Dilimiz – varlığımızdır
(1 Avqust – Azərbaycan
əlifbası və Azərbaycan dili günüdür)
“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! Dilimiz çox zəngin və
ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən
mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr edirəm.”
Heydər
Əliyev
Dilimiz
dünya dilləri arasında
BMT-nin hesablamalarına görə, dünyada 6 min 700-ə
yaxın dil mövcuddur. Bu dillərin 96 faizi dünya əhalisinin
cəmi 4 faizi tərəfindən işlənilir və
yalnız 5 faizindən fəal istifadə edilir.
ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National
Geographic Society) məlumatına görə, dünyada hər
14 gündə bir dil sıradan çıxır. Bu gedişlə
də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq.
Hazırda mövcud olan dillərdən 28 faizində cəmi
1000 nəfərə qədər adam
danışır. Bu da o deməkdir ki, həmin
28 faiz son dərəcə təhlükə altındadır.
Əfqanıstandakı tirahi dilində cəmi 100 adam danışa bilir. Məhv
olmaq təhlükəsi altında olan dillər əsasən
Yeni Qvineya, Qafqaz və Sibirdə yaşayan xalqlardır. Dili olan xalqların yalnız 193-nün müstəqil
dövləti var.
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət
dilidir, bu dil ölkəmizdə yaşayan 10 milyona qədər
vətəndaşın, müxtəlif xalqların, etnik
qrupların əsas ünsiyyət vasitəsidir.
Azərbaycan dili eyni zamanda İran İslam
Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının
da ana dilidir.
Bu dil hazırda İraqın Kərkük, Mosul, Ninəvə,
Telafer, Cincar və s. ərazilərdə yaşayan 200 min
civarında kərkük türkləri, türkmanların da
ana dilidir. Son məlumatlara görə,
ümumilikdə dünyada 51 milyondan çox azərbaycanlı
yaşayır. Rusiya Federasiyası, Gürcüstan,
Almaniya, Ukrayna, Əlcəzair, Əfqanıstan, Banqladeş,
Misir, Böyük Britaniya, Hindistan, Kanada, Pakistan, ABŞ,
Qazaxıstan Azərbaycan əsilli əhalinin ən çox
yaşadığı ölkələrdir.
BMT-nin planetdəki demoqrafik proseslərə həsr
olunmuş son hesabatında göstərilir ki, 2050-ci ildə Azərbaycan
əhalisinin sayı 11 milyona çatacaqdır. Həmin proqnoza görə,
bu müddət ərzində Ukrayna əhalisinin sayı 45,5
milyondan 33 milyona, Belarusun əhalisi 9,4 milyondan 7,5 milyona,
Gürcüstanın əhalisi 4,5 milyondan 3,5 milyona, Ermənistanın
əhalisi isə 3,2 milyondan üç milyon nəfərə
enəcəkdir. Azərbaycan artıq əhalinin təbii
artım göstəricilərinə görə birinci tip
ölkələr qrupuna daxil olmuşdur, əhalinin
artımı üçün “münbit” şərait
mövcuddur.
Məlumdur
ki, latın qrafikalı Azərbaycan əlifbasına
keçidlə bağlı ilk qərar Azərbaycan Xalq
Cümhuriyyətinin dövründə, 1918-ci ildə qəbul
edilib. Lakin Cümhuriyyətin süqutu bu prosesi
yarımçıq qoyub. 1926-cı ildə Bakıda
keçirilən Birinci Türkoloji Qurultayda digər türk
xalqları ilə birlikdə, Azərbaycanda da latin
qrafikasının tətbiqi barədə yekdil qərar verilib.
Ancaq 30-cu illərdən başlayan repressiya və
türk düşmənçiliyinin davamı olaraq, 1939-cu
ilin 11 iyulunda Azərbaycanda kiril əlifbasına keçilməsi
barədə göstəriş verilib və 1940-cı ildən
tətbiqinə başlanıb.
Heydər
Əliyev və Azərbaycan dili
Ümummilli
lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda
bütün media və kütləvi nəşrlərin
latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirilib.
4 iyul 2004-cü ildə Azərbaycan Respublikası Dövlət
Dil Komissiyasının tərkibinin təsdiqi haqqında sərəncam
verən Heydər Əliyev həmin il avqustun 9-da
imzaladığı fərmanla “Azərbaycan Dili və
Əlifbası Günü”nü təsis edib və hər il
avqustun 1-də bu gün qeyd edilir. Dövlət
dilinin tətbiqinin genişləndirilməsi sahəsində
hüquqi baza təkmilləşdirilib və geniş praktik
addımlar atılıb. Belə ki, “Dövlət Dili
haqqında” Azərbaycan Pespublikasının Qanunu (30 sentyabr
2002-ci il), “Dövlət dili haqqında Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” (2
yanvar 2003-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında” (12 yanvar 2004-cü il ), “ Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi barədə” (12 yanvar 2004-cü il), “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında” ( 23 may 2012-ci il), “ Azərbaycan Milli Elmlər
Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi
–texniki bazasının gücləndirilməsi haqqında” ( 29
may 2012-ci il), “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramının təsdiq olunması barədə”
( 9 aprel 2013) Prezident fərman və sərəncamları imzalanmışdır.
Heydər
Əliyev Dövlət dilimizin adı ilə məsələyə
nə qədər həssaslıqla yanaşmasını onun
çıxışından bu sitat da təsdiq edir: “1995-ci il
oktyabrın 31-də Elmlər Akademiyasında bütün
ziyalıların nümayəndələri bu məsələni
müzakirə etdilər. 25-dən çox adam
çıxış etdi. Mən bununla qane
olmadım. Noyabrın 2-də Konstitusiya
Komissiyasının iclasını tamamilə buna həsr etdim.
Biz beş saata qədər müzakirə
apardıq. O müzakirədən sonra bəlkə də qərar
qəbul etmək olardı. Görürsünüz
ki, mən bu gün Konstitusiya komissiyasının və
işçi qrupunun üzvlərinin burada iştirakı ilə
müzakirəni yenə də davam etdirirəm”.
H.
Əliyevin Azərbaycan dilinin Konstitusiyamızda əks
olunması barədə fikri də maraqlıdır: “Heç
kəs deyə bilməz ki, XII əsrdə kim
nə deyibsə, o bu gün bizim üçün ehkamdır.
Heç kəs deyə bilməz ki, XV əsrdə kim nə deyibsə, o da bizim üçün
ehkamdır. Bunu nəzərə almaq
lazımdır və bunu unutmaq lazım deyil. Bu gün biz dövlət dilimiz haqqında məsələni
müzakirə edərkən heç bir konyukturaya yol verməməliyik.
Hansısa bir qərarı qəbul edəcəyiksə, - bu,
kimin xoşuna gələcək, ya gəlməyəcək, -
bu bizi narahat etməməlidir. Biz onu həqiqət əsasında
qəbul etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik:
Bağışlayın, biz sizinlə qardaşıq, amma biz
dilimizi belə etmək istəyirik. Mən
bununla da razı deyiləm”.
O deyirdi
ki, Azərbaycanda, İranda, Türkiyənin şərq hissəsində
yaşayan və eyni dilə mənsub olan insanlar əsrlərlə
yadelli şahlıqların, sultanların, xəlifələrin,
dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilini
itirməyib, yaşadıb, böyük şəxsiyyətlər
yetirib və keçmişdə də, elə XX əsrdə
də biz danışdığımız dildə
danışıblar, ona görə öz əcdadlarımıza
daim minnətdar olmalıyıq. Dilimizin dövlət
dili statusu alması yalnız 1978-ci ildə qəbul edilmiş
Konstitusiyada təsbit olunubdur. O, deyirdi: “Məhz bu
dövrdə biz Nizami Gəncəvini qaldırıb dünyaya
tanıda bilmişik. Məhəmməd Füzulini də, Nəsimini
də, Mirzə Fətəli Axundovu da, Sabiri də, Seyid
Əzim Şirvanini də, Abbasqulu Ağa Bakıxanovu da
tanıtmışıq və bütün bunların
hamısını o dövrdə etmişik. Bu
şəxsiyyətlər keçən əsrlərdə,
dövrlərdə məgər dünyada bu qədər məşhur
olublarmı? Yox, heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir və
bunların hamısı da Azərbaycan adı ilə, dili ilə
bağlı olubdur”.
Heydər
Əliyev XX əsri Azərbaycan dilinin inkişafında məhsuldar
bir dövr kimi səciyyələndirirdi: “Bu dövr bizim
üçün, ədəbiyyatımız, tariximiz
üçün böyük bəhrəli, məhsuldar bir
dövrdür və bu dövrdə dilimiz inkişaf
edibdir...Tarixi köklərimizə, tarixi keçmişimizə
böyük hörmət və ehtiramımızı bildirərək,
eyni zamanda bu gün deməliyik və mənəvi
haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz
inkişaf dövrünü keçib, formalaşıb,
özünəməxsus adını götürüb və
gəlib dövlət dili səviyyəsinə çatıb.
İndi bunun adını dəyişdirib başqa ad qoymaq
heç bir nöqteyi - nəzərdən düzgün deyil -
həm tarixi nöqteyi - nəzərdən, həm fəlsəfi
nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi
nöqteyi-nəzərindən, ölkəmizin nöqteyi-nəzərdən,
həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən,
ölkəmizin bu günü və gələcəyi
nöqteyi-nəzərindən düzgün deyil”. Müdrik şəxsiyyət tarixi
keçmişimizin dərslərini yada salır,
unutmamağı, ibrət almağı tövsiyə edirdi.
Onun müəllifi olduğu azərbaycançılıq
fəlsəfəsi bu gün bütün dünyaya səpələnmiş
həmvətənlərimizi birləşdirən milli
ideologiyadır. O, keçmişimizi, soy-kökümüzün
ünvanını da doğru-düzgün göstərərək
deyirdi: “Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, -
yenə də deyirəm, biz türk mənşəli bir
xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus
dildir. Ancaq o 23 dil kimi, bizim də öz
dilimiz var”.
Real tarixi gerçəkliyi, sadə həqiqəti də
göstərir, deyirdi ki, bütün dünya bizi azərbaycanlı
kimi tanıyır və dilimizin adı da Azərbaycan dilidir. Belə olan halda, dilimizin
adını dəyişməklə biz dünya ictimaiyyətini
çaşdıra bilərik və birdən-birə
dünyanı bu istiqamətdə maarifləndirmək heç
cür mümkün ola bilməzdi: “Bizim ərazimizdə
Birləşmiş Millətlər Təşkilatı tərəfindən
qəbul olunmuş hüdudlar çərçivəsində
Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır...Biz
öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq,
nə də ona yapışdırmalı,
qoşmalıyıq. Bizim özümüzün
dilimiz var. Bu dil də bizim dilimizdir. Mən bunu demişəm,
yenə də deyirəm, - türk dilləri qrupuna məxsus
olan digər dillər, ola bilər, həsəd
apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir”.
Televiziyalarımızda
bu gün baş alıb gedən yad ləhcələrə,
qatmaqarışıq ifadələrə, harmoniyasız, ahəngsiz
danışıqlara yol verən aparıcılar, sənətçilər
təəssüflər olsun ki, böyük şəxsiyyətin
uzaqgörənliklə dediyi bu sözləri unudurlar, təmiz
dilimizin ahəngini, ritmini tez-tez pozur, yad sözlərlə
çirkləndirir, ekran, efir dinləyiclərinin
zövqünü korlayırlar.
H.Əliyevin
bu müdrik kəlamı gənclərimiz üçün dərin
tərbiyə, bilik məxəzidir: “Mən hər bir dilə
öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan
dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada
tanınmış dildir. Xalqımızın
adı da tanınıb, respublikamızın adı da
tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır. Günü-gündən,
aybaay inkişaf etmiş reallıqdır”.
Bilik Fondu
dövlət dilimizin öyrənilməsi, işlədilməsini
təbliğ edir
Ana dilinə
daim xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi
Ulu öndər Heydər Əliyevin
2001-ci il iyunun 18-də imzaladığı “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərmandan və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ““Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel
2013-cü il tarixli Sərəncamından irəli gələn
vəzifələrin yerinə yetirilməsi, dövlətimizin
dil siyasətinin təbliği sahəsində maarifləndirmə
işlərinin aparılması Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun faəliyyətində
əsas istiqamətlərdən bir olmuşdur.
Fəaliyyətinin üçüncü ilinə qədəm
qoymuş Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi
məhz bu məqsədə xidmət edir.
Rus Pravoslav kilsəsində, udilərin dünyada yığcam halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsində, Qusar rayonunda ləzgilərin yaşadığı Hil kəndində, Oğuz, Qax, İsmayıllı, Şəmkir və Astara rayonlarında, eləcə də Bakı şəhərinin Nardaran qəsəbəsində Fondun dəstəyi ilə fəaliyyət göstərən Bilik evlərində dövlət dilimizin öyrənilməsi, tətbiqi və təbliğinə xüsusi diqqətlə yanaşılır. Bu məkanlarda yerli əhali, xüsusilə də müxtəlif millətləri təmsil edən etnik qrupların nümayəndələri üçün həm milli birliyin, multikulturalizm ideyalarının, həm də xalğımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən dilimizin təbliği istiqamətində elmi və mədəni-kütləvi tədbirlər keçirilir, Azərbaycan dili üzrə təlimlər təşkil olunur. Rus Pravoslav və Alban-Udi kilsələrində, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində Azərbaycan dili üzrə təşkil edilmiş təlimləri artıq 100-dən çox dinləyici uğurla başa vurmuşdur. Bu dil kurslarında iştirak etmək istəyənlərin sayı isə durmadan artır.
Respublikamızın müxtəlif regionlarında “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Kitabi-Dədə Qorqud” dili keçmişdə, bu gün və sabah” mövzularında silsilə mühazirələr, “dəyirmi masa” və elmi-praktik konfranslar keçirilmiş, Bilik Fondunun mühazirəçiləri olan tanınmış dilçilər, xarici ölkə alimləri maraqlı mühazirələrlə çıxış etmişlər. Akademik Kamal Abdullayevin AMEA İqtisadiyyat İnstitutunun kollektivi və texniki universitetlərin tələbələri qarşısında “Dilçi olmayanlar üçün Ana dili dərsləri”, AMEA-nın İnstitut direktorları Möhsün Nağısoylu və Muxtar İmanovun, tanınmış media nümayəndələrinin Azərbaycan dili ilə bağlı bölgələrin gəncləri və ziyalıları üçün keçirdikləri mühazirələr böyük maraqla qarşılanmışdır. Bilik Fondunda Dilçi lektorlar qrupu yaradılmışdır.
Bilik Fondu xalqımızın qədim tarixə və zəngin ənənələrə malik olan, mədəniyyətimizi və ədəbiyyatımızı yaşadan doğma dilimizin təbliği, qorunması və dəyərli bir sərvət olaraq gələcək nəsillərə ötürülməsi kimi şərəfli missiyanı davam etdirməkdədir.
Şəlalə NƏKŞANİ
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun aparıcı məsləhətçisi
525-ci qəzet 2017.- 1 avqust.- S.5.