Bizim deputat
Simran
HƏSƏNOV
Hüquq
üzrə fəlsəfə doktoru
Avqustun
1-də 80 saylı İmişli-Beyləqan seçki dairəsi
üzrə Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Bakı şəhərinin keçmiş prokuroru,
milli azadlıq hərəkatının ən fəal üzvlərindən
biri, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru, 30 ilə
yaxındır ki, ölkəmizin ictimai həyatında
yaddaqalan rol oynayan Çingiz Qənizadənin 60 yaşı
tamam olur.
Bu insan
haqqında yazı yazmağın kifayət qədər məsuliyyətli,
həm də çətin bir iş olduğunu dərk edirəm.
Ən
azı ona görə ki, bu cür çoxşaxəli fəaliyyətə
səriştəli qiymət vermək üçün gərək
həmin fəaliyyətin hər bir istiqaməti üzrə az da olsa məlumatlı olasan.
Bununla belə,
Çingizlə 40 ilə yaxın bir müddət ərzində
yaxın dostluğumuz, ona az qala
özümü tanıdığım kimi bələd
olmağım məni buna cəsarətləndirir.
Çingizlə
tanışlığımızın tarixi ali
məktəbə daxil olduğumuz ilk gündən - 1978-ci ilin
sentyabrın 1-dən başlayır. Həmin ildən
başlayaraq hüquq fakültəsinə qəbul
imtahanlarını o zaman Azərbaycana rəhbərlik edən
ulu öndər Heydər Əliyev öz şəxsi nəzarətinə
götürmüşdü. Burada tələbə
adını qazananların əksəriyyəti fəhlə və
kolxozçu övladları olmaqla bərabər həm də
kifayət qədər hərtərəfli inkişaf etmiş,
intellektual baxımdan hazırlıqlı idilər. Hətta bu uşaqların içində Çingiz
öz dərin biliyi və digər müsbət keyfiyyətləri
ilə elə ilk günlərdən nəzərə
çarpacaq dərəcədə fərqlənməyə
başladı. Zəhmətsevərliyi,
mübarizliyi, anadangəlmə xarizması, liderlik keyfiyyətləri
onu qısa müddətdə müəllim və tələbələrin
sevimlisinə çevirdi. Uzun illik
müşahidələrimin nəticəsi kimi gəldiyim qəti
və dayanıqlı inamım bundan ibarətdir ki, onun
qazandığı bütün uğurların kökündə
məhz bu sadaladığım keyfiyyətlər durur. Pedaqoqlarımızın və qrup
yoldaşlarımızın ən kiçik problemlərindən
və təbii ki, həm də şad günlərindən
birinci xəbər tutan məhz o olurdu. Sonralar,
hansı vəzifədə işləməsindən
asılı olmayaraq, biz tələbə dostları,
xüsusilə, xeyirxah əməllər ətrafında əlaqələndirən
də Çingiz olmuşdur. Məhz onun birbaşa xidmətidir
ki, ali təhsili 35 il bundan qabaq bitirməyimizə
baxmayaraq, hüquq fakültəsinin tarixində bu günədək
ən mehriban qrup kimi tanınırıq. Elə aramızda ali dövlət mükafatı - “Şöhrət”
ordeni ilə təltif edilən də birinci o oldu.
Sonralar, Qarabağ və müstəqillik uğrunda
mübarizə başlayanda Çingizin bu savaşın ön
sıralarında görünməsi də, təbii ki, onu
tanıyanları təəccübləndirmədi. Ədalətsizliyə,
haqsızlığa dözümsüzlüyü, ölkəyə
rəhbərlik edənlərin qorxaqlığı və qətiyyətsizliyi
ilə barışmazlığı onu ötən əsrin
80-ci illərinin axırlarında milli azadlıq hərəkatına
gətirdi. Bir qədər sonra hakimiyyətin
isti və rahat kabinetlərində ən vacib kürsüləri
tutacaq partiyadaşlarından fərqli olaraq burada da Çingiz
hərəkatın ən təhlükəli və gərgin
yerlərində fəaliyyət göstərirdi. Ən
konfliktli və dramatik yerlərə, hər an
silahlı toqquşma yarana biləcək münaqişə
zonasına birinci olaraq məhz o özünü yetirirdi.
Bir müddət sonra Çingiz Qənizadəyə
şəhər prokurorluğuna rəhbərlik etmək həvalə
edildi. Orta və yaşlı nəsil o dövrün
Bakısını yəqin ki, xatırlamamış olmazlar.
Erməni təxribatı, başıpozuq dəstələrin
cinayətkar əməlləri, hakimiyyətə gəlmiş
şəxslərin qeyri-peşəkarlığı və
heç nəyə əsaslanmayan ambisiyaları, aclıq və
səfalət şəhər həyatını iflic vəziyyətinə
salmışdı. Belə durumda qanunçuluğun
keşiyində durmalı olan bir quruma rəhbərlik etməyin
nə qədər problematik bir iş olduğunu yəqin ki,
professionallar bilməmiş olmazlar. Çingiz, bəzən
"yuxarıların" ciddi müqavimətinə baxmayaraq,
özünü nüfuzdan salmış bir çox
işçiləri prokurorluq orqanlarından xaric etdi,
onların əvəzinə gənc kadrların, Rusiyada və
digər ölkələrdə çalışan peşəkar
və təmiz insanların bura cəlb edilməsinə nail
oldu. Onların arasında savadına və
saflığına bələd olduğumuz bir neçə nəfər
tələbə yoldaşlarımız da var idi. Çingiz bu vəzifədən uzaqlaşdıqdan
sonra da onun seçib təyin etdirdiyi kadrların əksəriyyəti
öz fəaliyyətlərini həmin orqanda şərəflə
davam etdirdilər. Onun qısa müddət
bu vəzifədə işləməsinə baxmayaraq, illərlə
açılmayan bir neçə hay-küylü cinayət
işlərinin istintaqı başa çatdırıldı.
Bir çox hallarda bu işlərin araşdırılması
zamanı özü
şəxsən iştirak edirdi. Onun
çılğınlığı, ədalətsizliyə
dözümsüzlüyü bəzən arzuolunmaz nəticələrə
də gətirib çıxarırdı. Xatırlayıram,
bir dəfə yanacaqdoldurma stansiyasında Qarabağdan bir
günlük Bakıya ezamiyyətə gələn səhra
komandirlərindən birini aldatmışdılar. Qazilərin
əksəriyyəti ilə dost olan Çingizin özü də
araşdırmada iştirak edirdi. Özünü çox
arxayın aparan stansiya müdirinə qarşı onun qəzəbini
öz gözlərimlə
gördüm.
Çingiz öz əqidəsinə və vətəndaş
mövqeyinə heç zaman xilaf çıxmayanlardan bir
insandır.
O, bir neçə insan hüquqları müdafiəçiləri
ilə birlikdə ölkənin sonralar ən nüfuzlu
qeyri-hökumət təşkilatlarından birinə
çevrilən Demokratiya və İnsan Hüquqları Komitəsini
təsis etdi və bu günədək ona sədrlik edir. Mövcud olduğu illər ərzində bu qurum
yüzlərlə insanın pozulmuş hüquqlarının
bərpası üçün əməli tədbirlər
görmüş, haqqın, ədalətin bərpasına nail
olmuşdur. Təşkilatın bu cür uğur
qazanmasında, təbiidir ki, ona hüquq ictimaiyyəti tərəfindən
birmənalı qəbul edilən peşəkar
hüquqşünasın rəhbərlik etməsi də az rol oynamır. Digər tərəfdən
o, özünün hüquq-mühafizə orqanlarında illərlə,
ağır zəhmət hesabına qazandığı
hörmət və nüfuzundan Komitənin
qarşısında duran vəzifələrin həlli
üçün bacarıqla istifadə etməyi bacarır.
Təsadüfi deyildir ki, bütün digər
reqaliyaları ilə bərabər, Çingiz Qənizadə
bu gün həm də ölkənin ən nüfuzlu hüquq
müdafiəçilərindən biri hesab edilir.
Çingizin həmin Komitədəki fəaliyyəti ilə
bağlı bir vacib məqama da toxunmadan keçmək
mümkün deyil, məncə. Bir sıra xarici
ölkələrin müvafiq QHT-ləri və xüsusilə
insan hüquqları sahəsində vəziyyəti
müşahidə edən beynəlxalq təşkilatlar insan
hüquqlarının müdafiəsi üzrə nüfuzlu
qurumun rəhbəri kimi onu tez-tez konfranslara və simpoziumlara
da dəvət edirlər. Ölkə
daxilində insan hüquqlarının pozulmasına
qarşı barışmaz mövqe sərgiləyən
Çingiz həmin tədbirlərdə bu problemin daha
çox beynəlxalq aspektlərini qabardır. Məsələn, mən dəfələrlə onun
ölkəmizin qaçqın və köçkünlərinin
qonşu təcavüzkar dövlət tərəfindən
kütləvi şəkildə pozulmuş hüquqları və
bununla bağlı beynəlxalq təşkilatların ikili
standartlarına etiraz dolu çıxışlarının
şəxsən şahidi olmuşam. Bu
cür cəsarətli və müstəqil mövqe təkcə
Çingizin şəxsi keyfiyyətləri ilə
bağlı deyildir, baxmayaraq ki, bu amil həlledici rol
oynayır. Məsələ həm də
bundadır ki, onun rəhbərlik etdiyi Komitə xaricdən
heç bir qrant almır. Özünün dediyi kimi,
"bizə heç kim kənardan musiqi
sifariş verə bilməz".
Çingizin yüksək intellekti, peşəkarlığı,
zəhmətsevərliyi, prinsipiallığı, ədalətliliyi
və digər yüksək dəyərlərə uyğun
keyfiyyətləri onun MM-in deputatı kimi fəaliyyət
göstərdiyi son yeddi ildə xüsusilə qabarıq
görünür. Məlumdur ki, ölkəmizdə bəzi
seçicilərin parlamentə və onun üzvlərinə
illərdən bəri formalaşmış münasibəti,
yumşaq desək, bir qədər təhrif olunmuş meyarlara
söykənir. Bu yanaşmaya görə
deputat seçicinin gündəlik kommunal problemlərini
(işıq, qaz, su, yol və s.) həll etməli, onu və
uşaqlarını işə düzəltməli, məmur
özbaşınılığından qorumalı, bir
sözlə onun hüquqi mənada şəxsi vəkili
olmalıdır. Bütün bu
qarmaqarışıqlığın içində
deputatın və parlamentin əsas funksiyası-qanunvericilik vəzifəsi
sanki itib batır. Çingiz xüsusi
işgüzarlığı və digər şəxsi keyfiyyətləri
sayəsində bu işlərin hamısını
uzlaşdırmağı bacarır. Onun
hesabatlarını mütəmadi izləyirəm, hər
gün zəngləşirik, həftədə azı bir dəfə
görüşürük, bir sözlə həyatı
gözümün önündə cərəyan edir.
Seçki dairəsində keçirilən bütün az və
ya çox dərəcədə əhəmiyyətli tədbirlərdə
fəal iştirakı bir yana qalsın, özü birbaşa və
köməkçiləri vasitəsi ilə dairənin problemlərini
daim nəzarətdə saxlayır, dairədəki məntəqələrdə
və MM-in binasında yüzlərlə ərizəçini
qəbul edir, qaldırılmış məsələlərlə
bağlı yazılı və şifahi sorğular verir. Beyləqan və İmişlinin Bakıdakı
ziyalılarını rayonların problemlərini həll etmək
istiqamətində əlaqələndirir. Mərkəzi
və bölgə KİV-nin keçirdiyi bütün
sorğularda onun adı həmişə seçicilərin
gündəlik qayğılarına bələd olan və
onların həllinə çalışan millət vəkillərinin
sırasında çəkilir. Dövlətimizin
maraqları və digər məsələlərlə
bağlı dövlət televiziya kanallarında demək olar
ki, hər gün onu görmək və fikirlərini dinləmək
mümkündür.
Çingiz qanunvericilik prosesində də ən fəal
iştirak edən peşəkar parlamentarilərdən biridir. Öz şəxsi müşahidələrimdən
və KİV-də gedən materiallardan bilirəm ki, o, plenar
iclasa təqdim olunan qanun layihələrinin demək olar ki, hamısı ilə
tanış olur, öz irad və təkliflərini bildirir. Bilavasitə onun ixtisasına aid olan (Ç.Qənizadə
cinayət hüququ sahəsində ölkəmizdə
tanınmış mütəxəssislərdən biridir və
bununla bağlı bir çox elmi araşdırmaların
müəllifidir) layihələrin müəllifi kimi isə
özü çıxış edir. Ötən illər
ərzində o, "Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında"
Qanun layihəsini, Azərbaycan Respublikasının Cinayət,
Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə,
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında", "Dini etiqad azadlığı
haqqında", "Qrant haqqında" Qanunlara və digər
aktlara əlavə və dəyişikliklər
edilməsi haqqında Qanun layihələrini
hazırlamış, MM-in Komitə və plenar iclaslarına təqdim
etmişdir. Ölkənin hüquq ictimaiyyətindəki
hörmət və nüfuzu ona tanınmış
hüquqşünasları da qanunvericilik prosesinə cəlb
etməyə imkan vermişdir.
Çingizi digər millət vəkillərindən fərqləndirən
bir keyfiyyətini də burada yada salmaq yerinə düşərdi. Yəqin
oxucular mənimlə razılaşarlar. Mən, qəbul
edilmiş qanunları onu qədər peşəkarcasına, əlçatan
dildə və həvəslə telekanallarda şərh edən
ikinci bir mütəxəssis tanımıram. Digər
tərəfdən o, kifayət qədər mürəkkəb
beynəlxalq problemlərdən tutmuş ən adi məişət
qayğılarına qədər məsələləri də
bu üsulla KİV-də şərh etməyi bacarır.
Ümumiyyətlə,
mənim fikrimcə Çingiz, medianın çox
geniş imkanlarından öz vəzifələrinin icrası
üçün ustalıqla istifadə edən və mətbuata
açıq olan iki-üç millət vəkilindən
biridir.
Çingiz ölkənin həyatına aid olan istənilən məsələnin müzakirəsində öz müstəqil və prinsipial mövqeyini saxlamağı da bacarır. Haqsızlıq görəndə onun üçün heç bir mötəbər, nüfuz sahibi qalmır. Onun nəqliyyat sistemi, hava uçuşları, elektrik və su təchizatı, qaçqın və köçkünlərin gündəlik həyatı və digər sahələrdəki çatışmazlıqlarla bağlı, konkret ünvanlar və təqsirkar vəzifəli şəxslərin adları göstərilməklə MM kürsüsündən və KİV-də etdiyi çıxışları, yəqin ki, çoxları xatırlayır. Öz deputat yoldaşlarının qüsurlarını üzünə deyən dostumuz onların buraxdığı xətalara görə mətbuatda üzr istəməyi də bacarır.
Bir ictimai xadim kimi portretini tamamlamaq üçün Ç.Qənizadənin çoxşaxəli və səmərəli fəaliyyətinin ayrı-ayrı ştrixləri qismində, onun yerinə yetirdiyi bəzi digər funksiyaları da sadalayaq. O, Bosniya-Hersoqoviniya Parlamentlərarası Dostluq Qrupunun sədri, Avstriya, Böyük Britaniya, Belarus, Yunanıstanın və s. bir neçə ölkələrin Parlamentlərarası İşçi Qrupunun üzvü (ötən çağırış Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan nümayəndə heyətinin və TÜRKPA-nın Hüquq komissiyasının üzvü) olmuşdur. Hazırda, həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin üzvü, Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) 2013-cü ildən Azərbaycan Parlamenti nümayəndə heyətinin, İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür. 2013-2017-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru olmuşdur. Üzərinə düşən vəzifələrin əsas, əlavə və ictimai xarakterindən asılı olmayaraq, hamısına eyni münasibət bəsləyən Çingiz bu sadalanan mövqelərdə də fərqlənə bilib.
Yüksək vəzifəli şəxslərin övladlarının harınlığı baş götürüb getdiyi bir zamanda Çingizin böyütdüyü övladlar da müsbət nümunə kimi göstərilə bilər. Savadı, peşəkarlığı, ən başlıcası isə tərbiyəsi ilə prokurorluq orqanlarında böyük hörmət qazanmış oğlu Elgiz atasının yolunu davam etdirir. Qızı isə həkimdir. Nəvələrini hər gün ziyarət etməklə sanki gün ərzində almış olduğu yorğunluğunu çıxardır.
Qeyd etdiyim kimi, Çingizin işgüzarlığı və peşəkarlığı, zəhmətsevərliyi və həyat eşqi kifayət qədər geniş əhatəli, çoxşaxəli fəaliyyətinin əsasıdır. Bu fəaliyyətin nəticələrindən təkcə onun təmsil etdiyi dairənin seçiciləri deyil, digər bölgələrin insanları da bəhrələnirlər. Bu gün ölkəmizin ən müxtəlif zonalarından minlərlə seçicilər, onu öz vəkilləri hesab edərək problemləri ilə müraciət edirlər. Bu baxımdan Çingiz Qənizadənin həmin şəxslər tərəfindən "bizim deputat" adlandırılması da onun halal haqqıdır.
Ad
günün mübarək, bizim deputat! Vətənimiz
və xalqımız üçün səmərəli fəaliyyətində
sənə yeni uğurlar arzulayırıq.
525-ci qəzet 2017.- 1 avqust.- S.4.