70 yaşın zirvəsindən boylananda...
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
Ədəbi-bədii
sözün sehrinə sığınanlardan və Sözə
sidq-ürəkdən ibadət üçün söz
mehrabına doğru 70 ildir aramsız addımlayanlardan biri də
şair, nasir, publisist Şahməmməddir!
Özünəməxsus
yaradıcılıq yolunda şaqraq yerişli Şahməmməd!.. Respublika "Araz" Ali Ədəbi
mükafatı, "Qızıl Qələm", "Zərdabi"
mükafatları laureatı, Azərbaycan Yazıçılar
Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvü
şair Şahməmmədin imzası ilə mətbuatımızdan
çoxdan tanışam və onun
yaradıcılığını ardıcıl izləyənlərdən,
boy-boylayanlardan, söz söyləyənlərdən, fikir və
münasibət bildirənlərdən biri də mənəm.
Və Şahməmmədin 70 yaşını da qutlamaq istəyi
buradan mayalanır, buradan rişələnir...
Tanıyanlar tanıyır, gənc və müasir
oxuculara bildirmək istəyirəm ki, Şahməmməd
Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan
Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində
anadan olub.
Sabir adına Şamaxı Pedaqoji Texnikumu
bitirib, Ağsu rayonunun Səfərli və Ərəbuşağı
kəndlərində 2 il müəllim işləyib. Uzaq Şərqdə əsgəri xidmətdən və
Azərbaycan keçmiş ADU-nun (indiki BDU) hüquq fakültəsinə
daxil olduqdan sonra fəaliyyətini respublikanın
hüquq-mühafizə orqanları ilə bağlayıb.
1982-84-cü illərdə SSRİ DİN-nin
Moskva şəhərindəki Akademiyasında təhsil
alıb. Bir sıra məsul vəzifələrdə
işləyib, polkovnik rütbəsinə kimi yüksəlib.
Bütün bu illər ərzində bədii
yaradıcılıqdan bir gün də uzaq düşməyib.
50 ildən çox davam edən yaradıcılıq
yolunda hansı məqamlar duyğularına öz təsirini
göstəribsə, yalnız onları qələmə
alıb.
Şahməmmədin öz qələminin məhsulu olan və
ya ona həsr olunmuş "Dağlar, səndə nəyim
qaldı", "Nastalo vremya (Vaxt yetişib)", "Sevməsəydim,
yaşamazdım", "Xatirələr ocağının
işığında", "Çaylar geri
dönmür", "Həyəcan dolu beş il",
"Yerlə Göy arasında", "Ləngəbiz",
"Bakı polisi: qısa tarixi və müasir dövrü 1840-2005",
"İldırımlar qanadında", "Yollar",
"Bu gün açılacaq yaylım atəşi",
"O sevgini unutmaq olmur", "Nəğmələr
dünyası", "+994552010290", "Şahməmməd
2006", "Qurban Bayramov: şəxsiyyətin
böyüklüyü, böyüklüyün şəxsiyyəti",
"Sözün də çəkisi var" kimi kitablar
işıq üzü görüb.
2009-cu ildə
beş cildlik "Seçilmiş əsərləri"
çap olunub. Yeri gəlmişkən əlavə edək ki,
"Seçilmiş əsərlər"in 1,2,3-cü cildlərdə
müəllifin müxtəlif mövzulara - anaya, Vətənə,
sevgiyə və uşaqlıq illərinə həsr etdiyi
şeirləri toplanıb, həmçinin, birinci cildin əvvəlində
şairin yaradıcılığı barəsində
yazılmış məqalələr verilib; 4-cü cilddə
məşhur "Karvan" poeması ilə birgə
"Arxalı dağlar", "Əsgər
qardaşıma", "Atalar, analar, oğullar",
"Müstəntiq", "İki oğul atası",
"Qızıl qan", "Vəfa", "Şamaxı
dəftərindən", "Atamın nəsihətləri",
"Kiş nəğmələri", "Çaylar geri
dönmür", "Qarlı xatirələr",
"Aktyorun portreti", "Qızıma məktublar",
"Namuslu dünya" təkin lirizmilə yoğrulmuş on
altı poeması təqdim edilib. Bunların hər
birinin özünəməxsus ədəbi-estetik qayəsi və
dəyəri vardır; 5-ci cilddə nəsr əsərləri,
xatirələr, esselər toplanıb ki, burada müəllifin
anadan olduğu Ləngəbiz kəndindən, uşaqlıq
illərindən və bir də gənclik xatirələrindən
bəhs edilir. Bütün cildlərin
redaktoru və tərtibçisi Zülfüqar Şahsevənlidir.
Heydər Əliyevə həsr olunmuş əsərlər
toplusundan ibarət "Azərbaycan oxusun" adlı kitabda
dahi liderə həsr etdiyi "Karvan" poeması, "Azərbaycan,
bir də Heydər" şeiri ilə oxucuların
görüşünə gəlib və bu kitab yüksək
dəyərləndirilib. O, bir sıra kitablara redaktorluq edib,
önsöz yazıb...
Şahməmməd ədəbiyyata hay-haraysız gəlib. Mətbuatda
"Çiçəklər" adlı ilk şeiri
1966-cı ildə, hələ tələbə ikən
çap edilib. Mərkəzi mətbuatda
ilk şeiri isə "Azərbaycan gəncləri" qəzetində
işıq üzü görüb. Sonralar şeirləri
"Bakı", "Sovet kəndi", "Ədəbiyyat
və incəsənət", "Azərbaycan pioneri" qəzetlərində,
"Təşviqatçı", "Ulduz", "Azərbaycan
təbiəti", "Göyərçin"
jurnallarında, Moskvada təhsil alarkən "Literaturnaya
qazeta", "Sovetskaya milisiya" kimi mətbu orqanlarda moskvalı
şairlərdən İrina Yefimova və Viktor
Zabelişinskinin tərcümələrində və
onların təqdimatında nəşr edilib. Həmçinin,
onun şeirləri fars dilinə də tərcümə
edilərək İslam İran Respublikasında
yayımlanıb.
Məşhur
müğənnilərimiz - M.Bağırzadənin, F.Kərimovanın,
Z.Məmmədovanın, F.İbadovanın, C.Məmmədovun,
T.Vəlizadənin, E.Şirvanlının, Y.Mustafayevin,
B.Əşrəfovun, T.Eyvazoğlunun, E.Rəhimovanın,
Y.Babayevanın, B.Mehdiqızının, aşıqlardan
V.Mahmudoğlunun və başqalarının ifa etdiyi 30-a
yaxın mahnının sözlərini də Şahməmməd
yazıb, o nəğmələr vaxtaşırı efirdə
səslənir...
Şahməmməd
ruhən, qəlbən şairdir və ürəyində,
içində Allah sevgisi, torpaq, Vətən, insan, söz məhəbbəti
var. Həyatda sevinc və kədər üzərində
köklənməyi, sarı sim üstə "Şirvan
gözəlləməsi" ahəngində ötməyi də
bacarır...
Onun
özünəməxsus poetik kredosunda estetik dəyər səviyyəsində
belə bir məqam var: "Oxunmayan şeir ölüm kimi bir
şeydir". Ona görə də, bir qələm sahibi kimi
onun oxucularına belə bir müraciətə tam haqqı
çatır:
Ey oxucu!
Dinlə məni bircə anlıq...
Sizlər
üçün öz yerindən çıxıb ürək,
Bircə qətrə pıçıltınız bəsim
olub.
Saçınızı
döyüb yağış, söküb külək,
Vərəqlərə səpələnən səsim
olub.
Kəlmə-kəlmə
tərəzidə çəkilmişəm,
Titrəmişəm bir oyanış zəngi kimi.
Gözünüzdə
ağac kimi əkilmişəm,
Yaşamışam içinizdə sevgi kimi.
Doğrudan
da, Şahməmməd oxucularının qəlbində,
iç dünyasında sevgi kimi yaşamağı bacaran
şairlərdəndir və sözün "kəlmə-kəlmə
tərəzidə çəkilməyin" məsuliyyətini
dərindən dərk edir. Bu misralar onun
yaradıcılığının estetik mahiyyətini və
şair şəxsiyyətinin konturlarını göstərir.
O,
şair ömrünün mahiyyətini, mənasını,
cövhərini şeirə çevirməyi
bacardığından özünə məxsus
yaşantısı, duyğusu, ağrısı olan bir
şair ömrü şeirləşib:
Keçən ömrüm hardan gəldi, hara getdi?
Keçən ömrüm rəqəmlərin toplusudur.
Doğan-doğdu,
ölən-öldü, itən-itdi,
Keçən ömrüm xatirələr tablosudur.
Şahməmmədin şeirləri həyatın
poeziyasıdır, onun şeirləri öz şirəsini,
mayasını təbiətdən, doğma torpaqdan alır. Və elə buna görə
də, onun şeirlərindən taxıl zəmilərinin bərəkətli
ətri gəlir; laləli, çiçəkli, yoncalı
biçənəklərin yel vurduqca tellənən lacivərd
dalğaları görsənir onun şeirlərindən;
bütün Şirvan dağları boylanır onun şeirlərindən:
Yaz gəlıb,
budaqlar puçur-puçurdu,
Dağlar Şamaxıya çağırır məni.
İlham
ürəyimi qəfil uçurdu,
Dağlar Şamaxıya çağırır məni.
Dərələr
dumanlı, dağ şəlaləli,
Üfüqə bənzəyən düzlər laləli.
Onların
baxışı şehli-şanəlı,
Dağlar Şamaxıya çağırır məni.
Əslində,
həm bu "Dağlar" şeirində, həm də
bütün poeziyasında Şahməmməd şeirinin
bütün ölçüləri dağa köklənib: poeziyasına həm məna, həm
də forma gözəlliyini dağların özü verib. Ona
görə də, dağlardan qopa bimir, dağlar həmişə
onunladır; şəhərdə, kənddə, idarədə,
istirahətdə, fərqi yoxdur, Ləngəbiz dağları
bir an belə şairi tək qoymur. Körpə
anasından ayrı dura bilmədiyi kimi, Şahməmməd də
dağlarsız dayana bilmir:
Arxam da
siz, qorxum da siz,
Dincliyim də,
yuxum da siz,
Dolanırsız
qanımda siz,
Sizsiz yoxam, heçəm, dağlar.
Hər bir şairin şeirinin öz rəngi var və bu
rəng onu bir şair kimi seçdirir, məhz onun
varlığının olduğunu bildirir. Şahməmməd
poeziyası dağ rəngindədir. Dağların
boyaları onun bütün Sözünə
çöküb. Və bu, heç də
təsadüfi deyil.
Onun şeirlərində həyatın məntiqi ilə
poetik məntiq birləşə bilir; həyat həqiqəti
estetik həqiqətə çevrilir.
Əslində,
yaradıcılıq da, budur!.. Və bu
keyfiyyətlər onun həm bir insan, həm də şair
ömrünün tufanlı, ziqzaqlı, amma şərəfli
yollarına işıq salır, çıraq tutur, onu
dumanlıqlardan çıxarır, bəzən də
torpağı daha yaxından, bütün azmanlığı
ilə qucmaq istəyilə qanadlandırır, sevgisini sözə,
şeirə döndərir, sözü zərrə-sərrə
çəkərək ürəyini daima söz
sorağında çırpındırır:
Ürəyim
çırpınır söz sorağında,
Sözü
zərrə-zərrə çəkəsiyəm mən,
Bir həsrət
yaşayır könül bağımda,
Nə qədər canım var, çəkəsiyəm
mən.
Onun
haqqında İlyas Tapdıq, Məstan Günər, İsgəndər
Etibar, Tahir Taisoğlu, Əli Rza Xələfli, Zülfüqar
Şahsevənli, Vaqif Yusifli, Seyfəddin Rzasoy, Ramiz Əkbər,
Sona Xəyal, Şahrza Ağayev, Zeynal Babayev, Emin Axund, Emil
Tahiroğlu, Aqil Hüseynov,
Natiq Qocaman və başqaları mətbuat səhifələrində
öz fikirlərini bildirib, Şahməmmədə bir
şair-publisist kimi müxtəlif prizmalardan
baxışlarını ortaya qoyublar. Xatırladım ki, mənim
də, onun yaradıcılığı barəsində bir
neçə məqaləm və "Poeziyanın sirri:
çaylar geriyə axmır, dənizə can atır və
yaxud, qəlbini nar təkin kağıza sıxan şair
Şahməmmədin poeportreti: mini-modern monoqrafiya"
kitabım çap olunub.
Artıq Şahməmməd 70 yaşın zirvəsində
bardaş qurub.
Bu zirvədən baxanda Şahməmmədin Azərbaycan ədəbiyyatına
olduqca səmərəli, dəyərli bir
yaradıcılıq bəxş etdiyinin şahidi oluruq! O,
"Sanıram ki, dünəndi bu" şeirində
keçmişinə nəzər salaraq yazır ki, illərin
nə vaxt, necə gəlib keçdiyini hiss etməyib,
çünki əlləri həmişə qələmdən
yapışıb... Bir də baxıb ki, 70
yaşın dizini yerə vurub. Əziz qələm
dostumu 70 illik yubileyini təbrik edir, ona uzun, sağlam
ömür diləyir, bundan sonra da cavanlıq enerjisi ilə
yaratmasını, ürəyinin daima söz sorağında
çırpınmasını arzulayıram!..
525-ci qəzet 2017.- 1 avqust.- S.8.