illərin biri digərindən bir az böyük, bir az kiçik orta nəsil şairləri hər dəfə yeni kitabları ilə oxucuların görüşünə gəlir, rayonlarda, qəsəbələrdə sadə Vətən övladları, oğul və qızları qarşısında şeirlərini oxuyardılar. Onların içində Atif Zeynallı da (1927-1991) vardı.

Atif Zeynallı haqqında söz açmazdan əvvəl onun yetişdiyi ədəbi mühitə nəzər salmaq lazım gəlir. Çünki o, öz mühitinin, öz dövranının yetirməsi idi, zəmanə onun poesiyasına öz möhürünü vurmamış deyildi. Hələ yeniyetməlik illərindən ürəyində şeirə məhəbbət oyanan şairin ilk poeziya nümunələri ötən əsrin 40-50-ci illərinə təsadüf etsə də, onun bir şair kimi tanındığı, sevildiyi dövr məhz 60-70-ci illər olmuşdu. Bu, o dövr idi ki, Azərbaycan şeiri yeni intibah mərhələsinə qədəm qoymuşdu, yaşlı nəslin yaradıcılığına xas olan içi xoflu mühafizəkarlıq buzu artıq əriyib getməkdə idi. Bu, o dövr idi ki, şairlər Vətənin dünəni və bu günü haqqında daha cəsur fikirlər səsləndirir, şeirlərində bəzi məqamları "örtüksüz" dilə gətirməkdən çəkinmirdilər. Şübhəsiz ki, Sovet dövlətinin, Sovet ideologiyasının ən qüdrətli çağlarında Azərbaycan kimi respublikada yaradıcı insanlara, ilk növbədə şairlərə verilən bu imkanlar öz-özünə yaranmamışdı. Bu imkanı onlara bəxş edən, hələ o illərdən milli mədəniyyətin qeyrətini çəkən, şeir-sənət adamlarını təqiblərdən qoruyan, sonralar Azərbaycan xalqının milli dövlətçilik, qürur simvoluna çevriləcək ulu öndər Heydər Əliyev idi. Təsadüfi deyildi ki, o illərdə şairlərin başından, necə deyərlər, bir tük belə əskik olmadı, baxmayaraq ki, şeirlərindəki bir çox misralar açıqdan-açığa milli özünüdərk, bugünkü dillə desək, azərbayçançılıq ahənginə kökləmişdi. Bu imkandan, bu qayğıdan Atif Zeynallı da yetərincə bəhrələnirdi. Onun şerilərindəki vətən yanğısı, əzəmətli keçmişimiz, eləcə də füsunkar təbiət lövhələrinin vəsfi 70-ci illər Azərbaycan poeziyasının sevilən, oxunan nümunələrindən idi. Azərbaycanın Cənub bölgəsinə yaradıcılıq ezamiyyəti zamanı İran sərhədi yaxınlığında yolda şlaqbaum görən şair "Şlaqbaum" adlı cəmi iki bəndlik şeir yazmışdı. Birinci bənddə avtomobillərin, qatarların toqquşmaması üçün yolu kəsən şlaqbaumdan danışan şair, ikinci bənddə yazırdı:

Şlaqbaum da var,

Qolu kəsir.

Bir bədənin iki əli,

Çatmasın bir-birinə...

Bu, sadəcə o dövrdə dəbdə olan Təbriz mövzusu, Cənub həsrəti deyildi. Bu, Azərbaycan torpaqlarını iki hissəyə bölmüş, əski Çar Rusiyasının, o dövrdə isə rəsmi Moskva siyasətinin açıqdan açığa tənqidi, təhdidi idi. Təkcə Atif Zeynallı yox, o dövrün başqa şairləri də belə təlatümlü şeirləri yalnız 60-cı illərin sonlarından - qayğını, himayədarlığı hiss edib, duyduqdan sonra yazıb çap etdirməyə başladılar.

Tale elə gətirib ki, məni şair Atif Zeynallı ilə bir yox, bir neçə paralel bağlayıb. Onu mən hələ gənclik illərimdən tanımışdım və bu tanışlıq, mən bunu dostluq da adlandırardım, şairin həyatının sonuna qədər davam etdi. Bakının mərkəzində, hələ bu günə qədər Baksovet deyilən ərazidən iki tin yuxarıda, o zaman milli poeziyamızın, xüsusən heca vəzninin inkişafında böyük xidmətləri olmuş şair Vaqifin adını daşıyan küçədə məşhur bir bina var idi, həmin bina indi də durur. Bu binada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin xeyli qismi yaşayırdı. Bu gün həmin binanın yanından ötəndə, divarlara vurulmuş çoxsaylı xatirə lövhələrini, barelyefləri görəndə adamın ürəyi qürur hissi ilə aşıb-daşır. Vaxtilə bu binada Əli Tudə, İslam Səfərli, Əli Kərim, Cəlal Məmmədov, Qulu Xəlilov, İslam İbrahimov, Əfqan Əsgərov kimi şairlər, tənqidçilər, publisistlər və digər nüfuzlu qələm sahibləri yaşayır, həm də yaradırdılar. Yadımdadır ki, binanın alt mərtəbələrində şair və yazıçıların bir qisminin yaradıcılıq otaqları da vardı. Bu otaqlarda yığışan, bir-birinin bəhsinə şeiri şeir dalınca oxuyan şairlər, xüsusən gənclər həvəslə ədəbi söhbətlərə, mübahisələrə girişərdilər. Bəzən bu söhbətlər sübhə qədər çəkərdi. Bu bina, bu həyət, bu mühit əsl sənət məkanı idi, sənət mühiti idi, belə demək mümkünsə, "milli poeziya mətbəxi" idi. Mübaliğəsiz deyə bilərəm ki, Atif Zeynallının bir şair kimi yetişməsində, püxtələşməsində bu məkanın, bu mühitin böyük təsiri olub. Zeynal Cabbarzadə, Zeynal Xəlil, Əli Kərim, Zeynal Vəfa, Ənvər Yusifoğlu və başqalarının bəzən az qala hər axşam toplaşdığı bu mühitdə Atif Zeynallı ən doğma, ən məhrəm kəslərdən idi. Yazdığı bir çox şeirləri də ilk dəfə burada səslənər, müzakirə olunardı.

O zaman hələ cavan olan, 40-ı yenicə ötmüş şair Atif Zeynallıya da həmin binada mənzil verilmişdi. O zaman, yəni 60-cı illərin sonunda, mən hələ lap cavan idim. Özümüz də bir müddət həmin binada yaşamışdıq. Üstəlik, Atifgillə yaxın qonşu idik. Mən onun yaradıcı ömrünün ən məhsuldar çağlarının necə gəlib keçməsinin şahidi olmuşam. Ona görə də şairin yaradıcılığını cilalayan  o mühit barədə ətraflı söz açdım. Tale elə gətirdi ki, o həyətdən köçəndən sonra biz yenə də qonşu olduq. Şəhər mərkəzinin digər başında, dənizin, bulvarın, Hökumət evinin qonşuluğundakı görümlü, yaraşıqlı binada yaşadıq. Bloklarımız və mərtəbələrimiz müxtəlif olsa da, həyətdə, küçədə tez-tez görüşürdük. Bu, artıq 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri idi. Həmin vaxtlarda gənclik illərimin artıq arxada qalmasına baxmayaraq, böyük ruh yüksəkliyi ilə çalışır, yeni təyin olunduğum məsul vəzifədə, illər boyu baş müəllim, dosent, dekan kimi çalışdığım o zamankı Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru vəzifəsində özümü doğrultmağa çalışır, yeniliklərə, tədrisin səmərəsinin yüksəldilməsinə can atırdım. Şairsə artıq qocalırdı, bəlkə də elə qocalmışdı. Əslində o, qoca deyildi, yaşı 60-ı yenicə haqlamışdı. Lakin bir tərəfdən hər xoşagəlməz söhbətə, qan qaraldan xəbərə titrək çırpıntılarla cavab verən kövrək şair qəlbi, digər tərəfdənsə əlindən yerə qoymadığı siqaret öz işini görməkdə idi. Gücünü itirsə də, məğrurluğunu itirmir, mənliyini uca tutmağa çalışırdı. Şair Atif Zeynallı cavan yaşlarında da, ixtiyar çağlarında da mənim xatirimdə bax belə qalıb.

Atif Zeynallı ilə münasibətlərimiz təkcə qonşuluqla məhdudlaşmayıb. Əksinə, yetişib işindən çıxdığım mühit, mənsub olduğum ailə bizi tez-tez görüşdürərdi. Bu, bizi bir-birimizlə əlaqələndirən ikinci paralel idi. Ədəbi mühit, ədəbi həyat, vaxtaşırı gedib gəldiyim Azərbaycan Yazıçılar Birliyi mənə yaxın, doğma idi. Atif Zeynallı da bu mühitin, bu ədəbi aləmin bir parçası, zərrəsi idi. Doğrudur, o, Yazıçılar Birliyində tez-tez görünməyi xoşlamazdı. Lakin daşlarına, divarlarına şeir, sənət hopmuş, pilləkənlərində Səməd Vurğunun, Mehdi Hüseynin, Osman Sarıvəllinin, Əbülhəsənin, Əli Vəliyevin ayaq izləri qalmış bu müqəddəs ocaq mənim üçün də, onun üçün də eyni dərəcədə doğma idi. Mən dəfələrlə Atif Zeynallını Yazıçılar İttifaqında, şəhərin mərkəzində, İttifaqın ətrafinda parkda gəzişən, qələm sahibləri ilə söhbətləşən, hətta bəzən coşaraq mübahisə edən görmüşəm. Binamızın Yazıçılar Birliyinə yaxın olması, eyni yollarla, səkilərlə eyni məkanlara gedib gəlməyimiz belə görüşlərin sayını artırardı.

Əlbəttə, bu deyilənlər şairlə bağlı xatirələrimin maraqlı məqamlarını yada salır. Lakin onunla mən, həm də iş yoldaşı olmuşuq. Yazının əvvəlində məni şairlə həyat yollarında qarşılaşdıran çox paralellərin olduğunu bildirmişdim. Bunlardan ən vaciblərindən biri, bəlkə də elə birincisi, respublikamızın baş elm məbədgahı olan Azərbaycan Milli Elmlər Akademiyası idi.

Atif Zeynallının tərcümeyi-halından bilirik ki, o, Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aspirantura təhsilini başa vurub Bakıya qayıdandan dünyasını dəyişən günə kimi Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işləyib. O məkanda ki, orada Mirzağa Quluzadə, Məmməd Arif, Məmməd Cəfər, Əziz Mirəhmədov, Kamal Talıbzadə kimi söz, təfəkkür, düşüncə nəhəngləri çalışıb. Atif Zeynallı o zaman "Azərbaycan sovet ədəbiyyatı" adlanan şöbədə çalışırdı. Şöbə müdiri öz yaxın dostu, istedadlı alim və şair Qasım Qasımzadə idi. İş elə gətirmişdi ki, mən özüm də aspiranturanı bitirdikdən sonra xeyli müddət Ədəbiyyat İnstitutunda işlədim. Mövzum Hüseyn Cavid yaradıcılığında ideyalar aləminə həsr olunmuşdu. Müvəffəqiyyətlə dissertasiyanı müdafiə edib köhnə dillə desək, elmlər namizədi adını alandan bir müddət sonra məni İnstitutda elmi katib vəzifəsinə təyin etdilər. O illərdə Atif müəllimlə daha yaxın tanışlığımız başladı, həm də təkcə qonşu kimi, ədəbiyyat məftunu kimi yox, bir iş yoldaşı kimi münasibətlərimiz genişləndi. Bu, 70-ci illər idi, Atif Zeynallının həm şair kimi şöhrətinin yayıldığı, həm də ədəbiyyatşünas-alim kimi nüfuzunun artdığı dövran idi.

Atif müəllim qəlbən həssas, kövrək insan olmasına baxmayaraq, zahirən səsli-küylü, danışdıqca coşan bir adam idi. Onun işə gəlişi ilə İnstitutun dəhlizlərində sanki bir canlanma baş verirdi. Şöbəyə gələ-gələ o, yolüstü, demək olar ki, bütün otaqlara baş çəkir, əməkdaşlarla görüşür, dostluq etdiyi, zarafatı olduğu insanlarla zarafatından qalmırdı. Alim kimi o, çox prinsipial, ədalətli idi. İnstitutun elmi katibi olduğum üçün müdafiələrin, müzakirələrin əksəriyyətində iştirak edirdim. Atif Zeynallının da prinsipiallığını, kimlərinsə, nələrinsə xatirinə haqqa nahaq deməyə cəhd edənlərin qarşısına kişi kimi çıxmağını, istedadlı, lakin arxasız aspirantlara, gənclərə dəstək olduğunu mən orada dəfələrlə görmüşdüm. O, bunun üçün heç kəsdən heç nə ummurdu, onun əqidəsi belə idi. Eyni zamanda çətinliklərdən, özünün qarşılaşdığı haqsızlıqlardan danışıb şikayətlənməyi xoşlamazdı. "Xasiyyətnaməm" şeiri elə bu misralarla da qurtarırdı:

Budur yolum, budur andım

Mən bu yolda alışsam da,

Söyləmərəm,

Niyə yandım, necə yandım!

Atif Zeynallı həm də geniş dünyagörüşünə malik, nəzəri cəhətdən savadlı, hazırlıqlı tənqidçi idi. Mən onun ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid sahəsindəki elmi fəaliyyətini şairliyindən az əhəmiyyətli hesab etmirəm. Ədəbiyyat İnstitutunda bir yerdə çalışdığımız illərdə mən onun elmi görüşlərinin mükəmməlliyinin şahidi olmuşam. Müasir Azərbaycan poeziyasının müxtəlif problemlərindən, xüsusən orta və gənc nəsil şairlərinin yaradıcılığından saatlarla söz aça bilirdi. Belə söhbətlərdən o, yorulmurdu, əksinə zövq alır, sanki ruhən dincəlirdi. Səməd Vurğunu çox sevirdi. 60-70-ci illərdə qələmə aldığı şeirlərinə sanki bir Səməd Vurğun ruhu çökmüşdü. Həmin illərdə yazdığı, doğma torpağın gözəlliklərini əks etdirən şeirlərində şair təbiətə sanki Vurğun gözü ilə tamaşa edirdi. Bu şeirlərin çoxunda Vurğun şeirindən, Vurğun vəznindən, Vurğun qafiyəsindən, hətta Vurğun misrasından məharətlə istifadə olunub:

Vurğunun bu sözü necə də düzdü,

"Nə gözəl yaraşır Muğana ceyran!"

Atif Zeynallı böyük Səməd Vurğunu Azərbaycan məfhumunun bir növ sinonimi, prototipi, bəlkə də elə portreti sanırdı. Onun nəzərində Vurğun da Azərbaycan kimi böyüklük, əzəmət simvolu idi:

Vurğun dedim, Vurğunlaşdım özüm də,

Azərbaycan dünya qədər nəhəngləşdi gözümdə!

O, XX əsrin əvvəllərində mövcud olmuş klassik ədəbi irsə də bələd idi. Xüsusən Cavid, Hadi və S.Mənsur romantizmini yüksək qiymətləndirirdi. Cavid barəsində söhbətlərimiz də olurdu. Bu, mənim elmi mövzum olduğundan məni çox maraqlandırırdı. Qəribədir ki, bir şair kimi bütün yaradıcılığı boyu təsviredici xarakterli, realist ruhlu oynaq, əlvan təbiət lövhələri yaradan, Vətəni və onun gözəlliklərini vəsf edən sənətkar ömrünün son illərində özünün də hörmət etdiyi, lakin yaxın getmədiyi romantizmə meyl etməyə başlamışdı. Həm də bu romantizm, əksər hallarda olduğu kimi, məhz bədbin ruhlu bir romantizm təsiri bağışlayırdı.

Şair müasir nəsrin inkişafında Mehdi Hüseyn, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Fərman Eyvazlı və başqalarının rolunu yüksək qiymətləndirir, İlyas Əfəndiyev dramaturgiyasını teatr sənətinin inkişafında mühüm mərhələ hesab edirdi. Xüsusən "Atayevlər ailəsi" onu çox təsirləndirmişdi. Söhbətlərimiz zamanı şair tez-tez İlyas Əfəndiyevin hekayə və romanlarından söz açardı. O, Elçin yaradıcılığını da layiqincə dəyərləndirirdi.  

Atif Zeynallı poeziyasının əsas simvollarından biri Xəzər idi. Uşaqlıqdan çılğın Xəzərin qayalı, qumsal sahillərində böyüyən şair üçün dəniz bir növ Vətənin, Azərbaycanın simvolu idi. O, Azərbaycanı Xəzər, Xəzəri isə Azərbaycan sanırdı. Uzaq gənclik illərində nəşr olunmuş ilk kitabının adını "Sahildə" qoymuşdu. Bundan bir qədər sonra ikinci kitabı çapa hazırlananda onun da adını "Yenə o sahildə" qoydu. Beləliklə, coşqun dəniz mövzusu şairin yaradıcılığının əsas istiqamətlərindən oldu.

O, hətta öz övladının da adını Xəzər qoymuşdu. Bu məqam məni şairlə, onun ailəsi ilə, övladı ilə birləşdirən paralellərdən biridir və bu gün də davam edir. Deyirlər şairlər övladının şair olmasını istəmir. Amma bildiyimə görə, Atif Zeynallı yeganə oğul payı Xəzərin şair olmağını çox arzulayırdı. Qoy şair təəssüf etməsin ki, oğlu onun yolunu davam etdirmədi. Lakin həyatda atasının ümidlərini doğrultdu. Mən bunu elə-belə, tərif xatirinə demirəm. İş elə gətirib ki, mən Atif Zeynallını yaxşı tanıdığım kimi, onun oğlu Xəzəri də yeniyetməlik illərindən lap yaxından tanımışam. Mən Xəzərin oxuduğu o zamankı İncəsənət İnstitutunda onun müəllimi, dekanı olmuşam. Yadımdadır ki, İnstituta sənəd verəndə o sənədləri də mən qəbul etmişdim, üstünü yazıb imtahanlara buraxmışdım. Sonralar rektor işləyəndə qabiliyyətli bir gənc olduğunu görüb onu təhsilini başa vuran kimi İnstitutda müəllim saxladım. O, etimadı tamamilə doğrultdu. Xəzər bu gün də rəhbərlik etdiyim kollektivdə müəllim işləyir, mədəniyyət təhsilinin inkişafında yaxından iştirak edir. Həm də elə müəyyən mənada atasının yolu ilə gedir - uzun illər onun işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasında məsul işlərdə çalışır. Mən hər dəfə onu görəndə atasını xatırlayıram, xatirələr məni çəkib o illərə, öz gəncliyimə aparır.

Bugünlərdə şair Atif Zeynallının 90 illiyi işlədiyi Ədəbiyyat İnstitutunda geniş qeyd edildi. Tədbir şairin xatirəsinə uzun illər çalışdığı kollektiv tərəfindən bir ehtiram, yaddaş nişanəsinə çevrildi.

Atif Zeynallı XX əsrin ikinci yarısı Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, böyük poeziya ümmanında özünə yer tutmağa nail olan şairlərimizdəndir. Zaman bizi addım-addım o dövrün çoxsaylı adlarla təmsil olunan ədəbi mühitindən uzaqlaşdırdıqca, biz sanki o mühitin mənəvi inkişafımızdakı rolunu daha dərindən duyaraq qiymətləndirmək imkanı əldə edirik. Zaman dəyişsə də, vaxtilə milli poeziyaya yeni nəfəs gətirən 60-80-ci illər lirikası, bu lirikanı öz yaradıcılıq dünyagörüşü ilə cilalamış adlar, imzalar bu gün də xatirələrdə yaşayır. Biz onları unutmamalıyıq, çünki o ədəbi irs bizim bu gün daha da inkişaf etmiş, sayca artmış, texnogen zəmanənin imkanlarından yararlanaraq özünə daha çevik təqdim, reklam imkanları əldə etmiş müasir şeirimizin yaxın keçmişdən boylanan, hələ köhnəlməyə macal tapmayan sələfidir. Bu şeirlərin bir çoxunda özünü büruzə verən düşüncə ziyası, fikir işartıları bu gün üçün də aktualdır. Və nə qədər ki, yaxın keçmişin zəngin poetik irs qoyub getmiş poeziya təmsilçiləri unudulmayıb, gündəmdən silinib getməyib, istedadlı şair, tanınmış ədəbiyyatşünas-alim Atif Zeynallı da onların cərgəsində daim xatırlanacaq.

 

Timuçin ƏFƏNDİYEV

Əməkdar elm xadimi, professor

 

525-ci qəzet.- 2017.-27 aprel.- S.7.