Davalı kino
hekayə
Bir kinomexanikimiz vardı. Adına "yetim Qüdrət" deyərdilər.
Yay-qış başına tükləri
tamamilə tökülmüş
keçə bir papaq taxardı. Deyəsən, heç yatanda da başından çıxarmırdı. Çünki uşaqlar başına
qapaz vuranda əməlli-başlı toz
çıxardı. Qapazı da
niyə vururdular?
Ona görə ki, kinonu yaxşı göstərməyəndə, lenti
tez-tez qıranda,
"sapojnik, sapojnik"
deməkdən uşaqlar
artıq yorulanda hündür bir stola çıxıb kino göstərən Qüdrəti düşürərdilər
və hərə bir qapaz vurardı.
Qüdrət də dartınıb
aradan çıxmaq istəyəndə uşaqlar
daha da qızışardılar.
Nə yemisən, turşulu su.
Amma insafən, yetim Qüdrət yaxşı kino gətirərdi kəndə. Afişanı da özü
yazardı, bileti də özü satardı, lenti də özü fırladardı. Elə ki,
Qüdrət afişanın
altından "kopoludu
yaman davalıdı"
sözü yazardı,
bütün kənd cavanları tökülüşərdi
kluba. Yəni "yalan deyən
köpək oğludur,
film müharibədən bəhs
edir". Yazdığı kimi də olurdu,
müxtəlif döyüş
səhnələri, düşmənin
əzilməsi və sair görüntülər
kənd cəhillərinə
ləzzət verərdi.
Bircə dəfə necə olmuşdusa, Qüdrətin
"kopoludu yaman davalıdı" kinosu davasız çıxmışdı
və buna görə tutub döymək istəyəndə
Qüdrət qaçıb
meşədə gizlənmişdi. Bu, cəmi bircə dəfə olmuşdu və onda da
Qüdrət yamanca qorxmuşdu. Bir xeyli
afişaya kinonun adından başqa bir şey yazmadı.
Amma görəndə
ki, kinoya gələnlərin sayı
getdikcə azalır, başladı yenə köhnə iş üsulu ilə işləməyə. Bəzən də
filmin adının altından "ağlamalıdı"
sözü yazardı.
Kənddə gəlin-qız qalmazdı.
Kəlağayısını çiyninə atıb
dəstə-dəstə gələrdilər
kluba və bir azdan hönkürtülərin
səsinə çöldə
dayanıb filmə o qədər də maraq göstərməyən
oğlanlar tökülüşüb
gələrdilər.
Ağlayanların arasında hər dəfə Qüdrətin
anası Fatma arvad da olardı. Daha çox
o ağlayardı. Əri Əsədulla
müharibədən qayıtmamışdı.
Qüdrətə bəlkə də
ona görə hamı "yetim Qüdrət" deyirdi.
Amma kənddə bu qadına hamı hörmətlə yanaşırdı.
Kişi kimi qadınıydı.
Cavan yaşlarından dul qalsa da, Əsədullanın
üçkünc ölüm
kağızını alsa
da, yenidən ailə qurmaq barədə fikirləşməmişdi.
Bir dəfə klubda baş verən hadisə sanki bütün kəndi silkələdi, bu ana-balaya münasibəti
kökündən dəyişdirdi...
Qüdrət yenə afişasını
yapışdırmış və altından da "həm ağlamalı, həm də davalıdı" sözlərini yazmışdı. Kənd cavanları
ilk dəfə idi bu sözlərin ardından "əsl kino" sözünü də oxumuşdular və sonradan bilmişdilər ki, bu, sənədli film imiş. Kəndə ilk dəfə sənədli
film gəlirmiş.
Yenə kənd camaatı arvadlı uşaqlı kluba doluşmuşdu. Fatma arvad qabaq cərgədəki skamyalardan birində oturmuşdu. Yan-yörəsi də gəlin- qız. Yenə kəlağayıların ucu yaş silməyə hazırlanmışdı. Köhnə stolun üstünə bir stul da qoyub onun üstündə əyləşib lentin çərxini fırlatmağa hazırlaşan Qüdrət bərkdən "işığı söndür" deyə kiməsə qışqırdı. Film 416-cı Taqanroq diviziyasının ayrı-ayrı qəhrəmanlarına həsr olunmuşdu. Bir-bir onların tərcümeyi-halı, haqqında məlumat verilir, sonra da iştirak etdikləri döyüş səhnələri göstərilir, qəhrəmanlıqlarından diktor ağır səslə danışırdı. Birdən nə baş verdisə, zal sanki sükuta qərq oldu. Diktor danışırdı: "Qarasaqqal kəndinin igid oğlu Əsədulla Məmmədov öz tankı ilə düz Berlinə kimi getdi, neçə-neçə düşmən texnikasını, canlı qüvvəsini məhv etdi. Lakin son anda düşmən gülləsinə tuş gəldi. O, son nəfəsinə kimi bu torpağın uğrunda vuruşdu. Son sözü isə "oğlum Qüdrət, anan Fatmanı sənə tapşırıram. Fatma, oğlumu da sənə etibar edirəm. Çalış ona yetim deməsinlər".
Film elə
belə də qurtarırdı. İşıqlar yandırılmışdı.
Hami dönüb yuxarıya, Qüdrətə baxırdı.
Qüdrət isə ayaqlarını
stoldan sallayıb sakitcə ağlayırdı.
Keçə papağını ilk dəfə idi çıxarıb əlində
tutmuşdu. Hərdən
hönkürəndə papağı
ağzına aparırdı...
Hamı elə bil,
birdən ayıldı.
Kiminsə əl çalmağı
ilə bütün zalın əl çalmağı bir oldu. Qız-gəlinlər Fatma arvadı
qucaqlamışdılar. Fatma arvad isə onları aralayıb əllərini Qüdrətə
sarı uzatmışdı.
Kəndin o başındakı
meşəlikdən kiminsə
yanıqlı səsi
gəlirdi...
Bu dağlar ulu dağlar,
Çeşməli sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.
Hamlet QASIMOV
525-ci qəzet.- 2017.-27 aprel.- S.7.