Bəxtiyar Vahabzadənin arzuladığı bəxtiyar gələcək - III hissə

 

BÖYÜK ŞAİRİN İSTİQLAL, VƏTƏN, MİLLƏT VƏ DİL UĞRUNDA MÜBARİZƏLƏRİ

 

KİVDF Layihəsi

 

Rafael HÜSEYNOV

Akademik, Milli Məclisin deputatı

 

O, artıq tarixin bir parçasıdır. Hərçənd, elə sağlığında da canlı tarix idi sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisi olmaq məsudluğu məsuliyyəti ona cavan vaxtlarından nəsib olmuşdu.

 

Bəxtiyar Vahabzadə İkinci Dünya müharibəsindən sonra ədəbiyyata gələrək elə ilk addımlarından da diqqətləri cəlb etmiş, söz sərraflarını diksindirməyi bacarmış parlaq qələm sahibi idi.

 

60 ildən artıq bir müddətdə hərarətli qəlbi, yorulmaz qələmi, buxovsuz hüdudsuz düşüncələri ilə millətinə xidmət etdi.

 

(Əvvəli 29 iyul, 1 avqust saylarımızda)

 

Bəxtiyar Vahabzadəni mən şəxsən 1971-ci ilin sentyabrından tanımışam, elə ilk tanışlıq günümüzdən ta onu itirdiyimiz çağlaracan daimi mehriban ünsiyyətimiz olub. Həm mütəmadi izlədiyim yaradıcılığı, həm vaxtaşırı təmaslarımız, fikir mübadilələrimiz, eləcə aradan keçmiş vaxtın yaratdığı olmuşlara üstdən baxa bilmək fürsəti onu həm bir insan, həm yaradıcı, həm ictimai xadim kimi dəqiq görüb qiymətləndirməyə imkan verir.

 

Həmin il mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsinə qəbul olunmuşdum, Bəxtiyar müəllimin böyük oğlu İsfəndiyar da mənimlə eyni qrupda idi. Türk, fars, ərəb şöbəsi hamısı birlikdə 40 civarında tələbə idi mən həm fars qrupunun, həm bütöv heyətin sinif nümayəndəsi idim.

 

Elə başlanğıcdan hamımız bir ailə üzvü kimi yaxın idik həmin səmimiyyət, doğmalıq indiyədək davam etməkdədir. İsfəndiyarlasa elə lap əvvəldən digər qrup yoldaşlarımıza nisbətən daha simsar idik.

 

Fakültəmiz ovaxtkı Kommunist, bugünkü İstiqlaliyyət küçəsində, indi bütünlüklə Əlyazmalar İnstitutuna verilmiş binada, Bəxtiyar Vahabzadənin mənzili isə oçağkı Hüsü Hacıyev, hazırkı Azərbaycan küçəsində - "Yazıçılar evi" kimi məşhur olan binada yerləşirdi. Buradan ora piyada 5-10 dəqiqəlik yol idi. Elə dərsə başladığımız ilk həftədən hər gün məşğələlərimiz bitən kimi gedərdik İsfəndiyargilə. Saatlarla birgə olardıq. Tapşırıqları yerinə yetirərdik, əlavə oxu materiallarını araşdırardıq, musiqi dinləyərdik. Bəxtiyar müəllim tez-tez bizim söhbətlərimizə müdaxilə edər, bizi dialoqa, mübahisəyə çəkərdi. İndi hiss edirəm ki, bizi sərbəst düşüncəyə alışdırmağa cəhd edir, höcətlərdən adlayaraq müstəqil qənaətlərə gəlməyə daha çox mail olmağımıza səy edirmiş. 

 

Elə o vaxtlardan hamının böyük şair kimi qəbul etdiyi Bəxtiyar Vahabzadə mənimçün həm doğma bir insan, əziz Bəxtiyar əmi idi.

 

Lakin o dövrdə baş verən bir hadisə məni çox təəccübləndirdi.

 

1973-cü ildə bir gün fakültə rəhbərliyi şad xəbər verdi ki, Tehran Universitetində xarici ölkədən yığılacaq 20-25 tələbənin dərs alacağı bir qrup təşkil edilir. SSRİ-dən ora Moskva, Leninqrad (indi Sankt-Peterburq), Orta Asiya Azərbaycandan seçiləcək 5 tələbə göndəriləcək. Bakıda məni seçmişdilər.

 

Bununla bağlı sənədlər hazırlayır, müxtəlif qurumlarda yoxlamalardan keçirdim. Əsas müsahibələrdən biri ovaxtkı Oktyabr, indiki Yasamal Rayon Partiya Komitəsində olmalıydı. Həmin il Türkmənçay müqaviləsinin bağlanmasının 145-ci ili tamam olurdu. Adətən, rayon komsomol partiya komitələrində siyasi hazırlığın səviyyəsini imtahan etmək məqsədilə sual-cavablarda Azərbaycanın Rusiyaya birləşməsinin bizə verdiyini soruşurdular. Həmin gün müsahibəyə İsfəndiyargildə dərslərimizi hazırlayandan sonra, axşamüstü yollanmalıydım. Bəxtiyar müəllim məsələdən xəbərdar idi mənə bəzi məsləhətlərini verəndən sonra dedi ki, Türkmənçayla bağlı soruşsalar, ayıq ol, bunun mütərəqqi addım olması, Rusiyaya birləşməyimizin Azərbaycanın müasir ölkə kimi inkişafına çox faydalar verməsindən danış.

 

Mən o vaxtlar Bəxtiyar Vahabzadənin "Gülüstan"ını sadəcə oxumamışdım, başdan-sona əzbər bilirdim, özü bundan agah idi.

 

Püxtə, tükü-tükdən seçən insan idi, təbii, hiss edirdi ürəyimdən keçə bilər ki, bu dediyiniz sözlər nədir, o yazdığınız poema ?

 

Fikrimdə dolaşanları oxuyubmuş kimi düşüncəli-düşüncəli əbədilik beynimə həkk olunacaq öyüdünü verdi:

 

"Hər adamla eyni tərzdə, hər yerdə eyni dildə danışmazlar. Ürəyindəki ürəyində, dilindəki dilində".

 

Bunu mənə ürəyi ilə dili, düşüncəsi ilə qəlbi arasında sərhəd olmayan, amma başı müsibətlər çəkəndən sonra pak amalından dönməsə , daha ehtiyatlı hərəkət etməyin vərdiş dərslərini mənimsəmiş, bunu ardıcıllarına da təlqin edən bir müdrik deyirdi.

 

bu misralar Bəxtiyar Vahabzadənin 1958-ci ildə - Rusiya ilə İran arasında Azərbaycanı ikiyə bölməkçün imzalanmış Gülüstan müqaviləsinin 145, Türkmənçay müqaviləsinin 130-cu ilinin tamamında yazdığı, 1960-cı ildə çap edilmiş - Sovet İttifaqında, sovet mətbuatında dərc edilmiş "Gülüstan" poemasındandır:

 

Ey kağız parçası, əvvəl heç ikən

Yazılıb, qollanıb yoxdan var oldun.

Böyük bir millətin başını kəsən,

Qolunu bağlayan hökmdar oldun.

 

Bir eli ikiyə araladın sən,

Özün kağız ikən aralanmadın,

Köksünə yazılan qəlb atəşindən

Niyə alışmadın, niyə yanmadın?

Ağalar bilmədi birdir bu torpaq,

Təbriz , Bakı da Azərbaycandır.

Bir elin ruhunu, dilini ancaq

Kağızlar üstündə bölmək asandır.

 

Bütün çap məhsullarının ən ciddi senzuradan keçdiyi sovet dönəmində bəs bu misralar hansı möcüzə ilə dərc edilə bilmişdi?

 

Bundan ötrü bir qəhrəman ruhlu insana borcluyuq Bəxtiyar Vahabzadə onu həmişə xüsusi sayğıyla anardı.

 

"Gülüstan" poeması 1960-cı il 23 və 26 oktyabr tarixlərində "Nuxa fəhləsi"ndə çap edilmişdibu, yaralanaraq müharibədən qayıdandan sonra həmin redaksiyada işləməyə başlayan, 1945-ci ildən ömrünün sonuna - 1974-cü ilin dekabrınadək həmin qəzetə redaktorluq edən cəsarətli və qeyrətli ziyalı Məhyəddin Abbasovun qətiyyəti sayəsində baş tutmuşdu.

 

O vaxt hər rayonun həftədə üç dəfə çıxan öz qəzeti vardı və yalnız rayon qəzetləri redaktorlarına Bakıya gəlmədən məsələni yerində həll etmək, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən idarə adı ilə fəaliyyət göstərən siyasi senzorun vəzifəsini də yerinə yetirərək qəzetin çapına imza atmaq səlahiyyəti verilmişdi.

 

Bəxtiyarın üsyan püskürən bu misralarını Bakıda hansı ağlı başında olan senzor çapa imzalardı:

 

Min ləkə vurdular şərəfimizə,

Verdik, sahibimiz yenə "ver" dedi.

Lap yaxşı eləyib, doğrudan, bizə

Biri "baran" dedi, biri "xər" dedi.

Bizi həm yedilər, həm mindilər,

Amma dalımızca hey deyindilər.

 

Bir neçə gün sonra "Nuxa fəhləsi" qəzetinin "Gülüstan"ın dərc edildiyi iki nömrəsi əl-əl gəzməyə başlayır insanlar bu poemanı köçürərək ölkə boyu yayır, hər yerdə oxuyur, müzakirə edirlər.

 

Bəxtiyar Vahabzadənin partiya sıralarından qovulması, universitetdə müəllimlikdən kənarlaşdırılması azadlıqdan məhrum edilməsi məsələsi qoyulur.

 

Unudulmaz Heydər Əliyev o hadisə ilə bağlı təfərrüatları belə dəqiqləşdirirdi: "Mən hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi qoyulmuşdu. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbət apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxt böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayəti yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında şeirlər yazırdı".

 

(Ardı var)

 

525-ci qəzet.-2017.-2 avqust.-S.4.