Türkcəni dünyaya çatdıran ulu şair

 

Məhəmmədhüseyn Şəhriyar "Hər il bir böyük türk bilgi şöləni"ndə anıldı

 

O möhtəşəm ədəbiyyat hadisəsindən - Türkiyənin qədim Bursa şəhərindəki Uludağ universiteti ilə Türk Ocaqları Dərnəyi Bursa şöbəsi tərəfindən "Her yıl bir büyük türk" layihəsi çərçivəsində düzənlənən "Şəhriyar bilgi şöləni"ndən düz beş aylıq zaman məsafəsi ayırır bizi... Amma bu beş ay ərzində o tədbir əsnasında keçirdiyim hisslər, yaşadığım duyğular yaddaşımdan heç silinməyib, əksinə, hər gün daha çox xatırlanıb...

Bugünlərdə həmin konfransda səslənən məruzələrin bir kitab şəklində nəşr olunaraq iştirakçılara çatdırılması məni bir daha xəyalın qanadlarında o özəl günlərə qaytardı... Nə idi bu özəllik?! Nədən o günlər hey xatırlanır?

Ən əvvəl Türkiyənin elmi kadrlar yetişdirən təhsil sisteminin bir halqası olan Uludağ Universitetinin elm adamlarının, tələbə və müəllim heyətinin gələn qonaqların hər birinə özəl sayğı və qayğısı... Açığı, bilgi şöləni zamanı gerçəkləşdirilən Beynəlxalq konfransa Quzey və Güney Azərbaycandan qatılmış türksoylu alimlərə, şair və sənətkarlara göstərilən diqqət bir başqaydı... İkincisi, yox, elə yenə də birincisi deyərdim, yaşlı nəslin nümayəndələrində və gənclərdə insanın damarlarından axan qanı coşduran vətənpərvərlik hisslərinin açıq-açıq ifadəsi, böyük Mustafa Kamal Paşa Atatürkə və onun ideallarına sədaqət, gözlərimizin önündəcə dalğa-dalğa yüksələn Türkçülük, Türkiyə və bayraq sevgisi, "Mən türkəm" mənsubluğunun doğurduğu fərəh, coşğu və yüksək milli ruh...

Bütün bunlar insanın qəlbində riqqətli duyğular, hisslər oyadır, qürur hissi doğurur və ən başlıcası böyük Vətəni sevməyi öyrədir yavaş-yavaş, qətrə-qətrə, ta ki, bu sevgi Türk insanının iliyinə hopur, bütün ruhunu qapsayır.

Konfrans sürəsində ilgimi çəkən və məni daha çox duyğulandıran digər bir məqam isə Türkiyə türklərinin vətənpərvərlik ruhlu mahnıları xorla oxumaları, bu mahnıların ifası zamanı bütün salonun ayağa qalxaraq sağ əlin iki barmağını baş barmaqları ilə ovucların içində tutaraq qalan iki barmaqla "Mən Bozqurdçuyam" işarəsini verməsi və əllərdə türk bayrağının dalğalanması idi... Ankara Türk Dünyası Topluluğu Sanatçıları Çiğdem və Cem Gürdallar, onları müşayiət edən sənətçi dostları Türk dünyasından örnək nəğmə və türkülərdən oluşan nəfis bir konsertlə konfransın ilk günkü proqramının son akkordlarını vurmuşdular.

Konfransın təşkilatçısı Türk Ocaqları Dərnəyi Bursa şöbəsinin müdiri, professor Səlçuq Kırlı açılış törənindəki çıxışında Uludağ Üniversitesi ilə birlikdə düzənlənən bilgi şölənlərinin keçirilməsində əsas məqsədin mahiyyətini anlatdı. Vurğuladı ki, amacımız adlarını hər kəsin duyduğu, ancaq yaşamı və əsərləri barədə yetərincə bilgilərin olmadığı Türk xalqlarının bətnindən qopmuş böyük şəxsiyyətləri daha yaxından tanıtmaq və sevdirməkdir. Bundan daha öncə gerçəkləşdirilən şölənlərdə dahi İsmayıl bəy Qaspıralını (2014), sonra Xəlil İnalcıkı (2015) yada saldıqlarını, bu il-2016-cı ildə isə o taylı-bu taylı Azərbaycanın və bütün Türk dünyasının ən böyük şairlərindən olan Məhəmmədhüseyn Şəhriyarı anadan olmasının 110 illiyi münasibəti ilə anmağı planlaşdıraraq gerçəkləşdirdiklərini qeyd edən Səlçuq bəy şölənə qatılaraq Şəhriyar haqqında bilgi sahibi olmaq şansını yaxalayan öyrənci-tələbələrin özlərini həqiqətən xoşbəxt sanmalarına əsasları olduğunu da dilə gətirmişdi: "Çünkü burada dinleyecekleriniz her zaman ulaşa bileceğiniz bilgiler değildir ve ulaşabilmek için de çok emek vermeniz gerekmektedir. Ancak Uludağ Üniversitesi ve Bursa Türk Ocağı, bunların hepsini bir buçuk günde yutabilmeniz için böyle bir şöleni düzenledi. Önemli olan sizlerin burada ola bilmesidir ve bu beni de çok mutlu ediyor. Umuyorum ki, bu şölen boyunca gerçekten sanatın ruhuna gerçek anlamda erdiğinizi hiss edeceksiniz. Şölenimizde kıymetli şair Muhammed Hüseyin Şehriyarın vatandaşı olduğu devletin dilinde de dünya çapında bir şair olmayı, ana dilinde de dünya çapında bir şair olmayı nasıl başara bildiğini dinleyeceksiniz!.."

S.Kırlının "Türk tarihi ve bu gününde sayılamayacak kadar büyük Türk varken neden Muhammet Hüseyin Şehriyar?" - sualına vermiş olduğu cavab da gerçəkdən diqqətçəkicidir: "Çünki bu gün için bağımsız olanlar bir yana, hala başka devletlerin tebaası olup başka milletlerin yönetimi altında yaşayan, buna rağmen kimlikleri ve dillerini kaybetmemiş çok fazla insanımız var ve onların yaşadıkları coğrafya göz bebeğimiz Türkiye'nin bulunduğu coğrafyadan çok daha geniş. Çünki biz dünyanın gözünde her zaman, ama özellikle bu kesitte çok önemli olan bir alanda yaşayan çok büyük bir milletin çocuklarıyız. Çünki Muhammet Hüseyin Şehriyar vatandaşı olduğu devletin dilinde dünya çapında eserler vere bilen birisi iken ve o devlete hakim olan milletin kahramanı mertebesine çıkmayı başarmışken, kendi milliyeti ve dilini asla terk etmemiş biri. O tüm yasaklar, kısıtlamalar ve sürgünlere rağmen, kendi dilinde yazmaya devam etmiştir. Türkçe yazdıklarını Farsçaya çevirmesi istendiğinde bunu Türk dilinin asaletine yakışmayacağı için redd etmiştir. Yaşamakta olduğu ve bu gün için İran sınırları içinde bulunan Güney Azerbaycanda sokaklarda konuşulmanın ötesine geçmesine izin verilmeyen Türk dilini en gelişmiş özellikleriyle kullanmıştır..."

Şöləndə çıxış edən və ustad Şəhriyarı "Türkcəni dünyaya duyuran bir şair" kimi dəyərləndirən Uludağ universitetinin (UU) rektoru professor Yusuf Ulcay da: "Tarihi, sanatı, edebiyatı, şiirleri, türküleri ait olduğu milletin dilinden, gelenek ve göreneklerinden izler taşır. Çünkü bizler bu kültürel öğeler sayesinde biz oluyoruz. Türk kültürünün gönüllü elçileri olan dil üstatlarından biri de Muhammed Hüseyin Şehriyardır. Bu manada, Türk dünyasının ve Azeri şiirinin büyük isimlerinden olan Şehriyardaki en önemli özellik ise gelenek ve görenekleriyle birlikte anadili Türkceye verdiği önemdir. Bu vesile ile Tebrizin insanlığa armağan ettiği büyük değerlerden birisi olan Muhammed Hüseyin Şehriyarı bir kez daha saygıyla anıyorum" demişdi.

"Heydərbabaya salam" poemasını Azərbaycanın milli dastanı kimi səciyyələndirən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov isə Türk dünyasının önəmli şəhərlərindən biri olan Bursada, yenə də Türk dünyasının önəmli şairlərinden biri olan Şəhriyarın anıldığı bir proqramın təşkil edilməsindən dolayı böyük bir mutluluq duyduğunu vurğulamış və bu möhtəşəm konfransın düzənlənməsində əməyi olanlara səmimi təşəkkürünü bildirmişdi. "Təbrizdə doğulub İranda həyatını keçirən Məhəmmədhüseyn Şəhriyar hər nə qədər buralarda həyatını keçirmiş olsa da, əslən bir Azərbaycan türküdür. Bütün dünyadakı Azərbaycan türklərinin sevdiyi və qürurla anlatdığı milli şairimizdir. O, Azərbaycan şeirini ən yüksək səviyyəyə çatdırmış və milli bərabərlik duyğularını anladan çox önəmli şeirlər yazmışdır. Onun vətənin mənəvi bütünlüyünü görmək və can qardaşlarının xoş sədasını eşitmək kimi bir amacı vardı. Həyatının böyük bir hissəsini İranda keçirməyə məcbur olan Şəhriyarın ölümsüz əsərlərindən birisi olan "Heydərbabaya salam" mənzuməsi Azərbaycanda milli bir dastan sayılır".

Açılış törənində dinlənilən çıxışların ardınca kürsüyə dəvət edilən Güney Azərbaycandan  (İran) gəlmiş qiraət ustası Yusif Hüsni Əzəmi Şəhriyarın bəzi şeirlərini səsləndirmiş, bu əsnada diqqətlə dinlədiyi şeirlərdən təsirlənən bəzi iştirakçıların duyğulanaraq göz yaşlarını boğa bilmədikləri, ağladıqları da müşahidə kamerasına yansımışdı...

Şəhriyar Bilgi Şöleninin oturum toplantılarında professor Elman Quliyevin "Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığında milliyetin tezahür formları" , Elxan Yurdoğlunun "Şəhriyar şeirlərində türk mədəniyyətinin ortaq dəyərləri: Xalq ədəbiyyatı örnəkləri" və professor İsa Özkanın "Ana dili türkcəyə İranda və Türk dünyasında etibar qazandıran şair; Məhəmmədhüseyn Şəhriyar", professor Ahmet Bican Ercilasunun "Şehriyarın "Derya eyledim" şeiri ətrafında bir dəyərləndirmə", professor Fikrət Əlizadənin "Şəhriyarın yaradıcılığında mantıksal-anlamsal bağlar",  Esmira Fuadın (Şükürova) "Şəhriyar yaradıcılığında QADIN" və "Üstad Şehriyarın Türk Dünyası Edebiyatındaki Yeri ve Mevkii",  Əli Əsgər Əzizpurun "Şəhriyarın "Səhəndiyyə" adlı şeirinde göyə çıxış məktubu", Mümtaz Sarıçiçək və Büşra Bozanın "Şəhriyarın şeirlərində Mövsüm olgusunun mifsəl//arxetipsəl yöndən təhlili",  Şamil Yeşilyurdun "Şəhriyarın şeirində dağ olgusu",  Halil Akçanın "Şəhriyar şeirindəki bitki və heyvanların mifsəl//arxetipsəl yöndən incələnməsi",  Okutman Saliha Cömertin " "Türkiyəyə xəyali səfər şeirində arxetipsəl yolculuq" adlı məruzələri böyük maraqla dinlənmişdi.

Əli Əsgər Cəmrasi Şəhriyarın "Heydərbabaya salam" mənzuməsindən ilham alaraq Xalac türkcəsi ilə qələmə aldığı "Qarşubalukka salam" nəzirəsini oxuyaraq İranın Qum şəhərinin güney hissəsində yaşayan Xalac türklərinin danışdıqları və artıq məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Xalaç türk ləhcəsi ilə ilgili açıqlamalarda bulunmuşdu.

Professor Xədicə Şahin "Şəhriyarın şeirlərində ikiləmələr, təkrarlar, deyimlər",  Ebru Kuybu "Heydərbabaya salam şeirində yansıma yoluyla ortaya çıxan söz varlığı",  Özləm Ərcan və Gülay Durmaz "Eynı torpaqların yetiştirdiği üç böyük şair: Hafız, Füzuli, Şəhriyar", İkram Çinar "Bir düşünür olaraq Şəhriyarın eğitim anlayışı", Rübabə Tağızadə Zonus "İranda Şəhriyar haqqında yapılan yayınlar",  Nasir Əlizadə "1990-dan sonra İranda yayınlanan türkce dərgilər",  Kübra Saadun Cəfər, "Heydərbaba şeirine yazılmış nəzirələr üzərinə", professor Alev Sınar Uğur "Şeirlərdən hərəkətlə Mehmet Akif və Şəhriyar, professor Səlim Conoğlu "Şəhriyarın şeirlərində kültürəl belleğin yansıması və yurdsevərlik dili",  Səadətdin Eğri "Şəhriyarda romantizm etkileri", Zuhal Eroğlu Koşan "Yəhya Kamalın izində Şəhriyar", Ece Serrican "Şəhriyarın şeirində Türk(iyəli) Aydınlar", professor Mustafa Cəmliloğlu "Heydərbabaya salam şeirində Anadolu Motivləri", professor Ali Duymaz  "Şəhriyarın türkcə şeirlərində türklük və Türkiye Algısı", Ülker Baxşiyeva "Şəhriyar "Heydərbaba" şairi kimi", Aynur Qafarlı "Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının orta ümumtəhsil məktəblərində tədrisi" adlı məruzələri ilə çıxış edərək konfrans iştirakçılarını ustad şairin həyat və yaradıcılığının bir sıra önəmli məqamları ilə tanış etmişdilər. Unuda bilmədiyim bir özəllik də bir konfrans boyunca çıxış etmək üçün mənim üç dəfə kürsüyə dəvət olunmağım idi... İki məruzəm dinlənildi, konfransın bağlanış proqramında isə prof. S.Kırlının dəvəti ilə şairin "Azərbaycan" və "Getmə Tərsa balası" qəzəllərini söyləmək nəsibim oldu... Şəhriyarı və onu yetirən Azərbaycan xalqını, bütün Türküstanı dərin məhəbbətlə sevən iki elm mücahidi - professorlar Səlçuq Kırlı və Alev Sınar Uğurlunun və digər əməkdaşların çox böyük səyləri sayəsində bütün məruzələrin toplandığı dərgi "Uluslararası Her Yıl Bir Büyük Türk Bilgi Şölenleri - Muhammed Hüseyin Şehriyar" adı ilə bu günlərdə yayımlandı. Türkiyə, İraq, Güney və Quzey Azərbaycanda ustad şair haqqında aparılmış bir sıra tədqiqatları, "Heydərbabaya salam" poemasına bütün türk dünyasında yazılmış nəzirələr barədə araya-ərsəyə gələn araşdırma mətnlərinin yer aldığı toplunun Şəhriyarşünaslığa yeni töhfə kimi elm adamlarının və ədəbi ictimaiyyətin nəzər-diqqətini çəkəcəyinə və gələcək elmi araşdırmalarda mötəbər bir qaynaq olacağına əminik.

 

Esmira Fuad

 

525-ci qəzet.- 2017.-27 aprel.- S.6.