Xəyalə Sevilin şeirləri

 

 

Asaram özümü göyün üzündən...

 

Buludların ac it kimi

Elə hürür ki, üstümə, ilahi,

Məni yağışın tutacaq.

Qapından qayıdır dualarım da,

Məni qarğışın tutacaq.

Ömrüm il-il tökülür,

Daşlayıblar ömrümü.

Bir ulduzsuz gecəyəm,

Bir kimsəsiz küçəyəm.

Bu dəlisov yağışlar

Xoşlayıblar ömrümü.

Eh! Daha əlimi açmaram sənə,

Eh!Daha əllərim qoynumda qalar.

Asaram özümü göyün üzündən,

İlahi, ölümüm boynunda qalar.

 

Bütün güclü qadınlar...

 

Qurduğun xəyallarından

Geriyə dönmək qədər

Çətin yol yoxdu bu dünyada.

Gözlərindən yıxılan göz yaşlarını

Yanağın da qaldıra bilmir.

Baxışların buz kəsilir.

Başını qaldırıb göyə baxırsan,

Göy üzündə sənin çarəsizliyinə

Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.

Qaralır dünyan, qaralır,

Həyatın göz qapaqlarının

Arası qədər daralır...

Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?

İçindəki təkliyi heç kim görmür...

 

Cəzalıdı ürəyim

 

Cəzalıdı ürəyim,

Bədənimdə küncə qoydum.

Yorulan göz yaşımı,

Yanağımda dincə qoydum.

 

Bu da səndən qalan ömür,

Yarı sənsən, yarı sudu.

Həsrətini atdığım  yer

Gözlərimin quyusudu.

 

Eh! Yolların yol yoldaşı,

Gedən yollara qarışdın.

Sən tək bədəndən ibarət

Sevgilərə alışdın...

 

Hər şey yerindədi

 

Hər şey yerindədi,

O yol, o küçə.

Küçənin başında açıq pəncərən,

Pəncərəndə qanı qaralan gecə.

Hər şey yerindədi,

Bircə sən yoxsan...

Sənsiz üstü-başı

Yaş həsrətimi

Gözümə sərmişəm,

Qurusun bir az.

Yeni ayaq açan səadətimin

Əlindən tutmadın,

Yerisin bir az.

 

Tək qoydun,

Sən tək qoydun.

Ömrü zəngli saat kimi

Qurdun,

Sənədək qoydun.

Demirəm ki, sevmədin,

Sevdin, düşəndə yada...

Mənə çətindi, amma,

Əlvida...

İçimi çəkirəm darıxanda

 

Ayrılığın bir üzünü

Köçürdüm gözlərimə,

Bir üzü səndə qaldı.

Gecəli, gündüzlü məhəbbətimin

Gündüzü səndə qaldı.

 

Gözlərim qum saatıdı,

Boşalır, təzədən dolur.

Sən guya hamıdan yaxşı...

Yaxşılıq beləmi olur?

 

İçimi çəkirəm darıxanda

Siqaret kimi.

Nimdaş həsrətin

Dolanır yanaqlarımda küçə-küçə.

Mən indi gecə növbəsində

Yorğun, yuxusuz.

Üstəlik  

Ay batacaq deyirlər bu gecə.

 

Payız

 

Üşüyər,üşüdər pəncərəmi ,

Gəlməz içəriyə, yadındı payız.

Sarı saçlarını töküb çiyninə,

İlahi, gözəl qadındı payız.

 

Həmişə gözündə yaş saxlayanım,

Sənə oxşayıram, gözüm bir əsim.

Çağır, çağır gəlim buludun olum,

Mənə göylərində yer ver, tələsim.

 

Üzünü, gözünü yuyum yolların,

Üstünün, başının tozunu alım.

Geriyə qaytara bilmədim onu,

Barı ayağının izini alım.

 

Pəncərədən boylanıram

 

Pəncərədən boylanıram,

Ay güzgümdə aylanıram.

Yer üzü qadın qapısı,

Gecə yarı döymək olmur.

Göy üzü yadın qapısı,

Dəymək olmur,

Dəymək olmur...

 

Həmin yol, həmin küçədi,

Qarayanız bir gecədi.

Bu azalan adamların arasında

Bir sən yoxsan,

Bir mən yoxam.

İki oldu bu yoxluq.

Böyüdü, boyumdan da

Yekə oldu bu yoxluq.

Heç kim ilə bölünməyən

Tikə oldu bu yoxluq.

Ömrümdən sənsiz illərim

Meyvə kimi dəyib düşür,

Gözlərimi döyüb düşür.

beləcə...

beləcə

Ölüm məndən duyuq düşür.

Torpağın qara canına

Mənim boyda oyuq düşür.

 

525-ci qəzet  2017.- 1 avqust.- S.8.