“Türk
şeirində eşq”
təqdim edildi
İLESAM RƏHBƏRİ MEHMET
NURİ PARMAKSIZ BƏXTİYAR VAHABZADƏ ADINA MÜKAFATA
LAYİQ GÖRÜLÜB
Aprelin 28-də Azərbaycan
Yazıçılar Birliyində
(AYB) “Türk şeirində
eşq” almanaxının
təqdimat mərasimi
keçirilib.
Tədbirdə AYB rəhbərliyi, tanınmış
yazarlar, ziyalılar,
media nümayəndələri iştirak ediblər
AYB sədri, Xalq
yazıçısı Anar
almanax haqqında geniş məlumat verib. Bu kitabın Türkiyə-Azərbaycan ədəbi
əlaqələrinin inkişafında
önəmli addım
olduğuna inandığını
deyən Anar,
İLESAM-ın fəaliyyəti
haqqında da söz açıb.
Sonra AYB sədri
İLESAM rəhbəri Mehmet
Nuri Parmaksızı Türk dünyası ədəbiyyatının inkişafındakı
xidmətlərinə görə
Bəxtiyar Vahabzadə
adına Mükafatla təltif edib və ona
yeni uğurlar arzulayıb.
Professor Tofiq Məlikli
Azərbaycan-Türkiyə ədəbi
əlaqələrindən danışıb,
AYB və İLESAM-ın
birgə fəaliyyəti
nəticəsində bu
əlaqələrin daha
da möhkəmlənəcəyinə
inamını ifadə
edib.
AYB katibi Rəşad
Məcid “Türk şeirində eşq” almanaxının Azərbaycanla
bərabər, Türkiyədə
də maraqla qaşılanan bir nəşr olduğunu vurğulayıb. İLESAM-ın geniş miqyaslı fəaliyyətindən
danışan R.Məcid
bu baxımdan M.N.Parmaksızın xidmətlərini
yüksək dəyərləndirib.
Onu Bəxtiyar Vahabzadə Mükafatına
layiq görülməsi
münasibətilə təbrik
edən R.Məcid daha öncə bu mükafatı alan simaları
da xatırlayıb:
“AYB-in təsis etdiyi Bəxtiyar Vahabzadə Mükafatı Türk dünyası ədəbi
əlaqələrinin inkişafında
müstəsna xidmətləri
olmuş yazarlara təqdim edilib. Bu zamana qədər həmin mükafata dörd nəfər layiq görülüb: Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, “Kardeş kalemler” jurnalının baş redaktoru Ali Akbaş, tərcüməçi-yazar İmdad
Avşar, Türkiyənin
Azərbaycandakı səfirliyinin
keçmiş mədəniyyət
müşaviri Seyid Əhməd Arslan. İndi isə İLESAM-ın rəhbəri Mehmet Nuri Parmaksızın bu mükafata layiq görülməsi çox sevindirici haldır”.
“Türk şeirində eşq” kitabının redaktoru, şair Qəşəm Nəcəfzadə
kitabın adına
diqqət çəkib:
“Çox zaman eşq deyəndə qarşı cinsə olan sevgi başa
düşülür. Amma buradakı
eşq insanı Tanrıya qovuşduran İlahi eşqdir”.
Türkiyə şairlərinin şeirlərini
Azərbaycan dilinə
uyğunlaşdıran şair
Nuranə Nur tərcümə prosesindən
mənəvi zövq aldığını deyib:
“Düşünürəm ki, bu almanax
bütün türk dünyası üçün
böyük töhfədir”.
Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə almanaxın ərsəyə
gəlməsində əziyyəti
olan hər kəsə təşəkkür
edib. O, atasının adına mükafat təsis olunduğu üçün AYB rəhbərliyinə
xüsusi minnətdarlıq
bildirib.
AYB-nin mətbuat xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi Xəyal Rza çıxışında qurumun fəaliyyətindən danışıb: “İLESAM-ın türk dünyasında bu qədər tanınmasının əsas səbəbkarı Mehmet Nuri bəydir. Bu işdə onun müstəsna zəhməti var. Heç təsadüfi deyil ki, “Türk şeirində eşq” kitabında 330 İLESAM üzvünün şeirləri yer alıb”.
Yazar Təranə Vahid, ədəbiyyatşünas Esmira Fuad, şairlər Nəcibə İlkin, Güləmayıl Murad və başqaları almanax haqqında fikirlərini bölüşüb, mükafatçını təbrik ediblər.
M.N.Parmaksız, başda sədr Anar olmaqla, bütün AYB rəhbərliyinə, tədbir iştirakçılarına təşəkkürünü bildirib. Layiq görüldüyü mükafata görə sevinc hissi keçirdiyini deyən M.N.Barmaqsız bundan sonra da ümumtürk ədəbiyyatı üçün çalışacağını deyib: “Mənim soyadımdan fərqli olaraq, gördüyüm işlər, kitablar, mükafatlar mənim barmaqlarımdır. Mən çalışacağam ki, bu barmaqlar çoxalıb vahid Türk ədəbiyyatını bir yumruq şəklində birləşdirsin. Mükafatlar könlümüzü xoş edər, amma bununla bərabər məsuliyyətimizi də artırar”.
Almanaxın Türkiyədə də çap olunduğunu deyən İLESAM rəhbəri gələcək fəaliyyət planlarından da söz açıb: “Kitab burada çap olunandan bir həftə sonra Türkiyədə nəşr edildi və oradakı müəlliflərə, kitabı əldə etmək istəyən hər kəsə təqdim olundu. Bu yaxınlarda bu layihənin davamı kimi hekayələr almanaxı da hazırlamağı düşünürük. Bu ilin sonuna kimi Türkiyədə çap olunmuş 15 min kitabı Azərbaycanın müxtəlif şəhər və rayonlarının kitabxanalarına hədiyyə edəcəyik. Eyni zamanda Anarın 80 illik yubileyi ilə bağlı Türkliyədə onunla bağlı məqalələr toplanıb biblioqrafıyası ilə birgə çap olunacaq”.
Sonda M.N.Parmaksız İLESAM-ın yeni üzvlərinə vəsiqələrini təqdim edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 29 aprel.- S.13.