Musa Yaqub - qum dənəsində kainatı
görən şair
İlk dəfə böyük şairimiz Bəxtiyar Vahabzadənin 80 yaşının təntənəsini gördüm. Sonra gözəl şairlərimiz Nəbi
Xəzrinin, Qabilin, Nəriman Həsənzadənin və Fikrət
Qocanın 80 yaşlarına çatdıqlarına sevindim.
Azərbaycan həm də uzunömürlü şairlər
diyarıdır. Səməd Vurğunun və Əli Kərimin
qısa şair ömürlükləri səni nə qədər
sarsıtsa da, uzunömürlü şairlərimizin
varlığı poeziyamızın toy-bayramıdır, - deyərdim.
Musa Yaqub - müasir Azərbaycan poeziyasının öndər
şairlərindən biri də 80 yaşına qədəm
qoyur. Bütün ömrü, həyatı,
aldığı nəfəs belə sözlə, şeirlə
yoğrulan Musa Yaqub əsl POEZİYA
HƏQİQƏTİDİR. Milli Azərbaycan
şeirinin, bütün gözəllik və incəliklərini
özündə əks etdirən Musa Yaqub şeiri XX və
XXI əsrin söz inciləridir; torpaq kimi səxavətli,
günəş kimi odlu, hərarətli, səma kimi aydın
və işıqlıdır...
60 illik sənət yolunda o, nələr yaratmayıb? Doğrusu, heyrət
içindəyəm: Musa Yaqub poeziyası qəlbimizin
içindən göyümüzə qədər nə varsa,
nə görünübsə və nə görünməyibsə
hamısını özündə əks etdirib.
Musa Yaqub
bizim iç dünyamızı, mənəvi və ruhi
dramamızı, uca Tanrıya gedən yolumuzu təbiət
diliylə oxuyan şairdir. Təbiətdə təkcə
gözəlliyi və sakitliyi yox, böyük dünyanın,
yaşadığımız cəmiyyətin
fırtınalarını arayan şairlərdəndi Musa.
Mənim nəzərimdə təbiət, insan və Allah vəhdətini
öz poeziyasının məhvərinə çevirən Musa həmişə bu
harmoniyaya can atır. O, bu harmoniyanı hiss edəndə məsud
və bəxtiyar, hiss etməyəndə qəmgin və
üzüntülü görünür.
Dünyaya
gəlmədim hayla-harayla,
Bir sakit guşədə, bir döşdəyəm mən.
Gündüzlər
günəşlə, gecələr ayla,
Səhərlər quşlarla görüşdəyəm
mən.
Hansı
çiçəklər ki burda uyuyar,
O çay ki yanımdan axar sübhədək,
O yer ki nəğməmi
eşidib duyar-
Mənim kainatım burdadır, demək.
Bəli,
Musa Yaqubun “kainat”ı, dünyaya boylanışı o kənddən
başlanır: “Yaxşı ki, sən varsan, ey ana kəndim!”
Şair var ki, dünyadan, ölkələrdən, qitələrdən
yazır, amma dünyadan öz kəndinə boylana bilmir, Musa
isə kəndindən kainatı görür.
Musa qum dənəsində kainatı arayan şairlərimizdəndir.
May
ayı həmişə gözəl olur.Yüz il
bundan əvvəl də, 1918-ci ildə də, lap elə 1 May
bayramını keçirdiyimiz illərdə də...
80 il bundan əvvəl-gözəl may günlərinin
birində dağlar qoynu İsmayıllının Buynuz kəndində
bir oğlan uşağı dünyaya gələndə də...
O may günlərində Azərbaycanda ziyalılara
qarşı repressiya tüğyan çağlarını
yaşayırdı və elə İsmayıllının
özündən də neçə nəfəri gedər-gəlməzə
yola salmışdılar. Cavidlərin, Cavadların,
Müşfiqlərin bir də geri dönməyəcəyi
37-ci ildə, neçə ildən sonra bu boşluğu doldurmağa
çalışacaq
gələcəyin şairləri,
yazıçıları dünyaya göz açırdı.
Həmin ildə doğulanlardan biri də Musa Yaqub idi.
İndi Musa 80 yaşındadır. Taleyinə
düşən bir ömür payını yaşayır.
Tərcümeyi-halı da qətiyyən heyrət
doğurmur. Orta məktəbi, sonra
Göyçay pedaqoji məktəbini bitirib. ADU-nun
Filologiya fakültəsində qiyabi təhsil
almağını da bura əlavə etsək, düz 17 il öz kəndlərində müəllim və
məktəb direktoru işləyib. Sonra dördcə il (1974-1978) Bakıda yaşayıb. “Azərbaycan” jurnalında poeziya şöbəsinin
müdiri olub. Yaxşı yadımdadır, Musa Bakıya
köçəndə Xalq şairi Süleyman Rüstəm ona bir şeir həsr
eləmişdi: “Kimə tapşırıb gəldin”. Mənası
bu idi ki, bir vaxt hərarətlə vəsf etdiyin o buz
bulaqları, o yaşıl meşələri ,
o göy çəmənləri kimə
tapşırırsan? Axı, Musa o zaman da əsl
təbiət şairi kimi sevilirdi, tanınırdı.
Təpədən-dırnağa
təbiət şairi Musa şəhərə, bu sonsuz
izdihama, bu göz qamaşdıran zahiri gözəlliklərə,
bu par-par parıldayan asfalt yollara çox tablaşmadı. Ürəyi orda-o dağlar qoynundaydı.
Və qayıtdı öz doğma Buynuz kəndinə. O kənd ki:
Üstündən
sehirli küləklər əsən,
Meşələr öyrətdi dilini mənə.
Özümü
kimsəsiz sayanda bəzən
Çinarlar uzadıb əlini mənə.
Qapıda,
eyvanda eldən qorunub
Armud ağacının qızıl yarpağı.
Dövlət
quşu kimi çiynimə qonub
Artırar rütbəmi hər payız
çağı.
Musanın tərcümeyi-halı bax beləcə, öz
kəndinə dirənir.
Nə var o Buynuz kəndində?
Təmizlik,
saflıq, ülvilik, gözəllik...
Musa Yaqub o kənddən bu dünyaya baxır və bu
boyda kainatı o balaca kəndin qoynuna
sığışdıra bilir.
Və
Musanın təbiət şeirlərini oxuyandan sonra təbiətin
möcüzələrinə heyrət etdiyin bir yana, sənə elə gəlir ki, Musanın
özü də elə bu möcüzəli təbiətin
bir parçasıdır: ya günəş
şüalarının işıldatdığı, müxtəlif
rənglərə boyatdığı qızıl bir
yarpaqdır, ya suyu qurumaz bir bulaqdı, ya da bir ağacdı
ki, heç vaxt quruyan deyil. Nə qədər mübaliğəli
olsa da, qoy deyim: Musa təbiət şairi yox, bəlkə elə
təbiətin özüdür. Və bu misraları da təbiətlə
qovuşan bir şair yaza bilər:
Otaqda
yazmıram bu şeirimi mən,
Yapışıb
payızın titrək əlindən
Qızıl
bədənini sıxıb köksümə,
Lap belə
təpədən dırnağa kimi
Payıza bürünüb yazdım şeirimi.
Geydim
libasını,
gördüm barını,
Atımın xəzana sürdüm bu payız.
Ömrümün
saralmış yarpaqlarını
Gözümlə çox aydın gördüm bu
payız.
Ovcuma da baxdım,
bir xəzələ
də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən
ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.
Bir
kövrək budağa atdım əlimi,
Gördüm nəfəs alır yarpaqlar hələ.
Əvvəl
payızlanıb o budaq kimi,
Sonra bu şeirimi gətirdim dilə.
Musa Yaqub
elə şairdir ki, bu gün onun haqqında söz demək
üçün gərək təbiəti Musa kimi sevəsən,
otun, gülün-çiçəyin, dağın,
çayın, zəminin, bulağın, meşənin dilini
biləsən, gərək sən də o Buynuz kəndindən
dünyaya, kainata boylana biləsən və bir də bu təbiətin
fəlsəfəsinə bələd olasan. Çünki təbiətin
özü də insandı, torpaqdı, daşdı,
keçmişdi, bu gündü... Əslində,
Musanın şeirləri təbiətdən cəmiyyətə
bir xitabdır.
Yenidənqurmanın
puç və yalançı xülyaları üzə
çıxanda Musa yazmışdı:
Ey əldə
ləngiyib, dildə quranlar,
Ay zəncir
döyənlər, bizi yoranlar,
Düşün
o kürsüdən, çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır zavaldan.
Bir
görək əkində-biçində nə var,
Bir
görək sünbülün içində nə var,
Bir
görək çayımız hayana axır,
Bir
görək yolumuz hayana baxır,
Qaldırdıq
kürsüyə bütün ölkəni,
Nə yaman uzandı bu dil örkəni.
Təbiət murdarlıq, rəzillik götürmədiyi
kimi, Musa Yaqub da öz insani, təbii saflığını
beləcə qoruyub. Və şair üçün bu
dünyada ən böyük nemət onun
azadlığıdır. Musa bir şair
kimi fikrən, ruhən, mənən azaddır, sərbəstdir.
Mən Musanın son illərdə “Azərbaycan”
jurnalında çap olunan silsilə şeirlərində kimsənin,
hansı şairinsə yaza bilməyəcəyi elə poetik mənalar,
fikirlər tapıram ki, onun müdrikliyinin poeziyada təcəssümünün
şahidi oluram. Fikirləşirsən: şair yaşa dolanda onun
ömründən nəsə silinib gedə bilər. Poetik istedadı və yaddaşı zəifləyə
bilər. Çox belə hadisələrin
şahidi olmuşuq. Amma Musa Yaqub, bu 80 yaşında, nəinki
əvvəlki poetik tempini, ritmini saxlaya bilib, hətta bu mənada
özü-özünü də ötüb keçib. Azərbaycan
poeziyasında ömrün payız lirikasını yalnız
Musa Yaqub şeirlərində gördüm:
Zəmilərim,
xırmanlarım sovrulub,
Təndə
canım, saçda dənim qovrulub,
Xəzəl
altda gül otlarım qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.
Mən dərdimi
pıçıldadım dağlara,
Dağlar alıb payladı oymaqlara.
Dövrüm
verdi haqqımı nahaqlara,
Bundan sonra nə olacaq, olacaq.
Musanın son illərdə yazdığı şeirlərdə
ömrün o tayı ilə bu tayı-cavanlıqla qocalıq,
baharla payız çox tez-tez
qarşılaşdırılır və şairin səsində
bir hüzn, bir təəssüf nidası duyursan. Arxın o tayında
yarpızlar əsir, Bu tayda yuyunur qum dənələri misralarıyla başlayan
şeir belə bitir: Daha o sellərin alındı
köpü, Bu günüm o haya, haraya çatmaz. Mən kiməm, bu arxda bir saman çöpü, Dəyirmana
çatar, dəryaya çatmaz. Deyək ki, bizim poeziyada
ömrün ötən illəri ilə bu günün
qarşılaşdırılmasına az təsadüf
etməmişik, təəssüfedici notlar səslənib. Halbuki, keçmişi xatırlamaq, ömrün
gözəl çağları üçün bir nisgil
duyğusuyla yaşamaq özü də gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində təbiət
də, bu təbiətin bütün atributları da üzə
gülürdü. Amma indi:
Nə
tonqal qalanır, nə ocaq yanır,
Bizim xəlbirimiz
burda ələnir,
Göydə
xəlbirimiz burda fırlanır-
Daha
söz deməyə tutarım gedib,
Dostları
aparan qatarım gedib,
Bu
daşı özümə yoldaş eləyib,
Bəlkə elə mən də qurtarım gedim?!
Qalsın süfrə daşım mamır bağlasın,
Üstünə yağışlar yağsın, ağlasın...
Əlbəttə, Musa Yaqubun “dostlarını aparan qatar” gedib, özü isə yalqızdı və bu yalqızlığı, tənhalığı biz onun ikimininci illərin əvvəllərindən indiyə qədər yazdığı şeirlərinin əksəriyyətində hiss edirik. Musaya haqlı olaraq “təbiət şairi” deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan, insanla təbiət arasında harmoniyanı şeirlərində böyük sənətkarlıqla canlandıran şairdir. Doğrudan da, İsmayıllının Buynuz kəndində-Azərbaycanın balaca bir cənnətində oturub təbiətin bitib-tükənməyən möcüzələrindən gözəl şeirlər yazan bir şairin indi qəmə-qüssəyə batması, öz kədərini şeirlərində yaşaması heç də təəccüblü deyil. Şair yaşlaşanda, onun içindəki FİLOSOF da yaşa dolur, gedən ömürə, bir də qayıtmayan illərə, aylara boylanır, başlayır ruhu ilə söhbətə. Dünyanın gözəlliyini o balaca cənnətdə-Buynuz kəndində ruhuna hopduran, o meşələrdəki quşlar kimi azad yaşayan Musa, indi “dustaq” ruhuna üz tutub deyir:
Salam
Ruhum, salam! Salam dustağım!
Hərdən
özüm kimi boylanıb göyə,
Qışqırma içimdə azadlıq deyə.
Azadlıq nə gəzir bu yer üzündə.
Musa Yaqubun “qəmli filosofu” üçün bu
sayaq düşünməyi təbii hesab etmək olarmı? Axı, “azadlıq nə gəzir bu yer üzündə”
deyən şairin özü azad deyilsə, bunu necə deyə
bilər? Əslində,
“azadlıq nə gəzir bu yer üzündə” özü
başdan- ayağa azadlıq içindədir və
poeziyasındakı azadlıq zərrələrini də, o atəşi,
o odu da bizim ruhumuza çiləyir. Musa Yaqub
poeziyasında bu mənada bir həqiqət günəşi
boylanır...
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2017.- 29 aprel.- S.23.