Müharibə görənlər

 

hekayə

 

Babasının üzünü təkcə Uğur yox, heç atasının özü də görməmişdi. Uğurun babası çar ordusunun zabiti idi və Birinci Dünya Müharibəsində həlak olanda oğlu anasının, yəni ki, Uğurun nənəsinin boynunda idi.

Uğurun atasının da qismətinə müharibə düşdü, Uğurun atası o müharibədən sağ-salamat qayıtdı. Əli-ayağı yerində idi. Qulaqları eşidir, gözləri də görürdü. Nə olmuşdusa, başına olmuşdu... Və başına nə olmuşdusa, həmişə gözləri par-par parıldayırdı.

Anası min bir əzab-əziyyətlə böyüdüb günləri saya-saya dörd il də intizarla yolunu gözlədiyi oğluna bir bab qız tapıb toy edib evləndirdi, nənə oldu.

Yeddi qızdan sonra dünyaya gələn evin sonbeşiyi Uğur da böyüyüb boya-başa çatandan sonra müharibə gördü.

Ata-ananın əziz-xələf oğlu, yeddi bacının aman-zaman qardaşı Uğur əsgərliyə səfərbər ediləndə sovet hökuməti də öz qoşunlarını "beynəlmiləl" borcunu yerinə yetirmək adı ilə Əfqanıstana yeritdi. Qarabala kimi elə Uğuru da "duşmanlarla" vuruşmaq üçün daşı-kəsəyi, yeri-göyü qan-qada, od-alov saçan yad əfqan torpağına göndərdilər.

Uğur adlı bu yeniyetmə oğlan deyib gülənin, əhlikefin biri idi. Necə deyərlər, Araz aşığından idi, Kür topuğundan... Hər gün gözünün qabağındakı qəfil ölüm-itim də Uğurun heç vecinə deyildi. Vətəndə ata-anasının, yeddi bacısının ürəkləri səksəkədə, qulaqları səsdə qalsa da, Uğur əringənlik edər, ancaq kefinə düşəndən düşənə gözləri poçtalyonun yolunda qalan evdəkilərə məktub yazardı. Və Uğurun o məktublarını açıb oxuyan da sidq ürəklə elə zənn edərdi ki, bu məktubları yazan kimdisə odun-alovun içində olan birisi yox, gününü Soçidə, dörd bir yanındakı sıyıq rus qızları ilə kurortda kefdə-damaqda keçirən birisidir...

Uğur o məktubları heç də ata-anasını, bacılarını toxtadıb sakitləşdirmək, narahatçılıqlarına, nigarançılıqlarına son qoymaq qəsdi ilə belə şən bir ovqatda, məzəli ahəngdə yazmırdı; Uğurdan ötrü dünyada ancaq deyib-gülmək var idi...

Əsgər gedənəcən kənddə işləyib, isti-soyuq görən Uğurun hərbi xidmətini başa vurmağa lap az qalmışdı, belə bir vaxtda o, heç ağlına gətirə bilməzdi ki, günlərin bir günü "duşmanların" pusqusuna düşüb elə özü də bir qəfil gülləyə tuş gələ bilər...

Ancaq Uğur nə pusquya düşdü, nə də qəfil gülləyə tuş gəldi.

Rus balaları olan iki əsgər yoldaşı ilə sazaqlı bir qış gününün dərin bir zülmət gecəsində öz postlarında keşik çəkərkən "duşmanlar" qəflətən başlarının üstünü aldılar. "Duşmanlar" onlara heç gözlərini açmağa macal vermədilər, hər üçünün əl-qollarını bağlayıb yerə uzatdılar. Sonra da əl atıb kəmərlərinə sancdıqları qəmələrini çıxartdılar.

Əlbəttə, bu qəfil basqından Uğur da qorxdu, qorxusundan sarısını uddu. Yıxılıb "duşmanların" ayağına düşməyin, hönkür-hönkür ağlayıb yalvar-yaxar etməyin yeri deyildi, bütün bunların heç bir xeyri-faydası yox idi və heç ola da bilməzdi. Uğurun yadına nədənsə qorxudan əvvəl birdən-birə bir müsəlman kimi ölmək düşdü.

Vətəndə hər gün əlindən düşməyən badəsi Uğurun öz ulu Yaradanına qəlbən inamına xələl gətirmirdi. Şərabla həmdəmliyini ona irad tutub qınayanlara Uğurun da sözü bu olardı ki, etiqadının düz, ürəyinin saf, təmiz, əməlinin də saleh olması yetərlidir ki, günahkar bəndə olmayasan. Uğurun da Allaha etiqadı düz idi, ürəyinin saflığına, təmizliyinə də söz ola bilməzdi. Uğurun pis bir hərəkət, bəd əməl törətdiyini də hələ ki, nə görən olmuşdu, nə də eşidən. Və Uğur burasını da bilirdi ki, müsəlmançılığın əsas şərtlərindən biri də budur ki, sidq ürəklə kəlmeyi-şəhadətini deyib o bir olan Allahına iman gətirəsən, inamında da etiqadlı olasan. Uğur dəfələrlə şahidi olmuşdu ki, neçə-neçə yataq xəstəsi haqq dünyaya qovuşmamışdan qabaq kəlmeyi-şəhadətlərini demiş, sonra da rahatca gözlərini yummuşdular. Əcəl başlarının üstünü qəfil alıb mübarək kəlmeyi-şəhadətlərini deməyə macal tapmayan biçarələrdə isə nə günah?

Uğurun isə hələ ki, belə bir imkanı var idi! "Duşmanlardan" hərəyə biri öz qurbanlarından boğazlamışdılar. Hələ növbə Uğura çatmamışdı və Uğur da gözlərini yumub astadan aram-aram kəlmeyi-şəhadətini deyirdi və "duşmanların" dəstə başçısının ölüm ayağında olan əsgərin dilindən eşitdiyi bu kəlmələrdən gözləri dörd olmuşdu.

Növbə Uğura çatanda dəstəbaşı öz yoldaşlarına əli ilə işarə etdi və onlar dayanıb duruxdular. Dəstəbaşı, Uğurdan nəsə soruşdu və Uğur da onun soruşduqlarından təkcə "müsəlman" sözünü ayırd edə bilib başını tərpətdi.

Dəstəbaşı, görünür, Uğurun cavabına inanmamışdı və tabeliyindəkilərə nə dedisə, onlar Uğuru ayağa qaldırıb belinə kip bağladığı əsgər toqqasına əl atdılar.

Bax, Uğur bu zaman lap bərk qorxdu.

"Duşmanlar" Uğurun şalvarını aşağı dartdılar. Müsəlman olan oğlan uşaqlarında Məhəmməd ümmətinə məxsusluğun zahiri əlamətini görüb uğunub getdilər. Sonra da öz aralarında nəsə danışıb Uğurun əl-ayağını yenidən bərk-bərk sarıyıb yerə uzatdılar. Başlarının üstünü qəfil aldıqları kimi qəfil də çəkilib qeyb oldular.

Ertəsi gün növbəni dəyişməyə gələnlər qan gölünə dönmüş otaqda başları kəsilən iki rus balasının nəşini və qolu-qıçı bağlı, huşunu itirmiş, diriliyi, ölülüyü bilinməyən Uğuru gördülər.

Aradan neçə gün keçəndən sonra axır ki, Uğur komadan ayıldı, özü də havalı ayıldı. Yaddaşını itirmişdi. Onu təcili Daşkəndə, hospitala yolladılar. Sağalıb özünə gələndə isə çək-çevirə saldılar, səbəb də oldu ki, niyə əsgər yoldaşlarını amansızcasına qətlə yetirən "duşmanlar" onu sağ buraxıblar?

İş hərbi tribunalacan gedib çıxdı. Qərəz, məhkəmədə Uğuru ittiham edib çox incitsələr də, iş kəsmədilər, ordudan tərxis etdilər.

 

***

 

İnsanın da çinədanı sözlə bu qədər dolu olarmış?! Gecə-gündüz danışan Uğur yuxu bilməzdi. Ona günlərlə çay-çörək vermə, ac saxla. Ancaq qulağın onda olsun... Uğurun işi-peşəsi danışmaq idi, danışmaqdan yorulmazdı. Ancaq haqqüçünə gecə-gündüz danışsa da, söz-sovunda qətiyyən nala-mıxa vurmazdı. Ağzından dürr tökülərdi. Zalım oğlunun ağlı kəsəndən bu yana başına nələr gəlmişdisə ilbəil, aybaay, günbəgün nədir, elə bil az qala saatınacan yaddaşına yazılıb həkk olunmuşdu. Uğur olanlardan, keçənlərdən danışırdı və bütün bunlar da danışılmaqla heç qurtarardımı?

Ancaq...

...Ancaq ömrünün əsgərlikdə keçən bir il altı ayı ilə bağlı Uğurun yadında elə bil heç nə qalmamışdı. Bir il altı ay az müddət deyildi. Di gəl, Uğur o bir il altı ayla bağlı bəzəyib-düzəyib bircəcik günün də sözünü-söhbətini yada salmazdı. Elə bil Uğurun ömründə o bir il altı ay heç olmamışdı və Uğur da yaşından bir il altı ay cavan qalmışdı...

Ancaq Uğurun qıvrım qapqara saçları o bir il altı ayın bir məşum gecəsində ağappaq ağarmışdı, qəfil qırışlar sifətinə elə o vaxt düşmüşdü. Uğurun iri, ala gözlərində o bir il altı ayın nişanəsi kimi həm də qəribə bir parıltı donub qalmışdı və Uğurun gözlərinin o parıltısı nədənsə adamı ilk əvvəl diksindirib üşüdür, sonra da qorxudurdu...

Yeyib içən Uğur pullu, həm də səxavətli oğlan idi. Və pul xərcləməkdən də məxsusi həzz, ləzzət alırdı və dostları da Uğuru bu həzzdən, ləzzətdən məhrum etməmək üçün heç vaxt böyür-başından əskik olmazdılar. Uğurunku qızlarla da tuturdu. Onlara da pul xərcləməyə xəsislik etmirdi. Və hərə də bunu bir tərəfə yozurdu. Oturub durduğu o qızlar isə yad, kənar adam bilməyib Uğurla elə açıq-saçıq söhbətlər edirdilər ki, onların yerinə elə Uğurun özü həyalanıb utanırdı. Heç bir abırlı qız erkək xeylağı ilə elə açıq-saçıq, məhrəm danışmazdı...

 

***

 

Uğura yalvar-yaxar edib, dilə tutub axır ki, evlənmək üçün yola gətirə bildilər. Qoca ata-ana aman-zaman oğlanlarından nəvə görmək ümüdində-həsrətində idilər, bacılar da bibi olmaq istəyirdilər.

İllər illərə calansa da, ata-ananın, bacıların hələ ki, arzu-murazları gözlərində qalmışdı. Uğur ata, onlar isə baba-nənə, bibi ola bilmirdilər.

 

***

 

Günlərin bir günüydü, Uğura çırtma vursaydın qanı damardı. Günaşırı oturub durduğu, yedirib-içirib qarnını doyurduğu çörəyi dizi üstdə olan bir naxələf dostu keflənib ağzından qaçırmışdı ki, Uğur yan-yörəsindəki qızlara erkəklik yox, xacəlik edir... Hələ bir zalımlıq edib Uğurun yaralı yerinə toxunmuş, qulaq asanları dediklərinin doğruluğuna inandırmaq üçün qayıtmışdı ki, bəs gör neçə ildir ki, evlənib, ancaq hələ də dünyaya övlad gətirə bilməyib...

Uğura dağ basmışdılar...

Ancaq bu söhbətdən az sonra belə bir xəbər yayıldı ki, bəs uşağın olmamasının günahkarı Uğur deyil. Uğur, demə, qıraq bir yerdə başqa arvad da saxlayırmış və o arvaddan hətta yekə bir oğlu da var. Və Uğur da tezliklə gedib oğlunu gətirib öz yanında saxlayacaq...

Qəsəbədə hamının gözü yolda, qulağı səsdə idi, Uğurun nə vaxt gedib deyilən oğlunu gətirəcəyi günü intizarla gözləyirdilər.

Nəhayət ki, o gün gəldi.

Bir gün qəsəbədə Uğuru üç-dörd yaşlı arıq, sısqa bir oğlan uşağı ilə qoşa gəzən gördülər. Uşağın sir-sifətdən Uğura qətiyyən heç bir oxşarı yox idi. Ancaq diqqətlə baxan açıq-aydın hiss edərdi ki, bu uşağın da gözlərində Uğurun gözlərindəki kimi qəribə bir parıltı donub qalıb. Bu cəhətdən oğlanın atası ilə irsiliyinə heç bir şübhə ola bilməzdi...

İş bundadır ki, ağzıgöyçəklik edənlər də tapıldı. Yalan idi, gerçək idi - doğru-dürüstlüyünü bilən tapılmadı. Belə bir söz-söhbət yayıldı ki, guya Uğur o oğlanı uşaq evindən götürüb. Əgər doğrudan da belə idisə, Uğur niyə sap-sağlam uşaqları qoyub xəstə bir oğlana yiyə durmuşdu?

Elin ağzını yumub uşağın ondan olmasına onları inandırmaqdan ötrü Uğur xəstə uşağı oğulluğa götürmüşdü, ya da hələ 3-4 yaşı olsa da müharibə görmüş bir uşağa rəhmi gəlmişdi - bax, burası sirr olaraq qaldı və bu sirdən agah olmağa heç kim cəhd eləmədi...

 

12.01.2017

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.- 2017.- 26 aprel.- S.7.