Bəxtiyar Vahabzadənin
arzuladığı bəxtiyar gələcək - IV hissə
BÖYÜK
ŞAİRİN İSTİQLAL, VƏTƏN, MİLLƏT
VƏ DİL UĞRUNDA MÜBARİZƏLƏRİ
Rafael HÜSEYNOV
Akademik, Milli Məclisin
deputatı
O, artıq tarixin bir parçasıdır. Hərçənd, elə sağlığında
da canlı tarix idi və
sadəcə istedadlı
söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş
bir yurd fədaisi olmaq məsudluğu və məsuliyyəti ona cavan vaxtlarından nəsib olmuşdu.
Bəxtiyar Vahabzadə İkinci Dünya müharibəsindən
sonra ədəbiyyata gələrək elə
ilk addımlarından da
diqqətləri cəlb
etmiş, söz sərraflarını diksindirməyi
bacarmış parlaq qələm sahibi idi.
60 ildən artıq
bir müddətdə
hərarətli qəlbi,
yorulmaz qələmi, buxovsuz və hüdudsuz düşüncələri
ilə millətinə
xidmət etdi.
(Əvvəli 29 iyul, 1-2 avqust saylarımızda)
Heydər Əliyev Bəxtiyar Vahabzadəyə məsləhət
görmüşdü ki,
bir müddət auditoriyalarda görünməsin,
uzunmüddətli elmi
məzuniyyət götürərək
doktorluq dissertasiyasını
yazsın.
Bu məsləhətə əməl etdi şair və nə universitetdəki işindən çıxarıldı,
nə partiyadan kənarlaşdırıldı. Qısa müddətdə
"Səməd Vurğunun
həyat və yaradıcılığı" adlı doktorluq dissertasiyasını yazıb
tamamladı, zəruri
prosedur və müzakirələrdən sonra
1964-cü ildə uğurla
müdafiə də elədi.
Daha nə tövsiyə etmişdi Heydər Əliyev?
Demişdi ki, sənin əleyhinə olanların
ağzını bağlamaq
üçün Vladimir İliç
Lenin haqqında bir əsər yaz.
Və Bəxtiyar
Vahabzadə "Leninlə
söhbət" adlı
poema qələmə
aldı və professor
Qulu Xəlilov da həmin əsərə
"Lenin zəkasının işığı ilə"
sərlövhəli bir
ön söz yazdı.
Bəs Bəxtiyar
Vahabzadə o poemasında
Lenin zəkasının işığı
ilə necə irəliləyirdi, nə yazırdı?
Lenindən sitat gətirirdi:
"Mücərrəd həqiqət
yoxdur, həqiqət həmişə konkretdir".
Dərhal da mənbəni göstərirdi:
əsərlərinin 32-ci cildi,
səhifə 89-90.
Başlayırdı Leninə söykənərək ürəyini
boşaltmağa:
Həqiqət! Ən böyük
nəğməsən...
Ancaq
Səni dinləməyə qulaqlar
sağır.
Həqiqət,
Gözünün içinə baxmaq,
Nə qədər gərəksə,
o qədər ağır!
Həqiqət! Könülə - yaxından-yaxın.
Əmələ - uzaqdan-uzaqsan nədən?
Dünyanın tarixi
Qurbanlarının
Qanıyla yazılıb dövri-qədimdən.
Yalanlar
al-əlvan, yalanlar
min-min,
Deyir gecəyə
bax, zülməti görmə.
Yalanlar...
Ağ yalan qara gerçəyin
Üzünə rəng çəkir,
gözünə sürmə...
Sözlərin üzündə kirşanı,
rəngi,
Dili uzunsa da, ömrü çox qısa.
Yaşaya
bilərmi zülmün
nəhəngi,
Udub həqiqəti,
yalan qusmasa?!
Bu sətirləri oxuyan
azərbaycanlıların heç
biri çörəyi
qulağına-burnuna yemirdi. Onlar hamısı
sovet gerçəkliyinin
axarında yaşayırdı
və gündə yüz dəfələrlə
bu abırsız-həyasız
ideologiyanın qırmızı-qırmızı
necə ağa qara dediyinin, qəzetindən, radiosundan,
televiziyasından, kürsülərindən
riya horralarının
əndərildiyinin şahidi
olurdular. O səbəbdən
də qəşəng
anlayırdılar ki, Bəxtiyar daşı hansı bostana atır, eyhamı hara vurur.
Lenini iqtibas edirdi, "dahi rəhbər"in əsərlərinin 33-cü cildinin
309-cu səhifəsindən bu parçanı epiqraf götürərək
("Xalq kütləsi
içərisində biz hər
halda dənizdə bir damcıyıq və biz yalnız o zaman idarə edə bilərik ki, xalqın dərk etdiyini düzgün ifadə edək") elə həmişə dediyini deyirdi:
Üfüqdən genişdir, göylərdən
dərin
Xisləti, qüdrəti, hikməti xalqın.
Onun zəkasıyla düşünənlərin
Qolunda birləşir
qüvvəti xalqın.
Xalqa arxalanan xalqsevərlərin
Özü də xalq üçün
arxaya döndü.
Xalqa arxasını çevirənlərin
Arxası həmişə yerdə göründü.
Azadlıq uğrunda axan qanların,
Kim deyir, buxarı
göyə sovrulur?
Xalqın
qəm oduna alışanların
Dayaq nöqtəsi
də xalq özü olur.
Dərk
etdim bu böyük həqiqəti
mən:
Sevgin hər atəşdən keçirər
səni.
Xalqı
dərk etməsən,
xalqı sevməsən,
Xalq nə dərk eləyər, nə sevər səni.
Və 1976-cı ildə
Lenin haqqındakı bu
əsərinə görə
Sovet Azərbaycanının
Dövlət mükafatını
aldı, 1984-cü ildə
isə SSRİ Dövlət
mükafatına layiq görüldü.
Ağıllı siyasət belə olur. Həm sözünü
deyirsən, işini görürsən, həm
də bütün bunlara görə sənə cəza verməli olan səni bəh-bəhlə
təltif edir!
Əslində isə ehtiyatlılıq Bəxtiyar Vahabzadəyə
çox da xas olan xüsusiyyət
deyildi. Bəxtiyar müəllim cəsur, çəkinməz bir kişi idi və
bica deyil ki, onun bu
ötkəmliyini, ruhunun
yenilməzliyini amerikalı
müəllif Kinzer
Stefan da elə şeirlərindəncə duyaraq
bu haqda ABŞ-da, nüfuzlu "Nyu-York Tayms"da ayrıca məqalə dərc etdirmişdi.
Bəxtiyar Vahabzadənin ilk gənclik
illərindən ən
etibarlı dostlarından
olmuş professor Şirməmməd
Hüseynov şairə
Leninin bir başqa "köməyi"
haqda da maraqlı bir yaddaşını bölüşür. Deyir, Bəxtiyarın
"Gülüstan" poemasına
görə vurulduğu
çağlarda V.İ.Leninin
1901-ci ildə "İskra"
qəzetində çap
edilmiş "Stoletie
russkoqo ştıka v Qruzii" ("Gürcüstanda
rus süngüsünün
100 illiyi") adlı
məqaləsinin surətini
çıxararaq ona verdim ki, bundan
qalxan kimi istifadə elə. Lenin həmin məqaləsini
Gürcüstanın Çar
Rusiyası tərəfindən
ələ keçirilməsinin
100 illiyinin orada bayram edilməsinə hazırlıqların getməsi
ilə əlaqədar
yazıbmış və
gürcülərə qeyzlənirmiş
ki, işğalın da ildönümünü
bayram edərlər?
"Bəxtiyara dedim ki, bundan yaxşı
tut acaq? Lenin Rusiyanı
"xalqlar həbsxanası"
adlandırır. İndiyəcən dünyada bircə nəfərə rast gəlinibmi könüllü
gedib həbsxanaya girsin, sonra da
illər boyu həmin günü bayram kimi qeyd
eləsin?"
Bəxtiyar Vahabzadənin oturub-durduğu,
dostluq etdiyi Şirməmməd Hüseynov
kimi şəxsiyyətlərin
hər biri millət dərdlərinə
həssas olan insanlar idi və
söhbətləriylə bəzən
bilərəkdən, bəzən
özlərindən xəbərsiz
Bəxtiyara hansısa
yeni şeirlərini yaratmağa impulslar verirdilər.
Bəxtiyar Vahabzadə dərdlə
döyüşəndə güclü olurdu və bunu ömrünün
sonlarında verdiyi bir müsahibəsində də boynuna alıb: "Məni dərd yazdırır. Mən dərdi axtarıram.
Məni yazdıran dərddir, kədərdir. Sevincdə mən
xoşbəxtlik görmürəm.
Dərd insanı düşündürür:
Dərdim
olmasaydı, dərd tutmaq üçün
Dərdin dəryasına tilov atardım.
Sevinci qaşıyıb, vallah, mən hər gün
Sevincdən özümə dərd yaradardım.
Əgər olmasaydı dəryaca
dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim".
Bəxtiyar Vahabzadəyə Tanrı tükənməz ilham, fitri şairlik istedadı ilə bərabər bir filosof xisləti də ərməğan etmişdi. Onda batinə enməyə,
cövhərə dalmağa,
adi olanda qeyri-adini qavramağa canatma vardı. Təsəvvüf şairlərinə, illah da Mövlana
Cəlaləddin Rumiyə,
bu cərəyanın
fəlsəfəsindəki hikmətə sonacan vaqif olmağa çox səy edirdi.
Böyük şərqşünas alim Rüstəm Əliyevlə bir ara çox
yaxın idilər və Bəxtiyar müəllimgildə onların
qızğın təsəvvüf
söhbətlərinə çox
şahid olmuşam.
Allahdan, peyğəmbərdən,
ruhdan, insanın, dünyanın mahiyyətindən
gərək hər kəs yazaraq özünü gülünc
vəziyyətə salmaya. Çünki bunlar elə ülvi məfhumlardır ki, onlardan yazmaq
səlahiyyətini qazanmaqçün
gərək onillərlə
təfəkkür dəryasına
baş vurasan, çox kitabları mütaliə edəsən,
çox hikmətlərdən
hali olasan.
İndi xeyli uzaqlarda sayrışan 1970-ci illərin əvvəllərində oğlu İsfəndiyarla mənə təsəvvüfi idrakın layları, bu düşüncə şəbəkəsinin şəriət, təriqət, mərifət, həqiqət kimi mərhələlərinin varlığından, həmin təfəkkür mərtəbələrinin hər birinin özəlliklərindən ilk dəfə yerli-yataqlı, həm də son dərəcə sadə bir dillə Bəxtiyar müəllim söz açmışdı.
Və o özü şeirində həqiqət mərtəbəsinə yovuq olan seçilmişlərdən idi. Olmasaydı, Allahı bu cür görə, bu cür tərənnüm edə, adi insanlara da Pərvərdigarı bu sayaq insanca anlada bilərdimi?
Allah! Bilirik, cisim deyil, bəs
nədir Allah?
Ən yüksək
olan haqda, həqiqətdədir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk
et, bu təəccübdə,
bu heyrətdədir
Allah.
İnsanın əzəl borcudur
insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir
Allah.
Gördüklərimiz zahiridir, bətnə nüfuz et!
Batindəki, cövhərdəki fitrətdədir
Allah.
Mən bir ağacam, yarpağı sözlər,
kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
Zülmün üzünə haqq
deyilən şilləni
çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir
Allah.
Zülmətdə, cəhalətdə, ədavətdə gö rünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir
Allah.
Ən yüksək olan zirvəyə mütləq
demək olmaz,
Ülviyyətə çatmaqdakı niyyətdədir
Allah.
(Ardı var)
525-ci qəzet.-2017.-3
avqust.-s.4.