Milli azadlıq ideyaları və Mirzə İbrahimovun hekayə yaradıcılığı

 

Mirzə İbrahimov, ilk hekayələrindən tutmuş "Gələcək gün" kimi məşhur romanlarınacan, hər bir əsərində minillik folklor nümunələrimizdən, xalq yaradıcılığından böyük sənətkarlıqla yararlanıb.

O, xalqın həyatını, ruhunu, dilini yaxşı bildiyindən əsərlərindəki obrazlar da xalqın içindən çıxmış sadə insanlar olmaqla, bütün parametləri ilə xalqın özüdür. Onun qəhrəmanları ən qanlı döyüşlərdə,  ən ağır günlərdə belə xalq nağıllarımızdan, əfsanələrimizdən mənəvi güc alır, qüvvə toplayırlar. Yazıçı  "Tonqal başında" hekayəsində də öz xəttinə sadiq qalır. Ağır döyüşlərə hazırlaşan gənc fədailərə tonqal başında maraqlı həyat hekayətləri danışan Kərim dayı növbəti hekayətində xalqın igid oğlu Elcanın qəhrəmanlığı timsalında onlara mənəvi güc verir, xalq qisasçılarının düşmənə olan nifrətini daha da alovlandırır.

"... Düşməni doğma yurda buraxmırlar... O igidlərin başında Elcan adlı bir qəhrəman dururmuş... Elcan dava zamanı pələngə dönərmiş, düşmən əsgərlərini baş-başa vurub öldürərmiş... Nərildəyəndə çöllər, dağlar da vahiməyə düşərmiş. Bir dəfə qanlı Alpars özü dəmir geyib davaya qoşulur. Elcanı öldürmək, eli qəhrəmansız qoymaq istəyir... O, davadan qabaq həmişə adam ürəyi yeyib qızarmış. Sonra meydana girərmiş. Bir əsrin ürəyini yeyib Elcanın qabağına çıxır. Lakin Elcan meydandan qaçmır. Alparsla üz-üzə gəlir... qılıncını vurub salır, qulağının birini kəsib meydandan qaçmağa məcbur edir... O gündən Alparsın adı tayqulaq qalır".

Əsərin bu hissəsində yazıçının bənzətməsi xalqımızın qanlı düşməni tayqulaq Androniki xatırladır. Mirzə İbrahimov o zaman Andronikin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən yaxşı xəbərdar idi və çox güman ki, sovet hakimiyyəti illərində Andronikin törətdiyi cinayətləri qələmə almağa qadağa qoyulduğundan ədəbi priyomdan istifadə edərək tayqulaq Alpars obrazı ilə elə tayqulaq Andronikin obrazını yaratmışdı. 

Yazıçının "Tonqal başında" hekayəsində də xalqın mərd oğulları onun azadlığı, düşmən əsarətindən qurtulması uğrunda öz şirin canlarından belə  düşünmədən keçməyə hazırdılar. İgid Elcan da insan qanı içən Alparsdan xalqı xilas etmək üçün bir an belə tərəddüd etmədən öz həyatından keçir.

Mirzə İbrahimovun əsərlərində həm də xalqımızın tarixən malik olduğu milli-mənəvi dəyərlərə, tapındığı dini inanclara böyük diqqət və sayğı duyulur. "Tonqal başında" hekayəsində də xalqımızın əski inanclarından olan atəşpərəstliyin izlərini görürük. Hekayədə yazıçının oda müqəddəs bir varlıq kimi yanaşması öz milli kökünə, mənəvi dəyərlərinə necə böyük ehtiramla yanaşmasının təzahürüdür.

"... 1945-ci il dekabrın 13-də qaranlıq bir gecədə bir dəstə fədai belə bir tonqalın başına toplanmışdı... Qədim Azərbaycan adətinə görə onlar odun ətrafında halqa vurmuşdular... Göylər buludlu, üfüqlər qaranlıq idi... Bütün ətrafda ağır bir  sükut hökm sürürdü... Payızın həzin küləyi gecəyə məxsus bir ağır sükutu xələldar edə bilmirdi..."

Kərim dayının öz həyatında baş verən ağrılı həyat hekayəsi isə xalqın azadlığı uğrunda zaman-zaman aparılan mübarizələrdə qızlarımızın, qadınlarımızın kişilərdən heç də geri qalmadıqlarını, həm də ən ağır günlərdə onlara silahdaş, mənəvi arxa-dayaq olduqlarından xəbər verir. Kərim dayının gənc və gözəl həyat yoldaşı Minurə də belə vətənpərvər, cəsur qızlarımızdan biridir. O da əriylə bərabər ilk gündən vətəninin azadlığı uğrunda başlamış azadlıq mübarizəsinə atılır, silah götürüb fədailər dəstəsinə qoşulur.

Tarixdən məlumdur ki, Cənubi Azərbaycanda baş qaldıran azadlıq mübarizələri həmişə xarici imperalist qüvvələrinin əliylə boğulub. Rus, ingilis, amerikan sümürgəçiləri Azərbaycanın sərvətlərini talan etmək üçün həmişə arxadan onun kürəyinə xəncər saplayıblar. Xalq nə zaman ki, öz azadlığı uğrunda ayağa qalxıb, yadelli işğalçılar hər dəfə bir mürtəce plan hazırlayaraq onun mübarizəsini qan gölündə boğublar.

Təbriz hər zaman İranda baş qaldıran azadlıq mübarizəsinin beşiyi sayılıb. İranda Təbrizə hər zaman nicat yeri, azadlıq simvolu kimi baxıblar. Təbrizin hər dəfə ayağa qalxması İranda minillik səltənətləri çökdürüb, qorxunc hakimiyyətləri yerindən oynadıb. Ona görə də İrana hakimlik edən bütün şahlar, tiranlar ən çox Təbrizdən qorxub, Təbrizdən çəkiniblər. Bunun üçün də Təbrizin çökdürülməsi, zəif salınması üçün hər dürlü cinayətlərə əl atıblar. "On iki dekabr" hekayəsinin adı da simvolik olaraq Təbrizdə Azərbaycan xalqının böyük oğlu Seyid Cəfər Pişəvərinin başçılığı altında başlamış "21 Azər" hərəkatının adından götürülüb. Bu dəfə də xalq həmin inamla, həmin coşquyla Təbrizin səsinə səs verib milli mücadiləyə, son və qəti döyüşə atılıb.

"... O zaman bütün Azərbaycanın, bütün İranın gözü Təbrizdə idi... Hamı Təbrizə baxırdı. Onun nə edəcəyini gözləyirdi... Bizim taleyimiz onun hərəkətindən asılı idi. Azərbaycan torpağının gələcəyi, İran azadlığının taleyi onun əlində idi. Dönə-dönə qılınc götürüb qanlı mübarizələrə girişmiş, səadət qapılarını açacağı, azadlıq bayrağını əbədi olaraq qaldıracacağı yerdə bədbəxtliyə uğramış, taleyin qəzəbinə rast gəlmiş, qolları bağlanaraq yenidən zülmət zindanlara atılmış bu qəhrəman bir daha ayağa qalxmaq, qılınc vurmaq üçün özündə bir mətanət və qüdrət, ruh və rəşadət tapacaqdımı?.. Biz Təbrizə baxır və belə düşünürdük... Biz deyirdik ki, "Yox!.. Bu dəfə məğlubiyyət ola bilməz!.. Bu dəfə heç bir hiylə və təzvir bu qəhrəmanın əlindən əbədi azadlıq bayrağını qopara bilməz. Bu son və qəti vuruşdur.. bu vuruşda Təbriz qalib gələcəkdir..."

Hekayədə Təbrizin qüdrəti, əzəməti, Təbrizin Azərbaycan üçün, bütövlükdə İran üçün hansı rolu oynadığı bir daha göz önünə gəlir. Həm də yazıçı bütün varlığıyla inanır ki, azadlıq arzusu, özgürlük istəyi ilə yaşayan millət mütləq bir gün əsarət zəncirindən qurtaracaq.

"...  - Görürsənmi, Mahmud, yüz minlərlə həmvətənimizin müqəddəs arzusu belədir. Azadlıq arzusu ilə yaşayan bir milləti əbədi əsarətdə saxlamaq qeyri-mümkündür!"

Azərbaycan xalqının tarixində ən xoşbəxt anlar, sevincli günlər onun azadlığa, özgürlüyə qovuşduğu anlar olub. Bəzən bu xoşbəxt anlar zaman baxımından çox qısa olsa da, onun təsiri, nəşəsi uzun illər xalqın yaddaşından silinməyib. Yazıçı bu anları elə dolğun, bədii boyalarla, hiss və həyəcanla çatdırır ki, aradakı zaman kəsiyinin fərqinə baxmadan sanki sən də o hadisələrin şahidinə, iştirakçısına çevrilirsən. Elə bədii sözün əsil gücü də məhz bundadır.

Mirzə İbrahimov təkcə ədəbi əsərlərində deyil, şəxsi həyatında - ictimai-siyasi fəaliyyətində də milli-azadlıq ideyalarına bağlı idi, Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmağı özünə həyat amalı seçmişdi və bu ideyalar uğrunda da dönmədən mübarizə aparırdı. Cənubda xalqımızın məğlubiyyəti ona öz gücünü Şimalda reallaşdırmağa səfərbər etdi. İşlədiyi partiya və dövlət vəzifələrində həmişə milli mənafeni şəxsi mənafeyindən üstün tutmuş, Azərbaycan dilinin dövlət dilinə çevrilməsində, onun mətbuatda və ədəbiyyatda öz yerini möhkəmləndirməsində yazıçının əvəzsiz  xidmətləri danılmazdır. Onun əsas ilham mənbəyi və güc aldığı qaynaq da elə xalqın azadlığa olan sarsılmaz inamı idi.

"... Biz sizin sağlığınıza badə qaldırarkən, sən sözümüzü kəsdin.

- Dostlar, - dedin, - bu gün vətənimizin üfüqlərində azadlıq günəşinin doğduğu gündür... Biz bu günü gördüyümüz üçün xoşbəxtik. Bu günün xatirəsi dərdli vaxtlarımızda belə qəlbimizə təsəlli və qüvvət verəcəkdir".

Azadlığa qovuşmaq nə qədər xoş, sevincli, nəşəli hissdirsə, onu itirmək qat-qat artıq kədərli, hüznlüdür. Yazıçı xalqın yaşadığı təzadlı hadisələri, sevincli-kədərli günləri də, ağrı-acıları da ədəbii-bədii cəhətdən çox böyük ustalıqla qələmə almışdır. Xalqın qələbəsi onu nə qədər sevindirir, qol-qanad verirdisə, onun məğlubiyyəti də yazıçını bir o qədər kədərə qərq edirdi. "İztirabın sonu" hekayəsində ədib yazır:

"... Fəlakət Təbrizin üstünü birdən almışdı. Üfüqlərdən aşıb gələn qara buludlar, bütün göy üzünü örtən kimi, Təbrizin də üstündə ölüm öz qanadlarını gərmişdi. O, ürəkləri vahimə ilə doldurmuş, qəlblərə sonsuz iztirab gətirmişdi. Minlərlə insanın həyatını matəm, göz yaşı, nalə və ümidsizlik pərdəsi ilə örtmüşdü. İdrak və vicdan sahiblərini meydandan çıxaran, cani və bıçaqçıları küçələrə tökən də bu fəlakət olmuşdu.

Bircə gün əvvəl sakit bir həyatla yaşayan, tezliklə artıb böyük və mədəni bir paytaxta çevrilmək ümidi ilə ruhlanan şəhərin küçələri insan cənazələri ilə dolmuşdu. Burda, orda, su arxlarının içində, ağacların dibində başı kəsilmiş, qarnı yırtılmış, əl-qolu sındırılmış meyitlər gözə dəyirdi. Bu meyitlərin içində cavan fədailər, günahı məlum olmayan ağ saçlı qocalar, körpə uşaqlar və lüt arvadlara rast gəlmək olardı".

Mirzə İbrahimovun əsərlərində milli satqınlar, xalqın azadlığını miskin bir mənsəbə, ucuz vəzifə kürsüsünə satan manqurtlar nifrətlə lənətlənir. "İztirabın sonu" hekayəsindəki Əmir Cahani də Tehran fars rejiminin miskin bir nökəridir. Öz xalqına arxadan bıçaq saplayan bu şərəfsiz Təbrizin məğlub olmasında, xalqın işğalçı orduların gülləsinə, qurğuşuna tutulmasında əlindən gələn satqınlığı əsirgəmir. İşğalçı ordunun qabağına düşüb azadlıq mücahidlərini nişan verərək onların ölümünə səbəb olan Əmir Cahani kimi milli satqınlar ən dəhşətli düşməndən də qorxuludur.

"Əmir Cahani adını eşidən kimi Qəhrəman "Ah lənətə gəlmiş", deyə hayqırdı... Neçə gündən bəri Tehran işğal ordularının qabağına düşüb demokratların və onlarla əməkdaşlıq etmiş adamların yerini göstərən, bir-bir evlərini talan etdirən, arvad və uşaqlarının başına pislik gətirən mənfur sima gözlərində canlandı".

 

Xalqımızın şərəfli qəhrəmanlıq tarixində ara-sıra milli satqınların, yadellilərin əlində alət olan əqidəsiz insanların olması da istisna deyildir. Çox vaxt alınmaz qalalarımız, məğlubedilməz ordularımız bir satqının, boğazının qulu olan yaramazın tamahı ucbatından, çirkin ehtirası üzündən məğlub olmuşdur. Xalq da milli satqınları, yurduna yağı kəsilən şərəfsizləri heç bir zaman bağışlamamışdır. Fürsət düşən kimi xalqın qeyrətli, igid oğulları həmin satqınları layiq olduqları cəzalarına çatdırmışlar. Mirzə İbrahimov bütün əsərlərində bu cür milli satqınları, mənəviyyatsız vətən xainlərini azad buraxmır, onları xalqın mühakiməsinə verir.

"... Dizləri əsən Əmir Cahani nazik bir səs çıxardı:

- Mənim günahım nədir?

- Yetim qalmış uşaqların göz yaşı. Oğulsuz anaların ah-naləsi, közü sönmüş ocaqlar, işıqsız qapılar, didilib parçalanmış Azərbaycan. Budur sənin günahın!.. İndi sən mənə de görüm, Azərbaycanı satmağa kim səni vəkil seçib? Onun irz-namusunu bir itin ayağı altına atmaq ixtiyarını sənə kim verib?"

Zaman bütün yaraları sağaltsa da, vətən dərdi heç vaxt unudulmur. Xalqımız tarixi boyu çox ağır sınaqlardan keçib. Bəzən onun qanı sel kimi axıdılıb, şəhərləri, kəndləri əhalisi qarışıq atəşlərə verilib. Lakin məhrumiyyətin acısı nə qədər göynərtili, faciə nə qədər böyük olsa da, sonda xalq özündə güc-qüvvət taparaq yenidən toparlanaraq ayağa qalxır.

"... Nəhayətsiz çarpışmaların beşiyi olan torpaq isə zaman keçdikcə qoynuna aldığı cənazələri əridir, ağır iztirablara son qoymuş intiqamın izlərini itirirdi".

Cənubi Azərbaycanda neçə qərinədir ki, davam edən milli-azadlıq mübarizəsi son yüz ildə ədəbiyyatımızda geniş şəkildə öz bədii əksini tapıb. Bu mövzuda çox sayda romanlar, povestlər, poemalar, müxtəlif janrlarda saysız-hesabsız bədii əsərlər yaradılıb. Lakin Məmməd Səid Ordubadi istisna olunmaqla, Mirzə İbrahimov qədər bu hadisələri daha geniş spektrdən, bütün çalarları ilə və dolğun şəkildə işıqlandıran ikinci bir yazıçı olmayıb. Çünki onun özü bu ağrılardan, acılardan doğmuşdu. Bu baxımdan da onun 40-50-ci illərdə qələmə aldığı "Cənub hekayələri"ni xalqımızın milli-azadlıq mübarizəsinin canlı salnaməsi adlandırmaq olar.

 

(Əvvəli 26 aprel sayımızda)

 

İlham MƏMMƏDLİ

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 28 aprel.- S.4.