Kitab kimi
ömür
Firuzə NADİR
Mən onun ömrünü gözəl, nəfis, vərəqlədikcə
vərəqlənən, oxunduqca oxunan və bitmək bilməyən
bir kitab kimi oxudum. Hər səhifəsi elə dolu idi ki... Əslində,
onu çoxdan, lap çoxdan tanıyırdım...
"Komsomol..."
O, mənim
üçün Ağdam ruhlu, Ağdam qürurlu, Ağdam
nisgilli insanlardan biri idi! Ağdamı, Qarabağı təkcə
sözü-söhbəti, gözündəki kədəri,
ağrı-acısı, xiffəti, xatirələri, əməlləri
ilə xatırlatmırdı, bütöv xarakteri ilə yada
salırdı...
Haqqında danışanda isə ən əvvəl
gözümün önünə Ağdam şəhər 8
nömrəli orta məktəb gəlir. Məhz o məktəbdə
"dərs almışdım" ondan. Təkcə
ondan yox, həm də sonbeşik bacısı Gülcahan
müəllimədən. Hər ikisi
çox cavan idi. Gülcahan müəllimə
institutu təzəcə bitirib rayona qayıtmışdı.
Və məktəbimizdə hamı, hətta
valideynlər də bu ağappaq, gül çöhrəli,
mavi gözlü qızın gözəlliyindən
danışırdı. Amma Allah bu gözəli
bizim "A" sinfinin "bəxtinə
yazmışdı", sinif rəhbərimiz idi, həm də
ədəbiyyat müəlliməmiz. Onu hər
gün görürdük, hər gün dinləyirdik, belə
gözəl, gülərüz, mehriban sinif rəhbərimiz
olduğu üçün hələ bir
"forslanırdıq" da. Onu bizə sevdirən təkcə
zahiri gözəlliyi deyildi, o, yaxşı dərs
keçirdi, bizə ədəbiyyatı, KİTABı
sevdirirdi...
Məktəb komsomol təşkilatının katibi Bəhruz
Axundov isə istedadlı, yenilikçi, qoçaq və həddən
artıq ciddi, zəhmli idi. Bu "komsomol"
özü ilə məktəb həyatına bir qaynarlıq,
zənginlik gətirmişdi, məktəbin görən
gözü idi. Hazırladığı tədbirlər
"bomba" kimi partlayırdı. Bir
sözlə, bu bacı-qardaşın tərifi dillərə
düşmüşdü. "Havayı
deyil ey, Həsən müəllimin uşaqlarıdır"
deyirdilər. Həsən müəllimin
isə adını eşitmişdik, özünü görməmişdik,
bilirdik ki, Ağdamın tanınmış müəllim və
ziyalılarındandı. "Komsomol"
Bəhruz məktəbin "Şən və hazırcavablar
klubu"nu da yaratmışdı. Mən və
daha üç nəfər əlaçı sinif
yoldaşım həmin klubun üzvü idik, buna görə
çox öyünərdik, çünki bu "komanda"ya
düşmək hər şagirdin işi deyildi. O,
özü sinif-sinif gəzib seçərdi şagirdləri...
...Yaxşı
yadımdadır, şəhər 1 nömrəli orta məktəbin
komandası ilə yarışa hazırlaşırdıq. 1 nömrəli məktəb rayonun qocaman, nüfuzlu
təhsil ocağı kimi şöhrət
qazanmışdı. Bizim məktəb isə
çox gənc idi. Həm də bu səbəbdən
ciddi hazırlaşırdıq. Bəhruz
müəllim çox tələbkar idi,
gözümüzü açmağa imkan vermirdi, dərsdən
sonra evə getmək yox idi, saatlarla məşq edirdk. Sözümün
canı var: yarışa hazırlaşdığımız cəmi
bir neçə ayda bu gənc "komsomol"dan, bəlkə
də, müəllimlərimizdən çox şey öyrənmişdik.
Müəllimlər dərslikdəkilərdən
danışırdılar, o isə dərslikdə olmayanlardan.
Çox məlumatlı, mütaliəli idi.
Bizə də KITAB paylayar, bərk-bərk
tapşırardı ki, sabahkı məşqə qədər
oxuyaq. Həddimiz nə idi oxumayaq,
gözümüzün odunu elə almışdı ki! Bir də,
kim belə gözəl klubdan getmək istəyərdi?
Hazırlığımız bütün fənləri
əhatə edirdi. Üstəlik, bizə
Ana, Vətən, təbiət haqqında o qədər şeir
əzbərlətmişdi ki. Mənim payıma
düşən şeirlərdən biri də Bəxtiyar
Vahabzadənin "Ana" şeiri idi, necə əzbərləmişdimsə,
indiyədək yadımdan çıxmayıb...
Sonra Bəhruz
müəllimi "böyütdü"lər, Rayon Komsomol
Komitəsinə apardılar, bizim "Şən və
hazırcavablar klubu" isə yetim qaldı...
İllər
sonra onunla Bakıda görüşəcəkdik,
yaratdığı "Təhsil" nəşriyyatının
(onda "Öyrətmən" idi) qapısını
jurnalist kimi açacaqdım, Ana haqqında verilişimiz
üçün ondan da müsahibə alacaqdım və o
artıq bu dəfə özünün Ana şeirini oxuyacaqdı...
...
İstədim ömrümü bəxş edim ona,
Dedim hədiyyəmi
qaytarar birdən.
Bəs mənə
həyatı bəxş edən ana,
Ömrümü hədiyyə alarmı məndən?!
Ana! Diz
çökürəm qarşında sənin,
Cahan səcdə
edir sənə, ay Ana!
Ömrümü
hədiyyə etsəm də, mənim
Həyatda
borcum var sənə, ay Ana!..
Mənim
və onun Əzizəsi...
Amma orta məktəb
illərində heç ağlıma da gəlməzdi ki, sinif
yoldaşım, yaxın rəfiqəm Əzizə ilə bizim
"komsomol" Bəhruzun kəbini artıq çoxdan
göydə kəsilib...
Yüz faiz Əzizə də bundan xəbərsiz idi. O, bizim məktəbə
9-cu sinifdə gəlmişdi. Əvvəllər
başqa məktəbdə oxumuşdu. Klassik
şeirlərdəki kimi sərv boylu, incə belli, qara
gözlü, ceyran baxışlı bir qız idi. Yanağındakı xırda qəhvəyi xallar
ağbəniz çöhrəsinə bir ayrı gözəllik
verirdi. Çox da uzun olmayan
saçlarını iki hörər, uclarına "bant"
bağlayar, boynundan irəli atardı. Əzizəni
gözəlləşdirən, həm də ipək kimi xasiyyəti,
nəcibliyi idi. Çox şən,
şux, nikbin, həyat dolu bir qız idi. Daim
gülümsəyərdi, güləndə də yanaqları
batardı. Bu, ona çox yaraşırdı.
Az vaxtda Əzizə ilə əməlli-başlı
rəfiqə olmuşduq. Nədənsə
sinfimizə gələndən mehrini mənə
salmışdı, tənəffüslərdə də
ayrılmazdıq. Hərdən dərsdən
də birgə qaçardıq, düzdü, bu, tək-tək
hallarda baş verərdi. Oxuduğumuz
KITABı bir-birimizə danışmaq üçün dərsə
girməzdik. Məktəbimizin
yaşıllığa bürünmüş, dörd bir
yanı uca çinarlar, salxım söyüdlərlə əhatələnmiş
güllü-çiçəkli bağı vardı. Məktəb bufetindən yeməyə bir şey
alıb qaçardıq həmin bağa, bir küncə,
kölgəliyə çəkilib, göy çəməndə
bir-birimizə Bahardan, Arturdan, Kozzettadan... danışardıq.
Bağın bağbanı da lap dördgöz
idi, o saat başımızın üstünü alardı.
Biz də "Dərsimiz boşdu, müəllim
gəlməyib" deyə aldadardıq onu.
Əzizə ilə məni dostlaşdıran, həm də
KITABa münasibətimiz idi. O da, mən də kitabın dəlisi
idik. Acgözlüklə oxuyardıq və
kitablarımızı dəyişərdik. Bu yolla xeyli kitab oxumuşduq. Orta
məktəbdən sonra mən yenə kitabı,
yazı-pozunu, jurnalistikanı, Əzizə isə tibbi
seçdi. Amma taleyi onu kitabdan
ayırmadı, əsl kitab adamı olan Bəhruza sarı apardı.
Məncə, bu, təsadüf deyildi, Əzizənin
həm də kitaba sevgisindən idi. Beləcə,
o, məndən də çox kitaba bağlandı. Və
indi düşünürəm ki, Bəhruz müəllimin
uğurlarında Əzizənin də payı az
deyil. Özü də sağlığında bunu etiraf
edirdi...
..."Son zəng"də çəkilən bir şəklimiz
var. Gülcahan müəllimə ortada dayanıb, bir tərəfində
Əzizə, bir tərəfində mən, ətrafda da sinif
yoldaşlarımız. Bir dəfə nəşriyyata gedəndə həmin
şəkli Bəhruz müəllimə apardım:
"Üzünü çıxarıb Əzizəyə
verin. Mən müharibə vaxtı Bakıda idim, saxlamışam,
yəqin o od-alovun içində heç Əzizənin
yadına albom-filan düşməyib" dedim. Diqqətlə
şəklə baxdı, sevindi, gülümsədi, hətta
kövrəldi. "Çox dəyərli şəkildi...
Bu şəkildə Ağdam var..." dedi. Növbəti dəfə
şəklin orijinalı ilə birgə xeyli əlavə
nüsxə də qaytardı mənə, yenə belə dedi:
"O biri uşaqlara da payla, Ağdam var bu şəkildə..."
Ta demədi ey, bu şəkildə bacım Gülcahan, həyat
yoldaşım Əzizə var, dedi "Ağdam var". O, belə
diqqətli, belə yurdsevər, belə torpaqcanlı idi.
Yurdunu, ocağını həqiqətən sevən adam idi. İçində bir
Ağdam vardı, içində bir Ağdam gəzdirirdi.
Kitabın
pərvanəsi idi...
"Allah hər kəsi lazım olduğu yerə
aparır" fikri bu dəfə də təsdiqini
tapmışdı. Bəhruz Axundov KİTABa lazım idi.
1970-ci ildən işə başladı, müxtəlif
yerlərdə, müxtəlif vəzifələrdə
çalışdı, amma özünü naşirlikdə
tapdı. Ömrünün qızıl səhifələri
kitabla bağlı oldu.
1992-ci ildə ağır avtomobil qəzası
keçirmişdi. Allahın köməyi ilə ayağa
qalxdı. "Təhsil" nəşriyyatını
təsis etdi. Bu, müstəqillik
dövrünün dövlət qərarı ilə təsdiqlənən
ilk nəşriyyatı idi. Onu 2007-ci ilədək
dövlət nəşriyyatı kimi qorudu, özəlləşmədən
sonra nəşriyyatı yenidən qurdu. Deyirdi
ki, bura ürəyimi qoymuşam. Ürəyini
qoymuşdu ki, indi ölkəmizdə nəşriyyatlardan
söz düşəndə ilk ağla gələn "Təhsil"
olur. Halbuki səhv etmirəmsə, Azərbaycanda
nəşriyyatların sayı 200-dən çoxdur.
"Təhsil"dən
düz 20 il sonra, 2012-ci ildə yaratdığı Azərbaycan
Naşirlər və Poliqrafçılar Birliyi də bu sahədəki
boşluğu doldurdu, əlaqələndirici, istiqamətləndirici
quruma çevrildi, ölkəmizdə kitab, nəşr mədəniyyətini
yüksəltmək, kitabımızı beynəlxalq aləmdə
tanıtmaq üçün çox iş gördü və
görür.
Bəhruz müəllim çağdaş
dövrümüzün barmaqla sayılacaq peşəkar
naşirlərindən, hətta bu sahədə birincilərdən
idi. Bu imici unikal nəşrləri ilə qazanmışdı.
Onun naşirlik tarixində konkret və
danılmaz əməyi var. Kitab işinin ustası idi, qəlbən,
ruhən naşir idi. Böyük sevgi və
zəhmətlə görürdü işini. Zövqlə görürdü, zövqlü
görürdü. Kitab əlindən və
dilindən düşmürdü, "Elə etməliyik ki,
Azərbaycan kitabı da əsl kitaba - "Əlahəzrət
kitab"a dönsün" deyirdi.
Özünü kitaba həsr etdiyinə görə
xoşbəxt idi, onun üçün hər şey kitabdan
başlayırdı. Ağlı kəsəndən duyduğu,
sevdiyi və qarşısında baş əydiyi mötəbər
varlıq sayırdı onu. "Kitab o qədər
mötəbərdir ki, müqəddəs "Qurani-Kərim"ə
də kitab deyirik" fikri də ona məxsusdur. Onun üçün "Quran"dan sonra ən
gözəl kitab isə dərslik idi. Və
Bəhruz Axundovun dərslik nəşri sahəsində təhsilimizə,
elmimizə xidməti də danılmaz faktdır.
Kitabı övladı kimi əzizləyir, başına
pərvanə tək dolanırdı. Müəllifin
kimliyindən, hansı vəzifə sahibi olmasından
asılı olmayaraq, hər kitabın üstündə əsirdi,
bədii tərtibatına, redaktəsinə, korrektəsinə,
hətta çəkisinə də diqqət yetirirdi. Yaxşı mənada, müəllifin ad seçiminə
də "qarışırdı". Kitab
çapı, nəşriyyat işi onun üçün
"əqidə məsələsi" idi. Redaktoru olduğum kitabların nəşri zamanı
dəfələrlə kitaba həssas münasibəti, duyumu
ilə heyrətləndirmişdi məni. Qarşımda
əsl kitab fədaisi görürdüm. Heç
ərinməz-yorulmazdı, mərtəbələri neçə
dəfə qalxıb-düşərdi. Təki
kitabların məzmunu, keyfiyyəti, görünüşü,
dizaynı yüksək səviyyədə olsun. Belə
deyirdi: "İndiyədək bircə an
belə hiss eləməmişəm ki, bura özəl bir nəşriyyatdı,
mən də direktoram. Özümü burada adi
işçi hesab etmişəm. Yeri gələndə
dizayner oluram, lazım olanda fəhlə..." Akademik
Vaqif Abbasovun "Liderlik fəlsəfəsi"
kitabının "Təhsil" nəşriyyatında
çap prosesini xatırlayıram. Vaqif
müəllim çox mötəbər bir mənbəyə
- Azərbaycanın dünya siyasətinə bəxş etdiyi
qüdrətli dövlət xadimi, Ümummilli liderimiz Heydər
Əliyevə müraciət etmişdi və dahi rəhbərin
ömür yoluna, quruculuq tərcümeyi-halına alim-tədqiqatçı
münasibətinin gözəl nümunəsini ortaya
qoymuşdu. Təbii ki, kitabın yüksək
poliqrafik səviyyədə nəşri də önəmli
idi. Bu işdə Bəhruz Axundovun xidmətini
bu gün də minnətdarlıqla xatırlayırıq,
çünki bu kitab böyük öndər haqqında ən
gözəl nəşrlərin sırasındadır. Vaqif müəllim əbəs yerə "Təhsil"i
seçməmişdi ki. Güclü baza və
imkanlara malik bu nəşriyyat, sözün həqiqi mənasında,
"nəhəng yaradıcılıq emalatxanası, müəlliflərlə
birgə işin yüksək səviyyədə təşkili,
kitabların nəfis dizaynı və keyfiyyətli
çapının təminatçısıdır".
Azərbaycan
kitabını dünyaya çıxardı...
Belə modern nəşriyyat yaratdığına görə
idi ki, Azərbaycan kitabını dünyaya
çıxardı. Naşiri və tərtibçisi
olduğu onlarla kitab nüfuzlu beynəlxalq sərgi və
müsabiqələrdə yüksək mükafatlar
qazandı, "Qran-pri" aldı, Avropa miqyasında
qızıl medala, "Qızıl delfin"ə layiq
görüldü. Heydər Əliyev
Fondunun bir sıra nəşrləri ən müasir və
yüksək keyfiyyətli nəşr nümunələridir.
Altı dildə çap edilən "Qarabağ: real tarix,
faktlar, sənədlər" kitabı beynəlxalq "Kitab
sənəti" müsabiqəsinin qalibi olub, Dövlət
mükafatına layiq görülüb. "Atlantlar",
"Novruz", “Hophopnamə" də həmin müsabiqənin
qalibidir.
Hərdən müsahibə alardım ondan. Bütün
mövzularda gözəl həmsöhbət idi. Müsahibədən sonra işi başından
aşsa da, yeni nəşrləri bir-bir mənə göstərər,
hər birindən böyük iftixarla danışardı.
İş otağı o qədər
zövqlü idi, o qədər dəyərli kitablarla "bəzənmişdi"
ki, bir-iki saatlığa olsa da, özünü həmin otaqda
fərqli mənəvi aləmdə hiss edərdin. Kaman, qaval... formalı kitabları da ilk dəfə
bu otaqda görmüşdüm. Bunlar hamısı Bəhruz
müəllimin fantaziyasının, yüksək
zövqünün bəhrəsi idi...
Sonuncu müsahibəmiz şair Çingiz
Əlioğlunun "Çərçivə" kitabı
haqqında idi.
Bu, respublikamızın nəşriyyat və
poliqrafiya tarixində "Kitab sənəti" beynəlxalq
müsabiqəsinin baş mükafatı "Qran-pri"yə
layiq görülən ilk Azərbaycan kitabıdır. 2010-cu ildə Moskvada keçirilən VII Beynəlxalq
müsabiqədə almışdı bu mükafatı. Bəhruz müəllim tərtibçisi və naşir
kimi elə fəxrlə danışmışdı ki kitab
haqqında. Təəssüf ki, özü bu müsahibəni
efirdə görmədi...
Nəşriyyatın
"Kitab evi"ni də
yaratmışdı. "Qoy, şəhərimiz
kitab mağazaları ilə gözəlləşsin"
deyirdi. Yana-yana onu da deyirdi ki, xarici ölkələrdə
az qala hər küncdə ...kitab
mağazalarının qarşısında ərimişəm
ki, niyə bizdə də bu, yoxdu? "Təhsil" yeganə
nəşriyyatdı ki, özünün "Kitab evi" var.
Ziyana işləsə də, başqaları da örnək
götürsün deyə, nəşriyyatın hesabına onu
saxlamışıq və saxlayacağıq". Deyirdi ki, məzmunlu,
gözəl dizaynlı, keyfiyyətli kitablar çap olunsa, onu
alan da, oxuyan da çox olar.
Onun
"şinelindən çıxan" peşəkar komanda...
Hər uğurun arxasında eyni niyyətli, eyni fikirli,
eyni əzmli komanda dayanır. O da kitab işi ilə tək məşğul
olmurdu. Onun kitaba xidmətindən biri də məhz
o idi ki, kitabı, kitab nəşri işini ürəkdən
sevən, bu işlə sevərəkdən məşğul
olan, peşəkarlardan ibarət bir komanda
yaratmışdı. Əslində, "Təhsil"
böyük bir ailədir! Çağdaş ədəbiyyatımıza
bir-birindən gözəl nəsr nümunələri,
publisistik əsərlər bəxş edən
tanınmış yazıçı-publisist, çox səriştəli
və savadlı redaktor, kitab nəşri sahəsində
böyük təcrübəyə malik Mustafa Çəmənli,
istedadlı uşaq şairəsi Sevinc Nuruqızı, tələbə
yoldaşlarım, gözəl redaktorlar Gülər və Aida
xanım, bədii redaktor Abdulla Ələkbərov, dizaynerlər
Səbinə, Aqil, redaktor qədər bilikli, Ana dilimizin
qrammatikasını incəliklərinə qədər əzbər
bilən korrektor Sevinc xanım, bir-birindən bacarıqlı
poliqrafçılar... Hər biri Bəhruz
müəllimin "şinelindən çıxan" peşəkar
nəşriyyat və poliqrafiya işçisidir. Mən yaxşı bilirəm ki, onun komandasında
naşılara yer yoxdu. "Təhsil"in
uğurlarında kollektivin əməyini isə həmişə
etiraf edirdi: "Bəzən əl-ələ, baş-başa
verib səhərə qədər hansısa dərslik, yaxud
vacib dövlət nəşri üzərində sabaha qədər
işləmişik. Onlar hamısı mənim məslək
dostlarımdı, yol yoldaşlarımdı. Söhbət işdən gedəndə oğluma da
güzəşt etmərəm. Rəhbər
şəxsin amalı ilə əməli bir
olmalıdır". Onun baxışı
belə idi. Buna görə də
komandası ilə birgə böyük fədakarlıqla əsl
kitab xəzinəsi yaradıb. Tariximizi, elmimizi, mədəniyyətimizi
kitabların səhifələrində sabaha daşıyan, gələcək
nəsillərə ötürən xəzinə...
Bir
ömürdə bir neçə ömür yaşadı...
Naşir-publisist, müəllim-pedaqoq, ziyalı... və
sadəcə insan, ailə başçısı. Ömrünün sevgisini bu
ali dəyərlər arasında
düzgün və bərabər paylaya bildi Bəhruz müəllim.
Kitab yazdı, kitabı təbliğ etdi, kitabı qorudu,
"müasir nəşriyyatçılıq məktəbi"
yaratdı, davamçılarını hazırladı...
Gözəl publisist idi, maraqlı şeir və hekayələrin
müəllifi idi. Təkcə elə "Dünənki
sabah"dakı əsərlər bunu sübut edir. Kitabdakı "Yola verin" yazısı, həm də
onun xarakterinin göstəricisidir.
Sözün
bu yerində biz jurnalistlərin sevimli müəllimi, filologiya
elmləri doktoru, professor Cahangir Məmmədlinin "Dünənki
sabah" kitabına yazdığı ön sözdən
kiçik bir hissəni xatırlatmaq istəyirəm:
"Etiraf edim ki, Universitet həyatında hər tələbə
müəllimin yaddaşında özünə möhkəm
yer eləmir. Müəllimin yaddaşında
qalmaq üçün əsaslar var. Və o əsasların
birincisi tələbənin istedadıdır. Bəhruz hələ
tələbə vaxtı öz istedadını göstərmişdi,
bir az keçdi, bu kitabdakı xatirələrində
özünün də dediyi kimi, Bəhruz ciddi, məsul,
ictimai və dövlət vəzifələrində işlədi,
cavan və sayılıb-seçilən bir vəzifə sahibi
oldu. Amma mənim yaddaşımda Bəhruz
öz yaradıcılıq istiqaməti ilə - ədəbi-bədii
yaradıcılığı ilə möhkəmləndi.
Və bir gün eşidəndə ki, Bəhruz
Axundov naşirlik fəaliyyəti ilə məşğuldur, mən
qətiyyən təəccüblənmədim. Çünki artıq bitkin bir
yazıçı-şair, ustad bir publisist kimi
tanıdığım Bəhruz axır bir gün öz həqiqi
yerini tapmalı idi. Nə yaxşı ki, Bəhruz
öz həqiqi yerini elə cavankən tapdı. Tapdı və bir tərəfdən dövlətə,
cəmiyyətə, xalqa xidməti ilə, digər tərəfdən
öz yaradıcılığını ifadə etmək
imkanı ilə diqqəti çəkdi".
Azərbaycan
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid isə "Dünənki
sabah" haqqında "Yaratmaq şövqü" adlı məqaləsində
yazır: "Bəhruz Axundovun əsərlərində
gözəl üslub, axıcı, ürəyəyatan,
aydın dil, oxucunu özünə çəkən
maraqlı süjet, bitkin məzmunla yanaşı, hadisələrə
dərin fəlsəfi münasibət və sətiraltı
bir təhlil mövcuddur. Bu isə ədəbi-bədii
əsərlər üçün ən ümdə və ən
vacib faktorlardır".
Pedaqoji fəaliyyəti də vardı Bəhruz müəllimin. Mədəniyyət və
İncəsənət Universitetində nəşriyyat
işindən dərs deyirdi, elmi işlə məşğul
olurdu, dosent idi, ali məktəblər
üçün çox sayda tədris proqramları tərtib
etmişdi. "Nəşriyyat işinin əsasları"
və digər dərslikləri tələbələr
üçün zəngin və dəyərli mənbədir.
Tələbələrə sabahın naşiri
kimi baxır, biliyini böyük təəssübkeşliklə
onlara öyrədirdi.
"Naşir" jurnalı da onun təşəbbüsü
ilə yaranıb və günümüzün sanballı nəşrləri
sırasındadır. Bəhruz müəllim Prezident İlham Əliyevin Sərəncamı
ilə "Əməkdar mədəniyyət
işçisi" fəxri adına layiq
görülmüşdü. YAP-ın, Azərbaycan
və Avrasiya Yazıçılar Birliyinin, Azərbaycan
Ağsaqqallar Şurasının üzvü idi.
Və
qazandığı bütün bu uğurları ailədəki
rahatlığı tamamlayırdı...
Onun da Pərvanəsi
vardı...
O,
kitabın pərvanəsi idi. Ailədə isə
hamı onu qoruyurdu. Amma bir Pərvanəsi
də vardı - qızı. Elə pərvanə
tək də dolanırdı başına. Qorumaq istəyirdi onu hər xəta-bəladan,
azar-bezardan. Övladın ata sevgisi təbiidir.
Pərvanənin ata sevgisi isə çox fərqli
idi. O qədər fərqli ki, ömrünü ona qurban
verməyə də hazır idi! Və bunu sübut etdi də!
Ümid hər yerdən üzüləndə atasına donor
oldu, qara ciyərini verdi ona - onu yaşatmaq
üçün. Hətta anasına vəsiyyət də etdi:
"Əgər ölüm varsa, qoy, atamın yolunda olsun!
Övladlarım isə sənə əmanət! Sən varkən,
onlardan nigaran getmərəm! Sən də atamdan arxayın
olarsan!.."
Bu, Pərvanənin təkcə ata sevgisi deyildi. Həm də
qardaş sevgisi idi. "Qardaşlarım ciyərini verməsin
atama, birdən iraq-iraq..." Lap məşhur rəvayəti
xatırlatdı mənə: "...qardaş amanı!"
Bəli,
Pərvanə atasına və qardaşlarına görə həyatını
riskə atmışdı! Söz tapmıram: sadəcə,
eşq olsun bu fədakarlığa!..
"Atasına öz qara ciyərinin bir hissəsini
bağışlamaq cəsarətində, qeyrətində və
iradəsində olan bir qız yetişdirən Bəhruzun Allah
dərgahında məkanı cənnətdi!"
Bunu isə onunla vida mərasimində mənim çox
sevdiyim akademik Vaqif Abbasov dedi...
O mənə
də qardaş kimi idi...
Onun ölüm xəbərini eşidəndə, həm
də bacıları gəldi gözümün önünə. Elə bil qəlbimdə
nəsə qırıldı, qardaşım Nadiri yenidən
itirdim sanki. Çünki o, mənə də
qardaş kimi idi. Hər görəndə
boynumu qucaqlayardı. Bütün bayramlarda
mesaj yazar, hər dəfə də məni qabaqlayardı.
Özümü danlayardım, niyə, heç olmasa, bu dəfə
ondan qabaq tərpənmədim...
Allaha qurban olum, özü bilən məsləhətdir, amma 7 qızın üstündə tapılan qardaşları tez aparır nədənsə və bacıları yana-yana qoyur. Yəqin qurban olduğum da təkdir, ona görə təkləri sevir...
O da yeddi
bacıdan sonra gəlmişdi dünyaya. Valideynlərinin
oğul, bacılarının qardaş həsrətinə son
qoymuşdu. İndi bacılarının gözündəki
o ağır kədəri görmək elə dözülməzdir
ki! 24 il əvvəl bacılarımın
gözündəki kədər kimi! Baxmaq olmur!..
Bəhruzdan sonra tükəndi bu bacılar.
Şükufə xanım, Emeliya xanım, Gülcahan müəllimə...
Müəllimlər müəllimi Şükufə
xanımı Bakıda tanımışam. Amma elə bilirəm, o da nə vaxtsa, mənə dərs
deyib. Qəribəsi budur ki, özü də
hər görüşəndə "mənim sevimli
şagirdim" deyir mənə. Bəhruz itkisi çox
üzüb onu, sarsılıb: "Təsəvvür edirsən,
Firuzə, mən həm də onun müəllimi olmuşam,
ona dərs demişəm..."
"Çox bacının qardaş itkisi var. Ölənlə
ölməzlər" deyərdi Bəhruz müəllim mənə. Amma onun dediyi,
uşaqlıqda da çox eşitdiyim bu sözə indi
inanmıram. Məncə, ölənlə
"ölürlər". Əzizlərini
də özü ilə "öldürür" bivaxt gedən.
Onların da ömründən ömür
qoparıb aparır özü ilə. Bəhruz kimi
qardaşın itkisindən yana
bacılarına da təsəlli vermək çətindir...
İkinci
ömür və "Sabahkı sabah"...
Neçə
dəfə taleyin ağır zərbəsini
almışdı: avtomobil qəzası, ağır cərrahiyyə
əməliyyatları... Hər dəfə də
Allah saxlamışdı onu. Bu dəfə bəxti gen
qaçdı. 30 iyun 2017-ci ildə ömür
qapısı bağlandı. Həyatı
"doğru və dürüst" yaşadı, layiqli
hörmət və nüfuz qazanaraq getdi. Nə
yazıq ki, Ağdamsız, "torpaqsız, obasız
qarabağlı" kimi köçdü bu dünyadan. İkinci ömrü başladı.
Özünün sözüdür: "Elə yaşayaq ki,
fiziki ömrümüz bitdiyi anda ikinci ömrümüz - mənəvi
ömrümüz başlasın. Hamı ictimai xadim, yaxud dahi
şəxsiyyət ola bilməz. Amma doğmalarının, dostlarının, səni
sevənlərin, xeyirxahlıq etdiyin insanların
yaddaşında xoş əməllərinlə yaşamaq da
elə bir ömürdür". Bu sitat da
2015-ci ildə çap olunan, dördüncü və sonuncu
kitabı "Dünənki sabah"dandı. Amma özü "Dünənki sabah"da
qalmadı. "Sabahkı sabah" da olacaq, mütləq
olacaq...
Çünki
illərini həsr etdiyi KİTABdan nigaran getmədi, onu
oğlu Turala tapşırdı, bilik və
bacarığını, təcrübə və peşəkarlığını
Turalın beyninə "köçürdü",
kitabı Turala əmanət etdi...
Və onun kitabı bağlanmadı. Bu KİTAB hər zaman
açıq olacaq!..
525-ci qəzet 2017.- 1 avqust.- S.7.