İrəli gedərkən arxaya
baxmağı da unutma...
Türk dünyasına mənsub olaraq, kiçik
yaşlarımdan kitaba böyük maraq göstərdiyim
üçün, kitab mağazalarında türk dillərindən
tərcümə olunmuş hər hansı bir kitab
görünən kimi, təbii ki, onu nə qədər
mümkünsə tez əldə etməyə tələsirdim.
Mənim kitaba olan bu hədsiz sevgim barədə sinif
yoldaşlarım da xəbərdar idilər və onlar mənə
doğum günüm münasibətilə həmişə
kitab hədiyyə edərdilər. İndi - məktəb
illərindən çox-çox zaman keçdikdən sonra,
sinif yoldaşlarımın imzaları ilə qeyd olunmuş həmin
kitabları vərəqləmək mənə böyük məmnunluq
bəxş edir. Bu zaman həm sənə
həmin kitabları bağışlamış insanları
xatırlayır, həm də müxtəlif illərdə
xüsusi maraq göstərdiyin məşğuliyyəti -
öz sevimli hobbini xronoloji ardıcıllıqla yada sala bilirsən.
Bax, elə götürək məktəb rəfiqəm
İrena Sabulite tərəfindən mənə 1952-ci ildə
hədiyyə edilmiş “Azərbaycan hekayələri”
toplusunu. Bu kitab elə həmin ildə Vilnüsdə litvaca
buraxılıb. Və mən ilk dəfə Cəlil Məmmədquluzadənin
“Quzu” və “Qurbanəli bəy” hekayələrini bu kitabda oxumuşam.
Onda ibtidai məktəb şagirdi idim. Bu topludan sonra qalaq-qalaq kitabları oxuduğuma
baxmayaraq, düşünürəm ki, daha sonralar mənə
türk xalqları ədəbiyyatından tərcümələr
etməyə yəqin ki, bu kitab rəvac verib. Tale elə gətirdi ki, Litva dilinə tərcümə
etdiyim ilk kitab da məhz azərbaycanlı
yazıçının - Mehdi Hüseynin “Düşmənçilik”
povesti oldu. Azərbaycan ədəbiyyatına olan
marağım sonralar da azalmadı və sevinirəm ki, bu
gün litvalıların kitab rəfində M.Hüseynin
kitabı ilə yanaşı, Səməd Vurğun, İlyas
Əfəndiyev, Yusif Səmədoğlu, Rüstəm
İbrahimbəyov, Anar və Elçin Hüseynbəylinin əsərləri
də düzlənib. Tərcümə etdiyim bu
müəlliflər müasir dövrə aid
yazıçılardır. Lakin onların
hamısının bədii söz sənəti milli ədəbiyyat
tarixinin ən müxtəlif qatlarından qaynaqlanır.
O tarixin pillələrində özünəlayiq yüksək
yer tutmuş ən parlaq ədəbi simalardan biri isə Cəlil
Məmmədquluzadədir.
Cəlil
Məmmədquluzadə və onun Azərbaycan ədəbiyyatının
inkişafına göstərdiyi möhtəşəm təsir
haqqında danışarkən, tanınmış fransız
intellektualları - tədqiqatçı-kulturoloq, ədəbiyyatşünas
alim Antuan Kompanyon (1950) və ünlü yazıçı
Jan-Pol Sartrın (1905-1980) fikirlərinə istinadən demək
istərdim ki, modernist yaradıcı şəxs gözü
bağlı halda qabağa cuman yox, irəli hərəkət
edərkən həm də daima arxaya baxmağı unutmayan kəsdir.
Yuxarıda
adlarını çəkdiyim yazıçılar modern Azərbaycan
ədəbiyyatının elə təmsilçiləridir ki,
irəli addımlayanda geriyə baxmaqdan da çəkinmirlər,
bir az obrazlı desək, avtomobili qabağa sürərkən onun arxa
görüntü güzgüsünə baxmağı
unutmurlar. Bunu deməklə mən yalnız onu
vurğulamaq istəyirəm ki, onlar öz
yaradıcılığının qaynaqlarını
tanıyıb-bilən və dəyərləndirən sənətkardırlar.
Odur ki, biz onların yaradıcılığı
haqqında danışarkən, bu sənətkarların
hansı ədəbi mühitdə yetişdiklərini də həmişə
nəzərə almalıyıq. Qədim
Azərbaycan ədəbiyyatında əsrlər boyu poetik
janrın üstünlük təşkil etdiyini nəzərə
alsaq, Cəlil Məmmədquluzadəni bu və ya digər
anlamda haqlı olaraq müasir Azərbaycan nəsrinin banilərindən
biri saymaq olar. O, ədəbi məkanın dərin
qatlarına işləmiş elə şaxəli bir
kökdür ki, üstündə həmişə çoxlu
sayda qollu-budaqlı ağaclar boy atır, yeni-yeni pöhrələr
göyərir.
Mən Antuan Kompanyonun adını yuxarıda təsadüfən
çəkmədim. Belə ki, onu mütaliə edərkən gözümə
dəymişdi ki, bu fransız tədqiqatçısının
irəli hərəkət etmək üsulu ilə
bağlı yazdığı həmin fəlsəfi fikir,
ondan çox-çox əvvəl, həm də daha obrazlı
şəkildə, Azərbaycan və digər Şərq
xalqları şifahi xalq ədəbiyyatının məşhur
personajı -gözəl yumoristik və satirik miniatürlərin,
duzlu-məzəli lətifələr və geniş
yayılmış nağılların baş qəhrəmanı
olaraq tanınmış Molla Nəsrəddin tərəfindən
deyilmişdir.
Nəsrəddin obrazının ayrılmaz rəmzlərindən
biri onun eşşəyidir ki, ya Nəsrəddin
haqqındakı hekayətlərin baş surəti, ya da onun
yol yoldaşı olaraq təsvir edilir. Və Nəsrəddin
eşşəyinin üstündə adətən tərsinə
oturmuş halda gedir. Onun bu cür yol getməsi
çoxlu sayda heykəllərdə də təcəssüm
olunubdur ki, bu, çoxlarını təəccübləndirir
və hətta bəzən çaşqın salır. Amma yaxşıca götür-qoy etdikdən sonra, belə
bir qənaətə gəlirsən ki, bu, məhz müasir
fransız kulturoloqlarının yazdıqları irəliyə
hərəkət- tərəqqi formulunu simvolizə edir.
Molla Nəsrəddin keçmişi itirməmək
və ya unutmamaq, həm də keçmişin məkanında
vacib həyatverici məxəzləri aşkarlayıb bəhrələnmək
üçün eşşəyini tərsinə minib
qabağa sürür. Onun varlığa məhz
belə baxışı və yanaşması, bu məşhur
xalq sevimlisinin müdriklik dünyasının əsasını
təşkil edir.
Göstərilənlərlə bağlı qeyd etmək
istərdim ki, mən Molla Nəsrəddini xatırlayarkən,
Mirzə Cəlilin Azərbaycan mədəniyyəti tarixində
oynadığı böyük rol haqqında da
danışmağa sadəcə borcluyam. Axı, məhz
o, 1906-cı ildə Tiflisdə eyni adlı nəşri - “Molla
Nəsrəddin” satirik jurnalını buraxmağa
başlamış və bu məşhur dərgini müəyyən
fasilələrlə 1931-ci ilə qədər yaşadıb
çap etdirmişdir. Molla Nəsrəddində
olduğu kimi, Mirzə Cəlilin də əsas silahı
söz idi. Nəsrəddin söz sayəsində
hər bir situasiyadan - ən çətin vəziyyətlərdən
belə qalib çıxır. O, sözdən həmişə
virtuozcasına istifadə edir - bəzən yüngülvari
lağa qoymaqla, bəzən də xəncər tək
saplamaqla.
Nəsrəddinin əsas tənqid hədəfi - insan cəhaləti
və onun dünyagörüşündəki məhdudluqdur. Mirzə Cəlil
də məhz bu mənfi keyfiyyətləri həm
jurnalında, həm də hekayələrində rişxənd
atəşinə tutmuşdur. O, həm də
güldürür və güldürə-güldürə
düşünməyə məcbur edir. Və
sevindirici haldır ki, 2016-cı ildə İrena Aleksayte və
Mahir Həmzəyevin Mirzə Cəlil
yaradıcılığından ustalıqla etdikləri tərcümələr
sayəsində, indi biz onun hekayələrini Litva dilində də
oxumaqdan həzz alırıq.
Bir il
yarım öncə İran əsilli Amerika yazarı və rəssamı,
Kolumbiya universitetinin məzunu Payam Şərifi, Vilnüsdə
fəaliyyət göstərən Müasir İncəsənət
Mərkəzində, əvvəlcə Tiflisdə, sonralar Təbrizdə
və Bakıda nəşr olunmuş “Molla Nəsrəddin”
satirik jurnalı barədə mühazirələr oxudu. O, bu
zaman qeyd etdi ki, XX əsrin əvvəllərində azərbaycanlıların
bir qismi yazıb-oxumağı bilmədiklərinə görə,
jurnalın naşiri həyat gerçəkliklərinə olan
əsas baxışlarını rəsmlərlə -
özü də müxtəlif mövzulu karikaturaların
köməyi ilə ifadə etmişdir. Həm
də ki, jurnalın nəşr olunduğu müddət ərzində
Azərbaycanda əlifba bir neçə dəfə dəyişmişdi.
Bununla bağlı,ərəb, latın və
yaxud kiril hərfləri əsasında yaradılmış əlifbanı
yazıb-oxuya bilən adamlar, bir zaman sonra yenidən savadsız
vəziyyətə düşürdülər. Odur ki, əsas informasiyanı oxuculara müxtəlif
rəsmlər və karikatura təsvirləri vasitəsi ilə
ötürməklə naşir çox uğurlu bir ifadə
üsulunu seçmişdi. Və tədqirə
layiq haldır ki, Cəlil Məmmədquluzadənin litvaca
buraxılmış kitabına illüstrasiyalar olaraq
sözügedən jurnaldan götürülmüş rəsmlər
də daxil edilmişdir.
Jurnalın
məzmununu tədqiq edərkən və ya sadəcə olaraq
karikaturalara baxarkən, Mirzə Cəlilin ümumi məlumatlılığı,
dünya hadisələrinin hansı kontekstdə baş
tutduğu barədə bilgili olması, mənfi mahiyyətli hədəfləri
iti satirik oxlarla amansız şəkildə
oxladığına baxmayaraq, tənqid etdiyi bir sıra obyektlərə
hüsn-rəğbətlə yanaşması adamı heyrətə
gətirir.
Onun hekayələrinin və jurnalda yer almış karikaturaların bir sıra qəhrəmanları öz istək və iradələrinin əksinə olaraq “qaynayan siyasət qazanında” peyda olublar. Yazıçının əsərlərinin kiçik və ya böyük qəhrəmanlarının o “qazanda” nə cür “qaynadıqlarını” və bu zaman özlərini necə hiss etdiklərini Mirzə Cəlil sanki böyük siyasətə baş vurmadan öz yaradıcılığında çox nadir bir ustalıqla təsvir etməyə nail olmuşdur. Ona görə də o “qazanda”, təfavütü yoxdur - eyni, oxşar və yaxud tamamilə fərqli bir siyasətin “qaynamasından” asılı olmayaraq, həmin qəhrəmanlar bizim üçün də maraq kəsb edirlər. Əgər yürüdülən siyasət amansız olubdursa, onda onun ağrısı-acısı hər bir insana hansı coğrafi məkanda yaşamasından asılı olmayaraq, eyni dərəcədə şiddətlə toxunur (misallardan biri olaraq “Bəlkə də qaytardılar...” adlı hekayəni göstərmək olar). Çünki insani keyfiyyətlər - həm zəiflik, həm də nəciblik - hər yerdə və hər zaman bir-birinə bənzəyirlər.
Bu yerdə qeyd edək ki, XX əsrin əvvəllərində yaşamış qəhrəmanlar nəsli sonralar da dəfələrlə “qaynayan siyasət qazanına” düşmüşlər, fərqli ideoloji platformaların kəsişdiyi məkanda yaşamağa məcbur olaraq öz həyat problemlərini həll etməyə düçar olmuşlar. Odur ki, həm də bu baxımdan Mirzə Cəlil yaradıcılığı hələ də öz aktuallığını itirməyibdir. Ələlxüsus da Molla Nəsrəddin hikmətinin o düsturu ki, irəliləmə ilə bağlıdır: - geriyə rasional baxış irəliyə düzgün hərəkət etməyə təminat verir...
P.S: Məqalə C.Məmmədquluzadənin litvaca nəşr olunmuş “Nigarançılıq” (“Nerimas”) adlı hekayələr kitabının 2017-ci ilin martın 10-da Vilnüs Universitetində keçirilmiş təqdimat tədbirində Litva karay türklərinin tanınmış xadimi Halina Kobetskayte etdiyi məruzə əsasında hazırlanıb.
Halina KOBETSKAYTE
Humanitar elmlər doktoru, Litva Respublikasının Azərbaycandakı və Türkiyədəki sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü
Litvacadan Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə edib.
Vilnüs-Bakı,
mart-aprel 2017-ci il.
525-ci qəzet.- 2017.- 29 aprel.- S.18.