Polimatın biliyi və onun əməli nəticələri
MÖVZU ÜZRƏ
SUALLARI PROFESSOR HAMLET İSAXANLI CAVABLANDIRIB
Bu müsahibə ilk dəfə ingiliscə dərc olunub
(Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet
Isaxanli, Interviewer: Waqas Ahmed. Khazar Journal of Humanities and Social
Sciences, Volume 20, Number 1, 2017, pp. 92-109) və hazırda nəşr
prosesində olan “Polymathy” kitabında ondan geniş istifadə
edilib.Vaqas ( Waqas) Ahmedin suallarına professor Hamlet
İsaxanlının cavablarını əks etdirən
müsahibənin ana dilimizə tərcüməsini, tam həcmdə,
oxuculara təqdim edirik.
Xəzər
universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar
Şurasının sədri, Avrasiya Akademiyasının Qurucu
üzvü Hamlet İsaxanlı təbiət elmləri və
sosial-humanitar elmlər üzrə mütəxəssis alim,
şair, təhsil təşkilatçısı və müəllim,
tərcüməçi, jurnalist, televiziya proqramı müəllifi
və ictimai xadimdir. O, riyaziyyat və onun tətbiqləri; elm
və mədəniyyət tarixi; poeziya və yaradıcı
yazı; dil, leksikoqrafika və ədəbiyyatşünaslıq;
tərcümə nəzəriyyəsi və tarixi; təhsil
siyasəti və menecment kimi geniş əhatəli sahələr
üzrə 40-dan artıq kitabın və 350-dən çox məqalənin
müəllif və həmmüəllifidir. FIRST
jurnalının (London) Xüsusi Layihələr üzrə
direktoru və Qlobal Müxbiri vəzifəsində
çalışır. Nəşrdə
olan “Polymathy” kitabının müəllifidir.
- Sizcə,
Polymath nədir?
- Polimat
(Çoxbilgin) bir neçə bir-birindən fərqli sahələrdə
ciddi yaradıcı fəaliyyət göstərmiş adama
deyilir. Polimat sözünün lüğəti
mənası çoxbilən olsa da, əslində müxtəlif
sahələri yaxşı bilən adama polimat deyilmir, bilmək
və yaratmaq eyni şey deyil. Populyar ədəbiyyat
vasitəsilə fizika, riyaziyyat və ya biologiyadan xeyli şeylər
başa düşmək qəti surətdə fizik,
riyaziyyatçı və ya bioloq olmaq deyil. Çoxbilən
adam sadəcə bilməklə kifayətlənirsə,
biliyini fəaliyyət növünə, əmələ, əsərə
çevirə bilmirsə, o, sadəcə geniş bilikli, savadlı,
geniş eridusiyalı adamdır, amma polimat deyil. Polimatın geniş biliyi passiv qalmır, oturmur,
yeriyir, səs salır, arxasınca aparır, praktik nəticə
verir, əmələ çevrilir. Polimatın əlindən
çox iş gəlir, onun maraqları digər
insanlara təsir edir, digər insanlarda maraq doğurur. Polimat bir neçə fərqli sahələrə
öz töhfəsini verir. Onun bir neçə
sahədə üstün yaradıcı fəaliyyəti
bilikli insanları və mütəxəssisləri heyran edir.
Polimat müxtəlif sahələrin əsas
prinsiplərini mənimsəmiş və o istiqamətdə
qarşısına məsələ qoyub həll etməyi
bacarır.
Adətən polimat təbiət elmləri və ya dəqiq
elmlərlə humanitar sahələrdə, eyni zamanda
yaxşı mütəxəssis olmaqla əlaqəlidir. Əgər
peşəkar fizik həm də istedadlı rəssamdırsa və
ya bioloq həm də istedadlı yazıçıdırsa və
ya riyaziyyatçı həm də istedadlı bəstəkardısa,
bu, polimatlığa işarə sayıla bilər. Bu
ikitərəfli istedad və fəaliyyət çox zaman daha
çoxtərəfli işlərə gətirib
çıxarır, məsələn, fizika və rəssamlığı
özündə birləşdirən şəxs, ola bilər ki, həm də alpinizmlə məşğul
olsun və ya mədəniyyət tarixi üzrə
çalışsın, yazsın, tanınsın və
uğur qazansın. Adətən universal dahi və
ensiklopedist alim ifadələri də polimatlıqdan xəbər
verir. Renessans adamı ifadəsi isə
aydın olsa da, ifadə və tarix baxımından geniş
deyil; polimatlara Antik dünyada, Çində, xüsusilə də
İslam sivilizasiyasında (İslamın qızıl
dövründə) çox rast gəlinirdi.
- Siz ən
çox hansı sahəyə töhfə vermisiniz?
- Mənim
formal yüksək təhsilim və elmi dərəcəm
riyaziyyat sahəsindədir. Peşəkar
riyaziyyatçıyam. Riyaziyyat təbiəti,
dünyanı anlamaqda mənə kömək edib. Riyaziyyatçı kimi tanınmışam. Hələ
Sovet dövründə müxtəlif ölkələrə
ayaq açmışam, tədqiqat aparmış, mühazirələr
oxumuş, konfranslarda iştirak etmiş, çox istedadlı
insanlarla tanış olmuşam. Lakin uşaqlıqdan mənimlə yaşayan poeziya və
ədəbiyyat da əvvəl içimdə bəslənmiş,
cücərmiş, yetişmiş, sonra üzə
çıxmışdır. Məni daha çox
şair və ədəbiyyatçı, humanitar sahə
mütəxəssisi kimi tanıyanlar az
deyil; ümumiyyətlə, bu sahə hamıya
tanışdır, çox əksəriyyət bu sahələrdəki
uğurları görə bilir, qiymətləndirə bilir
(riyaziyyat və təbiət elmləri haqqında bunu deyə
bilmirik). Sevdiyim və yaradıcı fəaliyyət
göstərdiyim üçüncü sahə isə tarixlə
bağlıdır, elm və mədəniyyət tarixi, ideyalar
tarixi, intellektual tarix və tarix fəlsəfəsidir. Bu gün ən çox məşğul olduğum,
yazdığım, oxuduğum sahədir bəlkə də.
Və əlbəttə ki, ən mühüm
işlərimdən biri -elm, təhsil və mədəniyyət
ocaqlarının təsis edilməsi, qurulması və
inkişafıdır, son 20 ildən artıq bir dövrdə
(müsahibə 2013-cü ildə
götürülmüşdür - red.) hər gün məşğul
olduğum, fikrən və fiziki olaraq birgə olduğum
quruculuq fəaliyyətidir. Mən birinci növbədə
sıfırdan yaratdığım, nazını və əziyyətini
çəkdiyim, indi uğurlarına sevindiyim Xəzər
universitetini, həmçinin onun ətrafında inkişaf edən
Dünya məktəbi (uşaq bağçası, ibtidai və
orta məktəb) və digər qurumları nəzərdə
tuturam.
Mən “məşğul
olduğum sahələrdən biri digərindən
mühümdür, birini nisbətən az
ya çox sevirəm” deyə bilmirəm, onların hər biri
həyatımın, varlığımın, kimliyimin
mühüm və ayrılmaz hissəsini təşkil edir.
Burada digər sahələrdəki fəaliyyətimə - dil
və leksikoqrafiya, praktik tərcümə işi və tərcümə
nəzəriyyəsi, təhsil siyasəti və nəzəriyyəsinə,
populyar elmi yazı, nəşriyyat və redaktorluq işinə,
hər iki növ kütləvi informasiya vasitələrində
(kağız və audio-video -mediada) fəal işə,... toxunmuram.
- Sizin
müxtəlif sahələrdə çalışmanıza
hansı amillər səbəb olub, sizi həvəsləndirən
nə olub?
-
Uşaqlığımdan mənə xas olan hər şeyi
bilmək, öyrənmək həvəsi, öyrəndikcə
qızışmaq, ehtizaza gəlmək, “sonra nə?”, “necə?”
suallarına cavab axtarmaq ehtirası böyüdükdən
sonra da, yaşlaşanda da məni heç vaxt tərk etməmişdir;
böyüklər, müəllimlər belə deyirdilər,
belə deyirlər, özümü biləndən
özümü belə görmüşəm. Üstəlik,
qazandığım biliklərin əsasında bir sistem qurmaq
həvəsim, həmçinin ətrafdakıları (məndən
daha kiçikləri və yaşıdlarımı) bir ideya,
bir problem ərtafında səfərbər etmək, imkan dairəsində
praktik iş də görmək istəyim də daimi olub. Orta məktəbdə, demək olar ki, bütün fənləri
sevmişəm, yaxşı oxumuşam (hərçənd ki,
bəzi fənlər üzrə heç yaxşı müəllimim
olmayıb). Üstəlik, yorulmadan Şərq
və Qərb ədəbiyyatını oxumağım və...
gizli şəkildə yazmağım, yaradıcılıqla məşğul
olmağım (uşaq xəyalının məhsulu olan
bişməmiş yazılara belə demək olarsa) da
vardı. İdmanı çox sevirdim, əsasən
də şahmatı və futbolu. Özüm uşaq
olsam da, uşaqları həvəsləndirən, öyrədən
və fəaliyyətə qoşan dərnəklərim də
vardı...
Atam (o, riyaziyyat müəllimi idi) və yuxarı siniflərdəki riyaziyyat müəllimim riyaziyyatı sevməyimdə mühüm rol oynamışlar. Ali məktəbdə (riyaziyyat ixtisası üzrə) oxuyarkən dünyanı daha geniş görmək, dərk etmək istəyi riyaziyyat və ikinci sevgim - ədəbiyyatla yanaşı fizika, tarix və fəlsəfə kimi sahələrə marağımı artırdı. Bu sahələrin qovşağında dayanan elm tarixi və fəlsəfəsi, ideyalar tarixi, təbiət elmlərinin bir-birinə təsiri kimi məsələlər üzərində düşünməkdən, ümumiyyətlə, geniş düşünməkdən həzz alırdım.
Bir də ki, müəyyən zaman kəsiyində bir sahəni digərlərindən üstün maraq dairəsində saxlamaq, yəni müxtəlif sahələrlə maraqlanmaqla yanaşı sahələrdən birinə daha çox vaxt ayırmaq, belə demək olarsa, maraqların zamana görə sıralanması çox vacibdir. Yəni bir müddət əsas məşğuliyyətim riyaziyyat olacaq, digər maraqların ikinci, üçüncü,...yerlərdə duracaq. Sonra maraqlar, üstünlük başqa sahəyə keçə bilər. Sevdiyin, peşəkar olduğun və ya hazırda üstün fikir verdiyin bir sahənin qonşuluğunda və ya uzaqda olan, şüurlu surətdə və ya bilinc altında səni maraqlandıran digər bir sahə bəzən səni əsas sahədən ayıra bilir. Ayılanda görürsən ki, bu “digər” sahə bir müddət sənin əsas işinə, maraq dairənə çevrilib, əvvəllər sadəcə maraq, hobbi saydığın bu sahə səni öz ağuşuna alıb gedir, ona vurulubsan, onun eşqi ilə yaşayırsan, əvvəlki sevgilərini tam unutmasan da (əsl sevgi unudulmur!), onlara qarşı diqqətin azalıb. Digər tərəfdən, bir deyil, bir neçə sevgilin varsa, birindən doyanda, sanki yorulanda, digərinin yanına gedə bilirsən, hər zaman sevgilinləsən, məşğulsan, amma, sanki istirahət də edirsən (bu fikri, bənzətməni, lütfən, sözlərin hərfi mənasına görə, mənəvi baxımdan şərh etməyin). Əgər bu iş ömürboyu davam edirsə, sənə eşq olsun, çox şey görəcəksən, başına çox işlər gələcək...
- Riyaziyyatla poeziya arasında əlaqə varmı?
- Riyaziyyat və poeziya...Əslində onların cəmiyyətdə çox fərqli mövqe və rolları var. Yəqin ki, əksəriyyət onları diametral əks sahələr kimi görür, onları yaxın qohum kimi təqdim edənlər də var, amma belələri çox azdır, onlar ya riyaziyyatçılar, bəzi fizik və filosoflar, ya da K. Veyerştrassın (Weierstrass) “bir qədər şair olmayan əsl riyaziyyatçı ola bilməz” sözünü və ya ona bənzər ifadələri eşidənlərdir. Riyaziyyat və poeziyanın əlaqəsi barədə gözəl fikirlər və... qəribə və uydurulmuş mühakimələr (spekulyasiyalar) mövcuddur.
Adətən poeziyada (həmçinin incəsənətdə, musiqidə) müəyyən riyaziyyat görür və axtarırlar, doğrudan da poeziya və incəsənətdə ritm, ölçü, tənasüb, harmoniya, sanki bir hesab, bir forma (həndəsə) var, lakin əsas yaxınlıq bununla bağlı deyil, bu, səthi “yaxınlıq”dır. Oxşarlıq və yaxınlıq riyaziyyat və poeziyanın təbiətində, riyaziyyatçının düşüncə tərzində, xəyal dünyasındadır. Riyaziyyatçı heç də riyaziyyatdan uzaq adamların düşündüyü və kütləvi informasiya vasitələrinin uydurduğu kimi soyuq, quru, mücərrəd məntiqin əsiri deyil, əksinə onun düşüncə tərzi çox rəngarəng və poetikdir (şairanədir). Riyaziyyatçı müəyyən məntiqi çərçivələr daxilində həqiqət və gözəllik axtarışındadır, bu yolda onun xəyal dünyası, fantaziyası, harmoniya və gözəllik hissi mühüm rol oynayır. Məntiqi çərçivə və həqiqət axtarışı sanki daha çox elmdən, gözəllik, xəyal və fantaziya sanki daha çox sənətdən, poeziyadan xəbər verir.
Digər tərəfdən şeirdə də fikir və ideya, fəlsəfə mühümdür, onların təqdimatı gözəllik, harmoniya, metafor və səmimilik tələb edir. Bir fikir, bir neçə misra sanki göydən düşüb şairin yaddaşına həkk olunur (özünün qeyri-adiliyini göstərmək istəyən şairlər “mən Allahla danışıram” deyirlər), şair onun, bu ilkin, “ilahi” tapıntının ətrafında şeir yaradır. Riyaziyyatçının da başına oxşar iş gəlir; gözəllik, harmoniya və məntiqdən yoğrulmuş bir ideya sanki göydən enib riyaziyyatçının düşüncəsini fəth edir, riyaziyyatçı onun ətrafında öz nəzəriyyəsini qurmağa başlayır. Riyaziyyatçı müəyyən dərəcədə oynayır, seçir, sanki uydurur, amma onun oyunu qaydalara tabedir, onun uydurması boş uydurma deyil, həqiqətə gedən yol seçməkdir, daha doğrusu, yol açmaqdır. Şair də oynayır, onun qaydaları bulanıqdır, uydurma məsələsində sərbəstliyi daha böyükdür.
Riyaziyyatçı problemin həlli üçün ideya axtarır, şair ideyanın ifadəsi üçün gözəllik axtarır, bu gözəlliyin içində bir həqiqətin olması istisna edilmir. Riyaziyyatçı əsasən kəşf edir (gizli həqiqəti), şair əsasən yaradır və bu prosesdə müəyyən gizli həqiqət sezgisi (intuisiyası) mövcuddur. Riyaziyyat elmdir, amma həm də müəyyən dərəcədə incəsənətdir. Riyaziyyatçıların böyük əksəriyyəti bu səbəblə poeziya və musiqini, incəsənət və tarixi, şahmatı sevirlər, bəzən də bu sahələrə nüfuz edir, yaradıcı fəaliyyət göstərirlər (bu və ya başqa dərəcədə). Şairin dili metaforlu, bər-bəzəkli olsa da, lakonikdir, ölçülüdür, “riyazidir”. Riyaziyyatçının dili rəmzi (simvolik) və universaldır, riyazi fikir, düstur, obraz tərcüməyə ehtiyac duymur. Şeir yazıldığı, doğulduğu dilə bağlı fenomendir, şeir tərcümədə, yad mühitə düşəndə bir qədər solur, gözəlliyinin bir qismini itirir, eroziyaya uğrayır, dəyişir.
Riyazıyyatçı və şair hər ikisi təbiətin özünü araşdırmır, onun surətini, modelini yaradırlar. Riyaziyyatı, onun məzmun və gözəlliyini peşəkar riyaziyyatçı və təbiət elmləri və yüksək texnologiya üzrə mütəxəssislər görə bilir, poeziyanı, demək olar ki, hamı anlayır. Riyaziyyatı gözəl bilənlər riyaziyyatın böyüklüyü və dərinliyini, fövqəlgücünü obrazlı şəkildə ifadə edərkən Allahın həndəsəçi olduğu fikrini vurğulayır (Allah kainatı riyazi qanunlar üzərində qurub), poeziyasevərlər (və bəzi şairlər) şairlərin peyğəmbərlərlə yaxınlığından danışırlar.
- İncəsənət, təbiət elmləri və humanitar elmlər arasında əlaqəni necə şərh edərdiniz?
(Ardı var)
525-ci qəzet.- 2017.- 29 aprel.- S.19.