Əli bəyə məktublar
Vilayət QULİYEV
Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində
XX əsrdəki ilk milli dövlətimizin qurucularının və
fəal xadimlərinin epistolyar irsinin öyrənilməsi
xüsusi ilə böyük əhəmiyyət kəsb edir.
Onların
yazışmalarında yer alan, əksər
hallarda rəsmi tarix səhifələrinə düşməyən
bir sıra detal və ştrixlər, məlumat və
müşahidələr təkcə ayrı-ayrı şəxslərin
qarşılıqlı münasibətlərinə deyil,
dövrün hadisə və proseslərinə də
işıq tutmağa imkan yaradır.
Cümhuriyyətin
qurucu-atalarından biri, Azərbaycan Parlamentinin sədri, Versal
Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin
başçısı Əlimərdan bəy
Topçubaşovun (1863-1934) əməl və əqidə
dostu Əli bəy Hüseynzadəyə (1865-1940) məktubları
da bu baxımdan diqqətimi çəkdi.
Onlar bir-birlərini ilk gənclik illərindən, Tiflisdə
gimnaziya təhsili aldıqları dövrdən tanıya bilərdilər. Hər ikisi müsəlman
Tiflisinin əsil-nəsəbli soylarına, adlı-sanlı ailələrinə
mənsub idi: biri gürcü çarı II İraklinin
topxana rəisinin nəticəsi, o biri Qafqaz
şeyxülislamının nəvəsi idi. Peterburq
universitetində təhsil aldıqları dövrdə daha da
yaxınlaşmaları, gələcək böyük əqidə
dostluğunun və birgə mübarizələrinin təməlinin
şimal paytaxtında qoyulması isə heç bir
şübhə doğurmur. 1887-ci ildə
çəkilmiş bu foto-şəkil də həmin yaxın
dostluğun maddiləşmiş dəlil-sübutlarından
biri sayıla bilər.
Sonradan yolları gah kəsişmiş, gah da
ayrılmışdı. “Kaspi”də birlikdə işləmişdilər.
“Həyat” qəzetində Əlimərdan bəy
naşir, Əli bəy Hüseynzadə isə redaktor
olmuşdu. 1905-ci ildən sonra genişlənən
ümumtürk hərəkatının guşə
daşlarını qoymuşdular. Qafqaz,
ümumən Rusiya müsəlmanlarının səsini,
sözünü duyurmaq üçün mətbuat və
ictimai fikir sahəsində birgə
çalışmışdılar.
1918-ci ildə
isə 40 il əvvəl uzaq, soyuq Peterburqda bəlkə də
heç xəyallarına gətirmədikləri,
amma həyatlarının ən gözəl illərini həsr
etdikləri bir mücadilənin - Azərbaycanın müstəqillik
savaşının ön sıralarında yer
almışdılar.
Əli bəy də onunla birlikdə xalqının
sözünü demək, müstəqil mövcudluq
haqqını müdafiə etmək üçün Parisə,
Versal sülh konfransına getməli idi. Amma Antanta
gücləri adını ittihadçı qoyub Fransa
paytaxtına buraxmamışdılar. Taleyin işinə
bax ki, tarix səhnəsinə gəlişinə hər kəsdən
çox sevindiyi Türkiyə Cümhuriyyətində də
ittihadçı kimi məhkəmə önünə
çıxarılmışdı...
Amma harada olsalar da, ünsiyyətlərini məktub vasitəsi
ilə saxlamışdılar. Təəssüf ki, onların
yalnız çox az bir qismi əldədir.
Əli bəyin arxivindən
götürülmüş məktubların foto-surətini mənə
dostum, İzmirdəki Ege universitetinin professoru Yavuz Akpinar
göndərib. Bu sənədləri
böyük həmvətənimizin həyatda olan sonuncu
övladı Feyzavər Alpər Ege universitetinin Türk dili və
ədəbiyyatı bölümünün arxivinə hədiyyə
edib. Onların
rusca orijinal mətnini moskvalı tarixçi Salavat
İshakov indiyə qədər Azərbaycan
Ə.Topçubaşov irsindən və Azərbaycan siyasi
müxalifətindən bəhs edən müxtəlif
kitablarında dərc etdirib.
XX əsrin
əvvəllərindəki Azərbaycan ədəbi-mədəni
və ictimai-siyasi fikrinin tədqiqi bəlli çətinliklərlə
bağlıdır. Ya ərəb əlifbasının
keçilməz labirintlərinə baş vurmalısan, ya da
rus dilindən tərcümə etməlisən. Əlimərdan bəyin məktubları rus dilində
yazılıb. Böyük
türkçülər kimi tanıdığımız
Əli bəy Hüseynzadə, hətta Məhəmməd
Əmin Rəsulzadə onunla rusca yazışırdılar.
Çünki ərəb əlifbasının dərinliklərinə
baş vurmaq Əlimərdan bəy üçün elə də
asan deyildi...
P.S. “525-ci qəzet”in elmi nəşr
olmadığını yaxşı bilirəm. Amma müəyyən şərhlər
verilmədiyi təqdirdə məktublarda toxunulan mətləblərin,
haqqında söz açılan şəxsiyyətlərin, bəhs
olunan situasiyaların bəzi məqamlarda müasir oxucu
üçün qaranlıq qalacağını nəzərə
alıb izahedici
qeydləri məqsədəuyğun saydım.
16 iyul
1904-cü il
Bakı
Əzizim
Əli!
Məmmədrzaya məktubumda xahiş etmişdim ki, yaylaq
yeri kimi Mangilis haqqında bir-iki xəbər yazasan. İndiyə qədər gözləyirəm. Əgər sənə çətin deyilsə, bu
işin zəhmətini çək. Ümumiyyətlə,
istərdim ki, yay
boyu lazımi şəkildə istirahət eləyə biləsən.
Yeganə xahişim yalnız o ola bilərdi ki, hər gün Ələkbərlə
bir-iki saat türk dili ilə məşğul
olasan. İstərdim ki, ana dilini hər cəhətdən
yaxşı öyrənsin. Rica edirəm,
onun nazı ilə çox oynama, məcbur elə ki, məşğələlərinə
ciddi yanaşın. Birlikdə gündəlik
yazmağa başlamısınızmı? Ümumiyyətlə,
necə məşğul olursunuz? Əgər əlimə türk dilində
oxumaq üçün yaxşı kitablar düşsə,
mütləq çatdıracağam. İndi isə bədnam
“Şərqi-rus”un bu- günkü
sayında çap olunmuş gözəl şeiri göndərirəm.
Düzdür, bir qədər uzundur, amma kifayət
qədər ideyalı şeirdir. Əgər
sən Ələkbəri onu əzbərləməyə məcbur
etsən, çox yaxşı olardı. Bir
sözlə, hər cəhətdən onun rəhbəri və
müəllimi olmağa çalış. Buna görə
sənə əvvəlcədən
öz dərin təşəkkürümü bildirirəm.
“Turc” qəzetinin
sayları bura çox qeyri-müntəzəm gəlir. Ancaq oxumaq üçün sonuncu bir neçə
nömrəni yollayıram.
Ümid edirəm ki, əvvəldən də
yaxşı bələd olduğun Mangilisdən məmnunsan. Çoxlu
piyada gəzməyə çalış, imkan daxilində
Ələkbəri də özünlə götür.
İndi
“Turc”un daha 2 nömrəsini almışam, onları Pəri xanımın adına
yola saldığım bir qutu kitabla birlikdə sənə
göndərirəm. Əgər qəzetlərdə
maraqlı bir şey tapsan, tərcümə elə, “Kaspi”yə göndər.
Az öncə teleqram aldıq ki, Peterburqda daxili işlər
naziri Pleve
öldürülüb.
Uşaqları öpürəm. Hamıya təzim,
ehtiram. Salamat qal!
Sənin Ə.Mərdan T.
14 sentyabr
1904-cü il
Bakı
Əzizim
Əli!
Mənə
böyük zövq verən gözəl məktubuna cavab
yazmaq üçün özümü heç cür toparlaya bilmədim. Səbəbi, sənə uzun məktub yazmaq istəməyimdir.
Amma zamanım olmadı. İndi isə heç yoxdur.
Çünki qəzetdən başqa bu günlər həm də
vəbaya qarşı
mübarizə ilə məşğulam. Həm də
vəba əsl
epidemiyaya çevrilib. Hər gün 25 nəfərə qədər
adam ad patre-yə (lat. ad patres - əcdadların
yanına-V.Q.) yollanır.
Hamısı da müsəlmanlardır. Dəqiq məlumatları çap eləməyə
icazə vermirlər. Ən pisi isə bizim
müsəlmanların heç bir tədbir görmək istəməmələridir.
Hətta mənə deyirlər ki, bütün bəlalar...
həkimlərdən gəlir.
Onların əvəzinə də özünü
oda-közə vurmaq lazım gəlir. Bu da çox
vaxtımı alır. Amma mübarizə
get-gedə qızışır. Var
qüvvə ilə qurbanların sayını azaltmağa
çalışırıq. Xəstəlik
uşaqları xüsusi amansızlıqla
biçib-tökür. Ona görə qərara
gəldim ki, ailəmi bura gətirməyim. Yəqin, bütün qışı Tiflisdə
keçirərlər. Hər halda indi
çox təhlükəlidir. Ələlxüsus
da yeni gələnlər üçün. Düşünürəm ki, Tiflisdə tək
yaşamaq sənin üçün cansıxan olacaq.
Açığını deyim ki, təhlükə səbəbindən
səni bura
çağırmağa da ürək eləmirəm. Hələ Bakıda lap
darıxdırıcı keçəcəyini demirəm. Çünki
mən bütün günü redaksiyada, axşamlar isə
iclaslarda oluram. Ona görə də təklif edirəm: əgər
Tiflisdə qalmaq sənə cansıxıcıdırsa, o zaman
Salyana, ən yaxşısı isə Şamaxıya get.
Epidemiya səngiyəndə isə bura gələrsən.
Bir sözlə, özün qərar qəbul elə, hara rahatdırsa,
oranı seç. Amma hələlik Bakı
olmasın. Ümid edirəm, heç nədən
utanıb-çəkinməzsən. Əgər
pul lazım olsa, Pəri xanımdan götürərsən.
Hər şeyi ətraflı yazmıram. Söhbətin qalanını şəxsi
görüşümüzə saxlayıram. Əgər yay ərzində bir şey yazmısansa,
göndər. Əslində, vəba ilə müharibə indi
hamının diqqət mərkəzində dayanır. Qəzetin səhifələri də yalnız bu barədə
xəbərlərlə doludur.
Ələkbərin
yay ərzində nə iş gördüyü və onunla əlaqədar
nə fikirdə olduğun barədə iki-üç söz
yazsan, çox sevinərdim.
Göndərdiyim “Turc” qəzetinin saylarında diqqəti
çəkən bir şey yox idimi? Ümidvaram, onları
saxlayırsan. Dünən yeni
aldığım, amma təbii ki, senzura tərəfindən ləngidilmiş
nömrələri göndərirəm. İndi burada
onları oxumağa vaxt yoxdur. Ümidvaram, sən baxarsan,
maraqlı görünən yerlərini qeyd edib “Kaspi” üçün
göndərərsən.
Həsən
bəy də
bizdən ayrılacaq. Qalan ümumi
tanışlarımız yuvalarına çəkiliblər və
qışı bağlarda keçirməyi qərara
alıblar. Müsəlmanların çoxu
(burada azərbaycanlılar mənasında işlənmişdir
- V.Q.) hələ şəhərə qayıtmayıb. Ümumiyyətlə, indiki şəraitdə bizimkilər
özlərini son dərəcə qorxaqcasına, ləyaqətsiz
aparırlar. Əməkdaşımız Əhməd Ağayev elə
xofa düşüb ki, nəticədə əsəb xəstəliyinə
tutulub, ailəsi ilə birlikdə buradan tamam
çıxıb getmək istəyir. Özü də, istirahətdən
cəmisi dörd gün əvvəl qayıdıb.
İndi özün təsəvvür elə ki, yerdə
qalan müsəlmanlar məsələyə necə
yanaşırlar. Sadəcə,
biabırçılıqdır. Onların
əvəzinə xəcalət çəkirəm.
Salamat qal və yaz.
Sənin Ə.Mərdan Topçi.
23 iyun
1920-ci il
Paris
Əzizim
Əli bəy,
Əgər
dünyanın bütün şeytanları bir yerə yığılıb
Şərqə qarşı çevrilmiş cəhənnəm planı
qurmaq istəsəydilər, yenə də taleyin hökmü
ilə kainatın bu hissəsində
hökm sürən indiki müdhiş dağıdıcılıq,
xarabazara çevirmə üsullarından daha mükəmməl
bir yol fikirləşə bilməzdilər. Digər tərəfdən,
əgər cahanşümul hadisələr, bütün
inkişaf və dirçəlişlər sonda rəngarəng
gülzara və bol bəhrəyə qovuşmaq
üçün mütləq qurbanlar, həm də qanlı
qurbanlar tələb edirsə, o zaman
yaşadığımız günlər bütün dəhşətləri
ilə nə qədər faciəli olsa da, yenə bədbinliyə
və ümidsizliyə qapılmağa dəyməz.
Xüsusən də bizlərə - çiyninə
ölçüyəgəlməz dərəcədə
böyük yük götürmüş insanlara mövcud vəziyyətin
bütün ağırlığına baxmayaraq, ümidsizliyə
qapılmaq olmaz. Mənim əzizim, indi özüm də yəqin
ki, bəzən imkanlarımın hüdudlarını
aşsa, məhz belə hərəkət etməyə, ruhumun
diriliyini qoruyub saxlamağa çalışıram. Əziz dostum, eyni şeyi sənə də məsləhət
görürəm. Üstəlik də böyük
Yaradan həyatın hər dürlü çətinlik və
məhrumiyyətlərini dəf etmək üçün səni səbir baxımından incik salmayıb.
Artıq iki aydır ki, kimlərin idarə etdiyini bilmədiyim
ölkəmdən, necə və nəyin hesabına
yaşadıqlarından xəbərsiz qaldığım ailəmdən
tamamilə uzaq düşmüşəm... Əgər belə
davam edərsə, tezliklə özüm də, buradakı
nümayəndə heyətimiz də ehtiyac girdabında
boğulanların sırasına qoşulacağıq. Fransada,
Almaniyada, İtaliyada təhsil alan 78 azərbaycanlı tələbənin
aqibəti necə olacaq? Hətta bu barədə
düşünmək özü dəhşətlidir! Lakin rədd
olsun bədbinlik! Yaxşısı budur, özümüzü
daha gözəl gələcəyə bəslənən
ümidlərlə yemləyək! Eyni sözləri
zavallı dostumuz Əhmədə də (həmin dövrdə
Malta sürgünündə olan Əhməd Ağaoğlu nəzərdə
tutulur - V.Q.) demək istərdim. Amma heyhat... O, çox
uzaqlardadır. Həm də və ən əsası, bizimlə
müqayisədə çox səbirsizdir. Odur
ki, işindən müsbət
bir şey alınmayana qədər ona yazmaq istəmirəm.
Hələlik isə heç nə
çıxmır. Mənə məktub yazıb guya
yardım edə biləcək bir nəfəri nişan
vermişdi. Yalnız
həmin adama deyil, başqalarına da müraciət
etdim. Yenə də bir nəticə
alınmadı.
Əlbəttə, ona bu haqda yazmaq lazım deyil, yoxsa
tamam qəm-qüssəyə batıb ruhdan düşəcək. Amma gərək
biləsən ki, indi kimsə kömək etmək
iqtidarında deyil. Həm də heç kəs
fərdi köməyə ümid bəsləməməlidir.
İş ümumidir, çoxlarına
aidiyyatı var.
Deməli, taleləri ilə
bağlı qərar da ümumi olacaq. Yəni
kiminsə jurnalist, göz həkimi, general, hətta nazir
olması məsələyə əsla təsir göstərməyəcək.
Ona görə də, əzizim, xahiş edirəm,
birbaşa özün dostumuza yazasan ki, (əgər məktublaşmırsansa,
o zaman xanımı vasitəsi ilə xəbər göndərə
bilərsən) qətiyyən narahat olmasın. Yazarsan ki, bütün lazımi işlər
görülür. Ümid var ki, məsələ tezliklə
uğurlu həllini tapsın. İşin uğurla nəticələnəcəyinə
tam əmin olanda özüm də ona yazacağam. Qoy, qətiyyən həyəcanlanmasın. Əgər əlinin altında materiallar varsa, son 5-6
ildə şahidi olduğu hadisələr barədə silsilə
qeydlərini qələmə alsın. Sonra
hamımız təəssürat və məlumatlarımızı
bölüşərik.
Ümidvaram
ki, Sitarə xanımı görürsən. Ona və uşaqlara salamlarımı çatdır.
Mən onları unutmamışam. Sadəcə təəssüflənirəm ki,
kömək etmək istədiyim adamların hamısı
qarşısında borcumu yerinə yetirmək
üçün yetərincə güc sahibi deyiləm.
Rəşidlə tez-tez sənin
ailəni, hələ üzünü görmədiyimiz körpəni də
unutmamaq şərti ilə uşaqlarını
xatırlayırıq. Ümid edirəm ki,
hamı sağlamdır. Uşaqlar
böyüyür, özləri də gümrahdırlar.
Bəhramdan indiyə
qədər yalnız bir məktub almışam. Sən, əlbəttə, bilirsən ki, o,
Darmştadtda oxuyur. Daha doğrusu, texniki məktəbə
daxil olmağa hazırlaşır. Ünvanı belədir:
Darmstadt, Dieburger str. 10. İndi Rəşid tətildədir.
Bir yerdə qalırıq. Sənə salam göndərir. Onunla birlikdə tez-tez poetik əsərlərini
xatırlayırıq. Əminəm ki,
dostları mənim adımdan salamlamağı yaddan
çıxarmazsan. Kimi? - deyə soruşacaqsan. Hər halda və
heç olmazsa, faktiki
Gürcüstanla Türkiyəni birləşdirən
şair və doktor qalıb . Yaxınlarda onun hərbçi qaynı buradan getdi. Yəqin ki, onunla da görüşəcəksən.
Bir daha səni və uşaqları öpürəm,
xanımına təzim edirəm. Salamat
qal, gələcək üçün özünü və
qüvvələrini qoru. Əlinə nə
material düşsə, topla. Lazımımız
olacaq. Həmişə səni sevən
Əlimərdan.
15 mart
1924-cü il
35 rue de
Calvaire
St.Cloud
(Seine - et - Oise)
Əzizim
Əli bəy!
Xeyli vaxt
yazışmamışıq, amma sənin də belə fikirdə
olduğuna qətiyyən şübhəm yoxdur ki, taleyin heç
bir oyunu bizi səmimi şəkildə biri-birimizə
bağlayan saf dostluq hisslərini zəiflətmək qüdrətində
deyil. Aradan keçən müddət ərzində
səni sadəcə tez-tez yanımda hiss etməmişəm;
həm də səninlə söhbət eləmişəm,
fikir mübadiləsi aparmışam, suallar verib onlara cavab
almışam. Hətta gündəlik
yazışmalar belə münasibətlərimizə nə
bir şey artıra, nə də əskildə bilərdi.
Ən yaxşı halda biri-birimiz haqqında
qarşılıqlı şəkildə daha çox məlumat
almağa yardımçı olardı. Bədbəxtlikdən
heç birimiz çevrəmizdə cərəyan edən həyat
hadisələri haqda heç nə yazmamışıq.
Sənin Parisə, mənə göndərdiyin yeganə məktubda
misal gətirdiyin fars şairinin şerini
xatırlayıram. Həmin şeiri ki, şair hətta
öz qələminə inanmağın da imkan xaricində
olduğu zəmanə haqda söz açır. Bəli, indi sanki əbədiyyətə
qovuşmuş kimi görünən qara illər məhz belə
zaman idi. Bəs indi? Yaxşı ki,
indi sultan və xəlifənin olmadığı, respublika
quruluşu elan edildiyi, deyərdim ki, mövcud və cari irsin latın əlifbasına keçirildiyi bir
ölkədə yaşayırsan... Bu
baxımdan aramızdakı fərqlər nə qədərdir?
Doğrudur, mən də respublikada
yaşayıram. Amma əvvəla bu, yad bir
respublikadır, ikincisi isə burada kilsənin dövlətdən
ayrılması elan edilsə də, katolisizmin hər yerə
yol tapan ruhunu hiss etməmək imkansızdır. Mənim
(və eyni zamanda sənin!) doğma respublikamıza gəldikdə
isə... Heyhat! O, ikimizə də yaxşı tanış
olan və indi insanlarımızın həyatına hakim kəsilən
çirkli rus çəkmələri altında tapdalanır.
Bütün
bu qəddar illər ərzində yaşadıqlarımız,
çəkdiklərimiz bizə necə də zəngin material
verməyə qadirdir! Türkiyənin qeyri-adi mənəvi
yüksəlişi nə qədər sevinc və entuziazm, nə
qədər qəlb həyəcanı doğurur!
Qarşılığında isə zavallı Azərbaycanın
başına bunca qəddarlıqla açılan oyunlara nə qədər
göz yaşı axıtmaq, nə qədər dərd və
qüssə çəkmək olar!
Artıq
elə zaman gəlmişdir ki, qəlbimizin və beynimizin dərinliklərində
ehtiyatla qoruyub
saxladığımız materialları üzə
çıxarmalı, onun əsas xətləri və istiqamətləri
barəsində biri-birimizi məlumatlandırmalı, sonra isə
yəqin ki, gələcək nəsillərə
çatdırmaq üçün hamısını
açıqlamalıyıq! Qarşılıqlı şəkildə
yazacağımız silsilə məktublarda biz hələlik
bu xətləri müəyyənləşdirə, sonra isə
bir daha təkrar edirəm, hər ikimizin əlinin altında
toplanmış olan həmin zəngin həyati materialdan istifadə
edə bilərik. Sənin şair qəlbin
onları daha da canlandırar, mənim sintetik ağlım isə
praqmatik tarixi material əhəmiyyəti verər. O vaxt
aşkar görünər ki, yorulub-usanmadan bu axır
zamanların ağır günlərində Əli bəy
Hüseynzadənin Azərbaycan üçün bir iş
görmədiyini, Əlimərdan bəy Topçubaşovun az
qala Türkiyəyə... xəyanətini iddia edən cahillər və
korlar nə qədər yanılırlar...
Beləcə, əziz dostum, gəl bu işə başlayaq. Həm də təbii ki,
özümüzə haqq qazandırmaq üçün deyil, əvvəlcə
biri-birimizi, sonra isə hamını bu qara illərdə
çəkdiklərimizlə, için-için
yaşadıqlarımızla tanış
etmək üçün... Bütün bu gizli həqiqətlərin
bizdən - türk xalqını saf məhəbbətlə
sevən, onun xoş gələcəyi hər cür qurban verməyə
hazır insanlardan
eşidilməsi həm ibrətamiz, həm də təsirli
olar.
Mən həm özümü, həm də səni belə
bir işə dəvət edirəm. Əhatə edəcəyimiz
dövr əsasən 1918-ci ildən bizim günlərə qədərki
zaman olmalıdır. Razılığını
alandan sonra işin təfərrüatlı planını
göndərəcəyəm.
Fikrimcə, planımızı daha asan və sürətlə
həyata keçirmək yolu da mövcuddur. Bu da mənim
qarşımıza qoyduğum vəzifəni yerinə yetirmək
üçün Konstantinopola köçə bilməyimdən
asılıdır. Bəlkə onda ürəyimdə
bəslədiyim arzunu həqiqətən də yerinə yetirə
bilərdim. Lakin təəssüf ki, indi
bu barədə danışmağa tam qərarlı deyiləm.
Çünki bilmirəm, mən Konstantinopol üçün arzu olunan qonağammı? Unutma ki, mən yalnız
bitib-tükənmiş deyil, həm də yatağa pərçimlənmiş
adamam... Yıxılana isə kefi istəyən hər adam həvəslə təpik atır... Bundan əlavə,
mənim başqa bir böyük minusum da var: indi ailəmlə
birlikdə qürbətdə çox çətin günlər
keçiririk. Yaşamaq üçün zəruri vəsaitimiz
çoxdan tükənib... Belə vəziyyətdə bizim əsrdə adamın
nazı ilə çox oynamırlar...
İndən sonra bütün məktublarımızı
mütləq qoruyub saxlamaq və ardıcıl şəkildə
sıralamaq lazımdır. Dəqiq ünvanını bilmədiyimdən
hazırkı məktubu 1 sayı ilə qeyd edərək
Əli Əşrəf bəylə göndərirəm. Məktubların məzmunu barədə hələlik
heç kəsə heç nə demək lazım deyil.
Beləcə, yolumuz açıq olsun...
Mən və
bütün ailəm sənə, Ədhiyyə xanıma səmimi
salamlarımızı göndərir,
uşaqlarınızı bağrımıza basıb
öpürük. Onlar indi əlbəttə, təbii
ki, xeyli böyüyüblər. Mənimkilər
barədə gələn məktubunda ətraflı yazaram.
Ömrümüzün altıncı onilliyində
olmağımıza baxmayaraq, sağlamlığına və
gümrahlığına fikir ver.
Həmişə səni sevən Əli Mərdan
Topçubaşov.
Qarşıdan gələn Novruz bayramınızı təbrik
edirəm.
1 sentyabr
1926-cı il
St. Cloud
Əzizim
Əli bəy!
Sənin məhkəmədə
sorğu-suala tutulmağın haqda “Vakt” qəzetindən kəsilib mənə
göndərilən məlumatı oxuyanda təbii ki, xoşagəlməz
şəkildə heyrətləndim. Və
yalnız bu zaman məhkəmə məsuliyyətinə cəlb
edildiyini öyrəndim. Ahənginə,
qeyri-həssas, xarakterinə görə qərəzli olan
istintaq xoşuma gəlmədi. Narahat
olmağa, prosesi daha ardıcıl izləməyə
başladım. Hətta bir hüquqşunas kimi də
orada mənə qaranlıq qalan, aydın olmayan çoxlu məqamlar
vardı. Amma bununla belə, yenə ürəyimə
qarşısıalınmaz bir arzu hakim kəsilmişdi: məhkəmədə
müdafiəçin kimi çıxış etmək,
sənin qarşında yoldaşlıq və dostluq borcumu yerinə
yetirmək haqda düşünürdüm. Lakin
necə? Əhməd bəyə yazmaq istəyirdim,
bəzi mülahizələrə görə fikrimdən
daşındım. Bir nəfər
tanışa məktub göndərdim, təəssüf ki,
ondan da indiyə qədər cavab yoxdur. Nəhayət bir
neçə gün bundan əvvəl bəraət
almağın barədə Sara xanımdan məktub gəldi, bu gün isə
bu barədə “La Republique” qəzetində
oxudum.
Əzizim, səni və ailəni xoşbəxt hadisə,
başın üzərində dolaşan təhlükədən
sağ-salamat xilas olmağın münasibəti ilə təbrik
edirəm. Uca Yaradanın Şəfqətli qəlbi kiçik
uşaqlarının, xanımın və dostlarının atəşin
dualarını eşitdi, səni yenidən ailənin,
xalqının rifahı naminə çalışmaq
üçün gündəlik dinc əməyə
qaytardı.
Səni bərk-bərk qucaqlayır və hər iki
gözündən öpürəm. Ailənə səmimi
salamlarımı çatdır.
Yeri gəlmişkən, məhkəmə prosesi haqda. Prosesin gedişini Yunis Nadi bəyin qəzetindən
izləyirdim. Lakin düzünü deyim ki,
hazırladığı məhkəmə hesabatları məni
qətiyyən təmin etmirdi. Əgər prosesi daha əhatəli
və daha həqiqətə uyğun işıqlandıran
qəzet varsa, onun saylarını göndərmək əziyyətindən
yaxanı kənara çəkmə. Əgər Allah görüş
qismət eləsə, o zaman təbii ki, özün hər
şeyi yerli-yataqlı danışarsan, mən də bu səciyyəvi
proses haqqında mülahizələrimi sənə söyləyərəm.
İndi isə bu barədə hər hansı
fikir bildirməkdən özümü saxlayıram.
Bir daha təbrik edir, can sağlığı və
işlərinin daim xeyrə calanmasını arzulayıram.
Həmişə
səni sevən
Əli Mərdan Topçi.
M.R. Vəkilov
(1864-1944) - həkim, ictimai xadim, səhiyyə təşkilatçısı,
Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü. Əlimərdan bəyin ana tərəfdən qohumu
idi.
Ələkbər -Əli Əkbər Topçubaşi
(1896-1977) - Ə.Topçubaşovun böyük oğlu,
1919-cu ildə atası ilə birlikdə Azərbaycanı tərk
etmişdi. Parisdə jurnalist və şərqşünas kimi
tanınırdı.
“Şərqi-rus” - XX əsrin ilk Azərbaycan dilli qəzeti. 1903-cü il
martın 30-dan 1905-ci il yanvarın 14-nə qədər Tiflisdə
M.Şahtaxtinskinin redaktəsi ilə
çıxmışdı. Ə.Topçubaşovun
qəzetlə bağlı mənfi tonda söz açması
həmin dövrdə “Şərqi-rus”la “Kaspi” arasında
münaqişə səviyyəsinə yüksəlmiş
polemika idi.
“Turc” -
ittihadçıların 1903-cü ildən Qahirədə
çap etdikləri müxalif mövqeli ictimai-siyasi qəzet
Pəri
xanım - Pəri xanım Topçubaşi (1873-1947) - Əlimərdan
bəyin həyat yoldaşı
“Kaspi” - Bakıda 1881-1918-ci illərdə rus dilində
yayımlanan gündəlik ictimai, siyasi, mədəni və
iqtisadi qəzet. 1898-1906-cı illərdə baş
redaktoru Ə.Topçubaşov olmuşdu.
Pleve -
Pleve V.K. - Rusiya dövlət xadimi, 1902-1904-cü illərdə
daxili işlər naziri. 1904-cü il iyulun
15-də eser E.Sazonovun həyata keçirdiyi terror aktı nəticəsində
öldürülmüşdü.
Vəbaya qarşı - Bakıda 1904-cü ilin iyul
ayından oktyabra qədər davam edən vəba
epidemiyası.
Müharibə
- Koreya və Mancuriyaya nəzarət uğrunda 1904-cü ilin
fevralından 1905-ci ilin sentyabrına qədər çar
Rusiyası ilə Yaponiya arasındakı müharibə
Həsən
bəy - (Həsən bəy Ağayev, 1875-1920) - həkim, ictimai xadim,
1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti
Parlamenti sədrinin birinci müavini, faktiki sədr
Əhməd bəy Ağayev (1869-1939) -
hüquqşünas, ictimai-siyasi xadim, publisist. 1898-1905-ci ilərdə
“Kaspi” qəzetinin əməkdaşı. (Bəhs olunan məsələ
ilə bağlı daha geniş məlumat almaq
üçün bax: “Əhməd Ağaoğlu və Əlimərdan
bəy Topçubaşov: problemli dostluq”, 525-ci qəzet, 7, 14
iyun 2017-ci il tarixli sayları).
Azərbaycan
Cümhuriyyəti Parlamentnin 7 dekabr 1918-ci il
tarixli qərarı ilə Ə.Topçubaşovun rəhbərliyi
ilə Parisə, Versal Sülh konfransına göndərilmiş
Nümayəndə heyəti
Söhbət
Azərbaycan Cümhuriyyəti Parlamentinin qərarı ilə ali təhsil almağa göndərilmiş 100 nəfər
azərbaycanlı gəncdən gedir. Ə.Topçubaşov
78 rəqəminə istinad etməklə çox güman ki,
Avropa ölkələrində olan, yaxud Nümayəndə heyəti
ilə bu və ya digər şəkildə əlaqə
saxlayan tələbələri nəzərdə tutur.
Sitarə
xanım - Sitarə xanım Vəzirova (1880-1933) - Əhməd
Ağaoğlunun həyat yoldaşı
Rəşid - Rəşid bəy Topçubaşi
(1901-1926) - Ə.Topçubaşovun kiçik oğlu. Azərbaycan
Sülh Nümayəndə Heyətində atasının
şəxsi katibi idi.
Ə.Hüseynzadənin sonbeşik övladı Feyzavər
Alpər (1920) nəzərdə tutulur.
Bəhram - Bəhram Hüseynzadə (1901-1966) - Əli bəy
Hüseynzadənin qardaşı oğlu. Azərbaycan Cümhuriyyətinin
xaricə göndərdiyi 100 tələbədən biri,
1926-cı ildə Almaniyada Darmştadt Texniki Universitetini
bitirdikdən sonra Azərbaycana qayıtmış, 1930-cu illərdə
repressiyaya uğramışdır. Tarixçi
Sara xanım Aşurbəylinin əri.
Şair və
doktor - Aqil Muxtar Özdən
(1878-1949) - türk həkimi və siyasi xadimi, İstanbul Hərbi
Tibb Akademiyasının, Paris və Cenevrə universitetləri
tibb fakültəsinin məzunu. Türkiyədə
Hilali-Əhmər (Qırmızı Aypara) cəmiyyətinin
qurucusu. Ə. Hüseynzadə və Ə.
Ağaoğlunun yaxın dostu, Ağaoğluların ailə həkimi.
Onun gürcü əsilli xanımı haqda Səməd
Ağaoğlu “Babamın arkadaşları” kitabındakı
“Siyasətin üstündə olan adam”
memuarında belə yazırdı: “Atam qadının
atasını və əmilərini hələ Qafqazda
yaşadığı dövrdən çox yaxşı
tanıyırdı. Aradan illər keçəndən
sonra ya atası, ya da əmilərindən biri müstəqil
Gürcüstanın prezidenti olmuşdu. Lakin doktorun
xanımı o qədər türkləşmişdi ki, bu xəbəri
də evləndikləri gündən ailəsinə və
Gürcüstana aid digər xəbərlər kimi xüsusi
maraq göstərmədən qarşılamışdı”.
Türkiyəyə xəyanət etdiyini - 1920-ci illərin əvvəllərində Ankarada yayılan şayiələrə işarədir. Xosrov bəy Sultanovun Ə. Topçubaşova 7 noyabr 1929-cu il tarixli məktubundan artıq neçə ildən bəridir ki, türk siyasi dairələrində Əlimərdan bəyin guya Azərbaycan Nümayəndə heyəti adından Fransa xarici işlər nazirliyinə nota təqdim edib Türkiyəyə qarşı ərazi iddialarında erməniləri dəstəklədiyi haqda şayiələr dolaşdığını bildirirdi. Guya erməni mövqelərini müdafiə edən siyasi xadim kimi məhz bu səbəbdən də Lozanna konfransı zamanı Türkiyə Nümayəndə heyətinin başçısı İsmət İnönü onunla görüşmək istəməmişdi. Əlimərdan bəy bu əsassız şayiələri aradan qaldırmaq üçün dəfələrlə Türkiyənin müxtəlif tanınmış ictimai xadimlərinə müraciət etsə də, səmərəsi olmamışdı.
Konstantinopolda arzu olunan qonağammı? - Bax. 19-cu
izahat.
Əli
Əşrəf bəy - Ələşrəf Sultanov (Kürdəmir)
- Əlimərdan
bəyin kürəkəni, Azərbaycan Cümhuriyyəti
hökumətində sənaye və ticarət nazirinin
müavini, siyasi mühacir.
Ədhiyyə
xanım - Əli bəy Hüseynzadənin həyat
yoldaşı
Sənin məhkəməndə -İzmir
yaxınlığında 14 iyun 1926-cı ildə
Atatürkün həyatına sui-qəsd cəhdi ilə əlaqədar
İstiqlal Məhkəməsi önünə
çıxarılanlar arasında Əli bəy Hüseynzadə
də var idi.
Sui-qəsdin əsas təşkilatçıları
keçmiş İttihad və Tərəqi partiyasının
fəalları olduğundan bu partiyanın Mərkəzi Komitəsinin
üzvü Əli bəy də şübhəlilər cərgəsindən
kənarda qalmamışdı. Lakin
Ankaradakı məhkəmə prosesində irəli
sürülən ittihamların heç biri sübuta yetirilmədiyindən
Əli bəy Hüseynzadə tam bəraət
qazanmışdı.
“Vakt” - daha dəqiq “Vakit” - 1917-1934-cü illərdə
İstanbulda nəşr olunan gündəlik türk qəzeti.
Sara
xanım - Əlimərdan bəyin böyük qızı,
Ələşrəf Kürdəmirin həyat yoldaşı
“La
Republique” - 1924-1938-ci illərdə İstanbulda çıxan
fransızca qəzet.
Yunis Nadi - Yunus Nadi Abalıoğlu (1879-1945) - türk
siyasətçi və jurnalist, “Cümhuriyyət” qəzetinin
qurucusu. Söhbət həmin qəzetdə çap olunan məhkəmə
reportajlarından gedir.
Budapeşt, iyun, 2017-ci il.
525-ci qəzet 2017.- 5 avqust.- S.14;17.