Milli azadlıq ideyaları və Mirzə İbrahimovun
hekayə yaradıcılığı
(Əvvəli ötən
sayımızda)
İkinci Cahan
savaşının başlaması ilə dünyada yeni siyasi
situasiyanın yaranması səbəbindən Azərbaycanın
yerləşdiyi region da siyasi proseslərin əsas mərkəzlərindən
birinə çevrildi.
Dünyadakı hərbi
qruplaşmaların əsas güc mərkəzlərindən
olan Sovet dövləti mövcud durumdan istifadə edərək
bölgədə yeni işğal həvəsinə
düşdü. Guya cənubdan, xüsusilə də
Türkiyədən gələn təhlükəni önləmək
üçün Sovet qoşunları bir gecənin içərisində
böyük kontingentlə İrana daxil oldu. Əslində o illərdə İranın adı
yalnız sözdə müstəqil dövlət kimi
qalmışdı. Ölkə iqtisadi və
siyasi cəhətdən imperalist dövlətlərin,
xüsusi ilə də ingilis-amerikan güclərin əlində
bir oyuncağa çevrilmişdi. Xalqın
dövləti-varı müstəmləkəçilər tərəfindən
talanaraq xaricə daşınırdı. Rza
şahın qanlı rejimi on illər idi ki, ölkəni
qaranlıq zindana çevirmişdi və bu
ağrı-acını ən çox yaşayan yenə də
Arazın o tayındakı vətən torpaqları idi.
Mirzə Cəlilin təbirincə desək, "Azərbaycan
başdan-başa bir
Kərbəla meydanı" idi.
Sovet rejimi qanlı müstəmləkəçilik
mahiyyəti baxımından şah rejimindən çox da fərqlənməsə
də, bir fakt danılmazdır ki, Şimali Azərbaycanda ana
dilinin işlədilməsinə icazə verilməsi,
xalqın maariflənməsi sahəsində böyük nailiyyətlərin
əldə olunması, anadilli ədəbiyyatın sürətli
inkişafı və digər bu kimi amillər Cənubda
Şimala bir ümid yeri kimi baxmaq anlamını
yaratmışdı. Beynəlxalq arenadakı hərc-mərclik
Stalinin işğalçılıq iştahasını
artırmış, amerikan-ingilis ekspansiyaçıları ilə
gizli sövdələşməyə gedərək
İranın şimal hissəsini, əsasən də Azərbaycanın
yerləşdiyi coğrafi ərazi daxilində böyük bir
hissəni SSRİ-yə birləşdirmək istəyi
oyatmışdı. Məhz bu istəklə
də sovet qoşunlarının böyük bir kontingenti
İrana yeridilmişdi. Moskva ideloqları
yerli əhalinin əsasən azərbaycanlılar olduğunu
yaxşı bildiklərindən siyasi işləri daha
çox şimaldan olan azərbaycanlılara
tapşırmışdılar. Həmin
siyasi rəhbərlərin böyük bir qrupu da Azərbaycanın
gənc yazıçıları idi. Süleyman Rəhimov,
Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Süleyman
Rüstəm, Rəsul Rza və başqaları Cənubi Azərbaycanda
nəşrə başlayan müxtəlif qəzet və
jurnallarda çalışır, teatr tamaşaları
hazırlayır, yeni açılan mədəniyyət
ocaqlarında mədəni tədbirlər keçirir,
xalqın arasında geniş təbliğat işləri
aparırdılar.
İrana ezam olunmuş
yazıçılar arasında görkəmli ədəbiyyatşünas
və istedadlı yazıçımız Mirzə
İbrahimov da vardı. Əslən Cənubi Azərbaycandan olan, hələ
uşaq yaşlarından bir parça çörək
dalınca doğma yurdundan ayrılmağa məcbur olan gənc
yazıçı Mirzə İbrahimov Sovet
qoşunlarının İrana daxil olmasını daxili bir
sevinclə qarşılamışdı və ürəyinin
dərinliyində bir ümid qığılcımı
parlamışdı ki, bu siyasi situasiya sonda Azərbaycanın
birləşməsinə, bütövləşməsinə
gətirib çıxaracaq. Ona görə də
Cənubi Azərbaycanda böyük bir həvəslə
çalışır, xalqın maariflənməsi yolunda əlindən
gələni əsirgəmirdi. Eyni zamanda
ölkənin ədəbi mühitində də yaxından
iştirak edir, müşahidə elədiyi hadisələri qələmə
alaraq farsca və Azərbaycan dilində çıxan qəzet
və jurnallarda çap etdirirdi. Azərbaycan
ədəbiyyatında Cənub mövzusunda M.S.Ordubadidən
sonra ən çox əsər yazan da Mirzə İbrahimov
olmuşdur. Ancaq hadisələrin
sonrakı inkişafı digər soydaşlarımız kimi
Mirzə İbrahimovu da böyük xəyal
qırıqlığına və dərin kədərə
uğratdı. Vaşinqton-London-Moskva-Tehran
razılaşması ilə sovet qoşunları İrandan
çıxarıldı, az sonra S.C.Pişəvərinin
qurduğu milli hökumət devrilərək Azərbaycan yenidən
şovinist fars rejimi tərəfindən qan gölünə
çevrildi.
Xalqımızın bu
ağrılı taleyini böyük kədərlə
qarşılayan Mirzə İbrahimov bu hadisələri "Gələcək
gün" kimi məşhur romanında və silsilə
"Cənub hekayələri"ndə ürək
ağrısı və böyük sənətkarlıqla qələmə
almışdır.
Təbii ki, "Cənub
hekayələri" faciədən sonrakı dönəmdə
qələmə alındığından onda böyük
milli kədər, xalqın ağrı-acısı əsas xətt
təşkil edirdi. Lakin hekayələrdəki pessimizm, milli ab-hava nə qədər
ağır olsa da, xalqın tükənməz potensialı, ədəbi
qəhrəmanların qəlbində yuva salmış alovlu vətənpərvərlik,
sönməz milli-mübarizə hissi oxucuda daxilən bir
nikbinlik ovqatı yaradır və Azərbaycan xalqının
bir gün yenidən toparlanaraq bu ağır boyunduruqdan qurtulub
bütövləşərək tarixin imtahanından şərəflə
çıxacağına güclü inam yaradırdı.
Yazıçının
"Azad", "Tonqal başında", "On iki
dekabr", "İztirabın sonu" hekayələri ədəbi-bədii
baxımdan yüksək sənətkarlıqla qələmə
alınmış dolğun əsərlər olmaqla bərabər,
Azərbaycan xalqının Cənubda milli-azadlıq uğrunda
apardığı mübarizəni böyük sənətkarlıqla
və yüksək ədəbi formada oxucuya çatdıra
bilir.
"Azad" hekayəsinin əvvəlində
yazıçı Fərdanın dili ilə XX əsrin
40-cı illərində Cənubi Azərbaycanda cərəyan
edən mürəkkəb tarixi hadisələri, xalqın
ağır həyatını, millətin qəlbində
baş qaldıran milli-azadlıq duyğularını və əldə
silah götürüb bu azadlıq uğrunda son
döyüşə atılmasını realist boyalarla və
tarixi faktlarla oxucunun gözləri önündə
canlandırır.
"...Cahan hərbi
başlamış, Rza şah taxt-tacdan əl çəkərək
İranı tərk etmiş, polis, jandarm və ağzı
yelli mürtəcelərin zülmü xeyli azalmış,
müxtəlif hizblər, ittihadiyiyyələr meydana
çıxmışdı. Azərbaycanın istər
şəhər, istərsə kəndlərində camaat hərəkətə
gəlmişdi. İclaslardan, mitinqlərdən
başqa, evlərdə də azadlıqdan, yaxşı
yaşayışdan, elmdən, ana dilindən
danışırdılar. Nəhayət, 1945-ci ilin
sentyabr ayının 3-də Azərbaycan demokratlarının
deklarasiyası intişar tapdı..."
Azərbaycan xalqının qəlbində
yaşatdığı belə bir azdlıq günəşi
XX yüzillikdə artıq üçüncü dəfə
- 1945-ci ildə yenidən doğur. Azadlığı
yenicə dadmağa başlayan xalqın sevinci yerə-göyə
sığmır, özgürlüyün nəşəsi
insanlara qol-qanad verir, onları qurub-yaratmağa həvəsləndirir.
Elə Fərda da yalnız ürəyinin səsini
danışmır, xalqın arzularını dilə gətirir:
"... Biz Azərbaycan üfüqlərində
işıqlı bir günəş doğduğunu hiss
edirdik... Bu günəş hamının qəlbini
böyük bir ümidlə doldururdu... Hadisələr də
çox şiddətlə inkişaf edirdi... Bir
neçə aydan sonra biz kənddə mitinq keçirib Azərbaycan
xalq konqresinə nümayəndələr seçdik. Nümayəndələr içində mən də
var idim. Noyabr ayının 18-də biz Təbrizə
gəldik. Mən Təbrizi nə qədər dəyişmiş
gördüm..."
Yazıçının təsvir
etdiyi kimi Təbrizin dəyişməsi, bütün Azərbaycanın
dəyişməsi idi. Əslində bu dəyişmə yalnız şəhərin
binalarının, küçələrinin, park və
xiyabanlarının zahiri görünüşünün dəyişməsi
deyildi. Bu dəyişmə xalqın milli
şüurunun, əhvalının, ruhunun dəyişməsi
idi. Xalqın öz gücünə
inamın, istibdada münasibətinin dəyişməsi idi.
Bu inqilabi dəyişikliyi,
bu ümidi, sabahkı günə inamı xalqa verənlər
isə Seyid Cəfər Pişəvərinin
başçılığı ilə mücadilə
meydanına atılmış Azərbaycanın igid fədailər
ordusu idi. O fədailər
ki, ulu babaları Babəkin on bir əsr əvvəl
özünə həyat amalı seçmiş
şüarı - bir günlük azadlığı bir
ömürlük əsarətdən üstün tutaraq
"ya olum, ya ölüm" hayqıraraq mübarizə
meydanına atılmışdılar.
Hekayənin əsas qəhrəmanlarından
olan Azad Fərdanın dili ilə əsərin əvvəlində
sakit, qaradinməz, sanki ətraf aləmdə baş verən
hadisələrə biganə bir insan təsiri
bağışlayır. Hətta Fərda onu bu xasiyyətinə görə
susqunluqda, acizlikdə, hətta millətin faciəsinə tam
biganə, faydasız bir insan olmaqda qınayır və onu qəzəblə
acılayır:
"Dünyada sən olmasaydın, mən
çoxdan özümü öldürmüşdüm, -
dedim.
- Çünki sənə
baxıram, məndən də faydasızları var, deyə təskinlik
tapıram... Yazıq, min yazıq bizə baxıb
övladlarım var deyən vətənə! Yazıq bu
gül kimi Azərbaycan torpağına ki, üstündə sən
və mən gəzirik... O, bizdən nə xeyir gördü?..."
Azadın xarakterinin ilk cizgiləri
uşaqlıq dostu Fərdanın haqsızcasına onu ittiham
edərkən səbrlə dinləyib eyni tonla dostuna cavab qaytarmaması,
əksinə Fərda getdikdən sonra onlara yollanıb onun ailəsinin
kirayə borcunu ödəməsində və pulu Fərdanın
göndərdiyini deməsi ilə açılır. Dosta dar
gündə dayaq durmaq və etdiyi yaxşılığı dilə gətirməmək mərd,
nəcib və böyük ürək sahibi olan insanlara
xarakterdir. Həm də xalqımızın
folklorundan gələn "çox bilib, az danışmaq
igidin ləngəridi" deyimi əslində Azad kimi insanlara
xarakter xüsusiyyətdir. Hekayədəki
Azad obrazı həm də bir növ xalqın
özünün bədii obrazıdır. Kənardan
nə qədər sakit, səssiz görünsə də,
azadlığı əlindən alınanda coşqun dağ
çayı kimi kükrəyər, məcrasına
sığmaz, qabağına çıxan ən böyük
maneələri də süpürüb aparar.
Daha sonra biz Azadı xalqın azadlığı
uğrunda ölüm-dirim döyüşünə
atılmış igid fədailər dəstəsinin
başında görürük. Fərda da onunla bir daha beş ildən sonra, Azadın ağır
döyüşdə ölümcül yaralandığı
bir səhnədə görüşür. Bu dəfə
Azad danışır, Fərda susur. Fərdanın
hər sözündən, kəlməsindən onun necə
odlu bir vətənpərvər, azadlıq təşnəsi qəhrəman
olduğu üzə çıxır. Azad
get-gedə oxucununu gözündə o qədər
böyüyür ki, ölümündən sonra da canlı
bir qəhrəmana çevrilir.
Yazıçı qəhrəmanın
adını da simvolik olaraq Azad qoyub. Çünki Azad
xalqın azadlığı uğrunda döyüşlərdə
şəhid olur. Lakin o, ölümüylə
ölməzlik qazanaraq əbədiyyətə qovuşur.
Ona görə ki, o, şirin canını
doğma yurdun, ana torpağın azadlığı, istiqlaliyyəti,
səadəti yolunda qurban verir. Yazıçı
ölməz qəhrəmanın bədii obrazını bər-bəzəkdən
uzaq, olduqca sadə təsvirlərlə, ancaq bitkin və
dolğun boyalarla təsvir edir. Vaxtilə dərzi
dükanında başıaşağı, sakit, qaradinməz
dərzi şagirdi kimi gördüyümüz Azad beş ildən sonra xalqın təəssübünü
çəkən, ölümün gözünə dik baxan qəhrəman
bir fədai kimi gözümüz önündə zühur
edir. Yazıçı bununla xalqın
içində uyuyan qəhrəmanlıq hissinin zamanı
çatanda necə bir vulkan kimi püskürdüyünə
işarə vurur.
"...Yadındadırmı Fərda,
beş il əvvəl Təbrizdə, dərzi
dükanında sən məndən nə üçün
yaşayırıq, deyə soruşmuşdun? Onda
mən sənə cavab verməmiş, susmuşdum. Sən
isə mənim bu cür şeyləri
qanmadığımı güman edərək acıqlanıb
getmişdin, yadındadırmı?... Lakin
o zaman mən də sənin kimi düşünürdüm...
Mən düşünürdüm ki, həyatımızın
mənası vətənimizin səadəti üçün
çalışmaqdadır... Amma o zaman mən danışa
bilməmişdim... Çünki danışmaqda bir məna
yox idi... İndi isə sənə deyirəm,
qardaşım, Fərda, sizə deyirəm qardaşlarım (o
azca boylanıb fədailəri gözdən keçirdi), bəli,
sizə deyirəm. Bizim hamımızın səadəti,
bax, bu alçaq daxmaların azadlığında, bu doğma
yurdun, bu ana torpağın istiqlaliyyətindədir... Yerə
qoymayın o tüfəngləri ki, onları bu doğma torpaq
sizə tapşırmışdır..."
Hekayədə Mirzə
İbrahimov Azadın dili ilə özü danışır. Vətən həsrətlisi
olan bir yazıçı, Azərbaycanı hürr və
bütöv görmək istəyən demokrat
düşüncəli bir ziyalı vətən
azadlığa qovuşmayana qədər onun
övladlarının əl-qollarını yanlarına
salıb susmağa haqları olmadığını uca səslə
hayqırır.
Azad ölərkən də
xalqı düşünür, onun övladlarını birliyə,
bütövlüyə çağırır. Azadı
öz vəsiyyətinə görə elə bir yerdə
basdırırlar ki, oradan bütöv Azərbaycan
görünür. Bununla
yazıçı bütöv və azad vətən məfhumunun
bütün amallardan yüksəkdə
dayandığını bir daha oxucunun yadına salır.
"...Əziz qardaşlarım, mənim
qəbrimi uca bir yerdə qazarsınız... Elə
yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş
çölləri, duru çayları, güllü çəmənləri
və bağları görünsün. Elə
yerdə qazarsınız ki, qəbrimin üstünə gələn
adamın nəzərlərində geniş üfüqlər
açılsın. Həm də o yeri böyük bir
yol kənarında seçərsiniz... Qoy gələcəyin
azad nəsillərinin ayaq səsi qəbirdə də olsa,
qulaqlarıma çatsın... Bəlkə onlar
da bizi rəhmətlə yad etdilər".
Bir vaxtlar Azadı milli
düşüncədə, vətənə münasibətdə
laqeydlikdə, biganəlikdə qınayan Fərda bu dəfəki
görüşdə əsil vətənpərvərliyin nə
olduğunu, əsil vətəndaşın necə olduğunu
Azadın özündən öyrənir. Və fədai
dostlarıyla onun qəbri başında and içir ki,
ölüm də onları Azərbaycanın
azadlığı yolundan döndərə bilməyəcək.
"... Qardaşlarım,
gəlin silahlarımızı ürəyimizə basıb
onun pak ruhu qarşısında and içək... and içək
ki, ölüm bizi Azərbaycanın səadəti yolundan,
böyük amalımız yolundan döndərə bilməz".
Mirzə İbrahimov bu hekayəni qələmə
alanda hələ çox gənc idi və həm də nəzərə
alsaq ki, o illərdə Azərbaycan nəsri yenicə
formalaşırdı və nəsrimizin o qədər də
böyük ənənəsi yox idi, onda
yazıçının hadisələrə bu qədər
peşəkarlıqla yanaşaraq ciddi əsər yaratmaq
bacarığı onun bədii istedadının, dünya
baxışının nə qədər zəngin olduğundan
xəbər verir.
"Azad" hekayəsinin əsas
ideyası, qayəsi Azərbaycanın azadlığı, onun
cənublu-şimallı bütövlüyüdür. Bu ideya Mirzə
İbrahimovun Cənub mövzusunda yazdığı
bütün əsərlərinin əsas leytmotivini təşkil
edir.
"...Biz onu vəsiyyətinə
görə uca bir yerdə basdırdıq. Bu yer Təbrizlə
Zəncanı birləşdirən böyük yolu qoynuna
almış Təbriz gədiyidir... onun ən uca təpəsindəki
tənha qəbrin üstündə duran adamın nəzərlərində
geniş üfüqlər açılır, oradan Azərbaycanın
həm cənub, həm də şimal sahələri
görünür..."
(Ardı var)
İlham MƏMMƏDLİ
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2017.- 26 aprel.- S.6.