Bəxtiyar Vahabzadənin
arzuladığı bəxtiyar gələcək
BÖYÜK
ŞAİRİN İSTİQLAL, VƏTƏN, MİLLƏT
VƏ DİL UĞRUNDA MÜBARİZƏLƏRİ
Rafael HÜSEYNOV
Akademik, Milli Məclisin
deputatı
O, artıq tarixin bir parçasıdır. Hərçənd, elə sağlığında
da canlı tarix idi və
sadəcə istedadlı
söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş
bir yurd fədaisi olmaq məsudluğu və məsuliyyəti ona cavan vaxtlarından nəsib olmuşdu.
Bəxtiyar Vahabzadə İkinci Dünya müharibəsindən
sonra ədəbiyyata gələrək elə
ilk addımlarından da
diqqətləri cəlb
etmiş, söz sərraflarını diksindirməyi
bacarmış parlaq qələm sahibi idi.
60 ildən artıq
bir müddətdə
hərarətli qəlbi,
yorulmaz qələmi, buxovsuz və hüdudsuz düşüncələri
ilə millətinə
xidmət etdi.
(Əvvəli ötən sayımızda)
Bəxtiyar Vahabzadə bütün yaradıcılığı və
fəaliyyətləriylə millət quruculuğu ilə məşğul olan, xalqa yaxşı
millət olmağın
dərslərini verən
Müəllim idi.
Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivində 66 saylı
bir fond var ki, onun 6 və
7-ci siyahılarında burada
qorunan yüzlərlə
məktub haqqında bilgi əksini tapıb. O məktubların
hamısı Bəxtiyar
Vahabzadəyə ünvanlanıb.
Ermənistan qaçqınlarından, Qarabağ didərginlərindən
tutmuş Azərbaycanın
dörd bucağındakı
insanlar, Türkiyədəki,
Səudiyyə Ərəbistanındakı,
Özbəkistandakı, Gürcüstandakı,
Rusiya Federasiyasının
ayrı-ayrı şəhərlərindəki
soydaşlar, vətənpərvərlər
yazıblar həmin məktubları (Bu məktub
və müraciətlərin
bir hissəsi ayrıca kitab şəklində nəşr
də edilib).
Dərdləşirlər şairlə, ondan kömək umurlar, Vətəni xilas etməyi, milləti düz yola, ağ
günə çıxarmağı
ondan umurlar.
Həmin məktublar Bəxtiyar Vahabzadəyə yazılanda
respublikanın rəhbərləri
də vardı, nazirləri də, mötəbər dövlət
qurumları da. Amma bu sadə insanlar nicatı onlardan yox, Bəxtiyardan diləyirdi.
Hansısa əmrlə, sərəncamla,
fərmanla yox, xalqın iradəsi və eşqi ilə Bəxtiyar Vahabzadə Azərbaycanın
vahid, mötəbər,
etibarlı ağsaqqalı
seçilmişdi.
Xalqın
bu təhtəlşüur
seçimindən, minnətsiz
sevgisindən uca hansı qiymət ola bilər
ki!
1991-ci ilin 15 fevralında Yardımlı rayonunun Horavar kəndindən sadə kənd adamları həyatda bircə dəfə belə canlı olaraq rastlaşmadıqları
Bəxtiyar Vahabzadəyə
"el ağsaqqalı, el şairi"
deyərək bu cür məhəbbətlə
müraciət edirdilər:
"Xalqımızın səsinə
səs verməyiniz, xalqın dərdini açıq deməyiniz indi bu məktubu
yazdığım Horavar
kənd camaatında, eləcə də ətraf kəndlərin - Əngovülün, Əvçədulanın,
Vərovun, Keçələkaranın
sadə zəhmət adamlarının qəlbində
sabaha inam hissi oyadır. Yardımlı Rayon Səhiyyə
Şöbəsinin müdiri
Zeyni Adiyev zəng vurmuşdu mənə, yazıq kişi həyəcanından
ağlayırdı. Rayonun Ostair
kəndində yaşayan
səhiyyə işçisi
Xudaverdi dayını ağır infarkt vəziyyətindən Sizin
çıxışınız həyata, yaşamağa qaytarmışdır.
Allah xatirinə, özünüzdən
muğayat olun!
Bu kəndin adamları televiziya ekranında Sizin kişi
sifətinizi öpdülər.
Bəlkə də, Siz öz mərdanə səsinizi ucaltmasaydınız,
anam Balabəyim Şahələng qızının
ürəyi, neçə-neçə
anaların mənliyi,
ana qeyrəti sakitlik tapmazdı".
Xalqın
bircə belə minnətdar məktubuna bir ömrü qurban verməyə dəyər!
Bəxtiyar Vahabzadəyə isə belə qədirşünas
məktublardan yüzlərləsi,
minlərləsi gəlib.
Bəxtiyar Vahabzadəyə yaşamı
boyunca çoxlu dövlət təltifləri
qismət oldu. Bunlardan ən
alisi özünün
də iftixar etdiyi müstəqil Azərbaycan Respublikasının
"İstiqlal" ordeni
idi. Lakin Bəxtiyar istiqlaldan yazanda, istiqlal uğrunda mübarizələrə
başlayanda bu şirin nemətin ürəklərin dərinlərində
sönməməsinə, daim
közərməsinə çalışdığı
onillərdə hələ
azadlıq da, bağımsızlıq da
bir röya qədər əlçatmaz,
onun haçansa yetişəcəyi ağlasığmaz,
inanılmaz idi.
Bəxtiyarsa inanırdı. Ürəkdən inanırdı və
ona görə də inandırmağı
bacarırdı.
Gəlirik dünyaya bir amal üçün
Gedirik...
Yaşayır bu yurd, bu torpaq!
Ölər bizim kimi Vətən də bir gün,
Vətənçün ölümə
hazır olmasaq!
Neçə əsrlərə bəs
edər bəzən
Vətənə hay verən bir odlu səs də.
Dünən də, bu gün də yaşayır Vətən,
Babəkin qırılan qolları üstdə.
Bəxtiyarın odlu səsi həmişə Vətənə
hay verdi, ona görə də heç vaxt tək qalmadı
və heç vaxt da tənha
olmayacaq!
Bəxtiyar Vahabzadənin hər şeiri bir tarixçə ilə bağlı idi və onun heç
bir əsəri iri, ya xırda
olsun, təkansız, səbəbsiz yaranmamışdı.
Bir dəfə
ürəyimdən keçmişdi
ki, onunla ard-arda bir neçə
gün söhbət edərək bircə-bircə
hər şeirinin yaranma tarixçəsini nağıl elətdirim və öz müşahidələrimi, başqa
Bəxtiyara yaxın olmuş insanlardan eşitdiyim o qəbil hekayətləri də birləşdirərək ayrıca
araşdırma-yazıya çevirim.
Bəxtiyar müəllimin möhkəm
yaddaşı vardı,
şeirlərinin doğulma
tarixçələrinin əksəri
ən xırda cizgilərinədək hafizəsindəydi. O vaxt həmin niyyətimi gerçəkləşdirsəydim, bütün o əhvalatlar
danışılaraq yazılaşdırılsaydı,
nə qədər maraqlı bir kitab alınardı! Heyiflər ki, bir dəfə
özü ilə də bölüşdüyüm
bu istəyim elə niyyət olaraq qaldı. Amma bəzi şeirlərinin tarixçəsini özü
yazmışdı, bəzilərini
soruşmuşdum, mənə
söyləmişdi, bəzi
şeirlərinin törəməsinin
qığılcımlarının haradan gəlmiş olmasını dostları Xudu Məmmədovdan, Nurəddin Rzayevdən, Habil Əliyevdən, Şirməmməd Hüseynovdan
eşitmişdim.
Lakin başqa
bir işi isə hər halda etdim və
Bəxtiyar müəllimin
mütəmadi lentə
aldığım həmin
söhbətləri ilə
də haçansa yazacağım kitabınmı,
ya sanballı bir esseninmi bünövrəsi
yarandı.
Onunla vaxtaşırı
görüşlərimizdən savayı tez-tez də telefonla danışardıq. Hər dəfə həmin
söhbətləri əvvəldən
sona lentə alardım. Telefon danışıqlarımız müxtəlif səbəblərdən
olurdu. Ya özü mənim
hansısa yazımı
oxuyub, ya çıxışımı, verilişimi dinləyəndən
sonra təəssüratını
bölüşərdi, ya
mən hansısa sualla, dəvətlə ona müraciət edərdim. Telefon danışığımızın
yazıldığını o bilməsə də, mən bilirdim və ona görə
də hər dəfə mühüm bir mətləblə, ya hansısa şəxsiyyətlə, hadisəylə
bağlı onun münasibətini, xatirəsini
sözarası soruşardım.
Həmin
saatlar uzunluqlu lentlər də indi ayrıca bir sərvətdir və onlar da
yazılaşma növbəsini
gözləyir.
Yay mövsümündə
Bəxtiyar müəllim,
adətən, bir neçə aylığa
Şəkiyə köçər,
oradakı evində yaşayardı. Şəkini çox sevirdi
və bu doğma torpağa min bir tellə bağlı idi. Qəribədir ki, ekranda-efirdə, səhnələrdə,
auditoriyalarda, lap elə
adi insani ünsiyyətlərində Bəxtiyar
müəllim həmişə
təmiz, ədəbi
Azərbaycan dilində
danışsa da, evdəki tələffüzündə
hərdən Şəki
ləhcəsi açıq-aşkar
sezilərdi.
Tək özü
yox, elə ailə üzvləri də evdə həmin şakərdən
vaz keçə bilmirdilər.
Bir dəfə bir şəkili Bəxtiyar müəllimə gileylənir ki, ata-baba yurduna bu qədər bağlı olsan da, niyə indiyəcən Şəkiyə bircə dənə də şeir həsr etməmisən?
Və həmin qəfil, haqlı sual bir qora dönərək alışmış, ustadın yeni şeirini yaratmışdı:
Bir nəğmə yazmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm heç zaman xırdalanmasın.
Könlümdən ucalan bu avaz, bu səs,
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına "sevirəm"
deməz,
Mən də deməmişəm, a Şəkim
mənim.
Mən sənə borcluyam öz balan kimi,
Çox da ki şeirimdə
görünmür adın.
Mənim
oxuduğum nəğmələrimi
Mənim qulağıma sən pıçıldadın.
...Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv
bağlıyam.
Bunlar sadəcə
şair sözü seyil, quruca bəyanat
deyil. Bəxtiyar Vahabzadə ömrü boyu düşüncəsi
ilə, mübarizələri
ilə yalnız vətəndaşı olduğu
Azərbaycan Respublikasının
deyil, həm də ərazicə, əhalicə bu Azərbaycandan qat-qat böyük, çox guşələrini heç
vaxt görmədiyi, lakin ilahi bir
məhəbbətlə sevdiyi
Cənubi Azərbaycanın şairi
oldu. Səbəbsiz deyil ki, onun ömründə və yaradıcılığında
həlledici yer tutan "Gülüstan"
poeması da bu millətin ən ağır faciəsinə, parçalanmağımıza,
ikiyə bölünməkliyimizə
həsr edilmişdi.
(Ardı var)
525-ci qəzet 2017.- 1 avqust.- S.6.